AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müasir Azərbaycan Ordusunun gücü və qazandığı uğurlar hər bir hərbi qulluqçunun fədakar xidməti sayəsində mümkün olur. Vətən qarşısında məsuliyyət hissi ilə xidmət edən, peşəkar bilik və bacarıqlarını daim inkişaf etdirən hərbçilər ordumuzun etibarlı dayağıdırlar. Baş gizir Vüsal Fərman oğlu Yunisov da xidmət yolu ilə bu etimadı doğruldan hərbi qulluqçular sırasındadır.
O, 26 aprel 1988-ci ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olub. Onun uşaqlıq illəri ölkəmizin taleyində mürəkkəb dövrə təsadüf edib. 1992-ci ilin aprelində doğma kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bu hadisə ailəsinin və yaxınlarının həyatında dərin iz buraxıb. Atasının Birinci Qarabağ müharibəsi iştirakçısı və II qrup əlil olması Vüsalın vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayıb. Sonralar atasını itirsə də, onun həyat yolu və Vətənə bağlılığı Vüsal üçün hər zaman örnək olub.
Gənc yaşlarından hərbi peşəyə maraq göstərən Vüsal Yunisov 2007-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Xidmət dövründə intizamı, çalışqanlığı və tapşırıqlara məsuliyyətlə yanaşması ilə fərqlənərək komandanlığın etimadını qazanıb. Daim öz üzərində işləməsi və peşəkar biliklərini artırmağa can atması onun gələcək hərbi fəaliyyətində mühüm rol oynayıb.
2014-cü ildə "Gizir hazırlığı kursu"nu müvəffəqiyyətlə başa vurduqdan sonra artilleriya sahəsində xidmətini davam etdirib. Həmin dövrdən etibarən xidmət etdiyi hərbi hissədə müxtəlif vəzifələrdə çalışaraq topladığı təcrübəni daha da zənginləşdirib. Döyüş texnikasının idarə olunması, atəş tapşırıqlarının icrası və şəxsi heyətin hazırlığı sahəsində qazandığı biliklər sonrakı fəaliyyətində özünü aydın şəkildə göstərib.
V.Yunisov xidmət etdiyi illər ərzində keçirilən təlimlərdə də fəallığı ilə seçilib. 2017-ci ildə briqadanın döyüş atışlı tank təlimində nümayiş etdirdiyi yüksək nəticələrə görə komandanlıq tərəfindən mükafatlandırılıb.
2018-ci ildə taborun baş çavuşu vəzifəsinə təyin edilən Vüsal Yunisov şəxsi heyətin hazırlığı, intizamın qorunması və xidmətin düzgün təşkili istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Həmin il Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunan hərbi paradda iştirak etməsi də onun xidmət yolunda əlamətdar hadisələrdən biri kimi yer alıb.
2020-ci ildə başlayan Vətən müharibəsi hər bir Azərbaycan vətəndaşı kimi, onun da həyatında xüsusi yer tutur. O, döyüşlərə könüllü olaraq qatılıb və divizionun tərkibində top komandiri kimi fəaliyyət göstərib. Suqovuşan və Talış istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edən Vüsal üzərinə düşən tapşırıqları dəqiq və vaxtında yerinə yetirərək döyüş yoldaşları ilə birlikdə qələbənin qazanılmasına öz töhfəsini verib.
Vətən müharibəsində əldə olunan tarixi Zəfər Azərbaycan Ordusunun gücünü və peşəkarlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Döyüş əməliyyatlarında göstərdiyi xidmətlər dövlət tərəfindən yüksək qiymətləndirilib və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Bu gün də xidmətini davam etdirən baş gizir Vüsal Yunisov hərbi qulluqçu üçün vacib olan keyfiyyətləri öz xidməti fəaliyyətində yaşadır. O, gənc hərbi qulluqçulara nümunə göstərilən, məsuliyyətli, intizamlı və peşəsinə bağlı hərbçilərdəndir. Komandanlığın tapşırıqlarını dəqiqliklə yerinə yetirməsi, kollektivdə qazandığı hörmət onu nümunəvi hərbi qulluqçu kimi tanıdıb.
Azərbaycan Ordusunun gücü məhz belə vətənpərvər, peşəkar və sədaqətli hərbçilərin fəaliyyəti ilə daha da artır. Baş gizir Vüsal Yunisovun keçdiyi xidmət yolu göstərir ki, Vətənə bağlılıq, zəhmət və məsuliyyət hissi hər bir uğurun əsasını təşkil edir. Doğma torpaqların müdafiəsini həyat amalı seçən belə hərbçilər dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısı olmaqla yanaşı, gənc nəslə də örnəkdirlər.
Hüsniyyə NƏSİROVA
"Azərbaycan Ordusu"