AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
"Təlimdə tər tökən əsgər, döyüşdə qan tökməz" - bu fikirlər dünya və Rusiya hərb tarixinin ən qüdrətli sərkərdələrindən biri olan Aleksandr Suvorova aiddir. Tarixin sınağından çıxan bu kəlamı hərbçilərimiz də tez-tez xatırlayırlar. Ötən əsrin sonuncu on illiyində xalqımız öz müstəqilliyinə yenidən qovuşdu. Elə müstəqilliklə bərabər ərazi bütövlüyümüzə qarşı erməni təcavüzü ilə üz-üzə qaldıq. Müharibələr oldu, torpaq, insan itkisi verdik. Nə qədər acı olsa da, müvəqqəti məğlubiyyət yaşadıq. Amma xalq olaraq heç vaxt ruhdan düşmədik. İşğal altında olan torpaqlarımızı azad etmək üçün səylərimizi daha da artırdıq.
Azərbaycan Ordusunun döyüş yolu inkişaf etmiş ölkələrin orduları üçün də gözlənilməz oldu. Onlar ordumuzun döyüş təcrübəsini, hərbi qulluqçularımızın ruh yüksəkliyini öz ordularında tətbiq etmək qərarına gəliblər. Gənc bir dövlətin ordusunun belə bir döyüş təcrübəsinə malik olması söz yox ki, komandir heyətinin zəngin əməyinin bəhrəsidir. Hərbi qulluqçularımız bu gün də bilik və bacarıqlarını durmadan artırırlar. Onlar təsdiq olunmuş döyüş hazırlığı planına əsasən müntəzəm olaraq təlimlərə cəlb olunurlar.
...Yarım dağlıq ərazidə hazırlanmış təlim sahəsində əsgərlər çöl məşğələsinə cəlb olunmuşdular. Kapitan Maarif Zeynalov təcrübəli, döyüş yolu keçmiş hərbçilərimizdəndir. O dedi ki, yaradılmış təlim sahəsində demək olar ki, bütün hərbi ixtisaslar üzrə taktiki zolaqlar hazırlanıb. Əsgərlərin döyüş vaxtı üzləşəcəyi maneələr burada quraşdırılıb. Onlara təcrübəli komandirlər tərəfindən həmin maneələrin aşılması, müdafiə mövqeyinin tutulması, eləcə də digər lazımi praktiki vərdişlər aşılanır.
Yaxınlıqda diqqətimizi çəkən motoatıcı manqa hazırlığını davam etdirirdi. Manqa komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Feyruz Namazov maneələr zolağının keçilməsi qaydalarını əsgərlərə izah edirdi. Feyruz 6 ildir ki, manqa komandiri kimi xidmət edir. Gədəbəy rayonunun Kiçik Qaramurad kəndindəndir. O bildirdi ki, müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra gələcək həyatını ordu sıralarında xidmət etməklə davam etdirmək qərarına gəlib. "Tərxis olunandan sonra "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na sənədlərimi təqdim etdim və imtahandan müvəffəqiyyətlə keçdim. Manqa komandiri kimi xidmətə başlayandan sonra qarşıma məqsəd qoydum ki, əldə etdiyim hərbi bilikləri əsgərlərə aşılayım”.
Vəzifə borclarımı, hərbi nizamnamələri daha dərindən öyrənirəm. Əsgərlərə izah edirəm ki, döyüş vaxtı ərazidə müxtəlif cisimlər ola bilər - daş, kötük və başqa maneələr kimi. Hücum edən əsgər həmin maneələrin arxasında özünə mövqe seçməlidir. Döyüşçü özünü düşməndən qorumaqla yanaşı, döyüş atışını təhlükəsiz şəkildə həyata keçirməyi bacarmalıdır. Bu incəlikləri bilən əsgərin döyüş tapşırığını uğurla yerinə yetirmək ehtimalı çoxdur".
Əsgər Tahir Əvəzli öyrədilənləri yetərincə mənimsəyib. Dəfələrlə çöl təlimlərində iştirak edib, döyüş atışlı çalışmaları yerinə yetirib. Həmişə taktiki təlimdə və atışda yüksək nəticə göstərib. Bu səbəbdən də komandirlərin hörmətini qazanıb. Əsgər Tahir Əvəzli “döyüşə” vəziyyətinə ən qısa zamanda gəlir. Yəni, ayrılan vaxtdan bir qədər tez tapşırığı icra edir.
Atıcı əsgərlərdən Ramazan Eyvazov, Cavid Həsrətov, Hüseyn Məşədiyev və başqaları maneələr zolağını asanlıqla keçirdilər. Əsgərlər verilən hər bir komandanı daha çevik icra edirdilər.
Əsgər Ülvi Kərimov üçün hərbi xidmət böyük bir məktəbdir. O, burada hərbin incəliklərini dərindən mənimsəyib. "Artıq torpaqlarımız işğaldan azad olunub, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Düşünürəm ki, İkinci Qarabağ müharibəsindən sonra ermənilər bir daha ərazi iddiasına düşməyəcəklər. Çünki onlar Azərbaycan Ordusunun gücünü 44 günlük Vətən müharibəsində gördülər. Bu gün müharibənin başa çatmasına baxmayaraq, biz öz bilik və bacarıqlarımızı durmadan artırır, komandirlərimizin öyrətdiklərini dərindən mənimsəməyə çalışırıq".
Əsgəri sevdirən, uca edən onun ruh yüksəkliyi və peşəkarlığıdır. Təlim meydanında əsgərlər durmadan dərsin mövzusuna uyğun çalışmaları yerinə yetirməklə nəzəri biliklərini, praktiki vərdişlərini artırırlar. Kapitan Maarif Zeynalov da təlim yerində əsgərlərin yol verdikləri ən kiçik nöqsanları görür və yerində aradan qaldırmaqla onların praktiki vərdişlərinin təkmilləşməsinə yardımçı olurdu.
Gördüklərimiz bir daha onu deməyə əsas verir ki, ordumuz öz döyüş qabiliyyətini yüksəltməklə dövlətimizin qüdrətini artırır. Əsgərlərə xidmətlərində uğurlar arzulayıb, təlim yerindən xoş ovqatla ayrıldıq.
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"