Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 2026 18:16

Qalib ordumuz beynəlxalq təlimlərdə gücünü daha da artırır

Son illərdə dünyada baş verən münaqişələr, qanlı toqquşmalar bir daha təsdiq edir  ki, döyüş hazırlığı yüksək olan şəxsi heyətə, müasir texnoloji yeniliklərə malik ordu yaratmaq strateji zərurət və dövlətin varlığını təmin edən mahiyyətdir. Müstəqilliyinə sevinə bilmədən elan edilməmiş müharibəyə cəlb olunan ölkəmiz üçün sadalananlar hər zaman dövlət rəhbərliyi tərəfindən seçilmiş mühüm fəaliyyət istiqamətlərindən olub. Müstəqil Azərbaycanın dövlətçilik tarixində hərb sahəsi hər zaman qarşıya qoyulmuş prioritetlərdən biri olmaqla yanaşı, hərbi ənənələrimizin davamı olaraq bu gün də yaşayır və uğurla davam etdirilir. Görülən işlərin məntiqi nəticəsidir ki, XXI əsrin ədalət savaşını Böyük Qələbə ilə taclandıran ordumuzun dövrün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində fasiləsiz işlər görülür. Nəticədə, ölkənin varlığının qarantı, onun vuran əli və qoruyan qalxanı olan ordusu suverenliyin və milli maraqların da qorunması üçün hər zaman dövlətinin və xalqının etimadını layiqincə doğruldur.
Azərbaycan Ordusunun döyüşaparma və özünümüdafiə qabiliyyətinin artırılması məqsədilə görülən fəaliyyətlər bu gün də özünün dinamik inkişaf mərhələsindədir. 2026-cı ilin ilk yarımilində Azərbaycan Ordusu döyüş hazırlığı istiqamətində fəaliyyətini daha da genişləndirdi. İl ərzində NATO ilə əməkdaşlıq çərçivəsində keçirilən kurslar, Türkiyə və digər aparıcı ordulara sahib ölkələrin ev sahibliyi və iştirakı ilə təşkil olunan təlimlər, həmçinin müxtəlif taktiki və əməliyyat ssenarilərini əhatə edən toplanışlar və müxtəlif hazırlıq  fəaliyyətləri ordunun peşəkarlığının artırılmasına müsbət təsir göstərib. Keçirilən fəaliyyətlər şəxsi heyətin müasir dövrün döyüş və ya müdafiə şəraitində nəzəri bilik, praktiki  bacarıqları, koordinasiya imkanlarını və qarşılıqlı uzlaşma səviyyəsini yüksəltmək məqsədi daşıyıb. Bu məqalədə cari ilin ilk yarısında şanlı Azərbaycan Ordusunun şəxsi heyətinin iştirakı ilə keçirilən müxtəlifmiqyaslı və təyinatlı kurslar, təlim və ümumi döyüş hazırlığı fəaliyyətlərindən danışacağıq.

NATO ilə əməkdaşlıq çərçivəsində görülən fəaliyyətlər

2026-cı ilin əvvəlindən etibarən Azərbaycan ilə NATO arasında "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində əməkdaşlıq uğurla davam etdirildi. Bu müddətdə Bakıda NATO-nun müvafiq qərargahlarından olan mobil təlim qrupları tərəfindən "Rabitə, informasiya texnologiyaları və kibertəhlükəsizlik", eləcə də "NATO-da logistikanın planlaşdırılması" mövzularında kurslar keçirildi. Kursların əsas məqsədi Azərbaycan Ordusunun hərbi qulluqçularının öz ixtisas bilik və bacarıqlarının artırılması, NATO standart və prosedurlarının tədris edilməsi idi.
Bundan başqa, cari ilin fevralında Bakıda "Tərəfdaş ölkələrin qabiliyyət uyarlılığı təşəbbüsü-2026" təlim kursu təşkil edildi. Kurs çərçivəsində qarşılıqlı fəaliyyət və uyarlılıq səviyyəsinin yüksəldilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində müzakirələr aparıldı. Həmçinin Müdafiə Nazirliyinin rəhbər heyəti NATO-nun mobil təlim qrupunun nümayəndələri ilə görüş keçirərək əməkdaşlıq məsələlərini müzakirə etdi, sürətlə dəyişən təhlükəsizlik mühitində qarşılıqlı uzlaşma və əməkdaşlığın vacibliyi diqqətə çatdırıldı.
NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində də bir sıra fəaliyyətlər həyata keçirildi. Bu istiqamətdə keçirilən məsləhətçi görüşlərdə aidiyyəti bölmələrin NATO standartlarına uyarlılığın qiymətləndirilməsi və hazırlıq vəziyyəti təhlil edildi. Perspektivdə duran məsələlər və fəaliyyətlər planı müzakirə olundu.
Mart ayında isə Bakıda ƏİK proqramı çərçivəsində 1-ci səviyyəli qiymətləndirici kursu (ETC-49 - Evaluator Training Course) təşkil olundu. Kursun əsas məqsədi NATO-nun Ortaq Qüvvələr Birliyinə bəyan edilən hissə və bölmələrin qiymətləndirilməsi üçün ixtisaslı hərbi qulluqçuların sertifikatlaşdırılması idi.
Ümumilikdə, NATO ilə təşkil olunan kurslar, təlimlər və görüşlər Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlığının artırılmasına, NATO standartlarına uyğunlaşma prosesinin düzgün təşkilinə və beynəlxalq hərbi əməkdaşlığın inkişafına mühüm töhfə verməkdədir.

“Sülh Qalxanı-2026” birgə əməliyyat-taktiki təlimi

2026-cı ilin fevralında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan Ordusu və BƏƏ Silahlı Qüvvələrinin iştirakı ilə "Sülh Qalxanı-2026" adlı birgə əməliyyat-taktiki təlimi öz mötəbərliyi ilə yadda qaldı. Təlimlərə hazırlıq hələ 2025-ci ilin dekabrında Bakıda keçirilmiş əsas planlama konfransı ilə başlandı. Fevralın əvvəlində BƏƏ-yə yola düşən hərbi kontingentimiz hazırlıq məşqləri çərçivəsində təhlükəsizlik qaydaları, ssenarilər və icra olunacaq tapşırıqlar barədə ətraflı məlumatlandırıldı. İki ölkənin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə reallaşan təlimlər yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühiti olmaqla üç əsas istiqamətdə keçirildi. Proqrama uyğun olaraq qanunsuz silahlı dəstələrin aşkarlanaraq zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmilərdə nəzarətin bərpası, girovların azad edilməsi və yaralıların təxliyəsi, ictimai təhlükəsizliyə təhdid yaradan sabotajların qarşısının alınması, yanğınsöndürmə və antiterror əməliyyatları icra edildi. Üç gün davam edən təlimdə hər iki ordunun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirərək, qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməyi bacardılar. 
Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın təlimləri birgə izləməsi hərbi əməkdaşlığın yüksək səviyyəsini və bu tərəfdaşlığın strateji əhəmiyyətini nümayiş etdirdi. "Sülh Qalxanı-2026" təlimi hərbçilərimizin antiterror əməliyyatı üzrə peşə bacarıqlarının təkmilləşdirilməsinə, beynəlxalq təcrübə mübadiləsinin gücləndirilməsinə və regionda davamlı sülhün təmin olunmasına mühüm töhfə verdi. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Sülh Qalxanı-2026" birgə əməliyyat-taktiki təlimi ilin diqqət çəkən bir döyüş hazırlığı fəaliyyəti oldu. Azərbaycan və BƏƏ prezidentlərinin təlimləri birgə izləməsi isə bu əməkdaşlığın strateji əhəmiyyətini göstərdi.

“Heydər Əliyev-2026” birgə təlimi

2026-cı ilin aprelində Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq sazişinə uyğun olaraq, "Heydər Əliyev-2026" birgə təlimi təşkil olundu. Təlimdə Azərbaycanı Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçuları təmsil etdilər.Təlimin rəsmi hissəsi aprelin əvvəlində Sədərək sərhəd-keçid məntəqəsində - Araz çayı üzərindəki "Ümid" körpüsündə keçirilən rəmzi bayraq dəyişmə mərasimi ilə başladı. Naxçıvan və Qarsdan hərəkətə başlayan bayraq taqımlarının iştirakı ilə keçirilən bu mərasim iki ölkə arasındakı qardaşlıq münasibətlərinin sarsılmazlığını bir daha nümayiş etdirdi. Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kənan Seyidovun iştirakı ilə keçirilən tədbirdən sonra təlimə cəlb olunan şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşdü.
"Heydər Əliyev-2026" təliminin keçirilməsində əsas məqsəd müasir döyüş prinsipləri əsasında birgə əməliyyatların planlaşdırılması, koordinasiyanın gücləndirilməsi və hərbi qulluqçuların döyüş hazırlığının artırılması idi. Təlim çərçivəsində iştirakçılar müxtəlif vaxt və şəraitlərdə döyüş tapşırıqlarını yüksək peşəkarlıqla icra etdilər. 
Aprelin 22-də təlimin yekun mərhələsi olan "Yüksək Səviyyəli Müşahidəçi Günü" baş tutdu. İştirakçılar müasir hərbi texnika və silahların tətbiqi ilə keçirilən müxtəlif epizodları praktiki şəkildə nümayiş etdirdilər. 
Sonda təlimdə fərqlənən hərbi qulluqçular mükafatlandırıldı və  xatirə şəkilləri çəkdirildi.

“Anadolu Ankası-2026” beynəlxalq axtarış-xilasetmə təlimi

2026-cı ilin aprelində Türkiyənin Konya şəhərində müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən "Anadolu Ankası-2026" ("Anatolian Phoenix-2026") beynəlxalq axtarış-xilasetmə təliminə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) pilotları, paraşüt-desant və axtarış-xilasetmə bölmələri, texniki heyət  və inventarımızda olan müvafiq aviasiya vasitələri cəlb olunmuşdu.
Aprelin 7-dən 17-dək davam edən təlim zamanı iştirakçılar mürəkkəb ssenariləri uğurla icra etdilər. İcra olunan tapşırıqlardan danışarkən xilasetmə əməliyyatlarını qeyd etmək yerinə düşər. Bu fəaliyyət müddətində paraşüt-desant bölmələri "fast rope" üsulu ilə əraziyə eniş edərək şərti terrorçu qrupunu zərərsizləşdirmə, pilotu təhlükəsiz təxliyə etmə tapşırıqlarını müvəffəqiyyətlə icra etdi. Hava dəstəkli tapşırıqların icrası zamanı SU-25, F-16 təyyarələri və T-70 helikopterlərinin cəlb olunduğu epizodlarda havada üstünlüyün əldə olunması və xilasetmə qruplarının atəş dəstəyi ilə mühafizəsi və s. fəaliyyətlər həyata keçirildi.
Qardaş ölkədə keçirilən təlimin əsas məqsədi beynəlxalq axtarış-xilasetmə qüvvələri arasında qarşılıqlı fəaliyyəti, operativliyi, qarşılıqlı uzlaşmanı artırmaq, habelə fəaliyyət mexanizmlərini dövrün tələblərinə uyğun təkmilləşdirmək, habelə şəxsi heyətin suda, quruda və müxtəlif relyef şəraitində xilasetmə əməliyyatlarının icra bacarıqlarını artırmaq, pilotların təhlükəsiz təxliyəsi və havadan dəstəyin təmin olunması tapşırıqlarının dövrün tələbləri çərçivəsində icrasını təmin etmək idi. 
Aprelin 17-də keçirilən bağlanış mərasimində təlimin gedişatı təhlil olundu və statistik məlumatlar təqdim edildi. Azərbaycan HHQ mütəxəssisləri təlimdə yüksək peşəkarlıq nümayiş etdirərək, bölmələr arasında qarşılıqlı fəaliyyət və koordinasiya sahəsində qardaş ölkə hərbçiləri ilə uğurlu əməkdaşlıq təcrübəsi qazanıbdılar. 

“TurAz Qartalı-2026” birgə taktiki uçuş

2026-cı ilin aprel-may aylarında ölkəmiz qardaş Türkiyə Hərbi Hava Qüvvələrinin də (HHQ) iştirakı ilə keçirilən  "TurAz Qartalı-2026" birgə taktiki-uçuş təliminə ev sahibliyi etdi.  Ölkələrimiz arasında hərbi əməkdaşlıq sazişinə əsasən, reallaşan təlim aviasiya sahəsində qarşılıqlı fəaliyyətin və koordinasiyanın yüksək səviyyəsini bir daha sübut etdi. Aprelin 27-də başlayan təlimin əsas məqsədi qarşılıqlı hava əməliyyatlarının planlaşdırılması və icrası üzrə təcrübə mübadiləsi aparmaq, hərbi pilotların peşəkarlığını modern tələblər çərçivəsində artırmaq və iki ölkənin HHQ-ləri arasında qarşılıqlı uzlaşmasını təmin etmək idi.
Təlim müddətində "TurAz Qartalı-2026" birgə taktiki-uçuş təlimi zamanı hərbi pilotlar mürəkkəb ssenarilər üzrə birgə uçuşlar həyata keçirdilər. Həmçinin radioelektron mübarizə (REM), hədəflərin aşkarlanması və məhv edilməsi, fərdi və birgə idarəetmə və koordinasiya fəaliyyətləri üzrə müxtəlif ssenarilərdə tapşırıqlar icra olundu.
Aprelin 27-dən mayın 2-nə qədər davam edən təlimdə pilotlar müxtəlif şəraitlərdə uçuş bacarıqlarını nümayiş etdirdilər. O cümlədən yeni texnika və silah sistemlərinin tətbiqi  təlimin effektivliyini artıran əsas elementlərdən oldu. Təlim rəhbərləri iştirakçı heyətin fəaliyyətini yüksək qiymətləndirərək, bu tədbirin iki qardaş ölkənin hava məkanının təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyət kəsb etdiyini vurğuladılar.


“EFES-2026” çoxmillətli birgə təlimi

"EFES-2026" təlimi bir daha göstərdi ki, Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığı regional sülhün və təhlükəsizliyin ən etibarlı təminatçısıdır.  Qeyd edək ki, 2026-cı ilin mayında Türkiyə Respublikasında baş tutan "EFES-2026" təliminə 50 ölkədən 10300-dən çox hərbi qulluqçu cəlb olunmuşdu. Bu təlim sadəcə güc nümayişi deyil, həm də beynəlxalq hərbi koordinasiyanın və müasir döyüş konseptlərinin sınaq meydanı oldu. "EFES-2026"-nın əsas məqsədi genişmiqyaslı münaqişələr zamanı ölkələrin quru, hava və dəniz qüvvələrinin birgə fəaliyyətini tam qarşılıqlı inteqrasiya etməkdir.
Türkiyə Respublikasında Azərbaycan Ordusunun hərbi qulluqçularının da iştirakı ilə keçirilən "EFES-2026" çoxmillətli təliminin əvvəlcə hazırlıq mərhələsi keçirildi. Plana uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif döyüş ssenariləri üzrə qərargah fəaliyyətləri ilə yanaşı, müvafiq praktiki  tapşırıqları da icra etdilər.
Müasir döyüşaparma və özünümüdafiə üsulları nəzərə alınmaqla, təlim qrupları yaşayış məntəqələrində şərti düşmənin hücum və təxribatlarının qarşısının alınması, obyektlərin mühafizəsi, yaralı hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilərək təxliyə olunması, eləcə də tunel, bunker və mağaralarda döyüşün aparılması üzrə tapşırıqları yerinə yetirdilər.
Təlimdə şərti düşmənin ağır texnikasının və canlı qüvvəsinin məhv edilməsi məqsədilə top və minaatanlardan, eləcə də müxtəlif pilotsuz uçuş aparatlarından (PUA) istifadə edildi.
 "EFES-2026" təliminin aktiv fazasında iki qardaş ölkə ilə yanaşı, Albaniya, Niger, Nigeriya və Rumıniya ordularının nümayəndələri mağara, sığınacaq və tunellərdə axtarış, eləcə də dağçılıq hazırlığı üzrə məşqlər keçdilər. Təlimin növbəti mərhələsində iştirakçı ölkələrin hərbi qulluqçuları dənizdən sahilə hücum tapşırığını icra etdilər. Yüksəksürətli katerlərlə sahildə yerləşən şərti düşmən mövqelərinə yaxınlaşan qruplar, intensiv atəş dəstəyi altında quruya çıxararaq, istehkamları dəf edərək müdafiə mövqelərini qısa müddətdə zərərsizləşdirdilər.
Bundan əlavə, əməliyyat planına uyğun olaraq, iştirakçı ölkələrin hava-desant bölmələri şərti düşmən gəmisinin ələ keçirilməsi tapşırığını da yerinə yetirdilər. Hücum helikopterləri ilə hədəfə yaxınlaşan qruplar qısa müddət ərzində gəminin göyərtəsinə enişi həyata keçirdilər. Təlim  öz mötəbərliyi, müxtəlifliyi və rəngarəngliyi ilə yadda qaldı.
"EFES-2026" çoxmillətli təliminin mötəbərliyinin əsas göstəricisi o idi ki, Türkiyə  Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edirdi. Təlimi izləyən Türkiyə Prezidenti çıxışı zamanı "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün iştirakçılarını salamladı, "EFES-2026" təliminin regional və qlobal sülhə, əmin-amanlığa və sabitliyə böyük töhfə verdiyini vurğuladı. Təlimin yekun mərhələsində təşkil olunan "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Namiq İslamzadə və nazirliyin digər vəzifəli şəxsləri iştirak etdilər.
Səfər çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkənin milli müdafiə naziri cənab Yaşar Gülerlə, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev isə türkiyəli həmkarı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşdülər. Görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıqların mövcud vəziyyəti və perspektivləri müzakirə edildi.
"Yüksək Səviyyəli Müşahidəçi Günü" çərçivəsində qonaqlar təşkil olunan Müdafiə Sənayesi Sərgisində nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış oldular.
Məlumdur ki, iki qardaş ölkə -  Azərbaycan və Türkiyə arasında əlaqələr dövrün ən yüksək mərhələsindədir. Təməli xoş mərama əsaslanan qardaşlıq, tərəfdaşlıq və müttəfiqlik münasibətləri yüksək etimadı özündə ehtiva etməklə bütün dünya ölkələri üçün bir nümunədir.
Yaxın və uzaq coğrafiyamızda baş verən münaqişələrin və qanlı toqquşmaların fonunda Azərbaycan və Türkiyənin regionda dünyada sülh və sabitliyin qorunmasındakı rolları, humanizm prinsiplərinə sərgilədiyi mövqeyi danılmazdır. İki qardaş ölkənin beynəlxalq hüquq və norma prinsiplərinin qorunmasına görə nümayiş etdirdiyi birgə səyləri bu gün dünyada analoqu olmayan bir təşəbbüsdür. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci ilin 15 iyun tarixində imzaladığı Şuşa Bəyannaməsi əlaqələrin möhkəmlənməsində və daha da dərinləşməsinə mühüm təsir göstərən tarixi sənəd olmaqla, dostlarımıza güvən, məkrli niyyətli qüvvələrə isə  gözdağıdır. Şuşa Bəyannaməsi gələcəkdə bir millət, iki dövlətin qarşılıqlı maraqlarının qorunması və dünyəvi məsələlərdə bərabər addım atılmasında mühüm faktora çevrilən tarixi sənəd və mötəbər hadisə idi. Qardaşlıq bəyannaməsinin əsas istiqamətlərindən biri də hərbi əməkdaşlığın daha da dərinləşdirilməsi və qarşılıqlı təcrübə mübadiləsi məsələləri oldu. Qardaş Türkiyə ordusunun bu gün dünyada ən güclü və müasir ordulardan birinə sahib olması həqiqətdir. Əsrin ədalət müharibəsində zəfər qazanan Şanlı Azərbaycan Ordusu bu gün güclü qardaş Türkiyə Ordusu ilə bərabər öz gücünü və qüdrətini daha da artırır. Bu güc sülhü özündə ehtiva etsə də, şər qüvvələrin baş qaldıracağı təqdirdə düşmənin başını əzə biləcək qabiliyyətə də malikdir.


Nəticə

Azərbaycan Ordusunda döyüş hazırlığının artırılması prosesində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi mühüm əhəmiyyət daşıyır. Müasir hərbi çağırışlar ordunun şəxsi heyətindən daha operativ, peşəkar və texnoloji cəhətdən hazırlıqlı olmağı tələb edir. Bu baxımdan qabaqcıl ölkələrin silahlı qüvvələrinin təcrübəsindən faydalanmaq döyüş qabiliyyətinin yüksəldilməsinə töhfə verir. Beynəlxalq təlimlərdə iştirak və tərəfdaş ölkələrlə əməkdaşlıq şəxsi heyətin bilik və bacarıqlarının inkişafına şərait yaradır. Eyni zamanda, müasir idarəetmə və komanda-nəzarət sistemlərinin mənimsənilməsi əməliyyatların effektivliyini artırır. Xarici təcrübənin milli hərbi ənənələr və ölkənin təhlükəsizlik maraqları ilə uyğunlaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Bu yanaşma ordunun qarşıya çıxan təhdidlərə daha operativ və səmərəli reaksiya verməsini təmin edir. Hərbi təhsil sisteminin təkmilləşdirilməsi və innovativ metodların tətbiqi də döyüş hazırlığının yüksəldilməsində mühüm rol oynayır. Beləliklə, beynəlxalq təcrübənin məqsədyönlü şəkildə öyrənilməsi və tətbiqi Azərbaycan Ordusunun peşəkarlığının, hazırlıq səviyyəsinin və müdafiə potensialının daha da güclənməsinə xidmət edir. Bu isə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin etibarlı şəkildə qorunmasının əsas amillərindəndir.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"