AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Mən, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunu olmuş və gələcək hərbi təhsilini Heydər Əliyev adına Hərbi İnstitutda davam etdirəcək kursant Nihad Bəxtiyarovun atasıyam. Qəzetiniz vasitəsilə həm Hərbi liseyin, həm də hazırkı Hərbi institutun rəhbərliyinə və müəllim heyətinə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Oğlum Hərbi liseyə qəbul olunduğu ilk gündən dövlətimizin xüsusi diqqət və qayğısını hiss etdik. C.Naxçıvanski adına Hərbi Lisey ona təkcə hərbi nizam-intizamı öyrətmədi, həm də onu cəsur, vətənpərvər və savadlı bir gənc kimi formalaşdırdı. Bu gün onun gələcəyin peşəkar zabiti olmaq yolunda inamla addımlamasını görmək bir valideyn olaraq mənim üçün ən böyük xoşbəxtlikdir.
Oğlumla hərbi təhsil almaq qərarını birgə oturub xeyli müzakirə etdik. Sonda onun hərb sənətinə qarşı sonsuz sevgisini duyub, şərəfli peşə sahibi olmaq istəyini dəstəklədik. Uşaqların gələcək həyatları, peşələri haqqında seçim edərkən valideynlərin məsləhətləri və dəstəyi mühüm rol oynayır. Həm də bu valideyn üçün çox məsuliyyətli və çətin məsələdir. Şükürlər olsun ki, indi verdiyimiz bu qərar üçün olduqca sevincliyik. Hərbçi peşəsi müqəddəs peşədi. Onlar Vətənimizin keşiyində dayanırlar. Bu gün 30 ilə yaxın işğalda qalan torpaqlarımız azaddırsa, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunubsa, xalqımız qalib xalq kimi tanınırsa və Böyük Qələbəmizin sədaları bütün dünyaya səs salıbsa, bunların hamısı hərbçilərimizin şücaəti, rəşadəti, Vətənə sevgilərinin nəticəsidir. Hər bir azərbaycanlı onlara minnətdardır və onlarla qürur duyur. Mən inanmıram ki, hansısa valideyn övladının belə müqəddəs peşəyə sahib olmaq istəyinə qarşı çıxsın. Bu cəsarətli və qürurverici addımı ancaq dəstəkləmək olar. Bu yolu seçənlərin hər birinə uğurlar arzulayıram. İnanırıq ki, onların vətənpərvərliyi, peşələrinə olan sonsuz sevgiləri, eləcə də müəllim-komandir heyətinin zəhməti nəticəsində hər biri peşəkar zabit kimi formalaşıb qalib ordumuzun müdafiə qüdrətinin daha da gücləndirilməsi istiqamətində öz töhfələrini verəcək.
Övladlarımızın yüksək səviyyədə təhsil alması, müasir hərbi biliklərə yiyələnməsi üçün yaradılan şəraitə görə dövlət rəhbərliyinə minnətdarıq, həmçinin onların üzərində gecə-gündüz əməyi olan komandirlərə təşəkkür edirik. Əminik ki, övladlarımız hər zaman milli-mənəvi dəyərlərimizə, dövlət və dövlətçiliyimizə sadiq olacaq, şərəfli xidmətləri ilə başımızı uca edəcəklər.
Hörmətlə,
Bəxtiyarov Rövnət Şahbaz oğlu
Astara rayonu
Hörmətli redaksiya, ölkəmizdə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması mövzusuna qəzetinizdə geniş yer verdiyinizi mütəmadi olaraq izləyirik. Mən də bir kursant dayısı kimi bu mövzuda öz fikirlərimi oxucularınızla bölüşmək istəyirəm.
Mənim bacım oğlu Səbuhi Vüqar oğlu İsmayıllı Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirərək hərbi təhsilini Heydər Əliyev adına Hərbi İnstitutda davam etdirəcək. Bu gün müstəqil Azərbaycanın qalib ordusunda xidmət etməyə hazırlaşan gənclərin valideyni olmaq böyük məsuliyyətdir. Hərbi liseydə səmərəli keçirilən dərslər, öyrədilən hərbi biliklər və hərbi nizam-intizam, eləcə də aşılanan vətənpərvərlik hissləri övladlarımızın sağlam düşüncəli, polad iradəli şəxsiyyətlər kimi formalaşmasında əvəzsiz rol oynayır. İndidən onun xarakterində zabit şəxsiyyətinin formalaşdığını aydın duymaq olur. Deyərdim ki, Hərbi liseydə təkcə dərslər keçirilmir. Bura gənc kursantların düzgün şəxsiyyət kimi formalaşmasında əvəzsiz rol oynayır. Bir kursant yaxını kimi övladımızın bu müsbət dəyişimini gördükcə, burada təhsil almasında verdiyimiz qərar üçün nə qədər haqlı olduğumuzu anlayırıq.
Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Səbuhinin bu müqəddəs yolda uğurla addımladığını görmək, qalib ordumuzun zabitlərindən olacağını xəyal etmək belə böyük fəxrdir. İnanıram ki, o da bu peşənin ağır yükünü çiyinlərində şərəflə daşıyaraq Vətənə, Azərbaycan Ordusuna qüsursuz xidmət edəcək.
Qəzetiniz vasitəsilə yeniyetmə gənclərə və onların valideynlərinə səslənmək istəyirəm: Övladlarınızı hərbi təhsilə, xüsusən də şanlı tarixi olan Cəmşid Naxçıvanski adına Hərbi Liseyə yönləndirməkdən çəkinməyin. Ora sadəcə bir lisey deyil, neçə-neçə qəhrəman oğulların təhsil aldığı, hərb tariximizdə mühüm yeri olan vətənpərvərlik ocağıdır.
Hörmətlə,
İsmayıllı Təbriz Səfər oğlu
Bakı şəhəri