Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyul 2026 20:51

Yeni inkişaf mərhələsi Azərbaycanın hərbi qüdrətinin daha da möhkəmlənməsinə xidmət edir

Azərbaycan Ordusu dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün və təhlükəsizliyimizin əsas təminatçısıdır. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan güclü ordu quruculuğunu dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müasir ordu quruculuğu strategiyası Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirildi. Nəticədə Azərbaycan Ordusunun maddi-texniki bazası möhkəmləndirildi, şəxsi heyətin peşəkarlığı artırıldı, müasir silah və hərbi texnika ilə təminat gücləndirildi. Bu məqsədyönlü siyasətin ən parlaq nəticəsi 2020-ci ildə qazanılan tarixi Zəfər oldu.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 günlük Vətən müharibəsində ordumuz yüksək döyüş ruhu, peşəkar hazırlıq və taktiki üstünlük nümayiş etdirdi. Müxtəlif qoşun növlərinin koordinasiyalı fəaliyyəti, pilotsuz uçuş aparatlarından səmərəli istifadə, xüsusi təyinatlı bölmələrin peşəkarlığı nəticəsində rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşanın azad olunması müharibənin taleyini həll edən əsas məqamlar oldu. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat isə Azərbaycanın hərbi-siyasi qələbəsini tam təsdiqlədi.
Qələbə ilə başa çatan İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun inkişafında yeni mərhələnin başlanğıcı oldu. Döyüş əməliyyatları bir daha göstərdi ki, müasir döyüşlərdə yalnız silah üstünlüyü deyil, peşəkar idarəetmə, müasir texnologiyaların düzgün tətbiqi, operativ qərarvermə və qələbə əzminə malik yüksək hazırlıqlı şəxsi heyət həlledici rol oynayır. Məhz buna görə də postmüharibə dövründə həyata keçirilən islahatlar ordunun bütün fəaliyyət istiqamətlərini əhatə edirdi.
İlk növbədə, komanda-idarəetmə sistemi daha da təkmilləşdirildi. Döyüş əməliyyatlarında əldə olunan təcrübə nəzərə alınaraq qərargahların fəaliyyəti yenidən təşkil edildi, qoşunların idarə olunması müasir texnologiyalar əsasında təkmilləşdirilib. Rəqəmsal idarəetmə sistemlərinin tətbiqi, rabitə vasitələrinin yenilənməsi, real vaxt rejimində məlumat mübadiləsinin sürətləndirilməsi ordunun əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə artırdı.
Müharibədən sonra həyata keçirilən ən mühüm yeniliklərdən biri komando hərbi hissələrinin yaradılması oldu. Müasir döyüşlərin xarakteri göstərir ki, çevik, yüksək hazırlıqlı bölmələr ordunun əsas zərbə qüvvəsinə çevrilir. Azərbaycan Ordusunda yaradılan komando birlikləri də məhz bu məqsədə xidmət edir.
Komando hərbi hissələrinin şəxsi heyəti xüsusi seçim əsasında formalaşdırılır. Onlar dağlıq ərazilərdə, meşə massivlərində, yaşayış məntəqələrində və mürəkkəb iqlim şəraitində əməliyyatlar aparmaq üçün intensiv hazırlıq keçirlər. Fiziki dözümlülük, psixoloji hazırlıq, taktiki düşüncə, müasir silahlardan peşəkar istifadə və komandada fəaliyyət bacarığı komando hazırlığının əsas istiqamətləridir. Bu bölmələrin yaradılması ordumuzun döyüş imkanlarını keyfiyyətcə yeni mərhələyə yüksəldib.
Komando birləşmələrinin formalaşdırılmasında qardaş Türkiyənin hərbi təcrübəsindən geniş istifadə olunub. Birgə keçirilən kurslar və təlimlər nəticəsində Azərbaycan hərbçiləri müasir döyüş metodlarını mənimsəyərək beynəlxalq standartlara uyğun hazırlıq keçirlər. Hazırda komando bölmələri ordunun ən hazırlıqlı və çevik qüvvələrindən biri hesab olunur.
Azərbycan Ordusunda hərbi təhsil sisteminin yeni mərhələyə qədəm qoyması da mühüm nailiyyətlərdəndir. Milli Müdafiə Universitetinin yaradılması bu istiqamətdə həyata keçirilən ən əhəmiyyətli islahatlardan biri oldu. Universitetin təsis olunması ölkədə hərbi təhsil sisteminin vahid idarəetmə modelinə keçidini təmin etdi və gələcəyin peşəkar zabitlərinin hazırlanması üçün yeni imkanlar yaratdı.
Milli Müdafiə Universiteti yalnız ali hərbi təhsil müəssisələrinin fəaliyyətini əlaqələndirən qurum deyil, həm də hərbi elmin inkişafını, təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsini və müasir döyüş təcrübəsinin tədris prosesinə tətbiqini təmin edən strateji mərkəz funksiyasını yerinə yetirir. Burada kursantların nəzəri hazırlığı praktiki məşğələlərlə uzlaşdırılır, müasir silah sistemləri, pilotsuz uçuş aparatları, informasiya texnologiyaları, kibertəhlükəsizlik və hərbi idarəetmə sahəsində biliklər öyrədilir.
Vətən müharibəsində qazanılmış döyüş təcrübəsinin tədris proqramlarına daxil edilməsi gələcək zabitlərin müasir müharibələrin tələblərinə uyğun hazırlanmasına şərait yaradır. Bununla yanaşı, xarici ölkələrin hərbi təhsil müəssisələri ilə əməkdaşlıq genişləndirilir, təcrübə mübadiləsi həyata keçirilir, beynəlxalq təcrübə öyrənilərək yerli təhsil sisteminə inteqrasiya olunur.
Şəxsi heyətin sosial təminatının gücləndirilməsi də dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunub. Hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması, yeni hərbi şəhərciklərin inşası, yaşayış və məişət problemlərinin həlli, tibbi təminatın və sosial müdafiə tədbirlərinin genişləndirilməsi orduda xidmətin nüfuzunu daha da artırıb. Dövlət tərəfindən şəhid ailələrinə, müharibə iştirakçılarına və döyüş əməliyyatlarında yaralananlara göstərilən diqqət və qayğı dövlət-xalq-ordu birliyinin möhkəmlənməsində mühüm rol oynayır.
Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun inkişaf strategiyasında beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi əsas prioritet istiqamətlərdən birinə çevrildi. Müasir təhlükəsizlik mühitində orduların döyüş qabiliyyətinin artırılması yalnız daxili resurslarla deyil, həm də qabaqcıl hərbi təcrübənin öyrənilməsi, birgə təlimlərin keçirilməsi və müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsi ilə mümkün olur. Azərbaycan da milli maraqlarını əsas götürərək beynəlxalq hərbi əlaqələrini uğurla inkişaf etdirir.
Bu istiqamətdə ən mühüm tərəfdaş, heç şübhəsiz ki, qardaş Türkiyə Respublikasıdır. İki ölkə arasında hərbi əməkdaşlıq uzun illər ərzində formalaşsa da, Vətən müharibəsindən sonra bu münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəldi. 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə qaldırdı. Sənəd müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı dəstəyi, birgə hərbi fəaliyyətin genişləndirilməsini və regional sabitliyin qorunmasını özündə ehtiva edir.
Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin sayı və miqyası daha da artdı. Müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən taktiki və əməliyyat təlimləri hər iki ordunun qarşılıqlı fəaliyyət imkanlarını gücləndirdi, şəxsi heyətin peşəkarlığının yüksəldilməsinə mühüm töhfə verdi. Bu təlimlərdə müasir döyüş üsulları, pilotsuz sistemlərin tətbiqi, xüsusi əməliyyatların planlaşdırılması və böhran vəziyyətlərində birgə fəaliyyət mexanizmləri təkmilləşdirilir.
Bununla yanaşı, Azərbaycan NATO ilə də əməkdaşlığı uğurla davam etdirir. "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində Azərbaycan hərbçiləri müxtəlif beynəlxalq kurslarda, təlimlərdə və seminar proqramlarında iştirak edir, müasir hərbi idarəetmə və qərargah fəaliyyətinə dair qabaqcıl təcrübəni mənimsəyirlər. Azərbaycan uzun illər beynəlxalq sülhməramlı missiyalarda iştirak etməklə də dünya təhlükəsizliyinə öz töhfəsini verib və peşəkar hərbi kadr potensialını daha da zənginləşdirib.
Müasir ordunun gücü yalnız şəxsi heyətin hazırlığı ilə deyil, həm də texnoloji üstünlüklə ölçülür. Bu baxımdan Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun silahlanmasının yenilənməsi və müdafiə sənayesinin inkişafı xüsusi diqqət mərkəzində saxlanılıb. Ordunun arsenalına müasir pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli raket sistemləri, radioelektron mübarizə vasitələri, hava hücumundan müdafiə kompleksləri və yeni nəsil rabitə sistemləri daxil edilib. Bu texnologiyalar döyüş meydanında operativ qərar qəbuletməyə, kəşfiyyat imkanlarını genişləndirməyə və itkiləri minimuma endirməyə imkan verir.
Eyni zamanda, yerli müdafiə sənayesinin inkişafı da mühüm nəticələr verib. Azərbaycanda müxtəlif növ atıcı silahlar, sursatlar, pilotsuz sistemlər və digər hərbi təyinatlı məhsullar istehsal olunur. Yerli istehsalın genişləndirilməsi ordunun təminatında xarici asılılığın azalmasına, müdafiə sənayesinin ixrac potensialının artmasına və milli iqtisadiyyatın inkişafına töhfə verir.
2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı Vətən müharibəsindən sonra aparılan islahatların real nəticəsini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusu qısa müddət ərzində qarşıya qoyulan bütün tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirdi, qanunsuz silahlı birləşmələri tərk-silah etdi və ölkəmizin bütün ərazisində konstitusiya quruluşunun bərpasını təmin etdi. Əməliyyat zamanı mülki əhalinin təhlükəsizliyinin qorunmasına xüsusi diqqət yetirilməsi ordumuzun peşəkarlığını və humanitar hüququn normalarına sadiqliyini bir daha göstərdi.
Güclü ordu güclü dövlətin əsas dayağıdır və Vətən müharibəsindən sonra başlanmış yeni inkişaf mərhələsi Azərbaycanın hərbi qüdrətinin daha da möhkəmlənməsinə xidmət edir. Bu gün Azərbaycan Ordusu təkcə ölkəmizin ərazi bütövlüyünü qoruyan silahlı qüvvə deyil, həm də regionda sabitliyin və təhlükəsizliyin əsas təminatçısıdır. Müasir hərbi texnologiyalar, peşəkar zabit korpusu, yüksək döyüş ruhu və güclü dövlət-xalq-ordu birliyi Azərbaycan Ordusunun əsas üstünlüklərini təşkil edir. Dövlət tərəfindən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar ordumuzun inkişafına verilən diqqətin bariz nümunəsidir.
Azərbaycan Ordusunun Vətən müharibəsindən sonrakı inkişaf yolu göstərir ki, əldə olunan tarixi Zəfər məqsədyönlü dövlət siyasətinin, peşəkar ordu quruculuğunun məntiqi nəticəsidir.  Müasir texnologiyaların tətbiqi, peşəkar kadr hazırlığı, beynəlxalq təcrübənin mənimsənilməsi və milli müdafiə potensialının davamlı şəkildə gücləndirilməsi ordumuzun gələcək inkişafının əsas istiqamətlərini təşkil edir. İnanırıq ki, müasir çağırışlara uyğun həyata keçirilən islahatlar, müdafiə qabiliyyətinin daha da gücləndirilməsi və hərbi təhsilin davamlı inkişafı Azərbaycan Ordusunun qüdrətini gələcək illərdə də artıracaq. Güclü dövlətin əsas dayağı olan güclü ordu bundan sonra da ərazi bütövlüyümüzün və suverenliyimizin keşiyində inamla dayanacaq, Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyacaq.

Günay TAĞIYEVA
“Azərbaycan Ordusu”