AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Yaz səhəridir. Amma hava qışdakı kimi soyuqdur. Kiçik Qafqaz dağlarının yüksəklikləri yenə ağ örpəyə bürünüb. Neçə gündür dağlara yağan qar, havaların soyuq keçməsi yazın gəlişini gecikdirir. Qarşıda dağlar, yastı təpələr, yamaclar sıralanıb. Dağların bağrını yarıb yal boyunca o üz, bu üz səngərlər uzanır. Uzaqda dağların ətəklərində bəzən yığcam, bəzən də səpələnmiş evlər görünür. Şərti dövlət sərhədinin o üzündə görünən kənddə ermənilər yaşayırlar. Onlar bir zamanlar həmin kəndlərə toplaşıb bizi atəşə məruz qoyurdular. Hətta dəfələrlə hücum edib ərazilərimizi işğal etmək də istəmişdilər. Qəhrəman oğullarımız düşmən hücumlarının qarşısını alaraq erməniləri ağır itkilərə düçar etmiş, istəklərinə nail olmağa qoymamışdılar. Bir zamanlar topların, avtomatların və başqa silahların atəş səsləri bu səngərlərdən kəsilməzdi. Zirehli döyüş texnikalarının da cövlan etdiyi bu yerlərdə indi tam sakitlikdir. Gərgin illərdən indi yalnız döyüş mövqeləri qalıb.
Kapitan Maarif Zeynalov ərazidən keçən hər cığıra, hər izə yaxından bələddir. Çünki neçə illərdir burada xidmət edir. Zabit ayaq saxlayıb qarşıdakı dağlardan keçən Ermənistan ordusunun mövqelərini göstərib dedi:
- 2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatı 30 ilə yaxın erməni işğalı altında qalmış torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Cəmi 44 gün davam edən müharibədə düşmən məğlub oldu. Müharibə vaxtı əsgərlər bu mövqelərdə tam döyüş vəziyyətinə gətirilmişdilər. Ermənistanla şərti dövlət sərhədi buradan keçdiyi üçün demək olar ki, döyüşlər bu istiqamətdə getməyib.
Səngərlər, atəş sektorları olduğu kimi qalır. Dərin əlaqə yolları ilə dayaq məntəqəsinin qazmasına gəldik. Əsgərlər həmişə olduğu kimi, növbə ilə müşahidə aparırdılar. Əvvəlki gərginlikdən əsər-əlamət qalmamışdır. Sanki qarşıda silahlı düşmən yoxdur. Burada xidmət edən əsgərlər deyirlər ki, burada daha güllələr atılmasa da, onlar öz ehtiyatlarını əldən vermir, müşahidəni aramsız aparırlar.
On ildən artıqdır xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məhəmməd Məmmədov Tovuz rayonunun Qaradaş kəndindəndir. İkinci Qarabağ müharibəsindən əvvəl cəbhənin müxtəlif istiqamətlərində xidmət edib. Məhəmməd 2016-cı ilin Aprel döyüşlərində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etdiyini bildirdi. Onun başlıca məqsədi Vətən torpaqlarının azad olunmasına, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinə öz töhfəsini vermək idi. Məhəmməd dedi: "Müharibədə məğlub olan qarşı tərəf anlayır ki, işğalçılıq siyasətindən əl çəkmək lazımdır. Otuz ilə yaxın işğal etdiyi əraziləri nəzarətdə saxlasalar da, sonda Azərbaycan Ordusu ən qısa zamanda torpaqlarını azad etdi. Artıq ermənilər yaxşı dərk edirlər ki, onlar Azərbaycanın bir qarış torpağını belə işğal edə bilməzlər. İşğalın nə ilə bitəcəyi onlara yaxşı məlumdur".
Əsgər Əjdər Ağayev bir ilə yaxındır xidmət edir. O, Bakıda anadan olub. Hazırlıq dövrü bitəndən sonra bu hərbi hissədə xidmətini davam etdirdiyini bildirdi. Dağlıq ərazidə döyüş növbətçiliyini aparmaq onun üçün qürurvericidir. Postda xidmət edən əsgərlərin hər biri ölkəmizin müxtəlif bölgələrindəndir. Onlar bir məqsəd, bir amal uğrunda burada olduqlarını yaxşı dərk edirlər.
Əsgər Yusif Yusifli ali təhsillidir. Silahdaşlarından yaşca böyükdür. O, üzərinə düşən xidməti vəzifələrini layiqincə yerinə yetirir. Əsgər yoldaşları arasında ən az xidmət edən Yusif olsa da, gündəlik xidmət onların arasında bərabər bölünüb.
Əsgərlərdən Vüsal Məmmədov, Dünyamin Ağazadə, Əli Almuradov, Əli Qurbanov postda müşahidə apardığı zaman qarşı tərəfin öz mövqelərində göründüyünü dedilər.
2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cəbhədə düşmənin aramsız təxribatlarına son qoymaq üçün əks-hücum əmrini verdi. Bununla da İkinci Qarabağ müharibəsi başladı. Bu müharibədə qarşı tərəf Qarabağda və digər ərazilərdə məğlubiyyətə uğrayaraq kapitulyasiya aktını imzalamağa məcbur edildi. Onlar anladılar ki, qonşu dövlətin torpağını işğal edib zorla öz ərazilərinə qata bilməzlər. Məlum müharibədən və 2023-cü il 19-20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu.
Əsgər Vüsal Məmmədov dedi: “İkinci Qarabağ müharibəsi gedən zaman orta məktəbdə oxuyurdum. O zaman ərazilərimizin bir hissəsi ermənilərin işğalı altında idi. Onlar işğal etdikləri ərazilərdən başqa yeni ərazilərimizi işğal edib öz ölkəsinin ərazisinə birləşdirmək istəyirdilər. Bir məktəbli olaraq ermənilərin nə qədər haqsız olduğunu yaxşı bilirdim və haqlı olaraq da əsgərlərimizin döyüşərək doğma torpaqlarımızı azad etməsinə sevinirdim. Hər dəfə dövlətimizin başçısı ordumuzun uğurlu hərbi əməliyyatları barədə məlumat verəndə sevincimin həddi-hüdudu olmurdu. Tale elə gətirdi ki, böyüyüb Ermənistanla şərti dövlət sərhədində, bir vaxtlar təmas xətti hesab edilən mövqelərdə hərbi xidmət edəsi oldum. Bu mənə qürur verir. Biz burada daim ayıq-sayıq xidmət aparırıq. Səngərlər susub, atəş sektorlarından daha silahlar işə düşmür. Bu, bizi sevindirir. Müşahidə olunan hər bir hadisəni qeydə alırıq və qərargaha məlumat veririk".
Postda əsgərlər üçün yaradılan şərait də ürəkaçandır. Onların müşahidə postundan qayıdandan sonra istirahət etməkləri üçün münbit şərait var. Burada əsgərlərin geyim, ərzaq və başqa təminatları da lazımi səviyyədədir.
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"