AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində şəhid mayor Elnur Hacıyevin əziz xatirəsinə həsr olunan "Son nəfəsədək Vətən" adlı kitabın təqdimat mərasimi keçirildi.
Tədbirdə Milli Müdafiə Universitetinin nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbir açıq elan edildikdən sonra şəhid mayor haqqında iştirakçılara məlumatlar verildi. Bildirildi ki, Hacıyev Elnur Yaqub oğlu 1979-cu il iyunun 12-də Ucar şəhərində anadan olub. 1986-1996-cı illərdə Ucar şəhəri 5 nömrəli tam orta məktəbdə, 1997-2002-ci illərdə isə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində ali hərbi təhsil alıb. Elnur Hacıyev 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.
Mayor Elnur Hacıyev 2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı təxribatlarına cavab olaraq başlayan əks-hücum əməliyyatında iştirak edib. Oktyabrın 17-də Elnur Hacıyev Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ucar rayon Şəhidlər xiyabanında dəfn olunub.
Çıxış üçün ilk söz kitabın elmi redaktoru, Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini, professor general-mayor Arif Həsənova verildi. Tədbir iştirakçılarını salamladıqdan sonra general-mayor A.Həsənov bildirdi ki, şəhidlərin xatirəsi bizim üçün hər zaman əzizdir. "Şəhid olana qədər hər bir oğul ana-atasının, doğmalarının əzizidir. Ancaq indi onlar bütün Azərbaycanın gözbəbəyidirlər. Biz şəhid mayor Elnur Hacıyevlə döyüş yoldaşı olmuşuq. Mən onu cəsur və mərd insan kimi tanımışdım. İndi isə o, hamının yaddaşında bu keyfiyyətlərlə iz qoyaraq ən uca zirvəyə ucaldı", - deyə general-mayor A.Həsənov vurğuladı.
Daha sonra Milli Müdafiə Universiteti rektorunun müavini, professor İbrahim Adnan Əftar şairin məşhur misraları ilə başladı:
Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir...
Bir vaxtlar şəhidlərimizin ruhu önündə başımız önə əyilmişdi. Ancaq 44 günlük Vətən müharibəsindən sonra düşməndən bütün şəhidlərimizin qisası alındı, onların qanları yerdə qalmadı. Belə mərd analar olduqca onların yetişdirdiyi cəsur oğullar hər zaman yurdlarına canı bahasına da olsa sahib çıxacaqlar", - deyən natiq çıxışını tamamladı.
Sonda şəhidin anası Hicran Hacıyeva övladı haqqında xatirələrini bölüşdükdən sonra kitabın ərsəyə gəlməsində əziyyəti olan Milli Müdafiə Universitetinin əməkdaşlarına və kitabın müəllifi Yeganə Əliyevaya öz təşəkkürünü bildirdi.
Qeyd edək ki, şəhid mayor Elnur Hacıyev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Tədbirin sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirildi.
Hüsniyyə NƏSİROVA
"Azərbaycan Ordusu"