AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müasir döyüş əməliyyatlarında snayperlər xüsusi hazırlığa malik hərbi qulluqçular hesab olunurlar. Onların əsas vəzifələri uzaq məsafələrdən hədəfləri yüksək dəqiqliklə məhv etmək, müşahidə və kəşfiyyat aparmaq, əldə olunan məlumatları vaxtında komandanlığa çatdırmaqdan ibarətdir. Yüksək peşəkarlıq, səbir, dözümlülük və diqqət tələb edən bu ixtisas hərbi xidmətin ən məsuliyyətli sahələrindən biri sayılır.
"Snayper" termini ingilis dilində çətin vurulan "snipe" quşunun adından yaranıb. Bu quş çox sürətlə və ziqzaqvari uçduğu üçün onu vurmaq fövqəladə atıcılıq bacarığı tələb edirdi. 1770-ci illərdə Hindistandakı britaniyalı əsgərlər bu quşu ovlamaq üçün yarışlar təşkil edirdilər. Havada bu çətin hədəfi vurmağı bacaran mahir ovçulara "sniper" yəni, snipe quşunu vuran deyilirdi.
Sniper sözü rəsmi olaraq 1824-cü ildə lüğətlərə daxil oldu. Birinci Dünya müharibəsi zamanı isə ovçuluq leksikonundan hərb sahəsinə keçərək uzaq məsafədən dəqiq atəş açan gizli əsgərlərin rəsmi adı oldu.
Tarixən snayperlərdən geniş şəkildə XIX əsrdən etibarən istifadə olunmağa başlanıb. Birinci və İkinci Dünya müharibələri dövründə onların döyüş əməliyyatlarındakı rolu daha da artıb. Bu gün isə snayperlər dünyanın qabaqcıl ordularında xüsusi hazırlıqlı hərbi qulluqçular kimi mühüm tapşırıqlar icra edirlər.
Azərbaycan Ordusunda da snayperlərin döyüş hazırlığı daim diqqət mərkəzində saxlanılır. Hərbi qulluqçular müasir silah və cihazlardan istifadə qaydalarını mənimsəyir, maskalanma, müşahidə, kəşfiyyat, taktiki fəaliyyət və dəqiq atıcılıq üzrə hazırlıq keçirlər. Təlim və məşğələlər zamanı müxtəlif relyef şəraitində fəaliyyət, fərdi və qrup halında tapşırıqların icrası, həmçinin şərti düşmənin mühüm hədəflərinin zərərsizləşdirilməsi üzrə bacarıqlar təkmilləşdirilir.
Bu çətin ixtisası seçənlərdən biri də əsgər Elgün Mehbalıyevdir. Elgün artıq 9 aydır ki, hərbi xidmətdədir. O, xidmətə başlamazdan əvvəl Azərbaycan Memarlıq və İnşaat Universitetində "Hidrotexnik mühəndis" ixtisası üzrə ali təhsil alıb.
Əsgər Mehbalıyev bildirdi ki, snayper peşəsinə marağı hələ gənc yaşlarından yaranıb. Oxuduğu kitablar və izlədiyi hərbi mövzulu filmlər onda bu ixtisasa xüsusi maraq formalaşdırıb. Snayperlərin peşəkarlığı, dəqiqliyi və çətin şəraitdə fəaliyyət göstərmək bacarığı onun diqqətini cəlb edib. "Hələ məktəb illərindən hərb sahəsinə böyük maraq göstərirdim. Hərbi mövzuda kitablar oxuyur, filmlər izləyirdim. Xüsusilə snayperlərin fəaliyyəti məni daha çox cəlb edirdi. Onların yüksək hazırlığı, səbirli olması, məsuliyyətli qərarlar qəbul etməsi və qarşıya qoyulan tapşırıqları dəqiqliklə yerinə yetirməsi məndə bu peşəyə maraq yaratdı. Azərbaycan Ordusunun sıralarında xidmətə başladıqdan sonra bu sahədə özümü sınamaq qərarına gəldim. Keçdiyim müvafiq hazırlıq kursları və təlimlər sayəsində snayper kimi formalaşdım. İxtisasımız səbir, diqqət, soyuqqanlılıq və peşəkarlıq tələb edir".
Hərbi xidmət dövründə bu sahədə bilik və bacarıqlarını daha da inkişaf etdirən əsgər Mehbalıyev müxtəlif növ atıcılıq məşğələlərində iştirak edir, optik və mexaniki nişangahlardan istifadə qaydalarını mənimsəyir. O, hədəfin məsafəsinin müəyyən edilməsi, müşahidənin aparılması, maskalanma üsullarının tətbiqi və atəşin dəqiqliyinin artırılması istiqamətində öz üzərində mütəmadi çalışır.
Əsgərin sözlərinə görə snayper üçün yalnız silahdan düzgün istifadə etmək kifayət deyil. “Bu peşə sahibindən yüksək fiziki hazırlıq, psixoloji dayanıqlıq, soyuqqanlılıq və səbir tələb olunur. Bəzən uzun müddət eyni mövqedə qalmaq, ətraf mühiti diqqətlə izləmək və qısa zaman ərzində düzgün qərar qəbul etmək lazım gəlir”.
Döyüş hazırlığı tədbirləri zamanı snayperlər müxtəlif hava və relyef şəraitində tapşırıqlar yerinə yetirir, fərqli məsafələrdə yerləşən hədəflərə atəş açırlar. Bu məşğələlər onların peşə hazırlığının artırılmasına, praktiki vərdişlərinin təkmilləşdirilməsinə və qarşıya qoyulan tapşırıqları daha dəqiq icra etmələrinə imkan yaradır.
Azərbaycan Ordusunda xidmət etməyi böyük şərəf hesab edən əsgər Elgün Mehbalıyev gələcəkdə də öz üzərində çalışaraq bilik və bacarıqlarını artırmağı qarşısına məqsəd qoyub. O, hər bir Azərbaycan hərbçisi kimi, Vətən qarşısında üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışdığını bildirdi.
Peşəkar, səbirli və yüksək məsuliyyətli snayperlər Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılmasında mühüm rol oynayırlar. Bu sahədə xidmət edən hərbi qulluqçuların hazırlığının daim təkmilləşdirilməsi ordumuzun gücünün və döyüş imkanlarının daha da artırılmasına xidmət edir.
Əli ABIYEV
"Azərbaycan Ordusu"