Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyul 2026 20:00

“Yaşasın, qalib Azərbaycan Ordusu!”

26 İyun – Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 108-ci ildönümü münasibətilə Bakıda keçirilən hərbi yürüş paytaxt sakinlərinə unudulmaz anlar yaşatdı. Paytaxtın müxtəlif küçə və prospektlərində təyin olunmuş marşrut boyunca hərəkət edən hərbi orkestrlərin ifasında səslənən marşlar, nizamlı addımlayan hərbi qulluqçular və dalğalanan Dövlət Bayrağımız şəhərdə xüsusi bayram ovqatı yaratdı. Küçələrə toplaşan yüzlərlə insan Azərbaycan Ordusuna sevgisini və ehtiramını alqışlarla ifadə etdi. Keçirilən yürüş bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı öz ordusunu yüksək qiymətləndirir və onun uğurları ilə qürur duyur.
Yürüşlər başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Mərasim iştirakçıları Dövlət Himnini böyük qürur hissi ilə ifa edərək dövlətçiliyimizə, şəhidlərimizin xatirəsinə və Azərbaycan Ordusuna ehtiramlarını ifadə etdilər.
Rəsmi hissənin başa çatması ilə hərbi yürüşlərə start verildi. Hərbi orkestrin coşqulu müşayiəti altında irəliləyən hərbi qulluqçuların nizamlı düzülüşü, eyni ahənglə atılan qətiyyətli addımları, vahid geyim forması və yüksək intizamı paytaxt sakinlərinin diqqətini cəlb etdi. Azərbaycan əsgərinin hazırlığı, peşəkarlığı və döyüş ruhu hər addımda aydın hiss olunurdu. Şəhərin mərkəzi küçələrində yaranan bu əzəmətli mənzərə yürüşü izləyənlərdə dərin iftixar hissi doğururdu. Marşrut xətti boyunca addımlayan hərbi qulluqçuları görmək üçün küçələrə axışan insanlar onları əllərində üçrəngli bayrağımızla və gur alqışlarla qarşılayırdılar. Hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunan hər yerdə xalqla ordunun sarsılmaz birliyi növbəti dəfə öz təsdiqini tapdı. Yürüşü böyük coşqu ilə izləyən paytaxt sakinləri və qonaqlar da təəssüratlarını bölüşərək Azərbaycan Ordusunun qüdrətindən doğan qürurlarını gizlətmədilər.
Ailəsi ilə birgə yürüşü izləyənlər arasında yer alan şəhər sakini Anar Təhməzov hisslərini bu sözlərlə ifadə etdi: "Bu gün bura qızımla və oğlumla birlikdə gəlmişəm. Burada olmaq, hərbi qulluqçuların yürüşlərini övladlarımla birgə canlı izləmək mənim üçün böyük qürurdur. Əsgərlərimizin intizamı və qətiyyəti ölkəmizin necə güclü orduya malik olduğunu bir daha göstərdi. Bu mənzərəni izləyərkən şəhidlərimizin fədakarlığını, döyüşlərdə sağlamlığını itirənlərin igidliyini xatırladım. Ordumuzun hər bir hərbi qulluqçusuna möhkəm cansağlığı və şərəfli xidmətlərində uğurlar arzulayıram". 
Yürüş heyətinin addımları ətrafdakı gənc nəslin də vətənpərvərlik hisslərini coşdururdu. Yürüşə oğlu ilə qatılan digər şəhər sakini Anar Həsənov isə belə anların əhəmiyyətini xüsusi vurğuladı: "Belə tədbirlər xalqla ordunun birliyini daha aydın göstərir. Hamı hərbi qulluqçuları alqışlayır, uşaqlar onlara böyük rəğbət göstərirlər. Mən də oğlumu bura gətirmişəm ki, bu qüruru yaşasın. Düşünürəm ki, bu cür hərbi yürüşlər gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə, ordumuza olan sevgisinin artmasına mühüm töhfə verir. Biz müstəqil dövlətimizlə, güclü və qalib ordumuzla fəxr edirik".
Ordumuzun keçdiyi tarixi inkişaf yolu, inamlı zəfərləri vətəndaşlarımızın yaddaşına əbədi həkk olunub. Hər bir azərbaycanlı qalib ordusuna sonsuz güvənir. Sakinlərdən Coşqun Məmmədli ordumuzun yaratdığı böyük inam hissinə toxundu: "Yürüşü izləyərkən Azərbaycan Ordusunun keçdiyi şərəfli yolu düşündüm. Bu gün biz təhlükəsiz və azad ölkədə yaşayırıqsa, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunubsa, bunun arxasında ordumuzun fədakar xidməti dayanır. Hərbi qulluqçularımızın peşəkarlığı, intizamı və yüksək döyüş hazırlığı bizə tarixi qələbələr qazandırdı və xalqımıza Zəfər sevincini yaşatdı. Bu gün hər birimiz müstəqilliyimizin qarantı olan rəşadətli Azərbaycan Ordusuna sonsuz güvənirik. Ordumuzun hər bir mənsubunu səmimi-qəlbdən təbrik edir, müqəddəs peşələrində müvəffəqiyyətlər arzulayırıq".
Böyük maraq və rəğbətlə yürüşü izləyən gənclərdən Soltan Məlikov hisslərini belə ifadə etdi: "Hər kəs kimi, mən də ordumuzla qürur duyuram. Hərbçilərimizin 44 günlük Vətən müharibəsində və sonrakı döyüş əməliyyatlarında göstərdiyi fədakarlıqlar, qəhrəmanlıqlar hər birimiz üçün örnəkdir. Müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bizim qəlbimizdə daim yaşayır. Bu gün yürüş edən hərbçilərimizin hər addımını, onların yüksək hazırlığını böyük maraqla izlədim. Bu yürüş mənim üçün həm çox maraqlı, həm də olduqca yaddaqalan bir hadisə oldu. Yaşasın, qalib Azərbaycan Ordusu!".
Meydandakı bu qürurverici mənzərə, eyni zamanda, keçmişin ağrılı, lakin şərəfli günlərini xatırladaraq kövrək anların yaşanmasına da səbəb oldu. Təəssüratlarını bölüşərkən göz yaşlarını saxlaya bilməyən şəhər sakini Firəngiz Həsənova ordumuzun xalqın ən böyük güvənc yeri olduğunu bildirdi: "Azərbaycan Ordusu hər bir azərbaycanlının qürur mənbəyidir. Onların bu nizamlı keçidini izlədikcə 44 günlük Vətən müharibəsindəki günlər gözümün önündə canlanır və insan kövrəlməyə bilmir. Cəbhədən qələbə xəbərləri gəlirdi, sevinirdik, şəhidlərimizin nəşini dəf edirdilər, üzülürdük. O duyğusal anları unutmaq mümkün deyil. Allahdan bir daha şəhidlərimizə rəhmət, sağlamlığını itirənlərə şəfa, onların ailə üzvlərinə səbir diləyirik. Hər birimiz inanırıq ki, rəşadətli ordumuz bundan sonra da dövlətimizin təhlükəsizliyini etibarlı şəkildə qoruyacaq".
Paytaxt küçələrində ruh yüksəkliyi  ilə qarşılanan hərbi qulluqçuların nizamlı hərəkəti təyin olunmuş marşrut üzrə davam edərək Şəhidlər xiyabanında yekunlaşdı. Yürüşün məhz bu müqəddəs məkanda başa çatması, bu torpaqların hansı böyük fədakarlıqlar və qəhrəmanlıqlar hesabına qorunduğunu, şəhidlərimizin əziz xatirəsinə olan dərin ehtiramı və minnətdarlıq hissini bir daha hər kəsə xatırlatdı.
Bakıda keçirilən bu yürüşlərlə eyni vaxtda Naxçıvan, Sumqayıt, Gəncə, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərində də hərbi orkestrin müşayiəti ilə yürüşlər təşkil olunmuşdu. Ölkənin müxtəlif bölgələrində keçirilən bu tədbirlər Azərbaycan xalqının öz ordusuna olan sonsuz inamını, sevgisini və dəstəyini bir daha nümayiş etdirdi. Hər bir şəhərdə insanlar küçələrə çıxaraq hərbi qulluqçuları alqışlarla qarşıladı, Silahlı Qüvvələr Gününü böyük ruh yüksəkliyi ilə qeyd etdilər.
Azərbaycan Ordusunun yaradılmasının 108ci ildönümünə həsr olunan bu irimiqyaslı yürüşlər bir daha göstərdi ki, xalqla ordu arasında sarsılmaz bir birlik mövcuddur. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi Zəfər qazanan Azərbaycan Ordusu bu gün də yüksək döyüş hazırlığı, peşəkar şəxsi heyəti, müasir silah və texnikası, möhkəm intizamı ilə regionun ən güclü orduları sırasında yer alır. Azərbaycan əsgəri Vətənimizin keşiyində ayıqsayıq dayanaraq dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini və xalqımızın dinc həyatını etibarlı şəkildə qorumağa davam edir.

Əli ABIYEV

“Azərbaycan Ordusu”