AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ümummilli Lider Heydər ƏLİYEV:
“...Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir”.
Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, dinlərin və millətlərin dinc yanaşı yaşadığı qarşılıqlı hörmət və dözümlülük mühitinin hökm sürdüyü bənzərsiz bir coğrafiyadır.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyev bu fikri ilə bəyan edirdi ki, demokratik və hüquqi dövlətin ən böyük dəyəri insandır. Bu cəmiyyətdə sabitliyin və inkişafın olması üçün hər bir fərd özünü təhlükəsizlikdə hiss etməli, dövlətin onun arxasında durduğuna inanmalıdır.
Qanun qarşısında hamı bərabərdir. Heç bir vətəndaşa etnik mənsubiyyətinə, danışdığı dilə və ya inandığı dinə görə imtiyaz verilə bilməz və eyni zamanda, o, diskriminasiyaya məruz qala bilməz. Bu hüquqların sadəcə kağız üzərində qalmaması, real həyatda qorunması dövlətin ən mühüm vəzifələrindən biridir. 1998-ci il iyunun 18-də ölkəmizdə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq olunmuş və insan hüquqlarının təmini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Azərbaycanda İnsan Hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması ilə bağlı müddəalar ilk dəfə bu sənədlərdə öz əksini tapmış və bunun ardınca "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanunu qəbul olunmuşdur.
Ulu Öndərin əsasını qoyduğu bu uğurlu siyasi xətti illər keçdikcə daha da inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci il 18 iyun tarixini “İnsan Hüquqları Günü” kimi təsis etmiş və artıq 19 ildir ki, qeyd olunmaqdadır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı 2002-ci ildə yaradılmışdır. Ombudsman Aparatı dövlət orqanları, yerli özünüidarə orqanları və vəzifəli şəxslər tərəfindən insan hüquqlarının pozulmasının qarşısını alan, müstəqil və qərəzsiz fəaliyyət göstərən bir qurumdur. Vətəndaşların pozulmuş hüquqlarının bərpası və şikayətlərinin araşdırılması, insan hüquqları sahəsində maarifləndirmə işinin təşkili, qanunvericiliyin təkmilləşdirilməsi barədə təkliflərin verilməsi, hərbi hissələr də daxil olmaqla, Milli Preventiv Mexanizm (MPM) qismində saxlanılan şəxslərin hüquqlarının qorunması Ombudsman Aparatının həyata keçirdiyi əsas missiyadır.
Ombudsmanın müharibə və postmüharibə dövründə Ermənistan tərəfindən törədilmiş insan hüquq pozuntularının araşdırılması ilə bağlı fəaliyyəti də xüsusi yer tutur. İşğaldan azad olunmuş torpaqlarımızda Ermənistan tərəfindən törədilən beynəlxalq ekoloji cinayətlər, mülki şəxslərin minaya düşməsi, hərbi qulluqçularımızın qanunsuz olaraq azadlıqdan məhrum edilmələri ilə bağlı reaksiyaları və müraciətləri olmuşdur.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ənənəvi olaraq hər il bu əlamətdar gün ərəfəsində, 18 may-18 iyun tarixləri ölkə ərazisində "İnsan Hüquqları Aylığı" elan edilərək paytaxtda və regionlarda insan hüquqlarını təbliğ edən müxtəlif aktual mövzularda maarifləndirmə tədbirləri keçirilir. Bu isə sosial-hüquqi statusundan asılı olmayaraq hər kəsin - şəhid ailələrinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin, uşaq, ahıl və əhalinin digər həssas qruplarının hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti gücləndirmək, əldə olunan uğurlar barədə ictimaiyyəti məlumatlandırmaq, qarşıda duran vəzifələri müəyyən etmək, cəmiyyətdə hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyə, korrupsiyaya, zorakılığa, zərərli vərdişlərə qarşı mübarizənin zəruriliyini diqqətə çatdırmaq məqsədinə xidmət edir.
Müasir demokratik hüquqi dövlətlərdə insan hüquq və azadlıqlarının təmini dövlətin ali məqsədi hesab olunur. Azərbaycanda bu missiyanı həyata keçirən Ombudsman təsisatı cəmiyyətin bütün təbəqələrinin, o cümlədən xüsusi statusa malik olan hərbi qulluqçuların hüquqlarının etibarlı müdafiəsini təmin etmək üçün mütəmadi olaraq müxtəlif layihə və maarifləndirmə tədbirləri həyata keçirir. Bu baxımdan Müdafiə Nazirliyi ilə birgə hərbi hissələrdə təşkil olunan "Hüquq aylığı" çərçivəsindəki görüşlər xüsusi əhəmiyyət kəsb edir. "Hüquq aylığı" çərçivəsində ən çox diqqət yetirilən sahələrdən biri də məhz Silahlı Qüvvələr və hərbi hissələrdir. Hərbi xidmət özünəməxsus nizam-intizam və qaydalar tələb etdiyindən, hərbi qulluqçuların həm öz hüquqlarını, həm də üzərlərinə düşən vəzifələri dərindən bilməsi vacibdir. Keçirilən görüşlərin əsas məqsədi hüquqi maarifləndirmədir. Əsgər və zabit heyətinə hərbi qulluqçuların hüquqları, sosial müdafiəsi və humanitar hüquq normaları barədə ətraflı məlumatın verilməsi, gənc əsgərlərin xidmət şəraitinə uyğunlaşmasının asanlaşdırılması, hüquqlarının qorunmasındakı rolunun izahı "Hüquq aylığı" çərçivəsində həyata keçirilir. Bu aksiyalar sadəcə formal xarakter daşımır. Azərbaycan Ordusunun daxili mühitində şəffaflığı artırır, nizam-intizamı gücləndirir və əsgərlərimizə dövlətin diqqət və qayğısını hər an hiss etməsinə kömək edir. Şikayət və ya təklifi olan hərbi qulluqçuların Ombudsman nümayəndələri tərəfindən qəbulu həyata keçirilir.
Hərbi hissələrdə də hüquqi maarifləndirmə və monitorinq tədbirləri gücləndirilir. Güclü ordu təkcə müasir silahlarla deyil, həm də yüksək nizam-intizam və əsgərin hüquqlarının ali səviyyədə qorunması ilə ölçülür. Bu baxımdan Ombudsman Aparatının hərbi hissələrdə həyata keçirdiyi fəaliyyət dövlətin öz əsgərinə verdiyi dəyərin bariz nümunəsidir. Aparatın tərkibində fəaliyyət göstərən hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektoru Müdafiə Nazirliyi və başqa digər hərbi birləşmələrlə sıx əməkdaşlıq edir. Ombudsman və aparatın məsul əməkdaşları, hərbi ekspertlər və psixoloqlar hərbi hissələrə və çətin relyefli bölgələrdə yerləşən postlara öncədən xəbərdarlıq etmədən baş çəkmək hüququna malikdirlər. Bu reydlər zamanı əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri və asudə vaxtın təşkili üçün nəzərdə tutulmuş yerlər vizual olaraq nəzərdən keçirilir. Bu, Ombudsman təsisatının həm də monitorinq funksiyasını yerinə yetirməsinə şərait yaradır. Əsgərlərin məişət şəraiti, qidalanması, tibbi təminatı və geyim-tədarükü şəxsən yoxlanılır. Ziyarətlər zamanı hərbi qulluqçularla təkbətək, anonim söhbətlər də aparılır. Baş verə biləcək hər hansı psixoloji, fiziki zorakılıq hallarının tamamilə aradan qaldırılması, hərbi xidmət zamanı yaralanmış və ya xəsarət almış şəxslərin reabilitasiyası və sosial təminat hüquqlarının qorunması bu aparatın əsas fəaliyyət istiqamətlərindəndir.
Bu görüşlər rəsmi mühazirələrdən daha çox interaktiv diskussiyalar və fərdi qəbullar formatında keçirilir. “İnsan Hüquqları Aylığı” çərçivəsində şəxsi heyətlə keçirilən görüşlərdə hərbi qulluqçuların hüquq və vəzifələri, nizamnamə qaydaları və beynəlxalq humanitar hüquq normaları izah olunur. Onların müraciətləri və şikayətləri yerindəcə dinlənilir, araşdırılması üçün qeydiyyata alınır. Hər bir əsgər dövlətin mühafizəsinə əmanət edilmiş dəyərdir. Vətəni qoruyanların hüquqlarının qorunması Azərbaycan Ordusunun sarsılmazlığının və demokratik dövlət quruculuğunun ən mühüm şərtidir.
18 may-18 iyun tarixlərində ölkədə keçirilən "İnsan Hüquqları Aylığı" cəmiyyətdə insan hüquqlarına dair məlumatlılığı artırmaq və bu hüquqların müdafiəsi sahəsində fəaliyyəti təşviq etmək məqsədi daşıyır, hüquq pozuntularına qarşı cəmiyyətin həssaslığını artırır. Bu baxımdan ölkəmizdə insan hüquqlarının qorunması sahəsində də ciddi islahatlar aparılır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyasının maddələrindən böyük hissəsi də insan hüquq və azadlıqlarına həsr olunub.
Sevda AŞIROVA
"Azərbaycan Ordusu"