Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyun 2026 12:23

Sərhədləri aşan şücaət - polkovnik Osman ağa Gülməmmədov (Osman Kazak)

Osman ağa Gülməmməd ağa oğlu Gülməmmədov 1892-ci il avqustun 16-da Yelizavetpol quberniyasının Qazax qəzasının Salahlı kəndində anadan olub. O, Azərbaycan Xalq Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki, Tərtər və Qarabağ üsyanlarının iştirakçısı Məmməd Qazaxın əmisi, Qori Müəllimlər Seminariyasının məzunu, Qazax Müəllimlər Seminariyasının müəllimi və repressiya qurbanı Əhməd ağa Gülməmmədovun qardaşıdır.
Hərbi xidmətinə 1914-cü ilin sentyabrında könüllü olaraq Qafqaz Yerli Atlı Diviziyasının tərkibində olan Tatar süvari alayında başlayıb. O, 1917-ci ilin avqust ayına qədər həmin alayın tərkibində Avstriya və Rumıniya cəbhələrində gedən hərbi əməliyyatlarda iştirak edib. Hərbi xidmətə sıravi əsgər kimi başlayıb. 8 yanvar 1915-ci ildə "kiçik unter" zabit rütbəsi alıb. 1915-ci ilin fevralında Avstriya cəbhəsindəki Brigen şəhəri uğrunda gedən döyüşlərdə yaralanıb. 1916-cı il martın 22-də "baş unter" və 1917-ci il iyunun 29-da "milis yunkeri" rütbəsi ilə təltif olunub. Cəbhədə göstərdiyi qəhrəmanlıqlara görə 2-ci, 3-cü və 4-cü dərəcəli "Müqəddəs Georgi" xaçı, 2-ci, 3-cü və 4-cü dərəcəli "Müqəddəs Georgi" medalı ilə təltif olunub.
1917-ci ilin payızında Qafqaz Yerli Atlı Diviziyasının alayları Qafqaza geri dönüblər. 1917-ci il dekabrın 11-də Xüsusi Zaqafqaziya Komitəsinin qərarı ilə azərbaycanlılardan ibarət Müsəlman Korpusu yaradılıb. Əlağa Şıxlinskinin rəhbərlik etdiyi korpusun tərkibinə Tatar süvari alayı da daxil idi. Osman ağa bu alayın tərkibində xidmətini davam etdirib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra iyunun 26-da Müsəlman Korpusu Əlahiddə Azərbaycan Korpusu adlandırılıb və Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun əsası qoyulub.
Osman ağa Gülməmmədov 1918-ci ildə Kürdəmir, Müsüslü, Sanqaçal döyüşlərində daşnak-bolşeviklərə qarşı vuruşub. Bu döyüşlərdə onun süvari dəstəsi düşməndən 106 nəfər əsgər, 3 zabit, 1 həkim əsir alıb, 3 pulemyot isə qənimət olaraq götürüb.
O, 1918-ci ilin sentyabrında Bakı döyüşlərinin ən fəal iştirakçılarından biri olub. Avqustun 17-də Tatar süvari alayının bir bölüyünə Balaxanı kəndindən şimal-qərbdə yerləşən təpəni tutmaq əmri verilib. O.Gülməmmədov kəşfiyyata göndərilib. Qarşı tərəfin mövqelərini öyrənəndən sonra onların arxasına keçərək, vahimə yaratmaq və bununla da hücum edən bölüyün işini asanlaşdırmaq üçün süvari bölüklə həmlə edib.
Düşmən bölüyünün cinahında olan Osman ağa Gülməmmədov şiddətli pulemyot və tüfəng atəşi ilə üzləşib. O, şücaət və mərdliklə vuruşub, fədakarlıq və igidlik nümunəsi göstərərək düşmənin güclü və sayca xeyli çox olmasına baxmayaraq, əlbəyaxa döyüşlə nəticələnən döyüşdə onların müqavimətini qırıb. Hücum zamanı cəsur Osman ağa Gülməmmədovun atı yaralanıb, lakin buna baxmayaraq, o, döyüşə-döyüşə düşmən sıralarına divan tutub. Bu güclü hücuma davam gətirməyən düşmən çoxlu sayda itki verib, qalanları isə qaçıb. Düşmənin 1 zabiti, 1 həkimi, 49 əsgəri əsir götürülüb və 3 pulemyotu qənimət kimi ələ keçirilib. Bakı cəbhəsində bu həmlə həlledici rol oynayıb.
Döyüşlərdə göstərdiyi igidliyə görə Osman ağa Gülməmmədov 1 noyabr 1918-ci ildə "kornet" rütbəsi və general Nuru Paşanın əmri ilə Osmanlının 5-ci dərəcəli "Məcidiyyə" ordeni ilə təltif olunub.
1918-ci il sentyabrın 15-də Bakı işğaldan azad olunduqdan sonra 1918-ci il sentyabrın 23-də Qarabağ hərəkatı başlayıb. Qarabağ hərəkatına qatılan qüvvələrə 9-cu və 106-cı türk alayları, milli könüllü birliklər və 1-ci Azərbaycan diviziyası daxil idi. Osman ağa bu döyüşlərə Tatar Atlı Alayının tərkibində olan atlı bölüyün komandiri kimi qatılıb. 1919-cu ilin yanvarında keçirilən baxış yoxlamasında onun sıralarında döyüşdüyü 1-ci Azərbaycan süvari alayı hərbi nazirin şəxsi təşəkkürünü qazanıb. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin hərbi rütbələr haqqında 1919-cu il 16 may tarixli 26 saylı əmri ilə Osman ağa Gülməmmədova hərbi şücaətlərinə görə "poruçik" rütbəsi verilib, vəzifəsi yüksəldilərək 3-cü bölüyün komandiri təyin olunub. 1919-cu il iyunun 26-da 1-ci Cavanşir piyada alayından 1-ci Tatar Atlı Alayına keçirilib. Denikin qüvvələrinin Azərbaycana hücumu təhlükəsi olduğundan və şimal sərhədlərini qorumaq üçün 1919-cu ilin iyulunda Osman ağanın xidmət etdiyi 1-ci Tatar Atlı Alayı Qusara göndərilib.
1920-ci il martın 21-də erməni-daşnak qüvvələri Əsgəranda yerləşən Cavanşir Piyada Alayının mövqelərinə qəfil hücum edib, Əsgəran keçidini ələ keçərək üsyana başlayıblar. Daha sonra Azərbaycan Ordusu Əsgəran istiqamətində genişmiqyaslı hücuma başlayıb. Milli ordunun zabiti kimi Osman ağa Gülməmmədov da süvari alayın tərkibində 30 martda Gəncəyə gəlib və döyüşlərdə iştirak edib. 
Əsgəranda başlayan şiddətli döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşıb. Aprelin ortalarına qədər davam edən döyüşlərdə düşmən qüvvələri bütünlüklə məhv edilib.
Azərbaycan Xalq Cümhuriyyətinin işğalından sonra bir neçə bölgədə işğala qarşı üsyanlar baş tutub. Osman ağanın xidmət etdiyi 1-ci Tatar Atlı Alayı, Cavanşir Piyada Alayı və digər hərbi birliklərlə birləşərək Nuru Paşanın komandanlığı altında Qarabağ üsyanına qatılıb. İyunun 3-dən 4-nə keçən gecə Şuşaya girərək inqilabi komitənin üzvlərini və fəal kommunistləri həbs ediblər. 
İyunun 15-nə qədər davam edən üsyan əlavə güclərin gətirilməsi və düşmən təyyarələrinin bombardmanı ilə məğlubiyyətə uğrayıb. Bundan sonra Osman ağa Cümhuriyyət Ordusunun Atlı və Piyada Alaylarının sağ qalan əsgərləri ilə bərabər döyüşlərdə iştirak edərək Karyagin və Cəbrayıl istiqamətində geri çəkilib, Araz çayından keçərək İran ərazisinə daxil olublar. Sonra isə Azərbaycan Cümhuriyyətinin Ordusunun qalan hərbçilərinin bir qismi ilə oradan da Türkiyəyə keçiblər. Türkiyə Böyük Millət Məclisinin qərarı ilə bir atlı, bir piyada alayı və topçu batareyasından ibarət Azərbaycan birliyi Kazım Qarabəkir Paşanın komandanlıq etdiyi Şərq ordusunun (XV kolordu) sıralarına qəbul olunub. Osman ağa Gülməmmədov da 1200 nəfərlik Azərbaycan birliyinin tərkibində 56 nəfər zabitdən biri olub.
Osman ağa Gülməmmədov 1920-ci ilin payızından başlayaraq, 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun erməni daşnaklarındın təmizlənməsi ilə sona çatan “Doğu” (Şərq) hərəkatında və Türkiyənin İstiqlaliyyət savaşında iştirak edib. Bu döyüşlərdə göstərdiyi müstəsna igidliklərə görə Osman ağa qırmızı şəridli (bantlı) "İstiqlal" ordeni ilə təltif edilib. Bu ordeni Mustafa Kamal Atatürkün şəxsən onun sinəsinə asdığı deyilir.
O.Gülməmmədov Qurtuluş savaşından sonra orduda qalaraq hərbi xidmətini davam etdirib və "albay" (polkovnik) rütbəsinə qədər yüksəlib.
1934-cü il iyunun 21-də Türkiyədə qəbul edilən "Soyad qanunu"ndan sonra Osman ağa Gülməmmədov özünə "Kazak" soyadını götürüb.
Təqaüdə çıxdıqdan sonra Qarsda yaşayıb. Qars vilayət məclisinə üzv seçilib. 1950-ci il noyabrın 1-də vəfat edib. Qars şəhidliyində mərasimlə dəfn olunub. 
Osman Kazak 1931-ci ildə Qarsda hərbi xidmətdə ikən Nəzakət adlı xanımla ailə qurub. Onların bu evlilikdən Xəzər, Mahmud, Erdal adlı oğulları, Türkan, Fatma, Lalə və Yüksəl adlı qızları dünyaya gəlib.

 

"Azərbaycan Ordusu"