AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Bir xalqın keçdiyi yolu, qazandığı qələbələri, göstərdiyi igidlik və şücaət nümunələrini yaddaşlarda yaşatmaq üçün müxtəlif vasitələrdən istifadə olunub. Bu baxımdan müasir dövrdə informasiya və təbliğat fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Xüsusilə ordu quruculuğu prosesində hərb tariximizin qəhrəmanlıq səhifələrinin qorunması, Azərbaycan Ordusunun qüdrətinin, döyüş əməliyyatlarında hərbi qulluqçularımızın göstərdiyi misilsiz şücaət nümunələrinin ictimaiyyətə çatdırılması istiqamətində təbliğat ən təsirli və güclü vasitələrdən biridir.
Yaradılmasının 33-cü ildönümünü qeyd edən Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının Multimedia Mərkəzi fəaliyyət göstərdiyi illər ərzində çətin və şərəfli yol keçərək hərbi jurnalistika sahəsində özünəməxsus yer tutub. Birinci Qarabağ müharibəsindən başlayaraq 44 günlük Vətən müharibəsinə, eləcə də ondan sonrakı digər uğurlu əməliyyatlara qədər uzanan dövrdə mərkəzin əməkdaşları Azərbaycanın hərb tarixinin ən mühüm məqamlarını lentə alıb, döyüş xronikasının yaradılmasında mühüm missiya yerinə yetirib, qəhrəmanlıq salnaməmizin formalaşdırılmasına böyük töhfə veriblər. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı Multimedia Mərkəzi tərəfindən çəkilən görüntülər bu gün də tarixi sənəd kimi böyük əhəmiyyət daşıyır.
Əsası Azərbaycan Respublikasının müdafiə nazirinin 1993-cü il 2 iyun tarixli müvafiq əmri ilə qoyulan mərkəz "Sənədli Filmlər Kino-Telestudiyası" adı ilə fəaliyyətə başlayaraq böyük inkişaf yolu keçib. Yarandığı ilk gündən etibarən mərkəzin əməkdaşları ən çətin və təhlükəli şəraitdə fəaliyyət göstəriblər. Döyüşlərin getdiyi ərazilərdən operativ çəkilişlərin hazırlanması, hərbi əməliyyatların gedişinin sənədləşdirilməsi onların əsas fəaliyyət istiqamətlərindən biri olub. Müstəqilliyimizin ilk illərində həyata keçirilən ordu quruculuğu prosesinin geniş işıqlandırılmasında da Multimedia Mərkəzinin xüsusi xidmətləri var. Hərbi hissələrin fəaliyyəti, döyüş hazırlığı, şəxsi heyətin xidməti, eləcə də hərbi sahədə həyata keçirilən yeniliklər ictimaiyyətə bu yaradıcı kollektiv vasitəsilə çatdırılıb.
Azərbaycanın şanlı hərb tarixini əks etdirən çoxsaylı sənədli filmlərin ərsəyə gəlməsində, Birinci Qarabağ müharibəsinin qəhrəmanlarına həsr olunan ekran əsərlərinin hazırlanmasında mərkəzin yaradıcı heyətinin böyük əməyi olub. Bununla yanaşı, hərbi tədris prosesinin daha səmərəli təşkili məqsədilə müxtəlif tədris filmləri, əyani vəsaitlər və metodiki videomateriallar hazırlanıb. Bu məhsullar şəxsi heyətin peşəkarlığının artırılmasına və hərbi biliklərinin təkmilləşdirilməsinə mühüm töhfə verib.
Mərkəzin keçdiyi yola nəzər saldıqda görürük ki, ordumuzun gündəlik həyatı, şəxsi heyətin xidmət fəaliyyəti, əsgər və zabitlərin göstərdiyi fədakarlıq nümunələri məhz bu kollektivin hazırladığı materiallar vasitəsilə ictimaiyyətə çatdırılıb. Hərbi qulluqçuların uğurları, qazandıqları nailiyyətlər və göstərdikləri qəhrəmanlıqlar geniş auditoriyaya təqdim edilərək gənclərdə vətənpərvərlik hissinin güclənməsinə xidmət edib.
Bu gün də Multimedia Mərkəzi öz ənənələrinə sadiq qalaraq xidməti fəaliyyətini uğurla davam etdirir. Şəxsi heyət üzərinə düşən vəzifələri məsuliyyət hissi ilə yerinə yetirir. Azərbaycan Ordusunda həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində mərkəzin maddi-texniki bazası daha da gücləndirilib, müasir texnologiyalar və yeni nəsil avadanlıqlarla təchiz olunub. Bu isə fəaliyyətin operativliyini və keyfiyyətini daha da artırıb.
Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıq sahəsində əldə edilən uğurların təbliğində, ordunun fəaliyyətinin obyektiv işıqlandırılmasında və xüsusilə Vətən müharibəsində qazanılan tarixi Qələbənin dünyaya çatdırılmasında mərkəzin kollektivinin böyük xidmətləri olub. Torpaqlarımızın azad olunması uğrunda gedən döyüş əməliyyatları zamanı mərkəzin əməkdaşları ön cəbhədə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər. Yaradıcı heyət tərəfindən 44 gün ərzində hazırlanan foto və videomateriallarla Azərbaycan Ordusunun uğurlarını operativ şəkildə ictimaiyyətə çatdırdı. Vətən müharibəsində qazanılan Zəfərdən sonra Multimedia Mərkəzinin bir qrup əməkdaşı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Hərbi xidmətlərə görə" və digər medallara, eləcə də müdafiə nazirinin müvafiq əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalına layiq görülüb.
Bu gün işğaldan azad edilmiş ərazilərdən hazırlanan reportajlar, sənədli filmlər və xüsusi layihələr vasitəsilə xalqımız uzun illər həsrətində olduğu doğma torpaqları yenidən görür. Aparılan bərpa və quruculuq işləri, doğma yurdlarına qayıdan insanların sevinc dolu anları da mərkəzin hazırladığı materiallarda öz əksini tapır. Bu fəaliyyət həm tarixi yaddaşın qorunmasına, həm də Azərbaycanın postmüharibə dövründə qazandığı nailiyyətlərin təbliğinə xidmət edir.
Əminliklə deyə bilərik ki, Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının Multimedia Mərkəzinin əməkdaşları tərəfindən lentə alınan hər bir kadr, çəkilən hər bir fotoşəkil və hazırlanan hər bir film xalqımızın qəhrəmanlıq tarixinin gələcək nəsillərə çatdırılmasına xidmət edən qiymətli irsdir. Azərbaycanın hərb tarixinin yazılmasında, ordumuzun gücünün və qüdrətinin təbliğində mərkəzin fəaliyyəti bundan sonra da mühüm rol oynamaqda davam edəcək.
Yaradıcı heyətin əməkdaşlarını 33-cü ildönümü münasibətilə təbrik edir, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayırıq.
"Azərbaycan Ordusu"