Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 İyun 2026 12:34

Fatehlərə meydan oxuyan Əlincə qalası

Qədim və orta əsrlərdə Azərbaycan ərazisi tez-tez işğalçı yürüşlərə məruz qalır, müxtəlif imperiyaların təsir dairəsinə düşürdü. Bu hücumların qarşısını almaq, yadelli basqınlardan qorunmaq məqsədilə ölkənin müxtəlif bölgələrində müdafiə istehkamları, qalalar və istinad divarları inşa edilmişdi. Xüsusilə orta əsrlər dövründə tikilmiş bu möhtəşəm müdafiə qurğuları düşmən hücumlarının dəf edilməsində mühüm əhəmiyyət kəsb edirdi.
Bəzi qalalar öz möhkəmliyi və əlçatmazlığı ilə hətta düşmən hökmdarlarının belə heyrətinə səbəb olurdu. Belə müdafiə istehkamlarından biri də Azərbaycanın tarixi-mədəni irsinin qiymətli nümunələrindən sayılan Əlincə qalasıdır.
Tarixi mənbələrdə "Alıncaq", "Alancıq", "Əlincək" və "Əlincə" şəklində adı çəkilən qala Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda, Əlincəçayın sağ sahilində, Yalıncaq dağının zirvəsində yerləşir. Əlincə qalasının etimologiyası ilə bağlı fikrə görə bu ad qədim türk dilində "dağın alın hissəsi" mənasını verən "alın" və "qənimət" anlayışı daşıyan "alınc" sözləri ilə əlaqələndirilir.
Xalq dilində Əlincə qalası "Əlincək", yəni, "əlini çək" kimi də səsləndirilirdi ki, bu da qalanın alınmazlığı və məğlubedilməzliyi ilə bağlı təsəvvürlərə əsas verir.
Elxanilər dövründə müəyyən dağıntılara məruz qalan Əlincə qalası sonrakı dövrlərdə yenidən bərpa edilib.
Əlincə qalası haqqında tarixçilərdən Nəsəvi (XIII əsr), Şərəfəddin Əli Yəzdi (XV əsr), türk səyyahı Övliya Çələbi (XVII əsr) və başqaları məlumat vermişlər. Övliya Çələbi Əlincə qalasından bəhs edərək, onun Qütbəddin tərəfindən inşa edildiyini qeyd etmişdir.
Lakin qalanın kim tərəfindən inşa olunduğu və dəqiq tarixi ilə bağlı yekun və qəti fikir mövcud deyil, bu barədə müxtəlif mülahizələr və versiyalar vardır.
Ümumiyyətlə, tədqiqatçıların böyük hissəsi onun yaşının 2000 ildən çox olduğunu və əsasının VII əsrdən əvvəl, Qafqaz Albaniyası dövründə qoyulduğunu qeyd edirlər. Qala rəsmi qeydiyyatda VII-IX əsrlərə aid memarlıq abidəsi kimi göstərilir.
Əlincə qalası yüzillər boyu Yaxın Şərqin müxtəlif hakim sülalələrinə xidmət etsə də, tarixdə daha çox Atabəylər dövlətinin sığınacaq və xəzinə yeri kimi tanınmışdır. Dövrünün ən güclü hərbi qüvvələrini belə məğlubiyyətə uğradan bu qala böyük sərkərdə Əmir Teymuru da heyrətə gətirmişdi. Tarixi mənbələrdə Teymurun Əlincə qalasına dörd yürüş etdiyi məlumdur.
Əlincə qalası on ildən artıq müddətdə hərbi yürüşlərə müqavimət göstərmiş, uzun sürən mübarizədən sonra 1401-ci ildə Teymurilər dövlətinə təslim olmuşdur. Bu müdafiə istehkamının dözümlülüyünü araşdırmaq məqsədilə müharibədən sonra Əmir Teymur şəxsən Əlincə qalasına qalxmışdır.
Atabəylərin hökmranlığı dövründə Əlincə qalası hökmdar ailəsinin təhlükəsizliyinin təmin edilməsində istifadə olunub.
Şəmsəddin Eldənizin hakimiyyəti dövründən etibarən Atabəylər dövlətinin baş xəzinəsi Əlincə qalasında saxlanılmışdır. Sonrakı dövrlərdə qalada Atabəy hökmdarlarının sifarişi ilə saraylar və yardımçı binalar inşa edilmiş, qala divarlarının zəif yerləri möhkəmləndirilmiş, bürclər və səngərlər tikilmişdir.
Qalaya su çəkilişi mümkün olmadığından qədimdən istifadə edilən ibtidai, lakin səmərəli üsul tətbiq olunmuşdur. Qayaların üzərində oyulmuş şırımlar və kiçik arxlar vasitəsilə yağış suları axaraq qaya hovuzlarında toplanırdı. Beləliklə, Əlincə qalasının müdafiəçiləri bütün fəsillərdə su ilə təmin olunurdular.
Qalanın ən yüksək nöqtəsində onun içqalası yerləşir. Yerli əhali tərəfindən "Şah taxtı" adlandırılan bu hissə qalanın ən mühüm strateji məkanlarından biri hesab olunur. Tarixi mənbələrə görə vaxtilə hökmdarların və müdafiə qüvvələrinin əsas qərargahı məhz burada yerləşmişdir.
Qədim istehkamın bəndləri ətraf kəndlərdən gətirilmiş iri daşlar və bişmiş kərpicdən inşa edilmişdir. Bu gün də qalanın şimal yamacında yarımdairəvi bürclərə malik üç müdafiə divarının, qərb yamacında isə səkkiz divarın qalıqları qorunub saxlanılır.
Əsasən şimal, şimal-qərb və cənub-qərb olmaqla üç əsas hissədən ibarət olan Əlincə qalasında bölmələr arasında hərəkət daş pillələr vasitəsilə təmin edilirdi. Möhkəm müdafiə divarları və sıldırım qayalar qalanı əsrlər boyu alınmaz istehkama çevirmişdir.
Qalanın yuxarı hissəsində aparılan araşdırmalar zamanı yaşayış və ictimai binalara aid xarabalıqlar, bünövrə daşları, eləcə də yüksək keyfiyyətli seladon saxsı qab parçaları aşkar edilmişdir. Tədqiqatçıların fikrincə, bu qablar Azərbaycana Böyük İpək Yolu vasitəsilə Çindən gətirilmişdir ki, bu da Əlincə qalasının orta əsrlərdə mühüm ticarət və mədəni əlaqələrə malik olduğunu göstərir.
Zamanın çətin sınaqları, ardıcıl və amansız müharibələr nəticəsində əsrlər boyu dağıntılara məruz qalan Əlincə qalası bu gün özünün yeni və parlaq dövrünü yaşayır. Azərbaycan dövlətinin milli irsimizə və şanlı hərb tariximizə göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq, 2014-cü ildə imzalanmış müvafiq sərəncamla qalada genişmiqyaslı elmi-bərpa və restavrasiya işlərinə start verilmişdir. İki il ərzində həyata keçirilən bərpa prosesi zamanı qalanın qədim memarlıq üslubu qorunaraq müdafiə divarları, keçid sistemləri və “Şah taxtı” terrası tarixi həqiqətlərə sadiq qalınmaqla yenidən dirçəldilmiş, həmçinin əsrlərin yadigarı olan yağış sularının toplandığı qaya hovuzları təmizlənərək ilkin görkəminə qaytarılmışdır.
Bu gün Əlincə qalasında yaradılmış müasir “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi abidənin tarixi ruhunu yaşadaraq onu yeni nəsillər üçün canlı bir tədris və tanıtım mərkəzinə çevirir, zirvəsində dalğalanan üçrəngli Azərbaycan bayrağı ilə milli qürurun, yenilməzliyin və dövlətçilik ənənələrinin rəmzi kimi ucalır. Əlincə qalası həm tarixi yaddaşın qoruyucusu, həm də gələcək nəsillərə ötürülən mənəvi irsin möhtəşəm daşıyıcısı olaraq Azərbaycanın mədəni-mənəvi xəritəsində xüsusi yerini qoruyub saxlayır.

Hazırladı:
Emil MURADLI
"Azərbaycan Ordusu"