AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müasir hərbi təhsildə nəzəri biliklərlə yanaşı, praktiki hazırlığın və beynəlxalq təcrübənin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun “Hərbi Dəniz Qüvvələri” fakültəsinin şəxsi heyətinin Bolqarıstanda keçirilən beynəlxalq kursda iştirakı gələcəyin hərbi dənizçi zabitlərinin peşəkar inkişafı baxımından mühüm hadisədir.
26-30 may tarixlərində Bolqarıstan Respublikasının Varna şəhərində təşkil olunan "Gəmi idarəetmə və naviqasiya təhlükəsizliyi" kursu müxtəlif ölkələrdən olan kursant və zabitləri bir araya gətirib. Tədbirdə Azərbaycan nümayəndə heyəti də fəal iştirak edərək, həm nəzəri biliklərini, həm də praktiki bacarıqlarını nümayiş etdirib.
Kurs proqramı iştirakçıların müasir dənizçilik standartları üzrə hazırlığının artırılmasına yönəlib. Təlimlər zamanı kursantlar və zabitlər gəminin hərəkət körpüsü simulyatorlarında müxtəlif tapşırıqlar yerinə yetirərək naviqasiya təhlükəsizliyinin təmin olunması, gəmi idarəçiliyi, taktiki manevrlərin icrası və fövqəladə vəziyyətlərdə düzgün qərar qəbul edilməsi istiqamətində bilik və bacarıqlarını təkmilləşdiriblər. Real şəraitə uyğunlaşdırılmış simulyasiya sistemləri iştirakçılara dənizdə yarana biləcək müxtəlif situasiyaları idarə etmək imkanı yaradıb.
Kurs müddətində Bolqarıstan, Ukrayna və Azərbaycan kursantları arasında təcrübə mübadiləsi aparılıb, dənizçilik sahəsində tətbiq olunan yeni yanaşmalar müzakirə olunub. Kurs iştirakçıları beynəlxalq dənizçilik qaydaları, təhlükəsizlik standartları və gəmi idarəetməsinin müasir üsulları ilə bağlı praktiki məşğələlərə cəlb ediliblər.
Kursun sonunda iştirakçılara kursu müvəffəqiyyətlə başa vurduqlarını təsdiq edən sertifikatlar təqdim olunub.
Kursu müvəffəqiyyətlə başa vurub ölkəmizə qayıdan kursantlarımızın düşüncələrini öyrənmək üçün MMU-nun Heydər Əliyev adına Hərbi İnstitutuna yollandıq.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, 2-ci dərəcəli kapitan Mənsur Orucəliyev bildirdi ki, beynəlxalq kurslar hərbi təhsil sisteminin ayrılmaz tərkib hissəsidir və gələcək zabitlərin peşəkar formalaşmasında mühüm rol oynayır. "Müasir dövrdə hərbi dənizçi zabit yalnız nəzəri biliklərlə kifayətlənməməli, eyni zamanda, beynəlxalq təcrübəyə yiyələnməli, müxtəlif ölkələrin tətbiq etdiyi müasir yanaşmaları öyrənməlidir. Varna şəhərində keçirilən bu kurs kursantlarımız üçün məhz belə bir imkan yaratdı. Onlar müasir simulyasiya sistemlərində çalışaraq gəmi idarəçiliyi, naviqasiya təhlükəsizliyi və taktiki manevrlər sahəsində biliklərini təkmilləşdirdilər".
2-ci dərəcəli kapitan qeyd etdi ki, bu cür proqramlar müxtəlif ölkələrin hərbi təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsinə də xidmət edir. "Kurs zamanı iştirakçılar təkcə yeni biliklər əldə etmir, həm də xarici həmkarları ilə təcrübə mübadiləsi aparırlar. Bu isə onların peşəkar dünyagörüşünün formalaşmasına, beynəlxalq hərbi əməkdaşlıq mühitini yaxından tanımalarına şərait yaradır. Azərbaycan kursantlarının nümayiş etdirdiyi hazırlıq səviyyəsi bir daha göstərdi ki, ölkəmizdə hərbi təhsil yüksək standartlar əsasında inkişaf edir".
Zabit vurğuladı ki, Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfər gənc hərbçilərin üzərinə daha böyük məsuliyyət qoyur. "Bu günün kursantları qalib ordumuzun gələcək zabitləridir. Onlar yaxşı anlayırlar ki, əldə etdikləri hər bir bilik və bacarıq gələcəkdə Vətənə xidmətə, dövlətimizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsinə yönələcək. Belə kurslar gənclərin peşəkar hazırlığı ilə yanaşı, onların vətənpərvərlik ruhunun güclənməsinə də mühüm töhfə verir".
Beynəlxalq kursda iştirak edən gənclər arasında “Hərbi Dəniz Qüvvələri” fakültəsinin kursantları Turan Ramazanov, Milan Kamalov və Sərxan Qasımov da yer alıblar. Onların hər biri hərbi təhsil sahəsində əldə etdikləri uğurlarla seçilən gənclərdir.
Kursant Turan Ramazanov Zaqatala rayonunun Qımır kəndində anadan olub. Hərbi dənizçi olmaq arzusu ilə seçdiyi peşə yolunda inamla irəliləyən Turan artıq ikinci dəfədir ki, Varna şəhərində keçirilən beynəlxalq kursda iştirak edir. Kursant bildirdi ki, Vətən sevgisi hər bir azərbaycanlı gəncin qəlbində yaşayan ən müqəddəs hissdir. "44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər gənclərin vətənpərvərlik ruhunun daha da güclənməsinə səbəb olub. Gələcəkdə qalib Azərbaycan Ordusunun zabiti kimi xidmət etməyi böyük şərəf və məsuliyyət hesab edirəm. Əldə etdiyim bilik və bacarıqları Vətənimizin müdafiəsinə həsr etmək ən böyük amalımdır".
Bakı şəhərində anadan olmuş Milan Kamalov Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarındandır. Kursant qeyd etdi ki, Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi birlik, iradə və peşəkarlıq onda böyük heyranlıq yaradıb. O, həmin Qələbənin təkcə hərbi deyil, həm də mənəvi zəfər olduğunu düşünür. Milanın fikrincə, qalib ordunun sıralarında xidmət etmək hər bir gənc üçün qürur mənbəyidir. Buna görə də o, gələcək zabit kimi üzərinə düşən məsuliyyəti dərindən dərk etdiyini vurğulayır. Uşaqlıqdan dənizçi peşəsinə maraq göstərən Milan üçün bu kurs xaricdə qazandığı ilk beynəlxalq təcrübə olub. Onun fikrincə, beynəlxalq kurslar hərbi dənizçilərin peşəkar hazırlığında əvəzsiz rol oynayır.
Qaradağ rayonunun Ələt qəsəbəsində anadan olan Sərxan Qasımov ilk hərbi təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə alıb. Daha sonra qardaş ölkənin İstanbul şəhərində yerləşən Dəniz Hərb Okulunda təhsilini davam etdirib, hazırda “Hərbi Dəniz Qüvvələri” fakültəsində təhsil alır. Kursant Sərxan Qasımov vurğulayır ki, vətənpərvərlik insanın həyat yolunu müəyyən edən ən güclü dəyərlərdən biridir. Xaricdə təhsil aldığı müddətdə Azərbaycanın uğurlarını və bayrağını təmsil etməyin məsuliyyətini daha yaxından hiss etdiyini söyləyir. Onun sözlərinə görə, bu gün hansı sahədə olmasından asılı olmayaraq bütün Azərbaycan gəncləri qalib xalqın övladı olmağın qürurunu yaşayırlar. Sərxan gələcəkdə peşəkar dənizçi zabit kimi dövlətinə və xalqına layiqincə xidmət etməyi özünün ən böyük vəzifəsi bilir.
Bu gün Azərbaycan Ordusunda peşəkar və yüksək hazırlıqlı kadrların yetişdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Xarici ölkələrdə təşkil olunan beynəlxalq kurs və təlimlər kursantların dünyagörüşünün genişlənməsinə, müasir hərbi biliklərə yiyələnməsinə və gələcək xidmət fəaliyyətinə daha hazırlıqlı başlamalarına imkan yaradır.
Varna şəhərində keçirilən kurs da Azərbaycan hərbi dənizçilərinin beynəlxalq səviyyədə rəqabət aparmaq qabiliyyətinə malik olduqlarını nümayiş etdirdi. Qazanılan bilik və təcrübə gələcəkdə ölkəmizin dəniz sərhədlərinin etibarlı qorunmasına xidmət edəcək, peşəkar zabitlərin formalaşmasına mühüm töhfə verəcəkdir.
Günay TAĞIYEVA
"Azərbaycan Ordusu"