Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 May 2026 16:26

Şuşadan Çitayadək uzanan qəhrəmanlıq yolu

Əliqulu Mirzə Qovanlı-Qacar 2 may 1854-cü ildə Şuşa şəhərində anadan olub. Atası Bəhmən Mirzə Qacar, anası isə Kiçik Bərdə xanım olub. Əliqulu Mirzə ailənin 13-cü oğlan övladı olub. O, hərbi təhsilini Tiflis Kadet Korpusunda alıb. Tiflis Kadet Korpusunu bitirdikdən sonra 24 mart 1875-ci ildə "kornet" hərbi rütbəsində xidmətə başlayıb və Qafqaz ordusuna daxil olan hərbi birliyə süvari olaraq təyinat alıb. 27 oktyabr 1875-ci ildə 164-cü Zaqatala Piyada Alayına təyin edilib. 
Əliqulu Mirzə Qovanlı-Qacar 1877-ci ildə başlayan Rusiya-Osmanlı müharibəsinə göndərilib və Qafqaz cəbhəsində müxtəlif döyüşlərdə iştirak edib. Həmin ilin 12 aprel tarixində onun xidmət etdiyi alay Çoloki çayını keçib və növbəti gün o, alayı ilə birlikdə Muxa döyüşündə iştirak edib. 29 apreldə o, Xutsubanini ələ keçirmək üçün edilən hücuma qatılıb, 16 may tarixində Sameba təpələrinin ələ keçirilməsi uğrunda döyüşüb və Zeniti kəndi yaxınlığındakı döyüşdə də iştirak edib. 29 may tarixində Tsixisdziri istehkamlarına artilleriya batareyalarının yerləşdirilməsinə rəhbərlik edib. 
18 yanvar 1878-ci ildə o, Tsixisdziriyə təşkil edilən ikinci hücumda da iştirak edib, bu döyüşdə sol əlindən yaralanıb. Bir qədər sonra 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilib. Orden "Cəsurluğa görə" yazısı ilə birlikdə 10 fevral 1878-ci ildə təqdim edilib. 25 Aprel 1878-ci ildə isə Əliqulu Mirzəyə "poruçik" rütbəsi verilib. 
Əliqulu Mirzə əvvəlcə Qafqaz ordusunda xidmətə başlasa da, sonradan Severskaya Süvari Alayına köçürülüb. Bu təyinat 29 iyun 1878-ci ildə edilib. 1 iyul 1878-ci ildə bu barədə "Russkiy invalid" qəzetinin 146-cı sayında da məlumat verilib.
O, 10 avqust 1885-ci ildə atış yarışmasına qatılıb və qalib gələrək 74 rubl pulla mükafatlandırılıb. 6 mart 1886-cı ildə hazırlanan "Qafqaz Hərbi Dairəsinin qoşunlarında xidmət edən şahzadələrinin siyahısı və şəhadətnaməsi" sənədinə əsasən, Əliqulu Mirzə Qacar yüksək əxlaqi dəyərlərə sahib, alicənab, xidmətində peşəkar şəxs kimi dəyərləndirilib. 
Əliqulu Mirzə Qacar 1886-cı ilin oktyabrından 1889-cu ilin yanvarınadək 4-cü və 6-cı eskadrilyanın komandiri vəzifəsini icra edib.
24 fevral 1887-ci ildə "ştabs-rotmistr" rütbəsinə layiq görülüb. 23 dekabr 1887-ci ildə Qafqaz Ehtiyat Süvari Alayının 3-cü departamentinə, 11 sentyabr 1888-ci ildə xidməti alaya göndərilib.
1 sentyabr 1889-cu ildə alayın atıcı heyətinin komandiri təyin edilib və 27 yanvar 1890-cı ildə alayın təlim komandasının komandiri olub. 
4 noyabr 1890-cı ildə alayın zabitlər cəmiyyəti məhkəməsinin namizədliyinə üzv seçilib və 18 noyabr 1890-cı ildə yenidən təlim komandasının komandiri təyin edilib. 
30 avqust 1891-ci ildə o, yenidən bir illiyə Qafqaz Ehtiyat Süvari Alayının 3-cü departamentinə göndərilib və eyni gündə də təlim komandasının komandiri təyin edilib.
12 noyabr 1892-ci ildə alayın zabitlər cəmiyyəti məhkəməsinin üzvü seçilib. 1893-cü il 10 iyundan 5 sentyabra qədər 3-cü eskadrilyaya komandirlik edib. 1893-cü ilin 26 sentyabr tarixindən Süvari Zabitləri Məktəbinə göndərilib. O, burada olduğu zaman 15 mart 1895-ci ildə "rotmistr" rütbəsinə yüksəlib. 15 avqust 1895-ci ildə eskadron və istehkam komandirləri şöbəsində "Zabit Süvari Məktəbi kursu"nu "əla" qiymətlə bitirib və 1 sentyabr 1895-ci ildə gəldiyi alaya geri göndərilib. 
18 sentyabr 1896-cı ildə Oryol şəhərində yerləşən 51-ci Çerniqov Süvari Alayına təyinat alıb. 20 noyabr 1896-cı ildən 20 may 1897-ci ilə qədər bu polkun zabit məhkəməsinin üzvü olaraq da çalışıb. 
1898-ci ilin 3 iyul tarixindən 3 sentyabrına qədər Əliqulu Mirzə Qafqaz Mineral Suları (Qafqazskiye Mineralnıye vodı) bölgəsinə göndərilib. 6 oktyabr 1898-ci ildən 7 yanvar 1899-cu ilə qədər zabit məhkəməsinin üzvü olaraq çalışıb. O, 1899-cu ilin 13 mayından Riqa-Oryol dəmiryolunun Bejitsa stansiyasına göndərilib. 1899-cu ilin 3 sentyabrından 7 dekabrına qədər, 1901-ci ilin 20 avqustundan 10 aprelinə qədər, 1902-ci ilin 1 aprelindən 1 noyabrına qədər alay məhkəməsinin üzvü olub. 
Çerniqov alayının Oryol şəhərindəki bölməsində xidmət edərkən Əliqulu Mirzə tez-tez alayın atıcılıq və süvarilik yarışmalarında qalib gəlib və müxtəlif mükafatlarla mükafatlandırılıb. 
1903-cü ildə orada "podpolkovnik" rütbəsinə yüksəlib. Bundan sonra Yeletsdə yerləşən 51-ci Nejinski Alayına təyinat alıb. 
2 mart 1903-cü ildə Əliqulu Mirzə xidmət etdiyi alayı təhvil verib və 14 iyun 1903-cü ildə ikinci komandan olaraq 52-ci Nejinski Süvari Alayına təyin edilib. 16 iyun 1903-cü ildə o, yeni xidmət yerinə gəlib və 25 iyun 1903-cü ildə alayın döyüşən birlikləri üzrə alay komandirinin köməkçisi təyin edilib. İmperatorun əmri ilə 26 iyul 1903-cü ildə podpolkovnik Əliqulu Mirzə Qacar 51-ci Çerniqov Draqon Alayınından 52-ci Çerniqov Draqon Alayına təyinat alıb. 
Şahzadə Əliqulu Mirzə 1904-1905-ci illəri əhatə edən Rus-Yapon müharibəsində də iştirak edib. 
Əliqulu Mirzənin oğlu Şəmsəddin Mirzə öz xatirələrində atasının ürək xəstəliyinə görə müalicə aldığını bildirib. Həyat yoldaşının ürək xəstəliyinə görə onun təqaüdə çıxmasını istədiyi məktubuna Əliqulu Mirzə o zaman bu cavabı yazıb: "İndi belə söhbətlərin yeri deyil, xəstə adam çoxdan pensiyaya çıxmalı idi. İndi geri çəkilsəm, deyəcəklər ki, döyüşə getməkdən qorxdum... Mənim yerimə evdə belə bir kişi (on yaşlı oğlunu nəzərdə tutur) qalır".
Yaponiya ilə müharibədə iştirakı Əliqulu Mirzənin son hərbi xidməti olub. O, Port-Arturun müdafiəsi zamanı ağır yaralanıb və 1905-ci ildə Çitadakı hərbi xəstəxanada vəfat edib. Onun nəşi Çitadakı xəstəxanadan Qafqaza aparılıb. Bu hadisə ilə əlaqədar 1905-ci il 8 fevral tarixində "Tərcüman" qəzetində belə yazılıb: "Qızıl Xaç Cəmiyyətinin himayədarı Əlahəzrət İmperator Mariya Fedorovna mərhum podpolkovnik Şahzadə Əliqulu Mirzə Qacarın cənazəsinin Qızıl Xaç Cəmiyyətinin vəsaiti hesabına Qafqaza Yevlax stansiyasına çatdırılmasını zəruri hesab etmişdir".
Əliqulu Mirzə Bərdə şəhərindəki İmamzadə qəbiristanlığındakı məqbərədə, atası Bəhmən Mirzə Qacarın məzarının yanında dəfn olunub.
Əliqulu Mirzə Qacarın 1886-cı ildəki xidmət kitabçasında 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsinin xatirəsinə "İgidliyə görə" yazısı olan 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni və bürünc medalı olduğu qeyd edilib. Bundan başqa, dövrümüzə qədər gəlib çatan fotoşəkillərdən aydın olur ki, Əliqulu Mirzənin 2-ci və 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni, 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni, 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni, İranın "Şiri-Xurşid" ordeni və Buxaranın "Qızıl Günəş" ordeni də olub. 
Əliqulu Mirzənin həyat yoldaşı olan Sitarə Bəyim (Sara Bəyim İsmayılova) məşhur tacir Ağaəli Ələsgər İsmayılovun qızı olub. Avropa təhsili alan Sitarə Bəyim Azərbaycan, fransız, rus və fars dillərini mükəmməl bilib, eyni zamanda, bu dillərin tədrisi ilə də məşğul olub. Cütlüyün Şəmsəddin Mirzə və Üveys Mirzə adlı oğlu (digər bir oğlu Murad Mirzə 5 yaşında və qızları İzzət Xanım 7 yaşında ikən vəfat edib) olub. 
Əliqulu Mirzə peşəkar hərbi fəaliyyət ilə yanaşı, həm də həvəskar fotoqraf olub. O, ciddi formada müxtəlif incəsənət sahələri ilə məşğul olub, bunlardan birinci yeri isə fotoqrafiya tutub. Əliqulu Mirzənin oğlu Şəmsəddin Mirzənin öz xatirələrində yazdığına görə, bir çox müəlliflər şahzadəni Rusiya imperiyasında ilk azərbaycanlı fotoqraflardan biri kimi qəbul edirmişlər. Əliqulu Mirzə Qacar Tiflis, Bakı və Sankt-Peterburq arxivlərində saxlanılan bir sıra fotoşəkillərin müəllifidir.

"Azərbaycan Ordusu"