AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Tarixdə elə dönüş nöqtələri var ki, onlar millətlərin gələcək taleyini və inkişaf yolunu müəyyən edir. Bizim keçmişimizdə də belə müstəsna yerə malik olan 15 iyun 1993-cü il tarixi xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olunmuşdur və hər birimiz bu günü dərin hörmətlə anırıq. Bu tarix sadəcə təqvim günü deyil, çox böyük siyasi və tarixi çəkiyə malik bir hadisədir. Öz ölkəsinə bağlı olanlar, həmin dövrün ağır sınaqlarından, xaosundan və çətinliklərindən keçmiş canlı şahidlər üçün 15 iyun tarixi Azərbaycan dövlətinin varolma və xilas mübarizəsinin rəmzidir.
Azərbaycan öz dövlət müstəqilliyini 18 oktyabr 1991-ci ildə yenidən bərpa etdi. XX əsrin əvvəlindəki acı təcrübədən fərqli olaraq, bu dəfə qazanılan azadlığın daimi və sarsılmaz olması ən böyük hədəf idi. Azərbaycan müstəqilliyinin ilk illərində daxili xaos, qeyri-nizami ordu sistemi, Ermənistanın hərbi təcavüzü və kəskin hakimiyyət boşluğu ilə üz-üzə qalmışdı. İctimai-siyasi gərginliyin artması və sosial vəziyyətin pisləşməsi ölkəni parçalanmaqdan qoruyacaq qətiyyətli bir liderin gəlişini qaçılmaz edirdi. Cəmiyyətin bütün təbəqələri bu xilaskar missiyanı yalnız Əbədiyaşar Komandan Heydər Əliyevin yerinə yetirə biləcəyinə inanırdı.
Xalqın təkidli tələbi ilə Bakıya qayıdan Dahi Rəhbər Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçildi.
Bu hadisə ölkədəki vətəndaş müharibəsi təhlükəsinə və daxili çəkişmələrə son qoydu. Ümummilli Lider sonralar bu dövrü qiymətləndirərkən qeyd edirdi ki, Azərbaycan həm məkrli niyyətli daxili qüvvələrin, həm də müstəqilliyimizə göz dikən xarici dairələrin böyük təhdidi altında idi və 1992-ci ildə hakimiyyətə gələnlər bu çətinliklərə dözməyərək, bir il sonra xalqın iradəsi ilə idarəçilikdən uzaqlaşdırıldı.
Sözügedən dövrdə gənc müstəqil respublikamız həm xarici təcavüz, həm də daxili idarəolunmazlıq səbəbindən parçalanmaq və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Cəbhədə vahid komandanlığın olmaması, hərbi hissələrin siyasi ambisiyalara alət edilməsi torpaqlarımızın itirilməsi ilə nəticələndi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev, ilk növbədə, dövlətin onurğa sütunu olan ordunu yenidən qurmağa başladı.
Məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, idarəçilik məharəti və azərbaycançılıq ideologiyası sayəsində ölkədə sabitlik bərqərar oldu, dövlət demokratik və hüquqi inkişaf yoluna qədəm qoydu. O, beynəlxalq normalara əsaslanan dövlət quruculuğu prosesinə start verdi. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri nizami ordunun yaradılması və torpaqlarımızın müdafiəsinin təşkili oldu. Güclü diplomatik səylər nəticəsində isə 1994-cü ilin mayında ölkə üçün həyati əhəmiyyət kəsb edən atəşkəs rejimi əldə edildi.
Ordu quruculuğunun düzgün təşkili üçün başlıca şərtlərdən biri ordunun döyüş əzmini, qələbə ruhunu yüksəltmək idi ki, məhz Dahi Lider Heydər Əliyev həmin vaxtlarda bu faktorun vacibliyini dərindən anlayırdı. Belə bir yüksəlişi müharibə mühitində ancaq uğurlu hərbi əməliyyat təmin edə bilərdi. Belə də oldu. 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə Azərbaycan Ordusu tərəfindən Horadiz əməliyyatı həyata keçirildi. Bu əməliyyat Azərbaycan Ordusunun gücünün, qüdrətinin təsdiqi oldu, eyni zamanda, Azərbaycan əsgərinin qalibiyyət, zəfər əsgəri olduğunu təsdiqlədi. Əməliyyat nəticəsində işğaldan azad edilən kəndlər arasında Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi var idi. Bu qələbə ordumuzun döyüş əzmini, qələbə ruhunu ifadə edən qələbə kimi tarixə düşdü, şəxsi heyətin mənəvi-psixoloji hazırlığında əvəzsiz əhəmiyyətə malik oldu.
Ordu quruculuğunun elmi əsaslarla aparılmasında hərbi-elmi biliklərin də rolu danılmazdır. Ali hərbi təhsilli komandir və qərargah zabitlərinin hazırlığının təkmilləşdirilməsi, hərbi sahədə elmi-tədqiqat fəaliyyətinin təşkili və inkişafı, hərbi-elmi kadrların yetişdirilməsi, eləcə də dövlət qurumlarında çalışan yüksək vəzifəli şəxslərə ölkənin müdafiəsi ilə bağlı hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsinin vahid mərkəzdən həyata keçirilməsi məqsədilə Ulu Öndər Heydər Əliyev 1999-cu ilin 20 fevral tarixində Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması haqqında Fərman imzaladı. İkinci Qarabağ müharibəsi zamanı qazanılmış tarixi Zəfərdən sonra həmin Akademiyanın əsasında Milli Müdafiə Universiteti təsis edildi. Bu gün ölkənin hərbi təhsil sistemində mühüm yer tutan belə bir qurumun formalaşmasının təməlində duran proseslərin başlanğıcı da məzmun etibarilə Qurtuluş Gününün yaratdığı siyasi sabitlik və inkişaf mühiti ilə əlaqələndirilə bilər.
1999-cu il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin beşinci ildönümünə həsr edilmiş təntənəli mərasim baş tutdu. Bu mərasimdəki çıxışında Əbədiyaşar Komandan demişdi: "Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər - təkcə neft sahəsində deyil, Azərbaycan iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır". Azərbaycanın dünya dövlətləri sırasında bu fikirlərin özünəməxsus yer tutduğunu, həm siyasi, həm də iqtisadi qüdrəti ilə bəşəri dövlətlər üçün əhəmiyyətli tərəfdaş olduğunu xatırladırdı...
Dahi Lider Heydər Əliyev Azərbaycanı sevirdi, Azərbaycan dövlətçiliyinə, Azərbaycan torpağına bağlı idi, Azərbaycan dilini, ədəbiyyatını, mədəniyyətini, incəsənətini sevirdi. O, əsl vətənpərvər idi. "Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır" deyən Ümummilli Liderimiz üçün xalqın, Vətənin taleyi hər insanın taleyi ilə eyniləşdirilirdi. Bu sevginin təzahürü idi ki, azərbaycançılığın dönməzliyi üçün, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə 2001-ci il avqustun 9-da "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Fərman imzaladı. Ulu Öndər deyirdi: "Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur".
Xalqın istəyi ilə Milli Məclis 1997-ci il iyunun 27-də qəbul etdiyi qərarla 15 iyun tarixini rəsmi olaraq "Milli Qurtuluş Günü" elan etdi. Həmin qərarda vurğulanırdı ki, Azərbaycanın taleyinin həll olunduğu ən böhranlı məqamda Dahi Şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıtması onun öz xalqını və müstəqilliyini xilas etmək naminə atdığı misilsiz və fədakar bir addım idi.
15 iyun ölkəmizdə Milli Qurtuluş Günü kimi böyük coşqu ilə bayram edilir. Bu tarix Azərbaycan dövlətinin xilasının təməl nöqtəsidir. Zamanında Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi böyük xilaskarlıq missiyası həm xalqımızın, həm də dünya ictimaiyyətinin gözü qarşısında baş verdi. Nəticədə ölkəmiz parçalanmaq və yox olmaq reallığından uzaqlaşaraq qüdrətli bir dövlətə çevrildi. Heydər Əliyevin sarsılmaz iradəsi və gərgin əməyi sayəsində qısa müddətdə görülən nəhəng işlərin miqyası bu gün də insanı heyran qoyur.
Hazırda Azərbaycandakı möhkəm müstəqil dövlətçilik ənənələrinin mövcudluğu birbaşa Ümummilli Liderin fədakar fəaliyyətinin bəhrəsidir. Onun strateji kursunun əsas hədəfi hər bir vətəndaşın rifahını və təhlükəsizliyini tam təmin edə biləcək güclü respublika qurmaq idi. Bu gün Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin siyasi xəttə sadiqlik nümayiş etdirərək ölkəmizi yeni uğurlara doğru inamla aparır. Ulu Öndərin vaxtilə dediyi "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz" fikri Qurtuluş Gününün əsl fəlsəfəsini və xalqımıza verdiyi gücü ifadə edir. Əminliklə deyə bilərik ki, bu Dahi Şəxsiyyətin ideyaları Azərbaycan var olduqca yaşayacaq və inkişafımıza işıq tutacaq. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və Vətən sevgisi onu dünya azərbaycanlılarının liderinə və dövlətimizin əbədi memarına çevirmişdir.
Hər bir müstəqil dövlətin varlığı onun daxili sabitliyindən və bu sabitliyi qorumağa qadir olan qüdrətli ordusundan asılıdır. Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində elə dönüş nöqtələri var ki, onlar millətin taleyini tənəzzüldən intibaha, məğlubiyyətdən parlaq qələbələrə doğru dəyişmişdir. Bu tarixlərin zirvəsində dayanan 15 İyun - Milli Qurtuluş Günü müasir, qüdrətli və Rəşadətli Azərbaycan Ordusunun formalaşmasının da ideoloji mərkəzidir. Bu, həm də xaosdan nizami orduya doğru atılan böyük addım idi.
Ulu Öndərin 15 iyunda Ali Sovetin sədri seçilməsi ilə ölkədə hərc-mərcliyə son qoyuldu. Ordunun siyasiləşməsinin qarşısı alındı, pərakəndə dəstələr ləğv edilərək vahid mərkəzdən idarə olunan nizami Azərbaycan Ordusunun təməli qoyuldu.
Milli Qurtuluş fəlsəfəsinin gələcəyə hesablanmış ən böyük strateji nəticəsi bu gün regionun ən güclü ordusu olan Azərbaycan Ordusudur. Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu xəttini böyük uzaqgörənliklə davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ordumuzu dünyanın ən müasir texnologiyaları və sarsılmaz döyüş ruhu ilə yenidən formalaşdırdı.
Məhz Qurtuluşla başlayan inkişaf və sabitlik dövrü dövlətimizə iqtisadi müstəqillik qazandırdı. Bu müstəqillik isə hərbi sənayenin güclənməsinə, şəxsi heyətin sosial müdafiəsinin yüksəldilməsinə və intellektual səviyyəsinin artırılmasına xidmət etdi.
Ulu Öndər Heydər Əliyevin ən böyük vəsiyyətini və qurtuluş missiyasının ali hədəfini reallığa çevirən Azərbaycan əsgəri 2020-ci ildə Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edərək Dahi Rəhbərin ruhunu şad etdi. 15 İyun artıq bir xilas günü deyil, eləcə də Şuşada, Xankəndidə, Laçında dalğalanan üçrəngli bayrağımızın, ərazi bütövlüyünü tam bərpa etmiş qalib bir dövlətin şanlı hərbi qüdrət bayramıdır.
Şəlalə CAMAL
"Azərbaycan Ordusu"