Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 May 2026 16:26

Azərbaycan gəncliyi dövlətinə, xalqına və milli dəyərlərinə sadiqdir

Ezamiyyətdə olduğumuz zaman ordumuzun bölmələrində Vətənə sədaqətlə xidmət edən əsgərlərimizlə görüşür, onların düşüncə və arzularını dinləyirik. Bu görüşlər zamanı hər dəfə şahidi oluruq ki, Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizə bağlı, Vətən sevgisi ilə yaşayan, dövlətinə və xalqına sədaqətlə xidmət etməyə hazır olan bir nəslin davamçısıdır.  Əsgərlərimizin hər biri qətiyyətlə bildirir ki, ata-babalarımızdan bizlərə miras qalan müqəddəs əmanətin - ana Vətənimizin keşiyində dayanmaq, ölkəmizin təhlükəsizliyini qorumaq hər bir Azərbaycan gəncinin şərəfli və müqəddəs borcudur.
"N" hərbi hissəsində xidmət edən belə vətənpərvər gənclərdən biri də rabitəçi əsgər Ramin Nəsirovdur. Bölmənin zabiti  Raminin xidmətindən qürurla danışdı. O bildirdi ki, əsgər R.Nəsirov xidmətində nizam-intizamı, məsuliyyəti və tapşırıqlara ciddi yanaşması ilə seçilib, qısa müddətdə özünü bacarıqlı və nümunəvi hərbi qulluqçu kimi tanıdıb. “O, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirir. Ramin yalnız xidmətə münasibəti ilə deyil, davranışı və kollektivin üzvləri ilə münasibətində də seçilir. Əsgər yoldaşları arasında hörmət qazanıb. Belə gənclərimizin xidmətə məsuliyyətlə yanaşması bölmənin döyüş hazırlığının yüksəldilməsində mühüm rol oynayır. Raminin ailəsində aldığı tərbiyə, xüsusilə atasının hərbçi olması onda Vətən sevgisini və xidmətə bağlılığı daha da gücləndirib", - deyə zabit fikrini tamamladı.
Bölmədə  hər bir əsgər öz vəzifəsinə böyük məsuliyyətlə yanaşır. Şəxsi heyət nizam-intizam qaydalarına ciddi əməl edir, döyüş hazırlığının yüksəldilməsi istiqamətində keçirilən məşğələlərdə fəallıq göstərir.
Əsgər Ramin Nəsirov  bildirdi ki, hərbi xidməti Vətən qarşısında müqəddəs övladlıq borcu hesab edir. "Vətən bizim qürurumuz, güvənc yerimizdir. Onun keşiyində dayanmaq hər bir Azərbaycan gənci üçün böyük şərəfdir. Xidmətə başladığım ilk gündən qarşıma məqsəd qoymuşam ki, nizam-intizama ciddi əməl edim, hərbi ixtisasımın sirlərini dərindən öyrənim və üzərimə düşən vəzifələri vicdanla yerinə yetirim. Rabitəçi kimi anlayıram ki, ixtisasım xüsusi diqqət və məsuliyyət tələb edir. Buna görə də xidmət zamanı daim ayıq-sayıq olmağa çalışıram. Rabitə qovşağında xidmət apararkən vəzifələrimi məsuliyyətlə icra etməyə, məlumatların vaxtında çatdırılmasına xüsusi diqqət yetirirəm. Döyüş növbətçiliyi zamanı əlaqənin fasiləsiz və dayanıqlı təmin olunması bizim əsas vəzifələrimizdəndir".
Ramin qeyd etdi ki, hərbi xidmət ona həm də dözümlülük, iradə və kollektiv ruhu qazandırıb. "Burada hər birimiz bir amal uğrunda xidmət edirik. Komandirlərimizin bizə göstərdiyi diqqət və qayğı xidmətə olan həvəsimizi daha da artırır. Mən fəxr edirəm ki, Azərbaycan Ordusunun əsgəriyəm. Vətəni qorumağın necə müqəddəs bir hiss olduğunu hərbi xidmətdə daha dərindən anlayırıq".
Raminin sözlərindən aydın hiss olunurdu ki, bugünkü Azərbaycan gənci Vətən sevgisini yalnız sözlə deyil, əməli fəaliyyəti ilə də nümayiş etdirir. Məhz belə gənclərin sayəsində ordumuzun sıralarında ruh yüksəkliyi, vətənpərvərlik və qələbə əzmi hökm sürür. 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi bunun ən parlaq nümunəsini göstərdi. Minlərlə gənc  Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın azadlığı uğrunda igidliklə döyüşərək tarix yazdı. Həmin günlərdə Azərbaycan əsgərinin gücü, iradəsi və Vətənə sonsuz sevgisi bütün dünyaya nümayiş olundu. Bu gün ordumuzun sıralarında xidmət edən gənclər də həmin şanlı Zəfərin ruhu ilə yetişir, qəhrəman şəhidlərimizin, igid hərbi qulluqçularımızın şərəfli xidmət yolunu böyük qürurla davam etdirirlər.
Azərbaycan Ordusunun sıralarında xidmət edən vətənpərvər gənclərlə həmsöhbət olduqca bir daha əmin oluruq ki, Azərbaycan gəncliyi dövlətinə, xalqına və milli dəyərlərinə sadiqdir. Bu gün Vətənin keşiyində ayıq-sayıq dayanan belə gənclər sabahımızın etibarlı təminatıdır. Onların xidmətə olan məsuliyyəti, Vətənə sonsuz sevgisi və qalib ordunun əsgəri olmaq qüruru Azərbaycan dövlətinin gücünü və qüdrətini daha da artırır.

Elçin İMANOV

"Azərbaycan Ordusu"