AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müasir döyüş əməliyyatlarında qələbəyə gedən yol təkcə şəxsi heyətin hazırlığından və ya texnikanın gücündən asılı deyil. Döyüş meydanında bölmələrin irəliləməsini təmin edən əsas amillərdən biri də atəş dəstəyidir.
Atəş dəstəyi dedikdə döyüş tapşırığını yerinə yetirən bölmələrin fəaliyyətini asanlaşdırmaq, onların təhlükəsiz irəliləməsini təmin etmək və düşmənin canlı qüvvəsini, atəş vasitələrinin istehkamlarını və digər mühüm obyektlərini məhv etmək məqsədilə həyata keçirilən atəş tədbirləri nəzərdə tutulur.
Atəş dəstəyi müxtəlif vasitələrlə həyata keçirilə bilər. Buraya artilleriya qurğuları, raket sistemləri, tanklar, hərbi aviasiya və digər atəş vasitələri daxildir. Bu vasitələrin koordinasiyalı fəaliyyəti döyüşün gedişinə birbaşa təsir göstərir.
Əməliyyat zamanı atəş dəstəyi hücum edən bölmələrin qarşısındakı maneələri aradan qaldırır, düşmənin müqavimətini zəiflədir və onun manevr imkanlarını məhdudlaşdırır. Müdafiə zamanı isə düşmənin hücumunun qarşısını almağa, onun canlı qüvvəsinə və texnikasına ciddi itkilər verməyə xidmət edir.
Atəş dəstəyinin effektivliyi, ilk növbədə, dəqiq kəşfiyyat məlumatları və düzgün planlaşdırmadan, eləcə də bölmələr arasındakı operativ əlaqədən asılıdır. Müasir texnologiyalar, pilotsuz uçuş aparatları, müşahidə vasitələri bu prosesin daha dəqiq və sürətli həyata keçirilməsinə imkan yaradır.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun tətbiq etdiyi dəqiq və koordinasiyalı atəş dəstəyi düşmənin müdafiə xəttinin yarılmasında, strateji yüksəkliklərin və yaşayış məntəqələrinin azad olunmasında mühüm rol oynadı. Döyüş əməliyyatlarının uğurlu nəticələrində atəş vasitələrinin peşəkar və məqsədyönlü istifadəsi xüsusi əhəmiyyət kəsb etdi.
Beləliklə, atəş dəstəyi hərbi əməliyyatların ayrılmaz tərkib hissəsi olmaqla, qoşunların döyüş qabiliyyətinin artırılmasına və qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirilməsinə xidmət edən mühüm amillərdəndir.
Hazırladı:
Emil MURADLI
"Azərbaycan Ordusu"