Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyun 2026 10:31

“Xalq ilə ordunun birliyi dövlətin qüdrətinin əsasını təşkil edir”

"Xalq ilə ordunun birliyi dövlətin qüdrətinin əsasını təşkil edir". Ümummilli Lider Heydər Əliyevin söylədiyi bu fikir Azərbaycanda ordu quruculuğunun təməl fəlsəfəsidir. Müasir tariximiz sübut etdi ki, xalqın öz ordusuna inamı və arxa durması tarixi zəfərlərin ən böyük təminatçısıdır.
Müasir dünyada ordu sadəcə bir dövlətin sərhədlərini qoruyan hərbi güc deyil, həm də cəmiyyətin mənəvi, sosial və mədəni sütunlarından biridir. Ordu və cəmiyyətin inteqrasiyası dövlətin daxili sabitliyinin və xalqın vətənpərvərlik ruhunun ən böyük təminatıdır. Bu qarşılıqlı əlaqə, hərbi hissələrdə keçirilən mədəni tədbirlər, gələcəyin zabitləri olan kursantarın cəmiyyətdəki rolu və valideynlərin hərbi mühitə cəlb olunması kimi vacib amillərlə formalaşır.  
Ordu və cəmiyyət bir-birindən ayrı mütaliə edilə bilməyən, vahid bir orqanizmin iki əsas hissəsidir. Tarix sübut edib ki, cəmiyyətin mənəvi dəstəyi olmadan ən güclü silahlarla silahlanmış ordu belə qələbə qazana bilməz. Eyni zamanda, güclü və nizamlı ordusu olmayan bir cəmiyyət hər an öz azadlığını və suverenliyini itirmək təhlükəsi ilə üz-üzədir.
Hərbi xidmət təkcə fiziki hazırlıq və silahla rəftar etmək bacarığı deyil, o, həm də yüksək mənəvi-psixoloji dözümlülük tələb edir. Müdafiə Nazirliyinin xətti ilə tanınmış mədəniyyət xadimlərinin, yazıçıların və sənətkarların ön xətdə və arxa cəbhədə yerləşən hərbi hissələrdə əsgərlərlə görüşləri mütəmadi xarakter daşıyır. Mədəni-kütləvi tədbirlər əsgərlərin döyüş ruhunun yüksəldilməsində əvəzsiz rol oynayır. Təşkil olunan konsert proqramları və teatr tamaşaları şəxsi heyətin asudə vaxtını səmərəli təşkil edir, onları gündəlik xidməti gərginlikdən uzaqlaşdırır. Dövlət bayramları, tarixi qələbələr və anım günlərində keçirilən tədbirlər şəxsi heyətə milli kimliyimizi, qəhrəmanlıq tariximizi xatırladır.
Hərbi hissələrdə fəaliyyət göstərən kitabxanalar və əsgərlər arasında təşkil olunan intellektual yarışlar, müxtəlif viktorinalar onların dünyagörüşünün genişlənməsinə və analitik düşüncəsinin inkişafına kömək edir.
Kursantlar cəmiyyət içərisində (ictimai fəaliyyətlərdə, küçədə, kütləvi tədbirlərdə) öz nizam-intizamı, səliqəli forması və davranışı ilə gənclərə nümunə olurlar. Tez-tez müxtəlif sosial layihələrdə, ağacəkmə kampaniyalarında, qanvermə aksiyalarında və könüllülük hərəkatlarında fəal iştirak edirlər. Bu, onlara cəmiyyətlə sıx bağlar qurmağa kömək edir. Kursantların məktəblilərlə keçirdiyi görüşlər, hərbi-idman oyunlarında iştirakı yeniyetmələrdə hərbi peşəyə qarşı böyük maraq və sevgi yaradır.
Kursantların mədəni tədbirlərə, teatra getməsi onların daxili dünyasını, estetik zövqünü formalaşdırır, bu sadəcə asudə vaxtın səmərəli keçirilməsi deyil, həm də mənəvi-psixoloji hazırlığın tərkib hissəsidir. Xüsusilə tarixi dramlar, vətənpərvərlik mövzusunda olan tamaşalar, filmlər gələcəyin zabitlərinə qəhrəmanlıq irsini daha dərindən dərk etməyə imkan verir. Gənc kursant insan psixologiyasını anlamağı, hadisələrə empatiya ilə yanaşmağı öyrənir ki, bu da gələcəkdə rəhbərlik edəcəyi şəxsi heyətlə düzgün ünsiyyət qurmaq üçün vacibdir.
Hər bir əsgər, hər bir kursant və ya zabit bu cəmiyyətin bir parçasıdır. Onlar ailələrin, məktəblərin, universitetlərin yetişdirdiyi gənclərdir. Ona görə də ordudakı nizam-intizam, vətənpərvərlik və mənəviyyat birbaşa cəmiyyətin daxili keyfiyyətindən xəbər verir.
Ordu sadəcə qapalı bir hərbi düşərgə deyil. O, cəmiyyətin ən böyük sosiallaşma institutlarından biridir. Gənclər orduya müxtəlif xarakterlərlə, fərqli ailə mühitlərindən gəlirlər. Lakin hərbi xidmət müddətində onlar vahid məqsəd ətrafında birləşir, paylaşmağı, komanda ruhunu və dövlət məsuliyyətini öyrənirlər.
Digər tərəfdən, cəmiyyətin orduya baxışı da çox önəmlidir. Əgər bir ölkədə ana öz övladını hərbi xidmətə göz yaşları ilə deyil, qürurla, toy-bayramla yola salırsa, deməli, o cəmiyyətdə milli şüur ən yüksək səviyyədədir. Biz bunu 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə aydın gördük. Xalq və ordunun bir yumruq kimi birləşməsi təkcə hərbi qələbə deyil, həm də sosioloji bir fenomendir.
Ordu cəmiyyətin sipəri, cəmiyyət isə ordunun can damarıdır. Bu iki qüvvə bir-birini bəslədikcə dövlət sarsılmaz olur. Hərbi hissələrdə keçirilən mədəni tədbirlər, kursantların intellektual inkişafı və valideynlərin hərbi mühitə inamı məhz bu birliyi möhkəmləndirən ən parlaq nümunələrdir. 
Xidmətə yeni başlamış əsgərin ata-anasının hərbi hissəyə gəlməsi və onun yanında olduğunu hiss etməsi ən böyük psixoloji dəstəkdir. Bu adaptasiya dövrünü xeyli qısaldır. Valideynlərin övladlarının Hərbi And içməsini görməsi böyük qürur mənbəyidir. Hərbi hissələrdə keçirilən andiçmə mərasimləri də əsgərlərin həyatında mühüm və yaddaqalan hadisələrdən biridir. Bu xüsusi gündə valideynlərin və yaxınlarının iştirakı həm əsgərlər, həm də ordunun mənəvi-psixoloji mühiti üçün böyük əhəmiyyət kəsb edir. Əsgərin öz valideynini qarşısında görməsi, Vətənə sədaqət andı içərkən ailəsinin də buna şahidlik etməsi onda məsuliyyət hissini və xidmətə olan motivasiyasını qat-qat artırır. Andiçmə günü hərbi hissələrin qapıları valideynlərin üzünə açılır və onlar üçün xüsusi şərait yaradılır. Valideynlər onlar üçün ayrılmış xüsusi sahədə dayanaraq övladlarının nizamlı addımlarla meydana daxil olmasını, Dövlət Himnini oxumasını və andiçməsini izləyirlər. Ordu rəhbərliyi və ziyalılar valideynlər qarşısında çıxış edərək onları təbrik edir, övladlarının etibarlı əllərdə olduğunu vurğulayırlar. 
Əsgər və kursant valideynlərinin hərbi mühitdəki rolu, onların övladlarına verdiyi mənəvi dəstək ordumuzun daxili gücünü artıran ən mühüm amillərdəndir.
Ordu ilə cəmiyyət arasında ən həssas və doğma bağ valideynlər vasitəsilə qurulur.
Biz hər birimiz ordunun bir əsgəri, hər bir əsgər isə bu cəmiyyətin övladıdır. Evdə anasından xeyir-dua almayan gənc  Vətən naminə böyük rəşadət göstərə bilməz. Ordunun qapılarının cəmiyyətin üzünə açılması dövlətlə xalqın doğmalaşması deməkdir. Ailə və ordu bir-birini tamamlayan mənəvi tərbiyə ocaqlarıdır. Əsgər anasının hərbi hissəyə atdığı hər bir addım Ana Vətən sevgisini artırır. Kursant atasının övladının çiynindəki paqona baxarkən keçirdiyi fərəh hissi cəmiyyətin gələcək zabitinə olan inamın və sevginin təcəssümüdür. Ordunu xalqdan təcrid etmək olmaz, çünki ordu xalqın özüdür. Bu yanaşma müasir ordumuzda keçirilən "Açıq qapı" günlərinin və valideyn ziyarətlərinin sosioloji əhəmiyyətini tam olaraq ortaya qoyur.
Valideynlərin hərbi hissələri ziyarət etməsi həm əsgər, həm ailə, həm də dövlət üçün böyük əhəmiyyət kəsb edir. Evindən, öz mühitindən ayrılıb hərbi xidmətə gələn gənc əsgər üçün valideyninin onu ziyarət etməsi, komandirinin onun ailəsi ilə doğma rəftarını görməsi daxili bir rahatlıq və özünəinam yaradır. Hərbi hissələrdə keçirilən mədəni tədbirlər isə bu böyük mexanizmi doğmalıq və güvənlə birləşdirir. Valideynlərin hərbi hissələrə gəlişi, əsgər yeməyindən dadması, komandanlıqla birbaşa ünsiyyətdə olması ordumuzun cəmiyyətlə qurduğu körpüdür. Andiçmə və buraxılış mərasimlərində ailələrin iştirakı hərbi mühitə bir ailə istiliyi gətirir. Valideynlərə əsgər yataqxanaları (kazarmalar), yeməkxana, tibb məntəqəsi və asudə vaxt otaqları nümayiş etdirilir. Onlar övladlarının hansı şəraitdə xidmət etdiyini öz gözləri ilə görürlər.
Şəffaflıq və ictimai nəzarət də çox vacibdır. Valideynin hərbi hissədə olması şəffaflığın və qarşılıqlı etimadın rəmzidir. Onlar hərbi hissələrin məişət şəraiti ilə tanış olaraq dövlətin əsgərə göstərdiyi qayğının şahidi olurlar. Cəmiyyətdəki şayiələrin qarşısını alır, orduya olan total etimadı möhkəmləndirirlər. Kursant və əsgərlərin ailələri hərbi mühiti yaxından tanıdıqca, öz ətraflarında, məhəllələrində və iş yerlərində ordunun nüfuzunu təbliğ edirlər. Bu, hərbi xidmətin cəmiyyətdə bir şərəf borcu kimi qəbul edilməsini sürətləndirir.
Kursant valideynləri isə tamamilə fərqli bir missiyanı yerinə yetirirlər. Onlar gələcəyin generallarını, polkovniklərini böyüdürlər. Bax, bu, cəmiyyətin hərbiyə verdiyi ən böyük sevgidir. 
Hərbi məktəblərin kursantlarının və xidmətdə fərqlənən əsgərlərin təhsil müəssisələrinə səfərləri gənclər arasında böyük maraq və rəğbətlə qarşılanır. Bu görüşlərin həm orta məktəb şagirdləri, həm də tələbələr üçün fərqli və mühüm əhəmiyyəti var. Müasir məktəblilər üçün formalı, intizamlı və Vətən keşiyində duran bir əsgəri və ya kursantı qarşılarında görmək vizual bir dərsdir. Bu görüşlər "Çağırışaqədərki hərbi hazırlıq" fənninin praktiki davamı rolunu oynayır. Şagirdlər hərbi həyat, kazarmaları və silahların xüsusiyyətləri barədə məlumatları birinci mənbədən öyrənirlər. Kursantlar və mülki universitetlərin tələbələri eyni yaş qrupuna aid gənclərdir. Onların görüşləri təcrübə mübadiləsi xarakteri daşıyır. Tələbələr hərbi intizamın, kursantlar isə elmi-mədəni yeniliklərin sirlərinə bələd olurlar. Mülki gənclərlə hərbi gənclər arasında dostluq bağları qurulur. Bu görüşlərdən sonra yüzlərlə orta məktəb məzunu hərbi peşəni seçməyə qərar verir, hərbi liseylərə və ali hərbi məktəblərə sənəd verir. 
Ordu və cəmiyyət münasibətlərinin ən fəal istiqamətlərindən biri də əsgər və kursantların orta məktəblərdə, universitetlərdə keçirdiyi görüşlər, həmçinin tanınmış yazıçı və şairlərlə olan mütəmadi təmaslarıdır. Bu görüşlər sadəcə rəsmi tədbirlər silsiləsi deyil; burada gəncliyin enerjisi, hərbi intizam sözün qüdrətilə birləşir.
Tarix boyu qələm və silah Vətənin müdafiəsində qoşa addımlayıb. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin, şair və yazıçılarının hərbi hissələrdə, kursant yataqxanalarında və ya mədəniyyət mərkəzlərində əsgərlərlə bir araya gəlməsi böyük bir ənənənin tərkib hissəsidir. Şairlərin vətənpərvərlik mövzusunda oxuduqları gur səsli şeirlər əsgərlərin daxili ruhunu coşdurur. Yazıçıların hərbi hissələrə öz kitablarını hədiyyə etməsi və imza günlərinin keçirilməsi orduda mütaliə mədəniyyətini artırır. Səngərdə və ya növbətçilikdən sonra kitab oxuyan əsgər daxilən daha güclü olur. Məktəblərdə keçirilən görüşlər ordunun cəmiyyətə açılan pəncərəsidirsə, yazıçı və şairlərlə qurulan təmaslar ordunun mənəvi qalxanıdır. Bu vəhdət sübut edir ki, Azərbaycan Ordusu sadəcə hərbi gücdən ibarət deyil; o, elmi, təhsili, ədəbiyyatı və öz xalqını qəlbində daşıyan bütöv bir mənəvi qüvvədir. Təhsil ocaqlarında əsgər salamı ilə başlayan günlər sabahın zəfərlərinin təməl daşlarıdır.
Güclü cəmiyyət güclü ordunu bəsləyir, güclü ordu isə o cəmiyyətin rifahını və təhlükəsizliyini təmin edir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi (QMİ) arasındakı əməkdaşlıq, həmçinin orduda dini bayramların, xüsusilə də Qurban bayramının qeyd olunması milli-mənəvi dəyərlərin qorunması baxımından böyük əhəmiyyət kəsb edir. Hərbi hissələrdə qurbanlıq heyvanlar kəsilir. Kəsilən qurbanların ətindən şəxsi heyət üçün dadlı bayram yeməkləri hazırlanır və əsgər yeməkxanalarında zəngin bayram süfrələri təşkil olunur.
Hərbi təhsil müəssisələrində mayın sonu və iyun ayı kursantlar üçün həm də məzuniyyət və buraxılış dövrüdür. Bu tədbirlərdə gənc zabitlər hərbi təhsil müəssisəsinin döyüş bayrağı ilə vidalaşır, rəsmi marşla tribunanın önündən keçir və dövlət rəhbərliyinin qarşısında Vətənə sadiq xidmət edəcəklərinə dair and içirlər. Bayram günlərində  kursantların hərbi geyimdə, nizamlı dəstələrlə paytaxtın və digər şəhərlərin mərkəzi küçələrində, eləcə də fəxri xiyabanlarda keçirdiyi tədbirlər xalq tərəfindən həmişə böyük coşqu və qürurla qarşılanır. Hərbi paradlar bir dövlətin ordusunun gücünü, hərbi intizamını və texnoloji imkanlarını dünyaya nümayış etdirdiyi ən möhtəşəm platformadır. Bu paradların ön sıralarında məhz hərbi məktəblərin kursantları addımlayırlar. Parada hazırlıq aylarla çəkən gərgin məşqlər tələb edir. Lakin o tribunanın önündən keçən bir neçə dəqiqə bütün çətinlikləri unutdurur. 
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən və tarixi Zəfərimizin rəmzi olan "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında hərbçilərimizin iştirakı da xüsusi mənəvi rəmzi məna daşıyır. Cıdır düzündə uzun fasilədən sonra ilk dəfə təşkil edilən festivalın açılışında fəxri qonaq qismində məhz Azərbaycan hərbçiləri, döyüşlərdə yaralananlar və şəhid ailələri iştirak etmişlər.
Hərbçi anası olmaq sözlə ifadə edilməyən fərqli bir duyğudur. Oğlu xidmətdə olan ananın gözündəki həm o təlaşı, həm də böyük qüruru görmək olur. Azərbaycan anası övladını canından çox sevir, amma söhbət Vətəndən gedəndə 'Vətən sağ olsun!' deməyi də bacarır.

Sevda AŞIROVA

"Azərbaycan Ordusu"