AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Ordusunda hərbi qulluqçuların peşəkar hazırlığının əsas istiqamətlərindən biri sıra hazırlığıdır. Sıra hazırlığı şəxsi heyətdə hərbi intizamın möhkəmləndirilməsinə, kollektiv fəaliyyət vərdişlərinin formalaşdırılmasına, verilən komandaların dəqiq və vaxtında yerinə yetirilməsinə xidmət edir. Bu hazırlıq növü hərbi qulluqçuların xarici görünüşündən tutmuş, onların birgə hərəkətetmə bacarıqlarına qədər bir çox vacib keyfiyyətlərin inkişafında mühüm rol oynayır.
Hərbi hissələrdə keçirilən sıra hazırlığı məşğələləri günün nizam qaydasına uyğun olaraq planlı şəkildə təşkil olunur. Məşğələlərdə şəxsi heyət sıra hərəkətinin elementlərini mənimsəyir. Bu prosesə komandir heyətinin peşəkar yanaşması xüsusi əhəmiyyət kəsb edir.
"N" hərbi hissəsində sıra hazırlığı məşğələsinə rəhbərlik edən baş leytenant Rəsul Quliyev hərbi təhsilini uğurla başa vurmuş gənc zabitlərimizdəndir. O, əvvəlcə Heydər Əliyev adına Hərbi Liseydə, daha sonra isə indiki Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alıb. Qazandığı bilik və bacarıqlarını daha da təkmilləşdirmək məqsədilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Zabit ixtisas kursu" keçib. 2023-cü ilin iyulundan "N" hərbi hissəsində taqım komandiri kimi şəxsi heyətin hazırlığında yaxından iştirak edir.
Baş leytenant Rəsul Quliyev hesab edir ki, sıra hazırlığı hərbi qulluqçunun formalaşmasının əsas mərhələlərindən biridir. Onun sözlərinə görə sıra meydanında qazanılan hərbi intizam sonradan döyüş hazırlığında və xidməti fəaliyyətin digər istiqamətlərində də özünü göstərir. "Hərbi hissədə keçirilən sıra hazırlığı məşğələləri sıraya düzülmə, sırada hərəkət etmə, komandaların yerinə yetirilməsi, hərbi salamvermə qaydaları, silahla və silahsız sıra hərəkətlərinin icrası kimi müxtəlif istiqamətləri əhatə edir. Bu məşğələlər şəxsi heyətin vahid kollektiv kimi fəaliyyət göstərməsini təmin edir, hərbi intizamı möhkəmləndirir və döyüş hazırlığının yüksəldilməsinə xidmət edir".
Şəxsi heyətin hazırlanmasında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəsur Cəsarətoğlunun da xüsusi rolu var. Yeddi ildir ki, Azərbaycan Ordusunun sıralarında xidmət edən hərbi qulluqçumuz 44 günlük Vətən müharibəsində iştirak edib və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəsur Cəsarətoğlu qazandığı döyüş təcrübəsini gənc əsgərlərlə bölüşür, onlara hərbi xidmətin vacibliyini, hərbi intizamın əhəmiyyətini və komandaların dəqiq yerinə yetirilməsinin döyüş şəraitindəki rolunu izah edir. Onun nəzarəti altında keçirilən məşğələlər şəxsi heyətin sıra hazırlığı bacarıqlarının inkişafına mühüm töhfə verir.
Sıra hazırlığında iştirak edən əsgərlər də məşğələlərə böyük məsuliyyət və həvəslə yanaşırlar. Əslən Tərtər rayonundan olan əsgər Səid Həsənov artıq 10 aydır ki, hərbi xidmətdədir. O, sıra hazırlığının onda məsuliyyət hissini daha da artırdığını bildirdi. Onun sözlərinə görə müntəzəm məşğələlər sayəsində komandaları daha sürətli və dəqiq yerinə yetirməyi öyrənib.
Cəlilabad rayonundan olan əsgər İbrahim Həsənov sıra hazırlığının kollektiv ruhun formalaşmasında mühüm rol oynadığını qeyd etdi. Əsgərin fikrincə, sırada hər kəsin eyni anda və eyni qaydada hərəkət etməsi birlik və qarşılıqlı məsuliyyət hissini gücləndirir.
Əslən Masallı rayonundan olan əsgər Kənan Əkbərov artıq xidmət müddətinin böyük hissəsini başa vurub. Bu müddət ərzində qazandığı təcrübə ona gənc əsgər yoldaşlarına dəstək olmasına imkan verir. O, sıra hazırlığının şəxsi heyətin intizamlı və çevik fəaliyyət göstərməsində mühüm rol oynadığını vurğuladı.
Əslən Tovuz rayonundan olan əsgər İlkin Süleymanov isə xidmətə başladığı ilk günlərlə müqayisədə özündə ciddi dəyişikliklər hiss etdiyini bildirdi. Vətən müdafiəçisi qeyd etdi ki, sıra hazırlığı onun özünəinamının və məsuliyyət hissinin artmasına kömək edib.
İsmayıllı rayonundan olan əsgər Ümid Dəmirov və Bakı şəhərindən olan əsgər Mehrab Mustafayev da keçirilən məşğələlərdə fəallıqları ilə seçilirlər. Onlar sıra hazırlığının hərbi qulluqçularda dəqiqlik, operativlik və hərbi intizam keyfiyyətlərinin formalaşdırılmasında mühüm rol oynadığını bildirdilər.
Bakı şəhərindən olan əsgər Məhərrəm Babayev isə 13 aydır xidmət edir. O, hesab edir ki, sıra hazırlığı təkcə hərbi vərdişlərin deyil, eyni zamanda, xarakterin formalaşmasına da təsir edir. Məşğələlər zamanı əldə olunan bacarıqlar gündəlik xidmətdə və kollektiv fəaliyyət zamanı özünü aydın şəkildə göstərir.
Komandirlər tərəfindən bölmələrdə digər məşğələlər kimi, sıra hazırlığı məşğələsinə də göstərilən diqqət hərbi qulluqçuların peşəkarlığının artırılmasına, hərbi intizamın daha da möhkəmləndirilməsinə və şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsinə mühüm töhfə verir. Bilikli və təcrübəli hərbi qulluqçularımızın sayəsində bölmələrdə müvafiq hazırlıq prosesləri plana uyğun olaraq uğurla davam etdirilir.
Şəlalə CAMAL
"Azərbaycan Ordusu"