AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Vətən insanların üzərində doğulub böyüdüyü, torpağına bağlandığı, acısını və sevincini paylaşdığı bir evdir. Bu evi, onun ərazi bütövlüyünü və suverenliyini qorumaq hər bir vətəndaşın həm hüququ, həm də mənəvi borcudur. Ərazi bütövlüyümüzün və suverenliyimizin keşiyində hər zaman öz vəzifəsini məsuliyyətlə yerinə yetirən peşəkar hərbçilər dayanırlar. Ordumuzun qüdrəti onun arsenalında olan silah və texnika ilə yanaşı, qəlbləri Vətən eşqi ilə alışıb-yanan hərbi qulluqçularımızın vətənpərvərliyinə əsaslanır. Bunu 44 günlük Vətən müharibəsində qəhrəman şəhidlərimiz, hərbçilərimiz bütün dünyaya nümayiş etdirdilər. Belə vətənpərvər oğullarımızdan biri də şəhid baş gizir Şixmir Ağamirov olub.
Şixmir Ağamirov 1990-cı il aprelin 5-də Qusar rayonunda doğulub. 2008-ci ildə tam orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanıb və xidmətini uğurla başa vurub. Hərbi mühitə uyğunlaşan Şixmir bu sahədə qalmağa qərar verərək, 2011-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (indiki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi) "Gizir hazırlığı kursu"nu bitirib. Elə həmin ilin avqustunda müdafiə nazirinin müvafiq əmri ilə ona "gizir" hərbi rütbəsi verilib. Xidmət müddətində nizam-intizamı ilə seçildiyinə görə 2019-cu ilin mayında Şixmir Ağamirov "baş gizir" hərbi rütbəsinə layiq görülüb.
Hərbi qulluqçumuz xidmət müddəti ərzində bir çox vəzifələrdə xidmət edib. Gündəlik xidmətindəki intizamı və verilən tapşırıqları vaxtında yerinə yetirdiyi üçün sağlığında komandanlığın rəğbətini qazanmış, nümunəvi hərbçi kimi xidmət yoldaşlarına örnək göstərilmişdir.
2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində baş gizir Şixmir Ağamirov təcrübəli bir hərbi qulluqçu kimi ön cəbhədə yer alıb. O, hərbi əməliyyatların gedişatında öz vəzifə borcunu layiqincə yerinə yetirməyə çalışıb. Noyabrın 8-də Şuşa ətrafında qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman şəhidlik zirvəsinə yüksəlib. Onun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə baş gizir Şixmir Ağamirov ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Onun ömür və döyüş yolu, öz peşəsinə göstərdiyi sadiqlik və hərbi nizam-intizamı xidmət etdiyi hərbi hissədə ehtiramla anılır, gənc hərbi qulluqçulara örnək olaraq göstərilir.
Məhz bu cür intizamlı, öz vəzifəsini layiqincə yerinə yetirən hərbçilərin sayəsində Azərbaycan Ordusu şanlı Zəfərə imza atdı. Qazanılan bu tarixi qələbə illərdir davam edən torpaq həsrətinə son qoymaqla yanaşı, həm də bütöv bir xalqın birliyini və gücünü nümayiş etdirdi. Şixmir Ağamirov və onun kimi yüzlərlə zabit, gizir və əsgər Hərbi Anda sadiq qalaraq, üzərilərinə düşən məsuliyyəti qanları-canları bahasına yerinə yetirdi.
Hərbi əməliyyatlar zamanı canından keçən şəhidlərimizin, sağlamlıqlarını itirən döyüşçülərimizin, igid hərbçilərimizin xidməti bu gün ölkəmizin suverenliyinin, sərhədlərimizin toxunulmazlığının əsas təminatıdır. Vəzifə borcunu şərəflə yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi isə qazanılan bu Böyük Qələbənin hər bir səhifəsində əbədi olaraq yaşayacaqdır.
Şəlalə CAMAL
"Azərbaycan Ordusu"