AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Arxa cəbhə ilə ön xətt arasında qurulan mənəvi körpünün böyüyən nəsildə hərbi xidmətə dərin hörmət hissi formalaşdırdığını desək, yanılmarıq. Məhz bu körpü vasitəsilə yeniyetmə yaşlarında olan uşaqlarımız Vətənə xidmətin önəmini anlayır, xalqına, torpağına sonsuz məhəbbət bəsləyirlər.
Bu dəfə də “Əsgərə məktub” layihəsi çərçivəsində Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbin dördüncü sinif şagirdləri tərəfindən yazılan səmimi məktubları sahiblərinə çatdırmaq üçün yola düşdük. Əvvəlcədən razılaşdığımız kimi, Əlahiddə Ümumqoşun Ordunun zabiti polkovnik Naib Cəfərovla birlikdə ön xətdə xidmət edən igidlərimizin yanına yollandıq.
Bizi qarşılayan şəxsi heyətlə səmimi salamlaşıb görüşdük. Ərazidə olarkən, xidmət mərkəzinin ən ucqar yerdə yerləşməsinə baxmayaraq, yaradılmış yüksək şərait diqqətimizdən yayınmadı. Müasir standartlara cavab verən bu binada bütün kommunal şərait nəzərə alınıb. Hərbi qulluqçuların normal xidmət aparması üçün yataqxana, qazanxana, hamam, istirahət və sinif otaqları, bərbərxana, idman zalı, həyətyanı sahədə əlavə idman meydançası, istirahət guşələri, kitabxana, yeməkxana, inzibati otaqlar, poçt və telefon xidməti fəaliyyət göstərir. Hətta şəxsi heyətin isti çörəklə təmin olunması üçün daxili çörək sexinə qədər hər bir detal ən incə xırdalığına kimi düşünülüb.
Burada postlardan birində tikinti işlərinin aparıldığının da şahidi olduq. Zabit N.Cəfərov bildirdi ki, ön xətdə yerləşən bütün postlarımıza ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin adları verilir. Şübhəsiz ki, bu addım həmin mövqelərdə xidmət aparan gənclərimizə əlavə bir qürur və məsuliyyət hissi bəxş edir. Onu da öyrəndik ki, polkovnik Naib Cəfərov mütəmadi olaraq hərbi hissələri gəzir, əsgərlərlə ruhlandırıcı söhbətlər aparır və onların mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olmasını daim diqqət mərkəzində saxlayır.
Nəhayət, səmimi söhbət əsnasında məktəblilərin məktublarını əsgərlərimizə paylamaq məqamı gəlib çatdı. Bunu ilk dəfə etməsəm də, hər bir məktubu əsgərə təqdim edərkən içimdə təsvir edə bilmədiyim bir həyəcan, bir sevinc var idi. Şagirdlərin göndərdiyi məktubları igidlərimiz böyük maraq və diqqətlə oxudular. Bu səmimi sətirlərin onlara necə böyük bir güc bəxş etdiyini simalarındakı təbəssümdən oxumaq o qədər də çətin deyildi. Onlar da öz növbəsində balaca məktəblilərə sevgi və minnətdarlıq dolu cavablar yazmağa başladılar.
Söhbət əsnasında daha bir təsirli məqamla qarşılaşdıq. Məlum oldu ki, həmin bölmədə xidmət edən əsgərlərdən birinin - Xəyalın ad günüdür. Zabit Naib Cəfərov əliboş gəlməmişdi; əvvəlcədən xüsusi hədiyyə alıb hazırlamışdı. O, şəxsi heyətin qarşısında ad günü olan əsgəri təbrik etdi, səmimi arzularını çatdırdı və komandanlıq adından dəyərli hədiyyəni ona təqdim etdi. Bu xoş anlar xatirə şəkli çəkdirməklə əbədiləşdirildi.
Əsgəri yaxından tanımağa başladıq. Məlum oldu ki, ad gününü ön xətdə qeyd edən və nümunəvi xidməti ilə seçilən bu vətənpərvər gənc Şərur rayonunun Qaroxun kəndində anadan olmuş Xəyal Kənan oğlu Tağıyevdir. 11 aydır ki, mühəndis bölüyündə xidmətini uğurla davam etdirən Xəyal öz daxili dünyasını, Vətənə olan bağlılığını və təəssüratlarını bizimlə bölüşdü: “Doğum günümdə ön xətdə xidmət yoldaşlarımın əhatəsində olmaq, komandirlərimin diqqətini hiss etmək mənim üçün unudulmaz bir hadisədir. Bu əlamətdar gündə məni tək qoymayan, varlığı ilə bizə hər zaman güc verən Əlahiddə Ümumqoşun Ordunun komandanlığına, hər bir çətinliyimizdə yanımızda olan doğma komandirlərimə və çiyin-çiyinə xidmət etdiyim əsgər yoldaşlarıma səmimi-qəlbdən təşəkkür edirəm.
Bizə xoş diləklərini ünvanlayan balaca məktəblilərimiz əmin olsunlar ki, qardaşlarına etibar edilən bu müqəddəs postlarda xalqımızın əmin-amanlığını uca tutmaq, nizam-intizama tam riayət etmək başlıca vəzifəmizdir. Bundan sonra da xidmətimizi eyni əzmlə davam etdirəcək, bizə göstərilən bu etimadı ləyaqətlə doğruldacağıq”.
Nümunəvi əsgərlərimizdən biri də Sumqayıt şəhərindən hərbi xidmətə çağırılan əsgər Elşad Əlizadə öz təəssüratlarını və ürək sözlərini bizimlə qürurla paylaşdı: “Üzərimizdə daşıdığımız bu müqəddəs əsgər forması millətimizin bizə bəslədiyi sonsuz etimadın, dövlətimizin qüdrətinin rəmzidir. Müdafiə xəttində keşik çəkdiyimiz hər gün mənə dərindən aşıladı ki, güclü ordu həm də hər bir döyüşçünün fərdi peşəkarlığı və daimi hazırlığı üzərində qurulur. Vətənimizin keşiyində olmaq mənim üçün ən böyük şərəfdir”.
Məktubların gətirdiyi mənəvi gücü, arxa cəbhədən gələn saf duaları öz çiyinlərində hiss edən əsgər Ünal Ələsgərov Şərur rayonundan hərbi xidmətə çağırılıb. Hərbi xidmətinin bir ilini geridə qoyan əsgər öz ürək sözlərini belə ifadə etdi: “Biz elə bir bəxtiyar nəslin nümayəndələriyik ki, çiyinlərimizdə qazanılan o unudulmaz böyük Zəfərin fərəhini daşıyırıq. Hərbi həyat gəncliyə ciddi nizamintizam aşılayır və insanın müxtəlif çətin anlarda düzgün qərar vermək qabiliyyətini artırır. Uca zirvələrdə, səngər boyu ucalan müqəddəs bayrağımızın kölgəsində torpağımızın keşiyini çəkmək mənim müqəddəs amalımdır. Arxamızda dayanan milyonlarla soydaşımızın dinc yaşaması üçün bu ayıq-sayıqlığı qorumaq bizim ən ali hədəfimizdir”.
Strateji mövqelərdə dayanan hər bir əsgərin fərqli bölgələrdən gəlməsinə baxmayaraq, eyni amal ətrafında necə bir yumruq kimi birləşdiyini növbəti döyüşçümüzün təqdimatında da aydın görmək oldu. Bakı şəhərinin Qızıldaş qəsəbəsində böyüyən, artıq on aydır ki, uca zirvələrdə xidmət aparan əsgər Mətləb Əmirov isə öz hisslərini bu cür bölüşdü: “Addımladığımız bu uca zirvələrin bizim üçün mənası tamam başqadır; çünki bu coğrafiya qəhrəmanlarımızın bizə əmanət etdiyi tarixi bir mirasdır. Bizdən öncə bu yollarda dastan yazanların yolunu davam etdirmək əsl ləyaqət məsələsidir. Bu şərəfli günlərimdə mənə hər an mənəvi dayaq olan, dualarını əsirgəməyən əziz ailəmə də uca zirvələrdən sonsuz sevgilərimi və salamlarımı göndərirəm. Bu torpaq gələcək nəsillərə ötürəcəyimiz ən müqəddəs əmanətdir, biz də bu əmanəti ləyaqətlə qoruyacağıq”.
Nəhayət, qədim Şərur torpağının daha bir mərd yetirməsini oxucularımıza təqdim edirik. Artıq bir ildir ki, strateji mövqedə ayıq-sayıq keşik çəkən əsgər Murad Rəhimov öz mənəvi dünyasını və sarsılmaz iradəsini bu təsirli sözlərlə dilə gətirdi: “İqlimin bütün təbii çətinlikləri, istisi və soyuğu bizim iradəmiz qarşısında acizdir. Çünki ürəyimizdə daşıdığımız Vətən sevgisinin hərarəti o qədər güclüdür ki, bu zirvələri belə isitməyə bəs edir. Burada, ön xətt postlarında dostluğunun, çiyin-çiyinə dayandığım silahdaşlarımın dəyərini daha dərindən anladım. Xüsusilə məktəblilərimizin bizə ünvanladığı o kiçik məktubları oxuyarkən qəlbimiz dağa dönür. O sətirlərdəki saf sevgi bir daha sübut edir ki, qüdrətli Azərbaycan xalqının hər bir nümayəndəsi hər an öz əsgərinin yanındadır”.
Nümunəvi xidməti ilə seçilən əsgərlərimizlə yanaşı, onlara həm böyük qardaş, həm də qayğıkeş komandir olan zabitlərimizi tanımaq da bizim üçün qürurverici idi. Elə bu səbəbdən növbəti həmsöhbətimiz şəxsi heyətin dərin rəğbətini qazanmış gənc və peşəkar bölmə komandiri baş leytenant Elvin Bayramov 1998-ci il sentyabrın 6-da Tovuz rayonunun Qaraxanlı kəndində anadan olub. Vətənə peşəkar hərbçi kimi xidmət etmək arzusu onu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) gətirib. 2020-ci ildə bu təhsil ocağını uğurla bitirərək Azərbaycan Ordusunun sıralarında xidmətə başlayıb. O, çətin relyefli ərazidə vəzifəsini uğurla icra edir. Dövlətin hərbçilər üçün yaratdığı yüksək şəraitdən və hərtərəfli təminatdan maksimum bəhrələnən zabit öz xidməti fəaliyyətini və ürək sözlərini bizimlə bölüşərkən bildirdi: “Hərbi Andımıza sədaqət və xidmətimizə olan bağlılıq hər birimizin qəlbinin dərinliklərindən doğan ən ali hissdir. Mən də xidmətdə olduğum ilk gündən bəri xalqımızın əmin-amanlığı, dövlətimizin müdafiəsi naminə var gücümlə, sarsılmaz bir iradə ilə çalışmağı özümə müqəddəs borc bilirəm. Bu qürurlu günlərimizdə rəhbərliyimizin ölkədəki hərbi strukturlarda, xüsusilə ön xətt bölmələrində xidmət edən hər bir hərbçi üçün yaratdığı yüksək məişət şəraitindən və hərtərəfli müasir təminatdan maksimum bəhrələnirik.
Bir komandir kimi əsas məqsədim mənə etibar edilən əsgərlərimizin döyüş və peşəkarlıq qabiliyyətini ən üst səviyyəyə çatdırmaqdır. Şəxsi heyətin fiziki cəhətdən güclü olması ilə bərabər, onların asudə saatlarının mənalı təşkili üçün bütün imkanlarımı səfərbər etmişəm. Yeganə hədəfim odur ki, əsgərlərimiz hərb sənətinin sirlərinə mükəmməl yiyələnsinlər, xidmətlərini başa vurduqdan sonra isə xalqımıza layiq, cəmiyyətə xeyirli şəxsiyyətlər kimi evlərinə dönsünlər. Sizə bizi ziyarət etdiyiniz, əsgərlərimizlə məktəblilər arasında məktublar vasitəsilə belə gözəl əlaqəni yaratdığınız və bunları mətbuat vasitəsilə ictimaiyyətə çatdırdığınız üçün təşəkkür edirik”.
Komandirin bu səmimi və vətənpərvər arzuları əsgərlərin hər birinin simasında dərin bir inam hissi oyadırdı. Məhz belə komandirlərin rəhbərliyi altında xidmət edən, balaca məktəblilərin məktublarını ürəkdolusu cavablandıran igidlərimizi tanıdıqca insan qəlbində Vətəninin gələcəyinə olan arxayınlıq hissi daha da möhkəmlənir.
Arxa cəbhənin qayğısını və uşaqların sevincini hərbi xidmətin məsuliyyəti ilə qovuşduran bu səmimi görüşlər bir daha sübut edir ki, Vətən torpaqları etibarlı əllərdədir. Hər bir hərbi qulluqçunun qəlbindəki Vətən sevgisi, xalqımıza bəslənən sonsuz hörmət və əcdadlarımızın qoyub getdiyi mirasın qorunması uğrunda çəkilən zəhmət sabahımızın daha aydın, daha qüdrətli olacağının ən parlaq təminatıdır.
Bəxtiyar ƏLİYEV
“Naxçıvan Şəhid Ailələri”
İctimai Birliyinin mətbuat katibi