AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Əlahiddə Ümumqoşun Ordunun həyata keçirdiyi uğurlu Günnüt əməliyyatı müasir hərb tariximizin parlaq və strateji baxımdan ən mühüm səhifələrindən biridir. 2018-ci il mayın 20-dən 27-dək davam edən bu qətiyyətli əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi və ətrafdakı mühüm strateji yüksəkliklər, o cümlədən Qızılqaya, Mehridağ və Xunut dağı tamamilə Əlahiddə Ümumqoşun Ordunun nəzarəti altına keçdi. Bu tarixi nailiyyət minlərlə hektar torpağımızın azad olunması, dövlət sərhədi boyu ən əlverişli mövqelərin və İrəvan-Gorus-Laçın magistral yolunun vizual nəzarətə götürülməsi ilə nəticələndi. Hərbi-siyasi baxımdan bu əməliyyat Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək qüdrətini bütün dünyaya nümayiş etdirdi.
Qeyd edək ki, Günnüt kəndi və onun ətrafındakı strateji yüksəkliklər 1992-ci ilin mayında erməni hərbi birləşmələrinin Naxçıvan Muxtar Respublikasının sərhədlərinə xain hücumları nəticəsində işğal altına düşmüşdü. Həmin dövrdə Ermənistan tərəfi kəndin coğrafi mövqeyindən istifadə edərək Şərur rayonunun digər sərhəd məntəqələrini davamlı atəş altında saxlayırdı. İşğal zamanı Günnüt kəndi erməni vandalları tərəfindən tamamilə yandırılmış, dinc əhali öz doğma yurdundan didərgin düşmüş və kənd xarabalığa çevrilmişdi. Uzun illər boyu düşmən işğalında qalan bu ərazidəki qəbiristanlıqlar belə dağıdılmış, yerli sakinlərin öz yaxınlarının məzarlarını ziyarət etmək imkanı əllərindən alınmışdı. 2018-ci ilin may qələbəsi məhz bu 26 illik həsrətə və ədalətsizliyə son qoydu.
Günnüt əməliyyatının ilk günündə düşmən təxribatının qarşısını alarkən döyüş tapşırığını mərdliklə yerinə yetirən hərbi qulluqçumuz Adil Əli oğlu Tatarov şəhidlik zirvəsinə ucaldı. 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulan və beş övladın ən kiçiyi olan Adil, 2017-ci ilin aprelində müddətli həqiqi hərbi xidmətə çağırılmışdı. Naxçıvanda, Əlahiddə Ümumqoşun Ordunun sıralarında xidmət edən və xidmətinin bir ilini yenicə tamamlayan əsgərimiz göstərdiyi rəşadətə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Vətən uğrunda", müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Şücaətə görə" medalları ilə təltif olunub.
"Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. Bu yüksəkliklər imkan verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edirik", - deyə 2021-ci il mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində Prezident İlham Əliyev bildirdi ki, İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi.
Günnüt əməliyyatı sadəcə ordumuzun bir uğuru deyil, xalqımızın böyük Zəfər yürüşünün təməl daşlarından biridir. Belə ki, xalqımızın müqəddəs torpaq sevgisini və sarsılmaz birliyini təcəssüm etdirən bu mübarizə yolu 2016-cı ilin tarixi Aprel döyüşlərindən başlayaraq, 2018-ci ilin Günnüt zəfəri, 2020-ci ilin Tovuz döyüşləri və eyni ilin payızında cəmi 44 günə dastana çevrilən İkinci Qarabağ müharibəsi, nəhayət, 2023-cü ilin 19-20 sentyabr tarixlərində ərazi bütövlüyü və suverenliyimizin tam bərpa edilməsi ilə başa çatan antiterror əməliyyatı ilə tamamlanmışdır. Bir-birini xronoloji və məntiqi olaraq tamamlayan bu şanlı hərbi əməliyyatlar şəhidlərimizin canı, hərbi qulluqçularımızın şücaəti ilə yazılmış bütöv bir qəhrəmanlıq dastanıdır.
Bəxtiyar ƏLİYEV
"Naxçıvan Şəhid Ailələri"
İctimai Birliyinin mətbuat katibi