AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Xalqımızın dövlətçilik tarixində xüsusi yer tutan əlamətdar günlərdən biri də Azərbaycan Silahlı Qüvvələrinin yaranması günüdür. Bu tarix həm hərbi bayram, həm də Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və milli təhlükəsizliyinin rəmzi kimi qiymətləndirilir. Müasir Azərbaycan Ordusunun keçdiyi şərəfli yol Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından başlayaraq bu günədək davam edən müstəqil dövlət quruculuğu prosesinin ayrılmaz hissəsidir.
Azərbaycan milli ordusunun təməli 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qoyuldu. Həmin gün ilk müntəzəm hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı və bununla da milli silahlı qüvvələrin formalaşdırılması prosesi başladı. Bu qərar Şərqdə ilk demokratik respublikanın öz dövlət atributlarını yaratmaq istiqamətində atdığı ən mühüm addımlardan biri oldu.
Yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb siyasi və hərbi şəraitdə fəaliyyət göstərirdi. Gənc dövlət xarici müdaxilələr, daxili qarşıdurmalar və müstəqilliyə qarşı yönəlmiş təhlükələrlə üz-üzə qalmışdı. Belə bir dövrdə müstəqilliyin qorunmasının əsas təminatı güclü və nizami ordunun yaranması idi. Məhz buna görə də ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
Azərbaycan hərb tarixində silinməz iz qoymuş görkəmli sərkərdələrdən olan general Səməd bəy Mehmandarov və general Əlağa Şıxlinski milli ordunun formalaşdırılmasında müstəsna xidmətlər göstərdilər. 1918-ci ilin dekabrında Səməd bəy Mehmandarov hərbi nazir, Əlağa Şıxlinski isə onun müavini təyin edildi. Onların peşəkarlığı, hərbi təcrübəsi və təşkilatçılıq bacarığı sayəsində qısa müddətdə döyüş qabiliyyətli milli ordu yaradıldı.
Milli ordunun yaradılmasında və formalaşdırılmasında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk hərbi naziri Xosrov bəy Sultanov və Azərbaycanın bir çox görkəmli hərb xadimləri mühüm rol oynadılar. AXC Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə, hökumət başçısı Fətəli xan Xoyski, parlament sədri Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli və digərləri dövlət quruculuğu ilə yanaşı, milli ordunun siyasi və hüquqi əsaslarının yaradılmasına mühüm töhfələr verdilər.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan etdikdən sonra qarşıda duran ən mühüm vəzifələrdən biri milli ordunun yaradılması idi. Yeni yaranan müstəqil dövlətin öz sərhədlərini qorumaq, daxili sabitliyi təmin etmək və xarici təhlükələrin qarşısını almaq üçün güclü silahlı qüvvələrə ehtiyacı var idi. Məhz buna görə də 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi birləşmə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu qərar Azərbaycan Milli Ordusunun yaranmasının hüquqi əsası hesab edilir. Beləliklə, nizami ordu yaradıldı və dövlət büdcəsinin əsas hissəsi hərbi sahəyə yönəldildi. Qısa müddət ərzində formalaşan Azərbaycan Milli Ordusu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakının və ətraf bölgələrin erməni-bolşevik qüvvələrindən azad edilməsində mühüm rol oynadı.
Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində ordu quruculuğu sahəsində mühüm addımlar atdı. Hökumət tərəfindən 25 min nəfərlik nizami ordunun daha da artırılması məqsədi qarşıya qoyuldu.
1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə milli ordu ləğv edildi. Bir çox azərbaycanlı zabit və generallar repressiyalara məruz qaldı, onların bir qismi güllələndi. Lakin xalqımızın hərbi ənənələri tamamilə məhv edilə bilmədi. Sovet dövründə də azərbaycanlı gənclər müxtəlif hərbi məktəblərdə təhsil alaraq peşəkar hərbçi kimi yetişdilər.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, onun yaratdığı milli ordu ən qiymətli dövlətçilik irslərindən biri oldu. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması ilə milli ordu fəaliyyətini dayandırsa da, müstəqil Azərbaycan Ordusu ideyası xalqın yaddaşında yaşamaqda davam edirdi.
1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yenidən qurulması prosesi başlandı. Həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti Milli Ordunun yaradılması haqqında qərar qəbul etdi. Bu qərar müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin yaradılmasının başlanğıcı oldu. Lakin həmin dövrdə ölkədə mövcud olan siyasi qeyri-sabitlik, Ermənistanın torpaqlarımıza hərbi təcavüzü və daxili hərc-mərcliklər ordunun inkişafına ciddi maneələr yaradırdı. Məhz belə bir zamanda ölkəni xaosdan xilas etmək üçün güclü və uzaqgörən siyasi liderə ehtiyac var idi. Xalq bunun çıxış yolunu Dahi Rəhbər Heydər Əliyevin yenidən hakimiyyətə gətirilməsində görürdü. Bu məqsədlə də 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə yenidən qayıdan xalqımızın Ümummilli Lideri Heydər Əliyev dövlət quruculuğu ilə yanaşı, ordu quruculuğunu da prioritet istiqamətə çevirdi. Orduda vahid komandanlıq yaradıldı, hərbi nizam-intizam gücləndirildi, peşəkar kadr hazırlığına xüsusi diqqət yetirildi.
Ulu Öndərin müəyyən etdiyi ordu quruculuğu strategiyası sonrakı illərdə ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsində həlledici rol oynadı və Azərbaycanın hərbi qüdrətinin yüksəlişinin əsasını təşkil etdi.
Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi. Bununla da Azərbaycan Ordusunun tarixi köklərinə verilən yüksək qiymət bir daha təsdiqləndi.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu yeni mərhələyə qədəm qoydu. Ordunun maddi-texniki bazası gücləndirildi, müasir silah və texnikalar alındı, hərbi infrastruktur yeniləndi, beynəlxalq təcrübə tətbiq olundu. Azərbaycan Ordusunun döyüş qabiliyyəti ilk növbədə 2016-cı ilin Aprel döyüşlərində özünü göstərdi. Daha sonra 2018-ci ilin Günnüt əməliyyatı, 2020-ci ilin Tovuz döyüşləri ordumuzun peşəkarlığını və yüksək döyüş qabiliyyətini bir daha nümayiş etdirdi. Bu uğurlar 2020-ci ildə başlayan Vətən müharibəsində tarixi Zəfərin əsasını qoydu.
2020-ci il sentyabrın 27-də düşmənin genişmiqyaslı təxribatlarına cavab olaraq həyata keçirilən əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsi Azərbaycan xalqının hərb tarixinə yeni bir səhifə - Zəfər səhifəsi yazdı. Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, peşəkarlıq və vətənpərvərlik nümayiş etdirərək işğal altında olan torpaqlarımızı azad etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və digər işğalda qalan rayonlarımız azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu tarixi qələbə Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradı isə dövlət-xalq-ordu birliyinin və tarixi Zəfərin təntənəsinə çevrildi.
Azərbaycan Ordusunun qüdrətinin əsas mənbələrindən biri xalq ilə ordu arasında yaranan möhkəm birlikdir. Tarixin bütün mərhələlərində Azərbaycan əsgəri xalqın sevgisini, etimadını və dəstəyini hiss edib. Vətən müharibəsi dövründə də bu birlik özünü ən parlaq formada göstərdi. Ön cəbhədə döyüşən əsgərlərimizə vətəndaşlarımızın mənəvi dəstəyi, həmrəyliyi və inamı qələbəyə aparan əsas amillərdən biri oldu. Bu gün də xalq-ordu birliyi dövlətimizin gücünün və sabitliyinin mühüm təminatlarından hesab edilir.
Bu gün Azərbaycan Ordusunda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirilir. Hərbi təhsil müəssisələrində peşəkar zabit kadrlarının hazırlanması, gənclərin milli-mənəvi dəyərlərə sadiq ruhda yetişdirilməsi ordunun gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gəncləri hərbi xidməti Vətən qarşısında müqəddəs borc kimi qəbul edir, dövlətimizin müdafiəsinə hazır olduqlarını şərəfli xidmətləri ilə göstərirlər.
Hazırda işğaldan azad edilən ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin təhlükəsizliyinin təmin edilməsində də Azərbaycan Silahlı Qüvvələrinin rolu böyükdür. Ordumuz Vətənimizin silahlı müdafiəsinin təşkili, torpaqlarımızın qorunması, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və sabitliyin təmin olunması istiqamətində öz şərəfli missiyasını uğurla davam etdirir. Qarabağ və Şərqi Zəngəzurda dalğalanan üçrəngli bayrağımız Azərbaycan əsgərinin qəhrəmanlığının və böyük şücaətinin rəmzidir.
Bu gün Azərbaycan Ordusu regionun ən güclü orduları sırasında yer alır. Müasir texnologiyalar, peşəkar kadr heyəti, yüksək mənəvi-psixoloji hazırlıq, dövlətin və xalqın dəstəyi ordumuzun əsas üstünlükləridir. Ordumuzun gücü təkcə silahlarında deyil, əsgər və zabitlərinin Vətən sevgisində, xalqına bağlılığında və döyüş ruhundadır.
Azərbaycan əsgəri hər zaman Vətənin keşiyində ayıq-sayıq dayanır. Üzərinə düşən şərəfli vəzifələri yerinə yetirən hərbi qulluqçularımız xalqımızın qürur mənbəyidir.
Azərbaycan Silahlı Qüvvələr Günü hər bir azərbaycanlı üçün qürur və iftixar günüdür. Bu əlamətdar tarix bizə dövlətimizin müstəqilliyinin necə qorunduğunu xatırladır, gələcək nəsillərə Vətən sevgisi, milli birlik və dövlətçilik ənənələrinə sədaqət hissləri aşılayır.
Bu əlamətdar gün Azərbaycan xalqının qəhrəmanlıq tarixinin, dövlətçilik ənənələrinin və milli qürurunun təcəssümüdür. Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulan, Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı ilə daha da qüdrətlənən Azərbaycan Ordusu bu gün də inkişaf edir və müstəqil Azərbaycanımızın ərazi bütövlüyünü və suverenliyini etibarlı şəkildə qoruyur. İnanırıq ki, rəşadətli Azərbaycan Ordusu bundan sonra da ölkəmizin təhlükəsizliyinin etibarlı təminatçısı olaraq, xalqımızın sülh və əminamanlıq şəraitində yaşamasına öz töhfəsini verəcəkdir.
Kifayət ƏLİYEVA
“Azərbaycan Ordusu”