AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Uşaqlar həyatın ən saf, ən pak, ən səmimi və ən dəyərli varlıqlarıdır. Onların gülüşü dünyaya sevinc, baxışları isə ümid gətirir. Hər bir uşaq öz arzuları, düşüncələri və istedadı ilə gələcəyin qurucusu və memarıdır. Buna görə də uşaqların sağlam, xoşbəxt və qayğısız böyüməsi cəmiyyətin ən vacib vəzifələrindən hesab olunur.
Uşaqlıq insan həyatının ən gözəl dövrüdür. Bu dövrdə əldə edilən biliklər, mənəvi dəyərlər və həyat təcrübələri gələcək şəxsiyyətin formalaşmasında mühüm rol oynayır.
Hər bir uşağın təhsil almaq, istirahət etmək, oyun oynamaq, öz fikrini sərbəst ifadə etmək və təhlükəsiz mühitdə yaşamaq hüququ var. Bu hüquqlar qanunvericilikdə də öz əksini tapır. Bu hüquqların qorunması onların sağlam gələcəyinin təmin edilməsinin əsas şərtidir.
Bu günün uşaqları sabahın alimləri, müəllimləri, həkimləri, mühəndisləri, jurnalistləri, hərbi qulluqçuları, polisləri və dövlət xadimləridir. Onların bilikli, vətənpərvər və məsuliyyətli vətəndaş kimi yetişmələri üçün hər birimiz öz töhfəmizi verməliyik. Çünki uşaqların xoşbəxtliyi cəmiyyətin xoşbəxtliyidir.
Təqvimdə də uşaqlar günü xüsusi qeyd edilir. Hər il iyunun 1-i dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Bu günün keçirilməsi barədə qərar 1925-ci ildə Cenevrədə Ümumdünya Konfransında qəbul edilib. Sözügedən tarix uşaqların rifahına həsr olunub. Uşaqların Beynəlxalq Müdafiəsi Günü rəsmi olaraq 1949-cu ilin noyabrında Parisdə Beynəlxalq Demokratik Qadınlar Federasiyası Konqresinin qətnaməsi ilə təsis olunub və ilk dəfə olaraq 1950-ci ildə qeyd edilib.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü yalnız uşaqlar üçün şən bir gün deyil. Bu gün həm də cəmiyyətə uşaqların hüquqlarını qorumağın vacibliyini xatırladır ki, bütün uşaqlar xoşbəxt böyüsün, təhsil alsın, sevdikləri işlə məşğul olsun və gələcəkdə ölkələrinin layiqli vətəndaşları olsunlar. Bu əlamətdar gün uşaqların hüquqlarının qorunmasına, onların sağlam, təhlükəsiz və xoşbəxt mühitdə böyümələrinin vacibliyinə diqqət çəkmək məqsədi daşıyır.
Müasir dünyada uşaqların müdafiəsi sahəsində mühüm addımlar atılır. Azərbaycan da uşaqların hüquqlarının qorunmasına xüsusi diqqət yetirən ölkələr sırasındadır. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı uşaqların sosial müdafiəsinə, sağlam və firavan böyüməsinə, eləcə də onların inkişaflarına yönələn tədbirlərin də ildən-ilə güclənməsinə imkan yaradıb. Respublikamızda uşaqların təhsil alması, sağlamlığının qorunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müxtəlif dövlət proqramları həyata keçirilir. Məktəblərdə, uşaq bağçalarında və digər müəssisələrdə uşaqların hərtərəfli inkişafı üçün əlverişli şərait yaradılır.
Ümummilli Lider Heydər Əliyevin "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi necə tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı da bundan asılı olacaqdır" fikri Azərbaycanın 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə münasibətinin mahiyyətini aydın şəkildə ifadə edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurğulayır: "Uşaqlarımızın hərtərəfli inkişaf etmiş şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı kimi formalaşması dövlət uşaq siyasətinin əsas istiqamətlərindən biridir". Bu siyasət gələcək çağırışçıların, əsgərlərin və vətəndaşların formalaşmasına xidmət edir. Bu gün Vətən hüdudlarında xidmət edən əsgərlər də vaxtilə həmin siyasətin əhatə etdiyi uşaqlar olublar. Dövlət qayğısı və vətənpərvərlik ruhunda tərbiyə nəticəsində formalaşan ordu humanist dəyərlərə söykənən bir orduya çevrilir. Azərbaycan Ordusu da məhz belə bir ordudur.
Azərbaycan Ordusu dövlətin ərazi bütövlüyünü qoruyur və Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan azad olunması missiyasını yerinə yetirir. Bu məsuliyyətli və şərəfli vəzifəni dövlətə və dövlətçiliyə sədaqətlə icra edən ordu əhalinin, o cümlədən uşaqların təhlükəsizliyinin təminatçısıdır. Bu baxımdan 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü həm də Azərbaycan Ordusunun humanist fəaliyyətinə ehtiramın ifadəsi kimi dəyərləndirilə bilər.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və həmin iddialara verilən dəstək ölkədə milli-azadlıq hərəkatının genişlənməsinə səbəb olmuşdu. 1988-ci il fevralın 20-də Xankəndidə yalnız erməni deputatlarının iştirakı ilə keçirilən qanunsuz iclasda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə müraciət qəbul edildi. Fevralın 22-də minlərlə silahsız azərbaycanlı Ağdamdan Əsgərana doğru yürüş etdi. Ermənilər dinc nümayiş iştirakçılarına atəş açdılar və nəticədə iki uşaq - Əli və Bəxtiyar həlak oldu.
Sonrakı dövrdə Xocalı mühasirəyə alındı. 1992-ci il fevralın 26-da Xankəndidə yerləşən 366-cı alayın iştirakı ilə Xocalıda kütləvi qırğın törədildi. Bu faciə zamanı 63 uşaq xüsusi amansızlıqla qətlə yetirildi.
Biz uşaqların talelərini hər dövrün filmlərində də rahatlıqla görə bilirik. Məsələn: Azərbaycan kinosunun dəyərli nümunələrindən biri olan "Bizim Cəbiş müəllim" filmi müharibə illərində insanların həyatını, çətinliklərini və mənəvi dəyərlərini əks etdirir. Filmdə diqqəti cəlb edən əsas məqamlardan biri də uşaqların həyatının və düşüncə tərzinin təsviridir. Müharibə dövrünün ağır şəraiti uşaqların gündəlik həyatına da təsir göstərir. Onlar qıtlıq, maddi çətinliklər və narahatlıq içərisində böyüsələr də, uşaqlara məxsus saflıqlarını və həyat eşqlərini itirmirlər. Film göstərir ki, ən çətin zamanlarda belə uşaqlar ümid və sevinc mənbəyi olaraq qalırlar.
Əsərdə Cəbiş müəllim obrazı uşaqların tərbiyəsində mühüm rol oynayır. O, məktəbdə dərs deyən müəllim olmaqdan daha çox uşaqlara düzgün yol göstərən, onlarda dürüstlük, zəhmətsevərlik və Vətənə bağlılıq hisslərini formalaşdıran bir şəxsiyyətdir. Uşaqlar onun davranışlarından nümunə götürür, həyatı daha yaxşı anlamağa çalışırlar. Filmdə uşaqların dostluq və həmrəylik münasibətləri də xüsusi yer tutur. Onlar qarşılaşdıqları çətinliklərə birlikdə sinə gərir, bir-birilərinə dəstək olurlar. Bu xüsusiyyətlər gələcək nəslin mənəvi cəhətdən sağlam formalaşmasının vacibliyini göstərir. Nəticə etibarilə, "Bizim Cəbiş müəllim" filmi uşaqların gözü ilə müharibə dövrünün reallıqlarını əks etdirən, eyni zamanda, müəllim nüfuzunun və düzgün tərbiyənin əhəmiyyətini vurğulayan qiymətli ekran əsəridir. Film tamaşaçıya çatdırır ki, cəmiyyətin gələcəyi məhz uşaqların necə böyüməsindən və hansı dəyərlərlə tərbiyə olunmasından asılıdır.
Bu nümunələrdən biri də "Sən ey uşaqlıq" filmidir. Azərbaycan kinosunun maraqlı nümunələrindən olan bu film uşaqların həyatını, duyğularını və mənəvi inkişafını əks etdirən təsirli ekran əsərlərindən biridir. Film uşaqlıq dövrünün saf və qayğısız görünən, lakin, eyni zamanda, mürəkkəb hisslərlə zəngin olan dünyasını tamaşaçıya çatdırır. Filmdə uşaqların həyata baxışı əsas mövzulardan biridir. Onlar böyüklərin dünyasında baş verən hadisələri öz düşüncələri və hissləri ilə dərk etməyə çalışırlar. Uşaqların hadisələrə səmimi münasibəti, xəyal gücü və maraq hissi filmin emosional təsirini artırır. Bu baxımdan film uşaqlığın sadəcə bir yaş dövründən ibarət olduğu deyil, insan xarakterinin formalaşdığı mühüm mərhələ olduğunu göstərir. Uşaqlar arasındakı qarşılıqlı hörmət, sədaqət və yardımlaşma onların mənəvi inkişafına təsir edən əsas amillər kimi təqdim olunur. Dostluq vasitəsilə qəhrəmanlar həm sevincləri, həm də çətinlikləri birlikdə yaşayır və həyat təcrübəsi qazanırlar. Filmdə ailə və tərbiyə məsələləri də ön plana çıxır. Uşaqların davranışları onların ailədə və cəmiyyətdə aldıqları tərbiyənin nəticəsi kimi göstərilir. Valideynlərin və böyüklərin münasibəti uşaqların xarakterinin formalaşmasına birbaşa təsir edir. Bu səbəbdən film ailənin uşağın həyatındakı rolunu vurğulayır. "Sən ey uşaqlıq" filmi, həmçinin uşaqlığın keçici olduğunu xatırladır. Rejissor uşaqlıq xatirələrinin insan həyatında silinməz iz qoyduğunu göstərərək tamaşaçını keçmişə nəzər salmağa sövq edir. Film uşaqlıq dövrünün saflığını, səmimiyyətini və mənəvi dəyərlərini qorumağın vacibliyini ön plana çəkir. Nəticə olaraq, "Sən ey uşaqlıq" filmi, uşaqların hiss və düşüncələrini, dostluğun və ailənin əhəmiyyətini, eləcə də uşaqlığın insan həyatındakı dərin izlərini əks etdirən mənalı ekran əsəridir. Film tamaşaçılara uşaqlığın ən qiymətli həyat mərhələlərindən biri olduğunu bir daha xatırladır.
Azərbaycan kinosunun ən təsirli və vətənpərvərlik mövzusunda çəkilmiş filmlərindən biri olan "Biz qayıdacağıq" filmindəki məktəbli Zakirin həyat yolu, yaxud "Ağ atlı oğlan" əsərində Muradın mövqeyi müharibənin uşaqların taleyinə necə təsir göstərdiyini nümayiş etdirir. Bu obrazlar göstərir ki, Vətən sevgisi və torpaqların azadlığı ideyası bəzən uşaqları yaşlarından daha tez böyüdür.
1993-cü ilin yayında Zəngilan rayonunda əhalinin köçürülməsi ilə bağlı təxribat xarakterli cəhdlər olmuşdu. Ordunun və ictimaiyyətin müdaxiləsi nəticəsində bunun qarşısı alındı. Həmin günlərdə Qıraq Müşlan kəndində yaşayan 10-12 yaşlı Əfsanənin dedikləri müharibə şəraitində böyüyən uşaqların düşüncələrinin nə qədər yetkin olduğunu göstərirdi. O, doğma yurdunu tərk etməyin mənəvi ağrılarını və nəticələrini böyük insan təfəkkürü ilə ifadə edirdi.
Müharibənin ən ağır və günahsız qurbanları uşaqlardır. Onlar evlərini, ailələrini, məktəblərini və bəzən də həyatlarını itirirlər. Uşaqların oynamaq, öyrənmək və arzular qurmaq üçün keçirməli olduqları illər qorxu və ağrı ilə əvəz olunur.
Hər bir müharibə yalnız yaşayış məskənlərini deyil, həm də uşaqların gələcəyini dağıdır. Bu səbəbdən sülhün qorunması, uşaqların təhlükəsizliyinin təmin edilməsi və onların hüquqlarının müdafiəsi hər bir cəmiyyətin əsas vəzifələrindən biridir.
Ermənistanın Azərbaycana qarşı apardığı müharibə işğal altındakı torpaqlar azad edilənədək davam edən bir proses kimi qiymətləndirilirdi. Atəşkəs dövründə də təxribatlar davam edir, bəzən mülki insanlar, o cümlədən uşaqlar hədəfə çevrilirdi.
2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində 16 aylıq Zəhra Quliyeva erməni silahlı qüvvələrinin atdığı mərmi nəticəsində həyatını itirdi. Bu hadisə də beynəlxalq ictimaiyyət tərəfindən lazımi səviyyədə qiymətləndirilmədi.
Müharibələrin və münaqişələrin ən ağır nəticələrini uşaqlar yaşayırlar. Buna görə də uşaqların müdafiəsi yalnız ayrı-ayrı dövlətlərin deyil, bütün bəşəriyyətin mənəvi borcu olmalıdır. Dünyanın müxtəlif yerlərində anaların fəryadına biganə qalmamaq, uşaqların təhlükəsizliyini qorumağı həyat fəlsəfəsinə çevirmək insanlığın əsas vəzifələrindən biridir.
Azərbaycan əsgərinin xidmətinin mahiyyəti də bundan ibarətdir: torpaqları azad etmək, dövlətin təhlükəsizliyini təmin etmək və həm Azərbaycanın, həm də bütün dünyanın uşaqlarının müdafiəsinə xidmət etmək.
Bu gün müharibələrdə həyatını itirmiş bütün uşaqların xatirəsini ehtiramla yad edir, dünyadakı bütün uşaqlara sülh, sevgi və xoşbəxt gələcək arzulayırıq. Gəlin uşaqların arzularına hörmətlə yanaşaq, onların hüquqlarını qoruyaq və hər zaman sevərək yanlarında olaq. Çünki uşaqlar bizim gələcəyimiz, ümidimiz və ən böyük sərvətimizdirlər.
Şəlalə CAMAL
"Azərbaycan Ordusu"
Dünyanın təqvimində elə günlər var ki, onlar sadəcə rəqəmlərdən ibarət deyil, bəşəriyyətin vicdan hesabatıdır. İyunun ilk gününə təsadüf edən bu xüsusi tarix kimi. Çoxları bu günü sadəcə təqvimin bayram bəzəyi, uşaqların şən sədalarının ucaldığı bir gün kimi rəmzləşdirir.
Azərbaycanın müstəqillik tarixinə nəzər salanda bəzi həqiqətlər daha aydın görünür. Dövlətin uşağa münasibəti onun gələcəyə atdığı imzanın dərinliyini göstərir. Ölkəmizin hələ ötən əsrin doxsanıncı illərinin əvvəllərində, müharibənin və çətinliklərin tüğyan etdiyi bir vaxtda ilk imza atdığı beynəlxalq sənədlərin BMT-nin "Uşaq Hüquqları haqqında" Konvensiyası olması təsadüfi deyildi. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan bu xətt, sadəcə hüquqi sənədlərin qəbulu deyil, bir millətin genofondunu qorumaq strategiyası idi. 2009-cu ilin ölkədə "Uşaq İli" elan olunması ilə genişlənən o rəsmi üfüq, bu gün Heydər Əliyev Fondunun və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətində tamamilə fərqli bir səmimiyyət mərhələsinə qədəm qoyub.
Bu qayğı rəsmi hesabatların rəqəmlərində deyil, internat evlərində boynu bükük qalan bir uşağın təbəssümündə, ən əsası isə bizə Vətən əmanəti olan şəhid və sağlamlığını itirən müharibə iştirakçılarının övladlarının fəxarət dolu baxışlarında yaşayır. İllərin torpaq həsrətinə son qoymuş, Zəfər qazanmış bir xalqın övladları kimi, bu gün onlar dünənin köçkünlük ağrıları ilə deyil, doğma yurdlarımızın dirçəliş işığında, başıuca və məğrur böyüyürlər. Onlar təkcə öz ailələrinin deyil, bütün Azərbaycanın baş tacı, qürur mənbəyidir.
Lakin dövlətin qurduğu ən mükəmməl qanunlar belə, bir uşağın qəlbindəki ilk cığırı aça bilməz. Çünki insanlığın ən qədim və hələ də tam cavabı tapılmayan sualı rəsmi kabinetlərdə deyil, ailə ocağında pıçıldanır: Övladlarımızı necə tərbiyə edək? Uşaqları necə böyüdək ki, cəmiyyət üçün xeyirli olsunlar? Necə edək ki, uşaqlarımız böyüyəndə onlardan ötrü xəcalət çəkməyək, onlar bizə başıucalıq və şərəf gətirsinlər?
Bu sualın cavabını ən ali şəkildə canını Vətənə sipər edən qəhrəmanlarımız öz ömürləri ilə verdilər. Onlar öz canları bahasına övladlarına elə bir ad, elə bir şərəfli miras qoydular ki, bu irs əsrlər boyu solmayacaq. Çünki uşaq gördüyünü yaşayır, eşitdiyini deyil. Bir valideynin övladına verə biləcəyi ən böyük dərs onun şəxsi nümunəsidir. Uşaq mühitə göz açanda ilk olaraq qarşısında bir güzgü görür - ata və anasını. Onun dilindən qopan "böyüyəndə atama oxşayacam" kəlməsi, əslində valideynin çiyinlərinə qoyulan ən ağır məsuliyyətdir.
Ailə daxilində valideynin mütləq riayət etməli olduğu ən ümdə prinsip dürüstlükdür. Valideyn heç zaman uşağa yalan danışmamalı, özünün əməl etmədiyi bir işi övladından tələb etməməlidir. Hətta uşağa hər hansı bir mükafat vəd edərkən belə, sözünə sadiq qalmaq mütləqdir. Əks halda, uşaq ailədə yalan görərsə, həm valideyninə olan etimadı sarsılar, həm də onun özündə yalançılıq xasiyyəti yaranar.
Bu gün o qədim dərslər, reallığın yeni bir sınağı ilə qarşı-qarşıyadır. Artıq uşaqlar bizi təkcə evdə, otaqda izləmirlər; onlar rəqəmsal dünyanın soyuq ekranlarından da bizim həyatımızı seyr edirlər. Əlində telefonla saatlarla virtual dünyada azan, amma övladına kitab oxumağı əmr edən bir valideynin nəsihəti uşağın zehnində sadəcə əsassız səs-küyə çevrilir. İndi nümunə olmaq təkcə real rəftarda deyil, həm də texnoloji dalğaların içində dürüst və faydalı qala bilmək bacarığıdır.
Uşaq qəlbi toxunulmamış təmiz bir torpaq kimidir. O torpağa nəyi qıysanız, gələcəkdə onu da biçəcəksiniz. Ailə bir fəzilət məktəbi, valideyn isə bu məktəbin ilk və ən təsirli müəllimidir. Onlar uşaqların yalnız fiziki ehtiyaclarını qarşılayan bir baxıcı deyil, ruhunun memarı olmalıdırlar. Ata və ana hər şeydən əvvəl uşaqların sağlam düşüncəli, milli-mənəvi və əxlaqi dəyərlərə hörmətlə yanaşan, ailəsinə və millətinə layiq bir gənc kimi yetişmələri üçün birgə səy göstərməlidirlər. Biz qanun qarşısında, cəmiyyət qarşısında və ən əsası Uca Yaradanın hüzurunda bu təmiz əmanətlərin gələcəyinə görə cavabdehik.
Gələcək bizə uşaqların gözü ilə baxacaq. Bu gün atdığımız hər addım, dediyimiz hər söz o gözlərdə ya bir işıq, ya da bir kölgə buraxacaq. Ölkəmizin sabahı bu gün fədakarlıqla, vətənpərvərlik ruhunda böyütdüyümüz o körpə fidanların, xüsusən də şəhidlərimizin bizə qoyub getdiyi müqəddəs əmanətlərin çiyinlərində yüksələcək.
Ən əziz və qiymətli əmanətlərimiz - şəhid və müharibədə sağlamlıqlarını itirənlərin övladlarıdır. Sizlər təkcə valideynlərinizin deyil, bütün Azərbaycan xalqının qürur mənbəyisiniz. Sizin atalarınız bu torpağın bütövlüyü, xalqın başıuca olması üçün canlarını fəda etdilər. Bu gün sizin hər birinizin üzündəki təbəssüm, əldə etdiyiniz hər bir uğur şəhidlərimizin ruhunu şad edir, onların Vətən sevgisini gələcəyə daşıyır.
1 iyun sadəcə təqvimin bir gününü rəngləmək üçün deyil, ömrümüzü uşaqların saf dünyasına bənzətmək, şəhidlərimizin əmanətlərinə sahib çıxmaq üçün bir fürsətdir. Ölkəmizdə yaşayan bütün uşaqları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ürəkdən təbrik edir, onlara səadət, uzun ömür və xoşbəxt gələcək arzulayırıq.
Bəxtiyar ƏLİYEV
"Naxçıvan Şəhid Ailələri"
İctimai Birliyinin mətbuat katibi