Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 May 2026 16:26

“Əsgər Vətəni, hərbi həkim isə onun sağlamlığını qoruyur”

Həkimlik insan həyatında ən müqəddəs və məsuliyyətli peşələrdən biridir. Bu peşənin çətin və şərəfli istiqamətlərindən biri də hərbi tibb sahəsidir. Hərbi həkimlərimiz, eyni zamanda, torpaqlarımızın keşiyində dayanan Vətən müdafiəçilərinin sağlamlığını qoruyur. Bu səbəbdən hərbi həkim olmaq yalnız tibbi bilik deyil, həm də psixoloji dözümlülük və Vətənə bağlılıq tələb edir.
"N" hərbi hissəsində tibb xidməti kapitanı Məhəmməd İslamzadə ilə həmsöhbət olduq. Əslən Ağstafa rayonundan olan Məhəmməd 2011-2017-ci illərdə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində təhsil alaraq həkimlik peşəsinin təməl biliklərinə yiyələnib. Təhsil illərində həm klinik nəzəriyyə, həm də hərbi tibb peşəsinin tələb etdiyi yüksək məsuliyyət, operativ qərarvermə və dəqiq yanaşma prinsiplərini mənimsəyib. İxtisasını daha da təkmilləşdirmək məqsədilə 2019-2023-cü illərdə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində “Otorinolarinqologiya” ixtisası üzrə rezidentura təhsili alıb.
Bu müddət ərzində qulaq, burun, boğaz xəstəliklərinin diaqnostikası, konservativ və cərrahi müalicə üsulları üzrə geniş klinik təcrübə qazanıb. Həmsöhbətim bununla da kifayətlənmir, 2021-2022-ci illərdə qardaş Türkiyənin aparıcı tibb mərkəzlərindən biri olan Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında təkmilləşmə keçərək müasir otorinolarinqoloji yanaşmalar, endoskopik cərrahiyyə texnikaları və mürəkkəb cərrahi müdaxilələr sahəsində bilik və bacarıqlarını inkişaf etdirib. Əldə etdiyi bu beynəlxalq klinik təcrübə onun praktik fəaliyyətində müasir tibbi standartları tətbiq etməsinə mühüm töhfə verib. Qazandığı biliklər sayəsində tibb xidməti kapitanı Məhəmməd İsmayılzadə hazırda otorinolarinqologiyanın geniş spektrini əhatə edən diaqnostik və cərrahi müdaxilələri uğurla icra edir.
Zabit söhbət zamanı qeyd etdi: “Həkimlik mənim üçün sadəcə peşə deyil. Vətən müdafiəçilərinin sağlamlığının keşiyində dayanmaq ən müqəddəs vəzifədir. Çünki Ana Vətəni qoruyanların sağlamlıqları sənə əmanət olunub. Hərbi həkim olmaq həm tibbi savad, həm də iradə tələb edir. Eyni zamanda, operativ qərarvermə, hərbi intizam və çətin şəraitdə soyuqqanlı davranış baxımından da daim hazır olmalısan".
Peşəsinin vurğunu olan Məhəmməd bu sahədə dəqiqliyi, səmimi ünsiyyəti, hər bir klinik vəziyyətə fərdi yanaşması və daim yenilənən tibbi biliklərə açıq olması ilə tanınır. Əsas məqsədi xəstələrə müasir tibbin imkanlarından istifadə etməklə ən doğru diaqnoz və effektiv müalicəni tətbiq etməkdir.
Otorinolarinqologiya sahəsinin həm geniş, həm də son dərəcə incə bir istiqamət olduğunu bildirən tibb xidməti kapitanı M.İslamzadə bildirdi:  “Xidmət şəraiti, iqlim dəyişiklikləri və yüksək fiziki yüklənmə səbəbindən burun, qulaq və boğaz kimi orqanlarda patologiyalar hərbi qulluqçular arasında mümkündür. Bölmədə septoplastika, adenotonzillektomiya, endoskopik sinus cərrahiyyəsi, travmatik LOR zədələrinin bərpası və qulaq mikrocərrahiyyəsi kimi əməliyyatlar həyata keçirilir. Hər bir müayinə, müalicə və əməliyyatın əsas məqsədi isə hərbi qulluqçularımızın qısa müddətdə sağalaraq öz bölmələrinə sağlam şəkildə qayıtmasını təmin etməkdir".
Hərbi həkim tibb sahəsini seçən insanın daim peşəsinin sirlərini öyrənməli, öz üzərində çalışmalı olduğunu vurğuladı. Tibb elmi hər gün yenilənir və xüsusilə cərrahiyyə sahəsində dəqiqlik, müasir avadanlıq və təcrübə əsas rol oynayır. Bununla yanaşı, hərbi həkim üçün vətənpərvərlik də vacib amildir. Çünki hərbi forma sadəcə geyim deyil, məsuliyyət və şərəfdir. O formanı daşımaq üçün həm biliyin, həm də vətənpərvərlik hissin güclü olmalıdır.
Hərbi xidmətin qürurverici olduğunu vurğulayan Məhəmməd həkim dedi ki, əsgərlərin gözündəki inamı görmək, onları müayinə və müalicə etdikdən sonra eşidilən "sağ olun" kəlməsi bütün yorğunluğu unutdurur. Onun sözlərinə görə, hərbi həkimlərin işi səngərin bir addım arxasında dayanır. "Əsgər Vətəni, hərbi həkim də onun sağlamlığını qoruyur. Bu isə ən azı döyüş əməliyyatları qədər məsuliyyətli və vacib missiyadır", - zabit dedi.
Bu gün qalib Azərbaycan Ordusunun gücü yalnız silah və texnikada deyil, həm də insan faktorundadır. Sağlam və peşəkar hərbi qulluqçular isə güclü ordumuzun əsas təməlidir. Hərbi tibb müəssisələrində fəaliyyət göstərən tibbi personal isə həmin təməli qoruyan görünməyən qəhrəmanlardır.

Elçin İMANOV

"Azərbaycan Ordusu"