AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müasir müharibələrin xarakteri göstərir ki, döyüş meydanında uğur qazanmaq üçün müasir silah və texnikaya sahib olmaqla kifayətlənmək doğru deyil. Hərbi qulluqçuların yüksək fiziki hazırlığı, mənəvi-psixoloji dayanıqlığı və çətin şəraitdə operativ qərar qəbul etmək bacarığı ordunun döyüş qabiliyyətini müəyyən edən əsas amillərdəndir. Məhz buna görə də Azərbaycan Ordusunda şəxsi heyətin fiziki hazırlığına xüsusi diqqət yetirilir, bu istiqamətdə keçirilən məşğələlər döyüş hazırlığının ayrılmaz tərkib hissəsi kimi həyata keçirilir.
Hərbi xidmət fiziki güc, dözümlülük, çeviklik və iradə tələb edən məsuliyyətli fəaliyyətdir. Müxtəlif iqlim və relyef şəraitində tapşırıqların yerinə yetirilməsi, uzun məsafələrin qət olunması, eyni zamanda, yüksək diqqət və operativlik tələb edən vəziyyətlərdə hərəkət etmək hərbi qulluqçuların fiziki hazırlıq səviyyəsindən birbaşa asılıdır. Buna görə də bölmələrdə təşkil olunan fiziki hazırlıq məşğələləri əsgərlərin sağlamlığının möhkəmləndirilməsinə, dözümlülüyünün artırılmasına və döyüş tapşırıqlarını uğurla yerinə yetirməsinə xidmət edir.
Yenə hərbi hissələrin birindəyik, yenə hər kəsin fəxarətlə, qürurla xidmət etdiyi ünvandayıq. Amalım buradan aldığım məlumatları oxucularımıza təfərrüatlı çatdırmaqdır. Bu niyyətlə də hərbi hissənin zabitinə yaxınlaşdım.
Kapitan Pərvin Tağızadə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini (indiki Heydər Əliyev adına Hərbi İnstitut) 2018-ci ildə artilleriya ixtisası üzrə bitirib. O, rəhbərlik etdiyi bölmədə şəxsi heyətin fiziki hazırlığının daim yüksək səviyyədə saxlanılmasına xüsusi önəm verir. Zabitin sözlərinə görə fiziki hazırlıq yalnız normativlərin yerinə yetirilməsi ilə məhdudlaşmır. Bu proses hərbi qulluqçuların döyüş şəraitində qarşılaşa biləcəkləri çətinliklərə hazırlanması, onların iradəsinin möhkəmləndirilməsi və kollektiv ruhun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Zabit qeyd etdi ki, fiziki cəhətdən hazırlıqlı hərbi qulluqçu tapşırıqları daha sürətli və dəqiq icra edir, gözlənilməz vəziyyətlərdə özünü itirmir və daha yüksək nəticələr göstərir. Bu səbəbdən məşğələlər müasir tələblərə uyğun şəkildə planlaşdırılır və şəxsi heyətin hazırlıq səviyyəsinə uyğun olaraq mərhələli şəkildə həyata keçirilir.
Bölmənin digər zabiti baş leytenant Həsən Ələkbərov də fiziki hazırlıq prosesində fəal iştirak edir. 2021-ci ildə indiki Heydər Əliyev adına Hərbi İnstitutu artilleriya ixtisası üzrə bitirən gənc zabit şəxsi heyətlə işləyərkən fərdi yanaşma prinsipinə üstünlük verir. Onun fikrincə, hər bir əsgərin fiziki imkanları və hazırlıq səviyyəsi fərqli olduğundan məşqlərin təşkilində bu məqam nəzərə alınmalıdır.
Zabit bildirdi ki, düzgün qurulmuş məşq proqramları əsgərlərin təkcə fiziki göstəricilərini artırmır, eyni zamanda, onların özünəinamını yüksəldir, çətinliklərə qarşı müqavimətini gücləndirir və komanda daxilində qarşılıqlı etimadın formalaşmasına kömək edir. Bu yanaşma nəticəsində şəxsi heyət arasında sağlam rəqabət mühiti yaranır və hər bir hərbi qulluqçu öz nəticələrini daha da yaxşılaşdırmağa çalışır.
Bölmədə təcrübə keçən kursant Balabəy Qürbətov da fiziki hazırlıq tədbirlərinin fəal iştirakçılarındandır. Gələcəyin zabiti kimi o, ali hərbi təhsil müəssisəsində əldə etdiyi nəzəri bilikləri praktik fəaliyyətlə birləşdirir. Kursant əsgərlərlə birlikdə məşqlərdə iştirak edir, müxtəlif fiziki hazırlıq elementlərinin yerinə yetirilməsində onlara kömək göstərir və qazandığı təcrübəni gələcək xidməti fəaliyyətində tətbiq etmək imkanı əldə edir. Belə fəaliyyət həm kursantın təcrübəli formalaşmasına müsbət təsir göstərir, həm də əsgərlər üçün əlavə motivasiya mənbəyinə çevrilir. Şəxsi heyət gələcəyin zabitlərinin hazırlıq prosesində yaxından iştirakını müsbət qiymətləndirir və bu qarşılıqlı əməkdaşlıq ümumi hazırlıq səviyyəsinin yüksəlməsinə xidmət edir.
Fiziki hazırlıq prosesində əsgərlərin fərdi bacarıqları da xüsusi əhəmiyyət kəsb edir. Əslən Tovuz rayonundan olan əsgər Nahid Məmmədov həvəskar futbolçu kimi kollektiv oyunlarda fəallığı və təşəbbüskarlığı ilə seçilir. Onun komanda oyunlarında nümayiş etdirdiyi çeviklik və fəallıq digər hərbi qulluqçular üçün də nümunə rolunu oynayır.
Quba rayonundan olan əsgər Tərlan Səfərov isə həvəskar güləşçi kimi güc və çeviklik tələb edən məşqlərdə fərqlənir. O, idmanla məşğul olmağın hərbi xidmətdə qazandığı üstünlükləri gündəlik fəaliyyətində nümayiş etdirir və yoldaşlarının da fiziki hazırlığa olan marağının artmasına töhfə verir.
2025-ci ilin müxtəlif aylarında həqiqi hərbi xidmətə çağırılmış əsgərlər də qısa müddət ərzində nəzərəçarpacaq nəticələr əldə ediblər. Zaqatala rayonundan hərbi xidmətə çağırılmış əsgər Hacımurad Havalov, Quba rayonundan əsgər İlham Şıxəliyev, Ağstafa rayonundan əsgər Rauf Nağılı, Astara rayonundan əsgər İslam Musayev və Gədəbəy rayonundan əsgər Ramal Məsimov müntəzəm məşğələlər sayəsində fiziki hazırlıq göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıblar. Onlar sürət, güc və dözümlülük baxımından daha yüksək nəticələr göstərərək döyüş tapşırıqlarının icrasında daha hazırlıqlı vəziyyətə gəliblər.
Bölmədə keçirilən fiziki hazırlıq məşğələləri müxtəlif istiqamətləri əhatə edir. Qaçış, maneələr zolağının dəf olunması, turnik və paralel qollarda çalışmalar, güc hərəkətləri, dözümlülük məşqləri, eləcə də müxtəlif idman hərəkətləri şəxsi heyətin kompleks şəkildə inkişafına xidmət edir. Bu məşqlər hərbi qulluqçuların həm fərdi bacarıqlarını artırır, həm də komanda ruhunu möhkəmləndirir.
Mütəxəssislərin fikrincə, fiziki hazırlıq döyüş qabiliyyətinin yüksəldilməsi ilə yanaşı, hərbi nizam-intizamın gücləndirilməsində, sağlam həyat tərzinin təbliğində və şəxsi heyətin psixoloji dayanıqlığının artırılmasında da mühüm rol oynayır. Məhz bu səbəbdən fiziki hazırlıq Azərbaycan Ordusunda daim diqqət mərkəzində saxlanılır və sistemli şəkildə təkmilləşdirilir.
Azərbaycan Ordusunun əldə etdiyi uğurların əsasını yüksək peşəkarlıq, möhkəm intizam və güclü hazırlıq təşkil edir. Fiziki hazırlıq sahəsində həyata keçirilən tədbirlər də bu uğurların davamlı olmasına xidmət edir. Zabitlərin peşəkar rəhbərliyi, kursantların fəallığı və əsgərlərin əzmkarlığı sayəsində şəxsi heyət hər gün öz üzərində çalışır, daha güclü, dözümlü və Vətənin müdafiəsinə hazır vəziyyətə gəlir. Bu isə ordumuzun döyüş qüdrətinin artırılmasına və ölkəmizin təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasına mühüm töhfə verir.
Şəlalə CAMAL
"Azərbaycan Ordusu"