Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 May 2026 16:26

Cümhuriyyət Ordusu dövlətçiliyimizin qürur mənbəyidir

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində yalnız ilk demokratik respublika kimi deyil, həm də milli ordu quruculuğunun başlanğıcı kimi mühüm yer tutur. Gənc dövlət mövcudluğunu qorumaq, ərazi bütövlüyünü təmin etmək və xalqın təhlükəsizliyini müdafiə etmək üçün güclü silahlı qüvvələrin yaradılmasını əsas vəzifələrdən biri hesab edirdi. Məhz buna görə də mürəkkəb ictimai-siyasi vəziyyətə baxmayaraq, qısa müddət ərzində milli ordunun formalaşdırılması istiqamətində ciddi addımlar atıldı.
1918-ci il iyunun 26-da Əlahiddə Azərbaycan Korpusunun yaradılması milli ordunun əsasının qoyulması baxımından tarixi hadisə idi. Bu addım Azərbaycan xalqının öz dövlətini və istiqlalını qorumaq əzminin göstəricisinə çevrildi. Ardınca Hərbi Nazirliyin təsis olunması ordu quruculuğunun daha planlı və sistemli şəkildə həyata keçirilməsinə imkan verdi. Gənc respublikanın rəhbərliyi anlayırdı ki, müstəqil dövlətin dayaqlarından biri məhz peşəkar və intizamlı ordudur.
Qısa müddət ərzində təşkil olunan hərbi hissələr ölkənin müdafiəsində mühüm rol oynadı. Azərbaycan hərbçiləri Qafqaz İslam Ordusu ilə birlikdə Bakının işğaldan azad olunması uğrunda döyüşlərdə böyük şücaət göstərdilər. Bununla yanaşı, ermənilərin təxribatları sayəsində bölgələrdə baş verən silahlı qarşıdurmaların qarşısının alınması, sərhədlərin qorunması və dövlət təhlükəsizliyinin təmin olunması istiqamətində də uğurlu fəaliyyət nümayiş etdirildi.
AXC dövründə ordu quruculuğuna xüsusi diqqət ayrılması təsadüfi deyildi. Dövlət rəhbərləri yaxşı bilirdilər ki, müstəqilliyin qorunması yalnız siyasi qərarlarla deyil, eyni zamanda, güclü hərbi qüvvə ilə mümkündür. Bu məqsədlə peşəkar zabit heyətinin hazırlanmasına, hərbi intizamın möhkəmləndirilməsinə və milli ruhun yüksəldilməsinə xüsusi önəm verilirdi.
Həmin dövrdə Azərbaycanın tanınmış hərbi xadimləri ordu quruculuğunda mühüm xidmətlər göstərdilər. Səməd bəy Mehmandarov və digər təcrübəli zabitlərin fəaliyyəti milli ordunun təşkilatlanmasına böyük töhfələr verdi. Onların peşəkarlığı sayəsində gənc Azərbaycan Ordusu qısa zamanda döyüş qabiliyyətinə malik qüvvəyə çevrildi.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək dəyərləndirərək bu dövrü xalqımızın tarixində mühüm mərhələ adlandırırdı. Həqiqətən də, AXC dövründə əsası qoyulan milli ordu ənənələri sonrakı dövrlərdə də yaşadıldı və müasir Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasına təsir göstərdi.
Bu gün Azərbaycan Ordusunun qazandığı uğurlar, əldə etdiyi qələbələr milli ordu quruculuğunun tarixi köklərə söykəndiyini bir daha sübut edir. Cümhuriyyət Ordusu xalqımızın müstəqillik ruhunun, Vətən sevgisinin və dövlətçilik düşüncəsinin parlaq ifadəsi kimi tariximizdə xüsusi yer tutur.
Azərbaycan xalq ordusunun qısa zaman ərzində formalaşaraq döyüş qabiliyyətli hərbi qüvvəyə çevrilməsi həmin dövr üçün böyük uğur hesab olunurdu. Bu uğurun əsas səbəblərindən biri ordu quruculuğuna rəhbərlik edən şəxslərin yüksək hazırlığa və zəngin təcrübəyə malik olmaları idi. Hərbi rəhbərlik mövcud nəzəri bilikləri və beynəlxalq təcrübəni Azərbaycanın ictimai-siyasi vəziyyəti ilə uyğunlaşdıraraq milli maraqlara cavab verən ordu modeli yaratmağa çalışırdı. Bu yanaşma ordunun milli əsaslar üzərində qurulmasına mühüm təsir göstərdi.
Lakin həmin dövrdə ordu quruculuğu prosesi müəyyən çətinliklərlə də müşayiət olunurdu. Türk hərbi hissələrinin ölkədən ayrılması yeni mərhələnin başlanmasına səbəb olmuşdu. Çünki ordunun ilkin təşkili türk zabitlərinin rəhbərliyi altında həyata keçirildiyindən onların idarəçilik ənənələri və hərbi üsulları orduda hiss olunurdu. Digər tərəfdən, yüksək rütbəli zabitlərin əksəriyyəti keçmiş Rusiya imperiyası ordusunda xidmət etmiş və həmin sistemin hərbi ənənələri ilə formalaşmışdılar. Buna görə də milli ordunun Azərbaycan ruhunda inkişaf etdirilməsi üçün xarici təsirlərin yerli şəraitə uyğun olmayan cəhətlərinin aradan qaldırılması vacib sayılırdı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərən Hərbi Nazirlik bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirdi. Məqsəd başqa dövlətlərin hərbi modelini tam şəkildə təkrarlamaq deyil, mövcud təcrübədən faydalanaraq milli ordu ənənəsini yaratmaq idi. Nəticədə qısa müddət ərzində Azərbaycan reallıqlarına uyğun, milli ruhu özündə birləşdirən nizami ordu formalaşdırıldı. Sonrakı hadisələr də sübut etdi ki, milli xüsusiyyətlərə əsaslanan ordu modeli daha dayanıqlı və səmərəli idi.
1918-1920-ci illərdə ordu quruculuğu dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab olunurdu. Gənc respublika rəhbərliyi anlayırdı ki, müstəqilliyin qorunması yalnız güclü və təşkilatlanmış ordu vasitəsilə mümkündür. Buna görə də müdafiə sisteminin möhkəmləndirilməsi, hərbi hissələrin vahid idarəetmə altında birləşdirilməsi və orduda intizamın artırılması istiqamətində ciddi addımlar atılırdı.
Hərbi Nazirliyin yenidən fəaliyyətə başlamasından sonra ilk diqqət yetirilən məsələlərdən biri dağınıq vəziyyətdə olan hərbi hissələrin mərkəzləşdirilmiş idarəetmə sisteminə cəlb olunması idi. Qısa vaxt ərzində nazirliyin aparatı yaradıldı və ordunun idarə olunması üçün zəruri strukturlar formalaşdırıldı. 1918-ci il noyabrın 15-də Səməd bəy Mehmandarov ordunun Ümumi Qərargahının yaradılması barədə əmr verdi. Bu qərar ordunun idarəçilik sisteminin daha çevik və səmərəli fəaliyyət göstərməsinə şərait yaratdı.
Mudros müqaviləsindən sonra Bakıya daxil olmağa hazırlaşan ingilis qoşunlarının komandanı V.Tomson Azərbaycan hərbi hissələrinin şəhərdən çıxarılmasını tələb edirdi. İngilis tərəfi Bakını strateji əhəmiyyətə malik mühüm mərkəz hesab edir və şəhər üzərində tam nəzarəti ələ almağa çalışırdı. Həmin dövrdə Azərbaycan hökumətinə və onun hərbi qüvvələrinə etimadsız münasibət göstərildiyi üçün Hərbi Nazirlik fəaliyyətini Gəncədə davam etdirmək qərarına gəldi.
O zaman ordunun əsas hissə və birləşmələri Gəncə və Qarabağ bölgəsində yerləşirdi. Nazirliyin Gəncəyə köçməsindən sonra, 1918-ci il noyabrın 27-dən dekabrın 3-dək ordu rəhbərliyi bölgələrdə yerləşən hissələrə baxış keçirdi, onların vəziyyəti və döyüş hazırlığı ilə yaxından tanış oldu. Bu səfərlər orduda intizamın gücləndirilməsi və idarəçiliyin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı.
Qarşıya qoyulan əsas məqsədlərdən biri də hərbi qulluqçuların Azərbaycan dövlətinə sədaqət ruhunda birləşdirilməsi idi. Buna görə orduda xidmət edən şəxslərin Azərbaycan Respublikasına sədaqət andı içməsi xüsusi əhəmiyyət kəsb edirdi. Bu addım orduda milli birlik hissinin, vətənpərvərlik ruhunun və dövlətçilik düşüncəsinin möhkəmlənməsinə xidmət edirdi.
Azərbaycan Xalq Cümhuriyyəti illərində ordu quruculuğu yalnız hərbi gücün artırılması ilə məhdudlaşmırdı. Həmin dövrdə əsas məqsədlərdən biri də milli ruhu və dövlətçilik düşüncəsini özündə birləşdirən ordu yaratmaq idi. Buna görə Azərbaycan dili orduda mühüm yer tutmağa başladı və hərbi hissələrdə rəsmi ünsiyyət vasitəsinə çevrildi.
Azərbaycan dili orduda dövlət dili elan edilmişdi. Hərbi rəhbərlik qeyri-azərbaycanlı zabitlər qarşısında Azərbaycan dilində komanda vermək tələbi qoymuşdu. Onlardan qısa müddət ərzində ən vacib hərbi terminləri və əmrləri öyrənmək tələb edilirdi. Əsgərlərlə ana dilində ünsiyyət qurulması orduda qarşılıqlı anlaşmanı gücləndirir, şəxsi heyətin xidmətə bağlılığını artırırdı. Verilən göstərişlərə əməl etməyən zabitlərin ordudan uzaqlaşdırılması nəzərdə tutulurdu ki, bu da dövlət dilinə verilən önəmin göstəricisi idi.
Orduda savadsızlığın aradan qaldırılması və Azərbaycan dilinin tədrisi üçün xüsusi kurslar təşkil edilmişdi. Tədris prosesinə təcrübəli müəllimlər və hazırlıqlı mütəxəssislər cəlb olunurdu. Əsgərlərin hərbi bilikləri ana dilində mənimsəməsi onların həm mənəvi hazırlığını gücləndirir, həm də xidmət zamanı özlərinə inamını artırırdı. Bu məsələ Hərbi Nazirlik tərəfindən xüsusi diqqətdə saxlanılırdı.
Şəxsi heyətin milli ruhda formalaşdırılması məqsədilə mənəvi tərbiyə işinə də geniş yer verilirdi. Əsgərlərə xalqın qəhrəmanlıq tarixi, azadlıq uğrunda mübarizə ənənələri və milli dəyərlər haqqında məlumatlar çatdırılırdı. Hərbi hissələrdə keçirilən söhbətlər zamanı Vətənə sədaqət, Hərbi Anda bağlılıq və dövlətçilik məsuliyyəti kimi mövzular xüsusi vurğulanırdı. Bu fəaliyyətlər orduda vətənpərvərlik hissinin daha da möhkəmlənməsinə xidmət edirdi.
Milli ordunun formalaşdırılması prosesində hərbi geyimlərin yenilənməsi də mühüm məsələlərdən biri idi. Hərbi Nazirlik fəaliyyətə başladıqdan sonra geyim formalarının milliləşdirilməsi istiqamətində işlər aparıldı və bunun üçün xüsusi komissiya yaradıldı. Komissiyanın fəaliyyətinə general-leytenant Ə.Şıxlinski rəhbərlik edirdi. Komissiyanın hazırladığı geyim layihəsi 1919-cu il yanvarın 1-də hərbi nazirin əmri ilə rəsmi şəkildə təsdiq edildi. Hazırlanan yeni geyim nümunələri milli xüsusiyyətləri özündə əks etdirərək ordunun fərqli kimliyinin formalaşmasına töhfə verirdi.
Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun yaradılması ölkənin hərb tarixində mühüm mərhələ hesab olunur. Milli ordunun təşkili ilə Azərbaycanda müasir silahlı qüvvələrin əsası qoyuldu və hərbi idarəçilik sahəsində yeni yanaşmalar meydana çıxdı. Bu ordu əvvəlki hərbi ənənələrdən fərqli olaraq milli dövlətçilik ideyalarına və müasir idarəetmə prinsiplərinə əsaslanırdı.
XX əsrin əvvəllərində yaradılan milli ordu demokratik dəyərlərə söykənirdi. Şərqdə ilk demokratik respublika olan Azərbaycanın siyasi xətti ordunun təşkilində də aydın hiss olunurdu. Dövlət müstəqilliyinin qorunması, xalqın təhlükəsizliyinin təmin edilməsi və milli maraqların müdafiəsi ordu quruculuğunun əsas istiqamətləri sayılırdı. Buna görə orduda intizamın, birlik ruhunun və Vətən sevgisinin gücləndirilməsinə xüsusi önəm verilirdi.
Cümhuriyyət Ordusunun yaratdığı hərbi irs sonrakı dövrlərdə də öz əhəmiyyətini qoruyub saxladı. Müasir Azərbaycan Ordusunun peşəkarlığında, döyüş ruhunda və milli-mənəvi dəyərlərində həmin dövrdə formalaşan ənənələrin izi açıq şəkildə görünür. Əsası Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusu hazırda regionun ən güclü ordusu, dünyanın 50 qüdrətli ordusu sırasındadır. Qürurla deyə bilərik ki, bu qüdrətli ordu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın erməni silahlı qüvvələrindən azad olunmasında yüksək döyüş bacarığı göstərərək, adını şanlı hərb tariximizin səhifələrinə qızıl hərflərlə yazdı. Bu gün Azərbaycan əsgərinin qələbə əzmi və Vətənə bağlılığı da Cümhuriyyət dövründən gələn tarixi irsin davamı kimi qiymətləndirilir.

Günay TAĞIYEVA

"Azərbaycan Ordusu"