AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Kərim xan Abbasqulu xan oğlu İrəvanski 1885-ci ilin (bəzi mənbələrə görə 1883-cü ilin) noyabrın 15-də İrəvan şəhərində anadan olub. O, uşaqlıq illərinin çoxunu Naxçıvanda, ana babası general İsmayıl xan Naxçıvanskinin (Kəngərlinin) malikanəsində keçirib. Ana tərəfdən olan çoxlu hərbçi (məşhur "Naxçıvanski"lər nəslinin nümayəndələri) qohumlarının əhatəsində böyüyən Kərimdə də hərb peşəsinə sevgi yaranıb. Babasından hərb sənətinin sirlərini öyrənib və hərbçi olmağı seçib. Kərim xan İrəvanski Sankt-Peterburqdakı Nikolayevski Kadet Korpusunda təhsil almağa gedib. 1907-ci ildə həmin məktəbi bitirib, "kornet" hərbi rütbəsi alıb və Tiflisdə yerləşən 17-ci Nijeqorod Draqun Alayında hərbi xidmətə göndərilib.
1908-ci ildə çarın leyb-qvardiya alayına (Əlahəzrət Mariya Feodorovnanın adına olan Kirasir Alayına) ezamiyyətə göndərilib. 1909-cu ilin mayından etibarən isə alaya rəsmi olaraq təyinat alıb. 1912-ci ilin avqustuna qədər bu alayda xidmət edib.
1912-ci il aprelin 12-də Qatçinisk şəhərində Kirasir Alayının iki zabitinin - Kərim xan İrəvanski və Kirasir Alayının komandanı general-mayor Lev Fyodoroviç Jirar de Sukantonun oğlu donanma leytenantı Lev Lvoviç Jirar de Sukantonun duelə çıxacaqları ilə bağlı xəbər yayılıb. Şəxsi mövzuda mübahisə edən bu iki zabit duelə çıxmaq istəkləri ilə bağlı Kirasir Alayının Zabitləri Cəmiyyətinə və Baltik Donanmasının Dəniz Vasitəçiləri məhkəməsinə müraciət ediblər. Hər iki qurum bu iki şəxs arasında baş verən mübahisənin yalnız duellə həll olunacağı haqda qərar qəbul ediblər.
Tərəflər 25 aprel səhər saatlarında Prioratski parkına toplaşıblar. Burada duelin iştirakçıları, onların sekundantları (K.İrəvanski tərəfdən Kirasir Alayından iki zabit, L.Sukanton tərəfdən iki donanma zabiti), Baltik Donanmasının Dəniz Vasitəçiləri məhkəməsinin təmsilçiləri və Kirasir Alayının həkimləri iştirak ediblər.
Dueldə ilk atəş açan Kərim xan Sukantonu sağ döş qəfəsindən yaralayıb. Bundan sonra ona həkimlər və sekundantlar yaxınlaşaraq ilk tibbi yardım göstəriblər. Daha sonra isə Kirasir Alayının tibb məntəqəsində sarğı işləri görüldükdən sonra onu Varşava vağzalına apararaq oradan da Peterburqa göndəriblər. Yarası olduqca ağır olsa da, həkimlər onu sağalda biliblər. Bundan sonra Lev Lvoviç Jirar de Sukanton uzun müddət orduda xidmət edib və 1934-cü ildə dünyasını dəyişib.
Birinci Dünya müharibəsi başlayanda Kərim xan İrəvanski "poruçik" hərbi rütbəsində olub. 1914-cü ilin avqustunda Qafqaz Yerli Süvari Diviziyasının Kabardin Atlı Alayına göndərilib. Burada o, alayın komandiri polkovnik İllarion Vorontsov-Daşkov tərəfindən alayın müvəqqəti adyutantı təyin edilib. 1914-cü il sentyabrın 3-də verilən 6 nömrəli əmrlə poruçik Kərim xan İrəvanski alayın adyutantı təyin edilib. Kərim xan İrəvanskinin o dövrdə Vəhşi Diviziyanın komandanı olan II Nikolayın kiçik qardaşı Mixail Romanovla yaxın dostluq əlaqələri olub.
1915-ci il yanvarın 9-da Vetlino kəndinin ətrafında gecə vaxtı baş verən döyüşdə göstərdiyi şücaətə görə artıq ştabs-rotmistr rütbəsində olan K.İrəvanski üzərində "İgidliyə görə" sözləri yazılan 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə mükafatlandırılıb.
1915-ci il fevralın 17-də Karpat dağlarının ətəyində yerləşən Maydan kəndi (indiki Ukrayna ərazisində) ətrafında baş verən döyüşdə fərqləndiyinə görə "Georgi silahı" ilə təltif olunmaq üçün rəhbərliyə təqdim olunub. Təqdimatda yazılıb: "Ştabs-rotmistr Xan İrəvanski alay adyutantı vəzifəsini yerinə yetirərək, 1915-ci il fevralın 17-də Maydan kəndi yaxınlığında baş tutan gecə döyüşündə, xüsusi əhəmiyyətli tapşırığa göndərilib. Ona mənim komandanlığımda olan Kabardin Süvari Alayı və general Staxoviçin dəstəsinin sağ cinahı ilə əlaqəni bərpa etmək tapşırılmışdı. Atıcı dəstə zənciri qalın meşədə irəlilədikcə qonşu dəstələrlə əlaqəni itirmişdi, bu isə bütün dəstəni təhlükəli vəziyyətə salırdı. Ştabs-rotmistr Xan İrəvanski düşmənin öldürücü atəşi altında, öz həyatını təhlükəyə ataraq ona tapşırılmış işi uğurla yerinə yetirdi. Heç nəyə baxmayaraq o, düşmən mövqelərinə kəşfiyyata gedərək, avstriyalıların səngərlərinə 50 addımlıq məsafəyə qədər yaxınlaşmış, onların yerləşdikləri mövqelər və digər məlumatları çatdırmış və bütün dəstəyə əhəmiyyətli kömək etmişdir".
Lakin Kabardin Süvari Alayının komandirinin təqdimatı Georgiyevski Duma tərəfindən rədd edilib. 1915-ci il avqustun 26-da Cənub-Qərb cəbhəsinin IX ordusunun komandanı general Leçitskinin əmri ilə "1914-cü il dekabrın 1-dən 1915-ci il iyulun 1-nə qədər olan tarixdə düşmənlə döyüşdə fərqləndiyinə görə" Kərim xan İrəvanski 3-cü dərəcəli "Müqəddəs Stanislav" (qılınc və bantla birlikdə), 1917-ci il martın 19-da Cənub-Qərb cəbhəsi ordusunun komandanının əmri ilə 4-cü dərəcəli "Müqəddəs Vladimir" (qılıncla və bantla birlikdə), 1917-ci il martın 25-də 4-cü ordu komandanının əmri ilə düşmənə qarşı döyüşlərdə fərqləndiyinə görə Kabardin Atlı Alayının 4-cü yüzlüyünün komandiri ştabs-rotmistr Kərim xan İrəvanski 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni (qılıncla birlikdə) ilə təltif edilib. 27 iyul 1917-ci ildə Kərim xana "rotmistr" hərbi rütbəsi verilib. 1917-ci il iyulun 27-də Rumıniya kralı I Ferdinand tərəfindən "Rumıniya Ulduzu" ordeni ilə təltif edilib. Həmin ilin 29 sentyabrında Kərim xan İrəvanskini yenidən Kabardin Süvari Alayına hərbi xidmətə göndəriblər.
1917-ci ilin avqustunda Dikaya (Vəhşi) Diviziyanın Petroqrada olan yürüşündə iştirak edib. Ordunun və Hərbi Dəniz Donanmasının Komandanlığının əmri ilə 1917-ci il oktyabrın 8-də rotmistr Kərim xan İrəvanski Ali hərbi mükafatla - "Georgi silahı" ilə təltif olunub. Kabardin Süvari Alayı ilə 1917-ci ilin oktyabrında Şimali Qafqaza gəlib. Həmin ilin noyabrında Kərim xan Kiçik Kabardanın Axlovo (indiki Terek rayonunun Nijniy Kurp kəndi) kəndində yerli əhalini quldur hücumlarından qoruyub.
Kərim xan İrəvanski 1918-ci ilin sonlarında Naxçıvana gəlib. 28 yanvar 1919-cu ildə verilən 364 nömrəli əmrdə olan qeydlərdən məlum olur ki, Kərim xan "polkovnik" rütbəsində olub və onun komandiri olduğu könüllü döyüşçülərin sayı 1000 nəfərdən çoxdur. Bu əmrdə qeyd edilib ki, onun rəhbərlik etdiyi döyüş dəstəsi podpolkovnik Kəlbəlı xan Naxçıvanskinin rəislik etdiyi qərargaha tabedir. Hətta onun döyüşçülərinin iki döyüş topunun olduğu da yazılıb. Qeyd olunub ki, Kərim xanın komandirlik etdiyi dəstə erməni daşnaklarla döyüşdə böyük şücaətlər göstərib. Həmçinin Kərim xan İrəvanskinin qardaşları Əli xan, Hüseyn xan, Həsən xan, qardaşı oğlu Allahyar xan Naxçıvanın erməni daşnaklarından müdafiə olunmasında böyük xidmətlər göstərmiş, rəşadətlə vuruşmuşlar.
Şərur dairəsinin komandiri kimi mərkəzə verdiyi məlumatda deyilir: "1918-ci il miladi, 23 dekabr. Şərur nahiyəsinin baş komandanı Kərim xan tərəfindən verilən telefonun məzmunu: "İrəvanda fransız nümayəndələri oturmuşlar. Müsəlman kəndlərinin adamları bu son zamanda müharibəsiz ermənilərə tərk-silah olaraq təslim olmuşlar. Bunlara ermənilər olmazın cəza və cəfa verməkdədirlər. Müsəlmanların cavan, iş bilən və möhtərəmlərindən tutub edam edirlər".
Azərbaycan Xalq Cümhuriyyətinin 28 fevral 1919-cu il sərəncamı ilə Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu yaradılıb və Kərim xan İrəvanski general-qubernatorun hərbi işlər üzrə köməkçisi təyin edilib. 16 mart 1919-cu il tarixində Azərbaycan hökumətinin digər bir qərarı ilə Zaqatalanın qubernatoru general Əliyar bəy Haşımbəyov general-qubernator, Kərim xan İrəvanski hərbi, Bəhram xan Naxçıvanski isə mülki işlər üzrə general-qubernatorun müavini təyin ediliblər. 31 mart 1919-cu il tarixində Azərbaycan hökumətinin qərarı ilə Kəlbəli xan Naxçıvanski Qarabağ general-qubernatorunun hərbi işlər üzrə müavini təyin edilib. Kərim xan İrəvanski isə vəzifəsindən kənarlaşdırılıb. Daha sonra isə o, qardaşı ilə birlikdə Kabardinə gedib.
1919-cu ilin yay və payızında Cənubi Rusiya Silahlı Qüvvələrinin Kabardin Süvari Diviziyasının 2-ci Kabardin Süvarı Alayında "rotmistr" hərbi rütbəsində xidmət edib. Bir müddət müvəqqəti olaraq alaya rəhbərlik edib. 1919-cu ilin avqustun sonlarında Nalçikə vurduğu teleqramda 12 avqust tarixində bolşeviklərin 3-cü Qırmızı Süvarı Alayını dağıtmaqları və sağ qalanlarının qaçmaqları barədə, eləcə də 2 pulemyot və bir çox odlu silah və güllələrin ələ keçirilməsi haqqında məlumat verib. 1919-cu il avqustun 30-da Veliko Knyajeski stansiyasından vurduğu teleqramda isə avqustun 24-də Tsaritsın ətrafında piyada bolşeviklərə hücum edib, 600 əsir və 5 pulemyot ələ keçirmələri, çox sayda bolşeviki məhv etmələri barədə məlumat verib.
1919-cu il oktyabrın 9-da Volqaboyunda Tsaritsın cəbhəsində bolşeviklərə qarşı gedən döyüşlərin birində həlak olub. Cəbhə komandanlığının təşkilatçılığı ilə Kərim xanın nəşi Nalçik şəhərinə gətirilərək oradakı Volnıy Aul qəbiristanlığında dəfn olunub.
Kərim xanın atası Abbasqulu xan İrəvan xanlığının əsasını qoyan məşhur Hüseynəli xan Sərdarın varisidir. Abbasqulu xanın atası Möhübəli (Mehbalı) xan Sərdarın nəvəsidir.
Anası Tərlan xanım isə general İsmayıl xan Naxçıvanskinin (Kəngərlinin) qızıdır.
Qardaşı Ağa xan İrəvanski 1904-cü ildə İrəvan Şəhər Dumasına, 1906-cı ildə isə Rusiya İmperiyasının I Dövlət Dumasına üzv seçilib. 1919-cu ildə İrəvan Müsəlman Milli Şurasının sədri olub.
Kərim xan İrəvanski ilk dəfə 19 yanvar 1910-cu ildə Hüseyn xan Naxçıvanskinin həyat yoldaşının əmisi qızı İnna Herbel ilə ailə həyatı qurub. Lakin onların bu nikahdan övladı olmayıb. 1918-ci il yanvarın 11-də isə ikinci dəfə Nalçikdən milliyyətcə balkar əsilzadə ailəsindən olan Şamside Kumukovna Aydabulova ilə ailə həyatı qurub.
"Azərbaycan Ordusu"