AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
“Bir millət, iki dövlət” fəlsəfəsi üzərində qurulan Azərbaycan-Türkiyə münasibətləri bu gün siyasi, iqtisadi və humanitar sahələrlə yanaşı, hərbi əməkdaşlıq istiqamətində də uğurla inkişaf edir. İki qardaş ölkənin Silahlı Qüvvələri arasında keçirilən birgə təlimlər, qarşılıqlı təcrübə mübadiləsi, hərbi təhsil və müdafiə sənayesi sahəsində həyata keçirilən layihələr strateji müttəfiqliyin mühüm göstəriciləridir. Silahlı Qüvvələr Günü münasibətilə təşkil olunan bayram tədbiri də bu sarsılmaz qardaşlığın növbəti təzahürü oldu.
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paytaxtın Fəvvarələr meydanında Türkiyə Silahlı Qüvvələrinin Armoni və Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunun orkestrlərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil edildi. Tədbirdə Azərbaycan Ordusunun hərbi qulluqçuları, Türkiyə Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti, dövlət qurumlarının əməkdaşları, şəhər sakinləri və paytaxtın qonaqları iştirak edirdilər.
Konsert proqramı başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün, həmçinin Vətən uğrunda canlarını fəda etmiş Azərbaycan və Türkiyə şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirildi.
Tədbirin aparıcısı Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının əhəmiyyətindən bəhs edərək iki qardaş xalqın tarix boyu bir-birinə verdiyi dəstəyin bu gün də uğurla davam etdiyini vurğuladı. Daha sonra söz Türkiyə Silahlı Qüvvələrinin Armoni orkestrinin aparıcısına verildi.
Konsert proqramında MMU-nun Hərbi İdarəetmə İnstitutunun orkestrinin fəaliyyəti barədə məlumat təqdim olundu. Bildirildi ki, orkestr 15 fevral 1992-ci ildə keçmiş Bakı Ali Birləşmiş Komandanlar Məktəbinin bazasında yaradılıb. Hazırda 42 nəfərlik heyətlə fəaliyyət göstərən kollektiv Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qabaqcıl musiqi kollektivlərindən biridir. Orkestr 2019-cu ildən etibarən müxtəlif beynəlxalq festivallarda ölkəmizin zəngin musiqi irsini və hərbi musiqi ənənələrini uğurla təmsil edir.
Bədii hissədə Türkiyə Silahlı Qüvvələrinin Armoni və Hərbi İdarəetmə İnstitutunun orkestrləri tərəfindən klassik və hərbi marşlardan, vətənpərvərlik ruhunu tərənnüm edən musiqi nömrələrindən ibarət zəngin repertuar təqdim edildi. "Koroğlu" uvertürası, "Cəngi", "Vətən marşı", “Çırpınırdı Qara dəniz" və digər musiqili əsərlər tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Fəvvarələr meydanında bayram əhvali-ruhiyyəsi hökm sürürdü. İzləyicilər, xüsusilə gənclər və azyaşlı uşaqlar hərbçilərlə xatirə şəkilləri çəkdirir, Azərbaycan və Türkiyə bayraqlarını qürurla dalğalandırırdılar. Tədbir iştirakçıları belə konsertlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, Azərbaycan-Türkiyə qardaşlığının təbliğində və hərbi musiqi ənənələrinin yaşadılmasında mühüm rol oynadığını qeyd etdilər.
Yüksək peşəkarlıqla təşkil olunan konsert proqramı iki qardaş ölkə arasında mövcud olan sarsılmaz dostluğun və strateji müttəfiqliyin növbəti parlaq təcəssümü kimi yadda qaldı.
Şəlalə CAMAL
“Azərbaycan Ordusu”