Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyun 2026 12:23

Azərbaycan xanlıqları və hərbi ənənələr

Azərbaycan Ordusunun zəngin hərb tarixi xalqımızın dövlətçilik ənənələrinin, azadlıq ruhunun və qəhrəmanlıq salnaməsinin ayrılmaz hissəsidir. Bu tarixin mühüm mərhələlərindən biri də XVIII əsrdə Azərbaycanda yaranmış xanlıqlar dövrüdür. Səfəvilər dövlətinin zəifləməsindən sonra Azərbaycanda bir sıra müstəqil xanlıqlar yarandı. Həmin xanlıqlar həm siyasi iradə ilə, həm də hərbi təşkilatlanma baxımından xüsusi əhəmiyyət daşıyırdı. Şəki, Quba, Gəncə, Qarabağ, Naxçıvan və digər xanlıqlar öz ordularını yaratmış, torpaqlarını yadelli hücumlardan qorumaq üçün ciddi mübarizə aparmışdılar. Bu xanlıqların rəhbərləri həm hakim, həm bacarıqlı sərkərdə, həm də Vətən müdafiəçiləri olmuşdular.


Azərbaycan xanlıqları və hərbi ənənələr


XVIII əsrdə Azərbaycanın müxtəlif bölgələrində yaranmış xanlıqlar arasında daim siyasi və hərbi mübarizə gedirdi. Bununla yanaşı, xarici işğalçılara - xüsusilə İran və Rusiya imperiyalarının təzyiqlərinə qarşı müqavimət əsas məsələlərdən biri oldu. Xanlıqlar öz süvari dəstələri, qalaları və döyüşçüləri ilə regionda mühüm hərbi qüvvəyə çevrilmişdi.


Şəki xanlığı və Hacı Çələbi xan


Hacı Çələbi xan Azərbaycan hərb tarixində müstəqillik uğrunda mübarizə aparan görkəmli sərkərdələrdən biri olub. O, Şəki xanlığının qurucusu olmaqla bərabər, eyni zamanda, güclü hərbi-siyasi lider olaraq bölgədə güclü dövlət idarəçiliyi yaratmışdır. O, döyüş meydanlarında böyük cəsarət göstərmiş, Şəki qalasını müdafiə etmiş və düşmən hücumlarının qarşısını almışdı. Onun rəhbərliyi ilə Şəki xanlığı iqtisadi və hərbi baxımdan güclənmişdi. Şəki qalaları və müdafiə istehkamları həmin dövrün hərbi memarlıq nümunələrindəndir.
Hacı Çələbi xan xüsusilə gürcü çarları II İrakli və Teymuraz ilə apardığı döyüşlərlə də tanınırdı. O, Gəncə, Qazax və Borçalı uğrunda mübarizələrdə bir neçə dəfə gürcü qoşunlarını məğlub edib. Azərbaycanın müxtəlif xanlıqlarını birləşdirməyə çalışmış və güclü dövlət yaratmaq istəmişdi.
1752-ci ildə baş verən məşhur Qızılqaya döyüşü zamanı gürcü çarı II İrakli bəzi Azərbaycan xanlarını əsir almışdı. Bu xəbəri eşidən Hacı Çələbi xan öz qoşunu ilə hücuma keçərək, ağır döyüşdən sonra gürcü ordusunu məğlub etmiş və əsir düşmüş xanları azad etmişdi. Bu qələbə onun böyük sərkərdə olduğunu göstərməklə bərabər, Şəki xanlığının nüfuzunu daha da artırmışdı.


Quba xanlığı və Fətəli xan


Fətəli xan Quba xanlığının ən güclü dövrlərini yaşayan hökmdarlardan biri kimi tanınıb. O, XVIII əsrdə Qafqazda siyasi vəziyyətin çox qarışıq olduğu bir vaxtda Quba xanlığını gücləndirmiş, bir çox əraziləri özünə tabe etdirmişdi. Onun dövründə xanlıq həm hərbi, həm də siyasi baxımdan bölgədə ciddi gücə çevrilmişdi.
Fətəli xanın qəhrəmanlığı əsasən onun döyüşlərdə göstərdiyi cəsarət və dövlətini qorumaq üçün apardığı mübarizələrlə bağlıdır. O, müxtəlif düşmən qüvvələrə qarşı mübarizə aparmış, xanlığın müstəqilliyini saxlamaq üçün bir çox yürüşlər təşkil etmişdi. Fətəli xan bacarıqlı diplomat və güclü sərkərdə idi. Onun əsas məqsədi parçalanmış Azərbaycan xanlıqlarını vahid dövlət ətrafında toplamaq idi. Bu məqsədlə də Dərbənd, Bakı, Şamaxı və digər bölgələri öz hakimiyyəti altına almışdı. O dövrdə Quba xanlığı Xəzər sahillərində ən güclü siyasi mərkəzlərdən birinə çevrilmişdi. Fətəli xan çoxsaylı hərbi yürüşlər etmiş, düşmən hücumlarının qarşısını almış, orduda nizam-intizam yaratmış, süvari qoşunlarını gücləndirmişdi. Fətəli xan Azərbaycan xalqının yaddaşında qorxmaz, qətiyyətli və dövlətini sonuna qədər müdafiə edən bir hökmdar kimi qalıb.


Gəncə xanlığı və Cavad xan


Cavad xan Ziyadoğlu Qacar xanədanından olan böyük Azərbaycan sərkərdəsi, Qacarlar dövlətində ordu sərdarı, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı olub və Rusiya imperiyasının işğalçı siyasətinə qarşı mərdliklə mübarizə aparmışdır. O, XVI əsrdən etibarən Gəncə şəhərində hökmranlıq edən Ziyadoğlular nəslindəndir.
Cavad xan XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Gəncə xanlığının son hökmdarı kimi tanınıb. O, Qacarlar dövründə Qafqazda baş verən siyasi mübarizələrin ən mühüm fiqurlarından biri olmuşdu. Cavad xan Gəncəni idarə etdiyi illərdə xanlığın müstəqilliyini qorumağa çalışmışdı. Onun dövründə bölgə həm daxili çəkişmələr, həm də xarici təzyiqlərlə üzləşmişdi.
Cavad xanın ən məşhur fəaliyyəti Rusiya imperiyasının Qafqaza doğru irəliləməsinə qarşı göstərdiyi müqavimətlə bağlıdır. XIX əsrin əvvəllərində Rusiya ordusu Gəncə xanlığını işğal etmək üçün hərbi yürüşə başlamışdı. Cavad xan isə azsaylı qüvvələrlə şəhəri müdafiə edərək ciddi müqavimət göstərmişdir. 1804-cü ildə Gəncə uğrunda baş vermiş döyüş onun həyatında həlledici mərhələ olmuşdu.
Gəncə döyüşü zamanı Cavad xan igidliklə vuruşsa da, qəhrəmancasına həlak olmuşdu. Onun ölümü bütün gəncəliləri dərin sarsıtmışdı.
Cavad xan Azərbaycanın azadlıq və mübarizə simvolu kimi tarixdə iz qoymuş bir şəxsiyyətdir. Onun Gəncənin müdafiəsində göstərdiyi qəhrəmanlıq bu gün də yaddaşlarda yaşayan şərəfli bir səhifədir.
Nəticə olaraq, Azərbaycan xanlıqları xalqımızın dövlətçilik tarixində mühüm mərhələ təşkil etmişdir. Bu xanlıqlar siyasi baxımdan parçalanmış şəkildə fəaliyyət göstərsələr də, milli-mədəni dəyərlərin qorunmasında, iqtisadi həyatın inkişafında və bölgələrin idarə olunmasında böyük rol oynamışdır. Hər bir xanlıq özünəməxsus idarəetmə sistemi, ordusu və mədəni mühiti ilə Azərbaycan tarixində dərin iz qoymuşdur.
Azərbaycan xanlıqları dövrü həm də xalqın müstəqillik uğrunda mübarizəsinin, milli kimliyinin və dövlətçilik ənənələrinin formalaşmasının göstəricisidir. Bu tarixi irs günümüzdə də Azərbaycan xalqının keçmişini öyrənmək, milli yaddaşı qorumaq və gələcək nəsillərə çatdırmaq baxımından böyük əhəmiyyət daşıyır.


Kifayət ƏLİYEVA

"Azərbaycan Ordusu"