AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
26 İyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür. Bu gün, 1987-ci ildə BMT Baş Assambleyası tərəfindən narkotiksiz beynəlxalq cəmiyyət qurmaq məqsədinə nail olmaq üçün qlobal fəaliyyəti və əməkdaşlığı gücəndirmək üçün rəmzi olaraq təsis edilib. Bu günün əsas məqsədi cəmiyyəti, xüsusilə də gəncləri narkotik asılılığının fiziki, psixoloji və sosial fəsadları barədə məlumatlandırmaqdır.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qlobal və regional səviyyədə hüquq-mühafizə tədbirlərini gücləndirmək, sağlam həyat tərzini təbliğ etmək və asılılıqdan əziyyət çəkən insanların reabilitasiyasına diqqət çəkmək bu fəaliyyətin mühüm istiqamətləridir. Narkomaniya sadəcə bir fərdin problemi deyil, ümumbəşəri bir bəladır. Bu bəlaya qarşı ən effektiv silah isə məlumatlı olmaq və vaxtında profilaktik və qabaqlayıcı tədbirlər görməkdir.
"Narkomaniya" yunan sözüdür. "Narko" donub qalmaq, "maniya" psixi pozğunluq deməkdir. Adından da göründüyü kimi bu xəstəlik cəmiyyət üçün çox qorxulu, təhlükəli, insanda sonsuz problemlər yaradan, onu lazımsız və keyfiyyətsiz bir məxluqa çevirən bəladır. Narkotikdən asılılıq insan sağlamlığına bərpaedilməz ziyan vurmaqla, ağır xəstəliyə - narkomaniyaya gətirib çıxarır. Cəmiyyətdə "ağ ölüm" kimi qəbul edilən, bəşər övladının baş bəlasına çevrilən, əhalinin, əsasən, gənc nəslin bir qismində sonsuz maraq doğuran, aludəçilik yaradan, müalicəsi olduqca çətin və uzun müddət tələb edən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotik vasitələr, onların qanunsuz dövriyyəsi, istifadəsi, satışı, ümumiyyətlə, narkomanlıq ən ağrılı problemlərdən, qorxulu vərdişlərdən birinə çevrilmişdir.
Narkotik maddələr fiziki qüvvəni tükəndirir, bədənin çəkisini birdən-birə azaldır, ümumi zəhərlənmə baş verir və beləliklə də, keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Bu maddələrin bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni şprisdən istifadə edildiyindən onlar arasında bir çox xəstəliklərə tutulan insanlar çoxdur.
Belə bir sual meydana çıxa bilər - valideynlər övladlarının və ya qadınlar həyat yoldaşlarının narkotik istifadəçisi olduğunu necə bilsinlər? Çox ailələr övladının aludəçi olmasını bir-iki il keçdikdən sonra anlayırlar. Valideyn övladının narkotik istifadəçisi olduğunu bildikdə isə artıq gec olduğundan həkim üçün də müalicə çətinləşir. İndiki müasir narkotik vasitələri gəncləri daha tez və sürətlə dəyişir. Bəzi hallarda hətta peşəkar həkim belə uşağın narkotik istifadəçisi olduğunu hiss edə bilmir. Narkotik istifadəçisi olan şəxsin davranışı getdikcə dəyişir. Əvvəl marağında olanlara daha az maraq göstərir. Əsəbi, kobud olur, yata bilmir, göz bəbəkləri qızarır, genişlənir ya da yığılır, çəki itirir. İnsan öz mənəvi dəyərlərini, iradəsini və özünə hörmətini itirir. Həyatının yeganə məqsədi nə yolla olursa-olsun, növbəti doza əldə etmək olur. Bəzən bu yol yalançılıqdan, oğurluqdan keçir.
Bütün dünyada bununla bağlı heç də asan olmayan mübarizə getsə də, insanlıq üçün böyük bəla olan narkomaniya hələ də yayılmaqda davam edir. Bu gün dünyada narkomaniyanın gəncləşməsi prosesi gedir. Narkotik maddə alverçiləri uşaqların çox olduğu yerlərdə həmin məhsulları təklif edirlər. Pul qazanmaq naminə onlar insanları, xüsusilə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar.
Narkotik maddələrin gənc nəsillər arasında daha tez yayılması təhlükəsini nəzərə alaraq, dünyanın bir çox ölkələri "Narkotiksiz gələcək naminə" milli proqramlar qəbul edir. Bu proqrama təhsil ocaqlarında, hüquq-mühafizə orqanlarında, müəssisə və təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirmə kampaniyaları daxildir.
Belə ki, narkomaniya bəlası ölkəmizdən də yan keçməyib. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dövlət quruculuğu, siyasi, iqtisadi, sosial və başqa sahələrdə gedən inkişaf və aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə problemlərinin həlli üçün dövlətin, cəmiyyətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri etmişdir. Aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq külli miqdarda narkotikin ölkəyə gətirilməsinin qarşısı alınır.
Ölkəmiz narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni tənzimləyən, beynəlxalq hüquq normalarını tam və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına qoşulmuş və bu cinayətlərə qarşı mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir.
Dövlət Proqramının məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktik araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və digər genişmiqyaslı məsələlərdən ibarətdir.
Son illər respublikamızda bu istiqamətə diqqət xeyli güclənmiş, cavabdeh olan dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların, qeyri-hökumət təşkilatlarının da fəallığı nəzərəçarpacaq dərəcədə artmışdır. Bunu hüquq-mühafizə orqanlarının narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, habelə digər bihuşedici maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyətini əks etdirən statistik məlumatları da əyani şəkildə göstərir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1996-cı il avqustun 26-da imzaladığı Fərmanla narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi elan etmiş, bununla da cəmiyyət və dövlət üçün təhlükəli olan bu problemin həlli məqsədi ilə dövlət səviyyəsində həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu fərman əsasında ölkəmizdə 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır.
28 iyun 2005-ci ildə isə Milli Məclis tərəfindən "Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Qanun qəbul olunmuşdur. Bu qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir. İstehsalçılar maddələri rəngbərəng həblər (məsələn: "konfet" formasında) şəklində hazırlayaraq sosial şəbəkələr vasitəsilə yayır, gəncləri tələyə salırlar.
Bütün bunlara baxmayaraq, qlobal həyatımızın hazırkı mürəkkəb şəraitində narkomaniyaya qarşı mübarizədə cəmiyyətin bütün zümrələri, ayrı-ayrı şəxslər fərdi və birgə mübarizə aparmalı, bu cür təhlükəli təzahürlərə qarşı barışmaz mövqe tutmalıdırlar. Narkomanlıq kimi dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən, mənşəyindən, vəzifəsindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir, qorxuludur. Çünki narkomaniya cinayətkarlığa, zorakılığa və korrupsiyaya rəvac verir, immun çatışmazlığı sindromunun sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı ləngidir, ailələri dağıdır, ömürləri yarımçıq bitirir, cəmiyyəti sosial partlayışlara gətirib çıxarır. Bunun üçün də "ağ ölüm" adlandırılan bu təhlükəli bəlaya qarşı mübarizə hamının, hər kəsin başlıca vəzifəsinə çevrilməli, cəmiyyətin hər bir üzvünün birgə fəaliyyət obyekti olmalıdır.
Gənclər arasında yayılan bu ağ ölüm dövlətin milli təhlükəsizliyi və gələcəyi üçün ciddi siqnaldır. Narkomaniyaya qarşı mübarizə mülki cəmiyyətdə olduğu kimi, dövlətin onurğa sütunu sayılan və gənclərin çox olduğu hərbi sahədə də ən yüksək səviyyədə aparılmalıdır. Ordu dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin əsas təminatçısıdır. Hərbi sahədə narkomaniyaya yer yoxdur və ola da bilməz. Çünki əlində silah tutan, Vətəni qoruyan hərbi qulluqçunun fiziki və psixoloji sağlamlığı ən yüksək səviyyədə olmalıdır. Hərbi xidmət zamanı çağırışçılar ciddi yoxlanışdan keçirlər. Narkotik istifadəçisi olan və ya buna meyli olan şəxslərin ordu sıralarına daxil olmasının qarşısı ilkin mərhələdə alınır. Hərbi hissələrdə şəxsi heyət planlı və qəfil müayinələrdən, toksikoloji analizlərdən keçirilir.
Hərbi hissələrdə şəxsi heyətlə müntəzəm olaraq vətənpərvərlik, milli-mənəvi dəyərlər mövzusunda söhbətlər aparılır, narkomaniyaya qarşı maarifləndirici sənədli filmlər nümayiş olunur.
Narkotik asılılıq və onun yaratdığı ağır fəsadlar, həqiqətən də, həm insanın özü, həm də ailəsi üçün çox böyük, bəzən "sağalmaz" kimi görünən bir bəladır. Bu problem sadəcə fərdin sağlamlığını yox, onun bütün həyatını, sosial əlaqələrini və gələcəyini məhv edir. Narkotik maddələr beyindəki dopamin (həzz) balansını tamamilə pozur. Zamanla beyin hüceyrələri ölür, yaddaş, məntiq, idrak funksiyaları sıradan çıxır. Daxili orqanların sıradan çıxması ürək çatışmazlığı, insult, qaraciyər sirrozu və böyrək çatışmazlığı isə narkotik istifadəçilərində tez-tez rast gəlinən hallardır. Həmçinin narkotiklər Hepatit B və C, QİÇS kimi ölümcül virusların sürətlə yayılmasına da səbəb olur. Doza həddinin aşılması əksər hallarda ani və geri dönüşü olmayan ölümlə nəticələnir.
Narkomaniya "Sağalmaz dərd" kimi görünsə də, müasir tibb və psixologiya sübut edir ki, bu müalicə oluna bilən xroniki bir xəstəlikdir. Çox vaxt gənclər narkotikə sadəcə bir dəfə sınamaqla "mən asılı olmaram”, "bir dəfə dadına baxım" fikri ilə və ya dost mühitinin təzyiqi ilə başlayırlar.
Gənc yaşda həyatı narkotiklə korlamaq bir insanın öz gələcəyini, arzularını və potensialını öz əlləri ilə yox etməsi deməkdir. Gənclik dövrü insanın enerjisini, öyrənmə və inkişaf qabiliyyətinin ən yüksək olduğu dövrdür. Narkotik maddələr isə bu enerjini daxildən gəmirir.
Müasir dövrdə insanların, xüsusilə də yeniyetmə və gənclərin informasiya aldığı əsas mənbələr televiziya və sosial media platformalarıdır. Bu platformaların narkomaniya ilə mübarizədə və təəssüf ki, bəzən onun yayılmasında oynadığı rol danılmazdır. Televiziya kütləvi informasiya vasitəsi kimi cəmiyyətin rəyini formalaşdırır. Bu, həm problemin cəmiyyətdə nə qədər böyüdüyünü göstərir, həm də insanların artıq gizli yox, açıq şəkildə həll yolları axtardığını göstərir. Televiziyada narkomaniya mövzusu adətən iki fərqli formada təqdim olunur. Dövlət və özəl kanallarda narkomaniyanın zərərlərindən bəhs edən verilişlər, həkimlərin və psixoloqların rəyləri, narkotik asılılığından əziyyət çəkən insanların acınacaqlı hekayələri nümayiş etdirilir. Müxtəlif müstəqil bloqqerlər, psixoloqlar, reabilitasiya mərkəzləri və keçmiş narkotik istifadəçiləri tərəfindən çoxsaylı faydalı videolar hazırlanır. İnsanlar "Narkotikdən necə qurtulmalı", "Asılılıq simptomları nələrdir" kimi suallara gizli və anonim cavab tapa bilirlər.
Gəncləri sadəcə qorxutmaq, "narkotik öldürür" demək bəzən əks-təsir verir, çünki yeniyetmələrdə maraq hissi güclüdür. Onlara narkotikin insan beynini necə qula çevirdiyi elmi və məntiqi yollarla izah olunmalıdır. Qorxu deyil, şüurlu imtina hissi yaradılmalıdır. Medianın üzərinə düşən əsas missiya isə reytinq və ya baxış sayı qazanmaq yox, sağlam bir nəslin formalaşmasına xidmət etmək olmalıdır. Gənclər enerjilərini xərcləməyə faydalı platformalar tapmalıdırlar.
Sevda AŞIROVA
"Azərbaycan Ordusu"