Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyun 2026 19:25

Milli qürurun və suverenliyin rəmzi

Dövlətin varlığının, müstəqilliyinin və suverenliyinin ən başlıca təminatçısı onun güclü ordusudur. Tarix boyu böyük sınaqlardan keçən Azərbaycan xalqı üçün 26 iyun təqvimi milli qürurumuzun, sarsılmaz iradəmizin və hərbi ənənələrimizin təntənəsidir. Bu gün Azərbaycan Ordusu regionun ən güclü, ən müasir ordusu olmaqla bərabər, həm də xalqımızın azadlıq və yenilməzlik rəmzinə çevrilib. Bu rəmzin təməli isə hələ bir əsr əvvəl, Şərqin ilk demokratik respublikasının qurulduğu çətin və keşməkeşli günlərdə qoyulub.
1918-ci il mayın 28-də müstəqilliyini bəyan etmiş gənc Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında duran ən mühüm vəzifə ölkəni daxili və xarici təhdidlərdən qorumaq qabiliyyətinə malik nizami ordunun qurulması idi. Həmin dövrdə Bakıda və ətraf rayonlarda azərbaycanlılara qarşı törədilən kütləvi qırğınlar milli hərbi hissələrin formalaşdırılmasını təxirəsalınmaz bir zərurətə çevirmişdi. Belə bir tarixi məqamda, 1918-ci il iyunun 26-da Nazirlər Şurasının qərarı ilə Gəncədə ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu mühüm addım müasir Azərbaycan Ordusunun bünövrəsi oldu. Az sonra Hərbi Nazirlik təsis edildi, tam artilleriya generalı Səməd bəy Mehmandarov və general-leytenant Əlağa Şıxlinski kimi peşəkar hərbçilərin rəhbərliyi ilə qısa müddətdə qüdrətli hərbi qüvvə formalaşdı. Qafqaz İslam Ordusu ilə çiyin-çiyinə vuruşan gənc ordumuz sentyabrın 15-də Bakını işğalçılardan azad edərək dövlətin paytaxtı statusunu özünə qaytardı. 
Cümhuriyyətin ömrü cəmi 23 ay çəksə də, 26 iyun tarixi xalqımızın yaddaşına silinməz izlərlə həkk olundu.
Azərbaycan 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qaldı. Müstəqilliyin ilk illərində ölkədə vahid komandanlığın olmaması, ordunun daxili siyasi çəkişmələrə alət edilməsi torpaqlarımızın işğalına gətirib çıxardı. Ordunun peşəkar kadrlarla yenidən qurulması, silahlı dəstələrin ləğv edilərək vahid mərkəzləşdirilmiş strukturun formalaşdırılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Hələ SSRİ dövründə - 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail olan Ulu Öndər, gələcək müstəqil Azərbaycan üçün hərbi kadr potensialının təməlini qoymuşdu. Müstəqillik illərində isə məhz onun uzaqgörən siyasəti ilə orduda genişmiqyaslı islahatlara başlanıldı. Ümummilli Liderin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və həmin vaxtdan bu gün ümumxalq bayramı olaraq qeyd edilir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dövründə isə ordu quruculuğu keyfiyyətcə tamamilə yeni, müasir mərhələyə qədəm qoydu. İqtisadi imkanların genişlənməsi fonunda hərbi büdcə dəfələrlə artırıldı, ordumuz ən son texnologiyalar, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri və zirehli texnikalarla təchiz olundu. Eyni zamanda,  dost ölkələrin orduları ilə birgə keçirilən hərbi təlimlər şəxsi heyətin döyüş ruhunu və peşəkarlığını ən yüksək zirvəyə daşıdı. Bu sistemli hazırlığın məntiqi nəticəsi xalqımızın 30 illik torpaq həsrətinə son qoyan 44 günlük Vətən Müharibəsi oldu. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında hərb tarixinə qızıl hərflərlə yazılacaq bir dastana imza atdı. Dünyanın aparıcı ölkələrinin hərbi mərkəzləri tərəfindən bu gün də öyrənilən unikal Şuşa əməliyyatı və digər parlaq qələbələr torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Bunun ardınca, 2023-cü ilin sentyabrında həyata keçirilən  lokal xarakterli antiterror tədbirləri ilə separatizmin kökü birdəfəlik kəsildi, Azərbaycan öz suverenliyini ölkənin bütün ərazilərində tam bərpa etdi və Xankəndidə, Xocalıda üçrəngli bayrağımız ucaldıldı.
Bu şanlı qələbə tariximizə yalnız hərbi strateji uğur kimi deyil, həm də xalqımızın sarsılmaz iradəsinin, vətənpərvərliyinin və fədakarlığının rəmzi kimi həkk olundu. Şübhəsiz ki, bu möhtəşəm Zəfərin ən uca zirvəsində torpaqlarımızın hər qarışı uğrunda canından keçən, qanı ilə dastan yazan müqəddəs şəhidlərimiz dayanır. Onlar öz canları və qanları bahasına 30 illik həsrətə son qoydu, bizə qalib xalq olmağın qürurunu yaşatdı. 44 günlük Vətən Müharibəsində, ondan sonrakı dövrdə və nəhayət antiterror tədbirlərində bir an belə tərəddüd etmədən şəhadət şərbətini içən hər bir qəhrəmanımız Azərbaycanın müstəqillik və suverenlik tarixinə adını əbədi olaraq qızıl hərflərlə yazdı. Biz bu gün rahat nəfəs ala biliriksə, bunu məhz o mərd, cəsur və Vətənini canından əziz tutan oğullarımıza borcluyuq. Onların əziz xatirəsi və qoyub getdikləri zəngin irs xalqımızın qəlbində əbədi yaşayacaq, gələcək nəsillər üçün hər zaman bir fəxarət və örnək mənbəyi olacaq.
Bu əbədi xatirə qəlblərdə yaşayan bir duyğu olmaqla yanaşı, indi bütün Qarabağda  eşidilən Böyük Zəfərin sədasıdır. Otuz ilə yaxın səssizliyə məhkum edilmiş, düşmən  işğalında olan müqəddəs torpaqlar indi şəhidlərimizin ruhunu şad edən coşğulu bir oyanış dövrünü yaşayır. Şuşada ucalan azan səsi, Xankəndidə dalğalanan bayrağımızın xışıltısı və azad edilmiş yurdlarımızda keçirilən hərbi paradların əzəmətli addım sədaları məhz o qəhrəmanların bizə əmanət etdikləri ən böyük mirasdır.
Bu gün o Zəfər sədası doğma yurd-yuvalarına geri dönən minlərlə soydaşımızın Böyük Qayıdış sevinci ilə birləşib. İllərdir bu torpaqların həsrətini çəkən, köçkünlük acısı yaşayan insanlarımızın bu gün evlərinə, dədə-baba ocaqlarına qayıdırlar. Ağdamda, Füzulidə, Zəngilanda, Laçında və digər azad olunmuş bölgələrimizdə ucalan yeni binaların, məktəblərin divarlarına bəşər tarixinin ən şanlı qələbəsinin sədaları hopub. Yenidən canlanan kəndlərimizdən gələn uşaq gülüşləri, tarlalardan yüksələn ruzi-bərəkət sədası dövlətimiz və ordumuzun xalqımıza bəxş etdiyi parlaq gələcəyin təzahürüdür.
26 İyun - Silahlı Qüvvələr Gününü bu gün Azərbaycan xalqı tam fərqli bir qürurla, qalib xalq kimi qeyd edir. Artıq qarşıda torpaqları azad etmək missiyası yox, qazanılmış tarixi Zəfəri qorumaq, azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda təhlükəsizliyi sarsılmaz etmək vəzifəsi dayanır. Yeni yaradılan "Komando" hissələri, modernləşdirilmiş hərbi hava və dəniz qüvvələri ilə ordumuz bu gün bölgədə sülhün və sabitliyin ən böyük rəhnidir. Bu  gün hər birimiz  canlarını Vətən uğrunda fəda etmiş bütün şəhidlərimizi dərin rəhmət və ehtiramla anır, bu yolda sağlamlıqlarını itirən qardaşlarımıza şəfalar diləyir və sərhəddə, səngərdə göz qırpmadan keşiyimizi çəkən Azərbaycan əsgərinə eşq olsun deyirik!

Şəlalə CAMAL

"Azərbaycan Ordusu"