Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyun 2026 09:21

Mavi sularımızın sarsılmaz qalxanı

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin bu gün dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin hər addımda şahidi oluruq. Ordumuzun döyüş qabiliyyətinin artırılması istiqamətində aparılan uğurlu islahatların nəticəsidir ki, bu gün Azərbaycan Ordusu regionun ən güclüsüdür. Keçirilən genişmiqyaslı təlimlərdə hərbçilərimizin ən mürəkkəb tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməsi onların döyüş qabiliyyətinin və peşəkarlığının, yeni silah sistemlərindən və döyüş texnikasından istifadə etmək bacarığının yüksək səviyyədə olduğunu göstərir. Danılmaz faktdır ki, hər dövlətin varlığı, müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi onun hərbi gücündən, müdafiə qüdrətindən asılıdır. Zəngin maddi-texniki bazaya, müasir döyüş texnikasına, silah-sursata, yüksək döyüş qabiliyyətinə malik qüdrətli ordu hər bir xalqın fəxarət ünvanı, qürur mənbəyidir. Ordunun döyüş qabiliyyəti, gücü isə müharibələrdə və sülh şəraitində keçirilən müxtəlif- miqyaslı hərbi təlimlərdə sınaqdan keçirilir. Hər iki məqamda Azərbaycan Ordusu sınaqlardan başıuca çıxaraq, dünyanın ən güclü ordularından olduğunu dəfərlərlə sübut edib. Şanlı ordumuz Aprel döyüşlərindən və Günnüt zəfərindən başlanan Qələbə yolunu İkinci Qarabağ müharibəsi ilə tamamladı. Əməliyyatlar zamanı ordumuzun nümayiş etdirdiyi yüksək döyüş hazırlığı, şəxsi heyətin hünər və rəşadəti dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də bütün tədbirlərdə çıxışı zamanı tarixi qələbədən iftixarla danışır, hərbi qulluqçuların şücaətini yüksək qiymətləndirir. Bu şanlı Zəfəri şərtləndirən əsas amillərdən biri də ordumuzun bütün qoşun növlərinin yüksək peşəkarlıq nümayiş etdirməsi oldu. Döyüş meydanında qoşun növlərinin qarşılıqlı əlaqədə verilən tapşırıqları bacarıqla yerinə yetirməsi qələbəmizi təmin etdi. Bir sözlə, mütəmadi olaraq keçirilən təlimlərdə şəxsi heyətin  qazandığı döyüş vərdişləri öz bəhrəsini verdi. 
Təkcə orduda deyil, bütün sahələrdə təcrübə və təlim-məşqlərsiz nəzəriyyəni təsəvvür belə etmək mümkünsüzdür. Bir işdə uğur qazanmağın açarı nəzəri biliklərin təcrübədə sınaqdan keçirilməsindədir. "Qələbə ona məxsusdur ki, o, qələbəyə hamıdan çox inanır və ona hamıdan yaxşı hazırlaşır", "Döyüşlərdə qələbə ən yaxşı hazırlıq görənlərin payına düşür", "Nizam-intizamlı və yaxşı hazırlanmış ordu dövlətin ən etibarlı dayağıdır", "Təlimdə nə qədər çox tər tökülərsə, döyüşdə bir o qədər az qan tökülər", "Qılınc döyüşdə itilənmir, döyüşdən əvvəl itilənir", "Dəmir odda bərkiyər, əsgər təlimdə" ... və digər bu qəbildən kəlamlar təcrübənin mahiyyətini açıq-aşkar bildirir. Ona görə də mütəmadi keçirilən belə təlim-məşqlər şəxsi heyətin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasında mühüm rol oynayır.  Bir sözlə, təlimlər mühüm hərbi əməliyyat planı olaraq orduda şəxsi heyətin döyüş vərdişlərinin möhkəmlənməsində və hərbi qulluqçuların qələbəyə inamının güclənməsində əsas əhəmiyyət kəsb edir.Ölkəmizin havadan, sudan, qurudan etibarlı müdafiəsini təmin edən ordumuzun müdafiə qüdrətinin daha da artırılması üçün məqsədyönlü addımlar atılır, mütəmadi olaraq müxtəlif mövzularda döyüş atışlı taktiki təlimlər keçirilir. Növbəti belə təlim Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirildi. 
Cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) Hərbi Hava Qüvvələrinin (HHQ), Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) iştirakı ilə "Dənizdə və sahilyanı ərazilərdə kritik enerji infrastrukturuna təhdidlər zamanı müdafiə əməliyyatlarının aparılması" mövzusunda döyüş atışlı taktiki təlim keçirildi. HDQ-nin döyüş, döyüş təminatı və təminedici gəmilərinin, eləcə də dəniz xüsusi təyinatlı və dəniz piyada bölmələrinin cəlb edilməsi ilə keçirilən təlimin başlıca məqsədi döyüş fəaliyyətlərinin təşkili və qüvvələrin döyüşdə idarəolunması üzrə komandir və qərargahların bacarıqlarının təkmilləşdirilməsi, gəmilərin tək-tək və taktiki qrup tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıqlarının yoxlanılması idi.
Plana əsasən, təlimə cəlb olunan bölmələr "Həyəcan" siqnalı ilə qaldırılaraq tam döyüşə hazırolma dərəcəsinə gətirildi, əməliyyat düzülüşünə açılaraq cəmləşmə rayonlarına çıxarıldı.
HDQ-nin və DSX-nin Sahil Mühafizəsinin gəmi və katerləri qarşılıqlı fəaliyyətdə təyin olunmuş döyüş təyinatlı rayonlara dəniz keçidi edərək, dənizdə və sahildə yerləşən kritik infrastruktur obyektlərinin, sahilyanı ərazilərin mühafizəsi və müdafiəsinin təşkil olunması, habelə şərti düşmənin təxribat və hücum fəaliyyətlərinin qarşısının alınması, kəşfiyyat-diversiya qruplarının məhv edilməsi üzrə döyüş tapşırıqlarını yerinə yetirdilər. HHQ-nin helikopterlərinin hava dəstəyi ilə əraziyə endirilən dəniz xüsusi təyinatlıları və dəniz piyada bölmələri tərəfindən sahilyanı ərazilərə baxışın keçirilməsi, şərti düşmən tərəfindən ələ keçirilmiş adanın və gəminin azad olunması, gəmiyə qoyulmuş partlayıcı qurğuların zərərsizləşdirilməsi, eləcə də FHN-nin müvafiq qrupları ilə birgə axtarış-xilasetmə və gəmidə yanğının söndürülməsi, həmçinin yaralı və xəsarət alanların təxliyə edilməsi fəaliyyətlərini icra etdilər. Təlimdə gəmi taktiki qrupları tərəfindən patrulaparma fəaliyyətləri, təxribat və hücum cəhdlərinin qarşısının alınması, həmçinin hava, suüstü və sualtı vasitələrinin, bazalaşma məntəqələrinin məhv edilməsi üzrə döyüş tapşırıqları yerinə yetirildi. Bayraktar TB2 silahlı pilotsuz uçuş aparatı vasitəsilə hücum edən düşmənin suüstü hədəfləri məhv edildi.  Cəlb olunan bütün növ qüvvə və vasitələrdən döyüş atışları icra olundu. Təlim iştirakçıları yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə icra etdilər.
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Müdafiə Nazirliyinin digər rəhbər heyəti HDQ-də keçirilən döyüş atışlı taktiki təlimin gedişini izlədilər. Təlimin mərhələləri üzrə yerinə yetirilən tapşırıqlar haqqında komandir heyətinin məruzələrini dinləyən general-polkovnik Kərim Vəliyev şəxsi heyətin peşəkarlığını, qarşıya qoyulmuş tapşırıqların icrasını müsbət qiymətləndirərək aidiyyəti üzrə müvafiq tapşırıqlar verdi.
Təlimin sonunda HDQ-nin, DSX-nin Sahil Mühafizəsinin və FHN-nin gəmi və katerlərinin birgə təntənəli keçidi oldu. 
Təlim başa çatdıqdan sonra komanda-qərargah gəmisində öz təcrübəsini, bilik və bacarıqlarını şəxsi heyətə aşılayan 1-ci dərəcəli kapitan Emin Bəbəşovla söhbətləşdik. Zabit təlimdə iştirak edən bütün heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək olduğunu deyərək, HDQ-nin bütün hərbi hissələrinin istənilən döyüş tapşırığının icrasına  hər an hazır olduğunu bildirdi.  Zabit keçirilən təlim haqqında məlumat verərək qeyd etdi ki, döyüş atışlı taktiki təlimdə əsas məqsəd Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus ərazi sularında və sahilyanı ərazilərdə təhdid zamanı şərti düşmənin məhv edilməsi üzrə döyüş tapşırıqlarının operativ yerinə yetirilməsinə, müxtəlif şəraitlərdə gəmilərin idarə olunmasına, qarşılıqlı əlaqənin təşkilinə, digər qoşun növləri və silahlı birləşmələr ilə uzlaşmanın və birgə fəaliyyətlərin təkmilləşdirilməsidir. "Həmçinin komandir heyətinin çevik qərar qəbuletmə qabiliyyətinin, bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətin praktiki vərdişlərinin artırılmasına yönəldilib. Təlimdə şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra edərək, yüksək döyüş hazırlığı nümayiş etdirdi. Ordu quruculuğunda təlimlərin rolu əvəzolunmazdır.  Ən mühüm hərbi əməliyyat tədbiri olan təlimlər şəxsi heyətin döyüş vərdişlərinin möhkəmləndirilməsində, qələbəyə olan inamının formalaşmasında başlıca rol oynayır. Təlimlər hərbi qulluqçuların həyatında olduqca önəmlidir, çünki bu sınaq onların hərbi bilik və bacarıqlarını səriştəsini qiymətləndirməyə və daha da möhkəmləndirməyə şərait yaradır. Hərbi təlimlərdə əldə edilən yüksək nailiyyətlər döyüş meydanında qələbənin təminatçısı olur. Bu gün ölkəmizdə İkinci Qarabağ müharibəsində qazanılan təcrübələr nəzərə alınmaqla müxtəlif formalı hərbi təlimlər keçirilir, şəxsi heyətin döyüş hazırlığı səviyyəsi daim yüksəldilir. Təlimlərlə yanaşı, təsdiq olunmuş tədris planına HDQ-nin bütün bölmələrində keçirilən dərslərin yüksək səviyyədə və səmərəli təşkili komandirlər tərəfindən daim ciddi nəzarətdə saxlanılır. Şəxsi heyətin qazandığı nəzəri biliklər belə təlimlərdə öz sözünü deyir. Dərs və təlimlərə, eləcə də döyüş əməliyyatlarında müvəffəqiyyət qazanmaq üçün maddi-texniki baza da mühüm şərtdir. Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğı nəticəsində bütün qoşun növlərində olduğu kimi, HDQ-nin də hər növ təminatı yüksək səviyyədədir. Keçirilən təlimdə də şahidi oldunuz ki, ölkəmizin dəniz sərhədlərini inamla qorumaq və baş verə biləcək hər hansı təxribatın qarşısını almaq üçün hər an hazırıq".
Təlim zamanı təsdiq olunmuş palana uyğun yerinə yetirilən fəaliyyətlərin koordinasiya edilməsində, bölmələrin fasiləsiz, çevik idarə olunmasında yüksək peşəkarlıq nümayiş etdirən 2-ci dərəcəli kapitan Ceyhun Kazımov təlimin hər iki mərhələsinin uğurla keçdiyini bildirdi. Belə təlimlərin şəxsi heyətin döyüş vərdişlərini möhkəmlətdiyini və mənəvi-psixoloji hazırlıqlarına da müsbət təsir göstərdiyini qeyd etdi. "Gəmi heyətləri, dəniz xüsusi təyinatlıları və dəniz piyada bölmələri qarşıya qoyulan bütün tapşırıqları bacarıqla yerinə yetirdilər. Bütün fəaliyyətlər plana uyğun vaxtında və dəqiq yerinə yetirildi. Təlim zamanı şəxsi heyətin verilən tapşırıqları bacarıqla yerinə yetirməyə can atması, əzmkarlıqları onların döyüş ruhunun yüksək olmasından xəbər verirdi. Yüksək döyüş ruhu isə vətənpərvərliyin təzahürüdür. Çünki vətənpərvərlik elə ali duyğudur ki, insana fədakarlıq, mübarizlik dövlət və dövlətçiliyə bağlılıq aşılayır. Bir sözlə, belə təlimlər şəxsi heyətə hərbi bilik və vərdişlər qazandırmaqla yanaşı, yüksək döyüş ruhu və vətənpərvərlik aşılayır".
Bu gün dünyada və regionda baş verən proseslər, aparılan müharibələr ingilis filosofu, tarixçi, siyasi  xadim, yazıçı Frensis Bekonun dediyi "Dənizlərdə hökmranlıq edən, dünyanın sərvətlərinə və nəticə etibarilə dünyanın özünə də hökmran olar" sözlərinin mahiyyətini bir daha göstərir. Ölkəmizin geosiyasi mövqeyi, Xəzər dənizinin ölkəmizə mənsub olan hissəsində zəngin neft və təbii qaz ehtiyatlarına malik olması, beynəlxalq səviyyədə, milli maraqları naminə həyata keçirdiyi enerji layihələri, uğurlu daxili və xarici siyasəti, başqa dövlətlər ilə hərbi siyasi və iqtisadi sahələrdə əməkdaşlığı digər dövlətlərin də maraqlarını üzərinə çəkir. Bu da xüsusən regionda hərbi siyasi vəziyyətin gərginləşdiyi bir zamanda neft-qaz hasilatı infrastrukturlarının, adaların və sahil xəttinin mühafizə və müdafiəsi üzrə qabaqlayıcı tədbirlərin görülməsini daha da şərtləndirir. Bu gün Hərbi Dəniz Qüvvələrində Hərbi Hava Qüvvələrinin, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Fövqəladə Hallar Nazirliyinin iştirakı ilə döyüş atışlı taktiki təlimlərin uğurla keçirilməsi Xəzər dənizinin ölkəmizə mənsub olan hissəsində əlverişli əməliyyat rejiminin saxlanılaraq, neft-qaz hasilatı yataqlarının sualtı boru kəmərləri rayonlarının, platformalarının və sahil infrastruktur obyektlərinin müdafiə və mühafizəsinin yüksək səviyyədə təşkil olunduğunun sübutudur. Həmçinin ola biləcək hücum cəhdlərinin, təxribat-diversiya qruplarının sızmasının qarşısının qətiyyətlə alınacağının və istənilən döyüş əməliyyatını uğurla yerinə yetirməyə hazır və qadir olduğunun göstəricisi olur. Təlimi izləyən hər kəs bir daha əmin oldu ki, Azərbaycan Hərbi Dəniz Qüvvələri mavi sularımızın sarsılmaz qalxanıdır! 

Mahmud MÖHBALIYEV

"Azərbaycan Ordusu"