Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyun 2026 12:23

“Heyətimizin döyüş hazırlığına xüsusi diqqət yetirilir”

Müasir döyüş əməliyyatlarında atəş dəstəyi vasitələri bölmələrin qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirməsində mühüm rol oynayır. Bu baxımdan AQS-17 avtomatik qumbaraatanı yüksək döyüş imkanlarına malik qurğulardan biri hesab olunur. Düşmənin canlı qüvvəsinin, atəş nöqtələrinin, səngər və istehkamlarının, eləcə də yüngül zirehli hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulan bu avtomatik qumbaraatan döyüş meydanında geniş tətbiq olunur. Yüksək atəş sürəti və güclü zərbə təsiri sayəsində AQS-17 həm hücum, həm də müdafiə əməliyyatlarında bölmələrin etibarlı atəş dəstəyi vasitəsi kimi çıxış edir.
Üçayaqlı dəzgah üzərində quraşdırılan qurğunun əsas üstünlüklərindən biri həm birbaşa, həm də örtülü mövqelərdən atəş açmağa imkan verməsidir. Bu xüsusiyyət müxtəlif taktiki şəraitlərdə silahın çevik tətbiqini təmin edir. Avtomatik işləmə prinsipi və lentlə qidalanma sistemi isə qısa müddət ərzində intensiv atəş aparılmasına şərait yaradır ki, bu da döyüş əməliyyatları zamanı heyətə əlavə üstünlük qazandırır.
"N" hərbi hissəsində ezamiyyətdə olarkən bölmələrdən birinin dərs prosesini izlədik. Manqa komandiri, baş qumbaraatan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elşad Mehdiyevin nəzarəti altında heyət üzvləri onlara təhkim olunan qurğunun taktiki-texniki xüsusiyyətlərini öyrənirdilər. Beş ildir ki, ordu sıralarında xidmət edən Elşad Mehdiyev qurğu haqqında məlumat verərək bildirdi ki, baş vermiş hərbi münaqişələr zamanı etibarlılığını dəfələrlə sübut edən AQS-17 avtomatik qumbaratanı sadə istismar qaydaları və yüksək dözümlülüyü ilə seçilir. "Lakin silahın döyüş imkanlarından maksimum səmərə ilə istifadə olunması onu tətbiq edən heyətin hazırlıq səviyyəsindən də birbaşa asılıdır. Bu səbəbdən bölmələrdə avtomatik qumbaraatan heyətlərinin döyüş hazırlığına xüsusi diqqət yetirilir". 
Manqa komandiri qeyd etdi ki, silahın effektivliyi xüsusilə düşmənin açıq və ya qismən gizlənmiş mövqelərinə qarşı mübarizədə özünü göstərir. "Qumbara partlayışı nəticəsində yaranan qəlpələr geniş sahəyə yayıldığından canlı qüvvəyə ciddi zərər vurmaq mümkün olur. Effektiv atəş məsafəsinin bir neçə kilometrə yaxın olması isə bölmələrə təhlükəsiz məsafədən hədəfləri məhv etmək imkanı verir". 
Azərbaycan Ordusunun sıralarında olmaqdan qürur duyduğunu bildirən Elşad dedi ki, xidmət etdiyi müddətdə üzərinə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirməyə çalışıb. "Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəman şəhidlərimiz öz canlarından, hərbi qulluqçularımız sağlamlıqlarından keçiblər. Onların əmanətini qorumaq isə bizim müqəddəs borcumuzdur. Azərbaycan Ordusu hər zaman istənilən tapşırığı yerinə yetirməyə hazırdır", - deyə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elşad Mehdiyev bildirdi. 
Heyət nəfəri əsgər Yasin Zamanlı hərbi xidmətin onun həyatında mühüm yer tutduğunu vurğuladı. "Azadlığına qovuşmuş Cəbrayıl torpağının övladı kimi, Azərbaycan Ordusunda xidmət etmək mənim üçün xüsusi məna daşıyır. Burada keçirdiyim hər gün Vətənə bağlılığımı daha da artırır. Orduda qazandığımız bilik və bacarıqlar bizi həm təcrübəli hərbçi, həm də vətəndaş kimi formalaşdırır. Hər birimiz üzərimizə düşən məsuliyyəti hiss edirik. Bizə göstərilən etimadı doğrultmaq üçün öz üzərimizdə çalışırıq. Vətənimizin keşiyində dayanmaq ən şərəfli işdir".
Heyətin digər üzvü əsgər Ziyad Allahverdiyev isə xidmət illərində qazandığı təcrübələrin onun həyatında mühüm iz buraxdığını bildirdi. "Azərbaycan Ordusu gənclərin vətənpərvərlik ruhunda formalaşdığı böyük bir məktəbdir. Hərbi xidmət mənə Vətən sevgisinin nə qədər dəyərli olduğunu daha dərindən dərk etməyə vasitəçi olub. Torpaqlarımızın müdafiəsində dayanmaq isə hər bir gənc kimi, mənim üçün də fəxrdir. Biz döyüş hazırlığı məşğələlərində bilik və bacarıqlarımızı təkmilləşdirirək gündən-günə öz qüdrətini artıran qalib Azərbaycan Ordusunun əsgəri adına layiq olmağa çalışırıq".
Səsləndirilən fikirlər bir daha göstərir ki, ordumuzun gücü yalnız arsenalında olan silahında deyil, həm də onun hərbi qulluqçularının yüksək döyüş və mənəvi-psixoloji hazırlığında, Vətənə və dövlətə sonsuz sədaqətindədir. Söylədiyimiz fikirləri Vətən müdafiəçilərimizin timsalında aydın görmək mümkündür. Müxtəlif bölgələrdə doğulub boya-başa çatmalarına baxmayaraq, onların hamısını eyni məqsəd - Azərbaycanın ərazi bütövlüyü və suverenliyi qorumaq amalına sədaqət birləşdirir. Gündəlik xidmətdə nümayiş etdirdikləri məsuliyyət və nizam-intizam bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsinə mühüm töhfə verir. Məhz belə hərbi qulluqçularımızın sayəsində Azərbaycan Ordusu qarşıya qoyulan tapşırıqları bundan sonra da müvəffəqiyyətlə yerinə yetirəcəkdir.

 

Əli ABIYEV

"Azərbaycan Ordusu"