AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev:
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”.
Bəzi liderlər var ki, onlar dünyadan köçsələr də, buraxdıqları iz əsrlər keçsə belə unudulmaz olur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev də belə şəxsiyyətlərdəndir. O, dövlətimizin qurucusu və əvəzolunmaz Dahi Lideridir.
Ulu Öndər Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) siyasi bürosu və şəxsən Baş katib Mixail Qorbaçovun yerinə yetirdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən 1987-ci ilin oktyabrında istefa etməsindən sonra erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırdılar. Xalqımızın faciələri o gündən başladı. Əgər Dahi Şəxsiyyət hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Çünki Ulu Öndər Sovet İttifaqı KP MK siyasi bürosunda vəzifəsindən istefa etməmişdən əvvəl ermənilərin ərazi iddialarına qarşı çox sərt şəkildə etirazını bildirmiş və bu iddialara mane olmuşdu.
Müstəqilliyin ilk illərində AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-cü ilin əvvəllərindən başlayaraq törətdikləri qanunsuz əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyillərinin baş qaldırması ölkənin daxilində qardaş qırğınına və vətəndaş müharibəsinə zəmin yaratmışdı. Azərbaycan bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Dövlətimizin cənubunda ayrı, şimalında ayrı birliklər və qruplaşmalar yaranmış, ölkə xaos içində qalmışdı. Bir yandan da təcavüzkar erməni birləşmələrinin torpaqlarımızı işğal edərək irəliləməsi vəziyyəti çıxılmaz hala salmışdı.
AXC-Müsavat cütlüyünün dövlət idarəçiliyindən başı çıxmamaqla yanaşı, ordunun pərakəndə vəziyyəti və nizamsızlığı faktiki olaraq ölkəmizin bu ağır durumunu daha da çətinləşdirmişdi. Sosial vəziyyətdən isə heç danışmağa dəyməzdi. Yalnız öz hakimiyyətini saxlamağı düşünən AXC-Müsavat birliyi faktiki olaraq xalqı uçuruma aparırdı.
Müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar və Xocalı faciələrini yaşamaz, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmaz, ölkəmizin ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Dövlət idarəçiliyinin səriştəsizliyi, medianın dünya ictimaiyyətinə ölkədə və cəbhədə baş verən məlumatları düzgün çatdıra bilməməsi, koordinasiyanın olmaması ölkəmizdə baş verən hadisələrin fərqli şəkildə bilinməsinə və beynəlxalq münasibətlərdə Azərbaycanın mövqeyinin zəifləməsinə rəvac verirdi.
Xarici diplomatik siyasəti olmayan bir dövlət daxili xaosu dəf edə bilməzdi. Qapalı ölkə rejimi bir dövləti sadəcə uçuruma apara bilərdi. Məhz bu siyasət Azərbaycanı, xalqımızın başını bəlalı bir dövrə gətirib çıxartmışdı.
1991-1993-cü illər ərzində dövlətin müstəqilliyinə və suverenliyinə təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdı. 1993-cü ildə artıq respublikada bütün sahələrdə böhran özünü göstərirdi. Dövlət əmlakının mənimsənilməsi artıq kütləvi xarakter daşıyırdı. Ölkənin ehtiyat mənzil fondu AXC hakimiyyətinin ilk aylarında satılıb mənimsənilmişdi. Ölkədə rəhbər vəzifələrə kriminal düşüncəli şəxslər gətirilir, mənəviyyatsızlıq baş alıb gedirdi. Hakimiyyət daxilində baş verən çəkişmələr və qruplaşmalar, bir tərəfdən də cəbhədə vəziyyətin gərginləşməsi... Bəsit insanların əlində olan "idarəçilik" prinsipi dövlətimizin daha da çıxılmaz vəziyyətə düşməsinə rəvac verirdi. Beləliklə, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə xaos, özbaşınalıq və səriştəsizlik nəticəsində iqtisadiyyatın zəifləməsi və torpaqlarımızın işğalı ilə yadda qaldı.
Belə bir vəziyyətdə xalqın bir yolu var idi. Bu ağır durum və özbaşınalığı bir yolla dəf edə bilərdilər. Bu yol Ümummilli Lider Heydər Əliyevdən keçirdi. Xalq birlik içində Ulu Öndəri səslədi. AXC-Müsavat cütlüyü Dahi Liderə qarşı gəlsə də, xalqın təzyiqindən qorxub ondan imdad istədi. Ümummilli Lider Heydər Əliyevin ürəyi isə hər zaman Vətən eşqi ilə çırpınırdı. O, xalqın bu çağırışına biganə qalmadı.
Həmin dövr üçün Dahi Şəxsiyyət deyirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".
1993-cü il iyunun 9-da xalqın və hakim dairələrin təkidi ilə Ulu Öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı və ölkəmizin bu çətin vaxtında xilaskarlıq missiyasına başladı. Xalqın mütləq əksəriyyətinin səsini toplayan və Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider mərasimdəki nitqində deyib: "Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm".
Hakimiyyətə gəldiyi ilk vaxtlardan etibarən Azərbaycanın inkişaf strategiyası xəttini hazırlayan Ulu Öndər inkişafın reallaşmasının sabitlikdən və xalq həmrəyliyindən keçdiyini bildirirdi: "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz".
Bu qiymətli fikirlər özü-özlüyündə respublikamızın dünənini və bugünkü müstəqil müasir Azərbaycanın inkişafını müqayisə etməyə imkan verir. Qısa müddət ərzində ölkəmizdə iqtisadi inkişaf və sosial rifahın yaxşılaşdırılması istiqamətində tədbirlər görüldü. Orduda ciddi dəyişikliklər və islahatlar həyata keçirildi.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ulu Öndərin məcburi köçkünlərlə olan çıxışlarının birində böyük inamla söylədiyi fikir bunu bir daha təsdiq edir: "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik".
Bu fikirlər artıq o dövrdən xalqımızı əmin edirdi ki, dədə-baba torpaqlarımıza qayıdış uzaqda deyil. Dahi Şəxsiyyət Heydər Əliyevin beynəlxalq arenada qazandığı uğurlar və diplomatik irəliləyişlər Azərbaycanın gücünə güc qatdı.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu düşünülmüş və qətiyyətli mövqeyi uğurlu davam etdirdi. Ulu Öndər kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də həyatının ən əsas amalı torpaqlarımızın işğaldan azad edilməsi, ordumuzun hərbi potensialının müasirləşdirilməsi, infrastrukturun yenidən qurulması, sosial rifahının yaxşılaşdırılması idi.
Dövlətimizin başçısının Ulu Öndərin uğurlu daxili və xarici siyasət prioritetlərini davam etdirməsi və onları zənginləşdirməsi nəticəsində Azərbaycan dünyanın aparıcı dövlətləri ilə müqayisə olunacaq dərəcədə güclü iqtisadi inkişafa, müasir orduya malik oldu. Diplomatik baxımdan əlaqələrin bərpası və balanslaşdırılmış siyasət ölkəmizin güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən dövlət kimi tanınmasını şərtləndirdi.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Dahi Şəxsiyyət Heydər Əliyevin uğurlu siyasi kursunun davamının məntiqi nəticəsi oldu. Prezident İlham Əliyevin "Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!" - fikirləri Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun - torpaqlarımızın işğaldan azad olunmasının gerçəkləşməsidir.
Bu gün üçrəngli Azərbaycan Bayrağı Şuşada, Laçında və azad olunmuş digər yurd yerlərimizdə fəxarətlə dalğalanır. 1993-cü ilin 15 iyun tarixi - Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Qələbənin təməli məhz həmin tarixi günlə qoyulmuşdu.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bu gün azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri həyata keçirilir, "Böyük Qayıdış" layihəsinin icrasının davamı kimi məcburi köçkünlər illərdir didərgin düşdükləri öz dədə-baba torpaqlarına sevinclə qayıdırlar.
Xalqımız əmindir ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da dünyada müasir və qüdrətli ölkə kimi tanınacaq, yeni-yeni uğurlara imza atacaqdır.
Emil MURADLI
"Azərbaycan Ordusu"