AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Qədim zamanlardan Azərbaycan daim yadellilərin hücumlarına məruz qalıb. Bu hücumlardan müdafiə olunmaq məqsədilə Azərbaycan ərazisində müxtəlif istehkamlar və qalalar tikilib. Ona görə də Azərbaycan müdafiə məqsədilə tikilən istehkamlar və qalalarla zəngindir. Belə qalalardan biri də Əsgəran qalasıdır.
Əsgəran qalası Azərbaycan tarixinin mühüm tarixi abidələrindən biridir. Qala dövrünün həm hərbi mühəndislik sahəsindəki inkişafını göstərir, həm də Azərbaycanın zəngin tarixinin izlərini daşıyan bir simvol olaraq müasir dövrümüzə qədər gəlib çatıb.
Qala Cənubi Qafqazın hərbi tarixində mühüm bir yeri olan və bölgədə strateji əhəmiyyətə malik bir tikilidir. Qalanın tikilmə səbəbi dövrünün güclü dövlətləri tərəfindən ölkəmizə qarşı aparılan müharibə, eləcə də, əsassız torpaq iddiaları ilə bağlıdır.
Əsgəran qalasının memarlığı öz dövrünə xas olan xüsusiyyətlərinə görə çox möhkəm və qeyri-adi bir quruluşa malikdir. Qala yüksək divarları, müdafiə xəndəkləri və güclü qala qapıları ilə təchiz edilib. Divarların qalınlığı və möhkəmliyi, o dövrün döyüş texnologiyalarına qarşı dayanıqlı olması baxımından çox effektli olub.
Qalanın yerləşdiyi coğrafi ərazi müharibələr zamanı bölgənin müdafiəsi üçün mühüm əhəmiyyət kəsb edib. Qalanın müdafiə gücü ona təkcə döyüşlərdə üstünlük qazandırmaqla kifayətlənməyib, həm də ətraf kəndlərin və şəhərlərin təhlükəsizliyini təmin edib.
Əsgəran qalasının tikintisində istifadə edilən materiallar və memarlıq üslubu, dövrünün mədəni və texnoloji inkişafından xəbər verir. Qalanın strateji mövqeyi onu dəfələrlə qarşı tərəflərin hücumlarından qorumağa imkan vermişdir. Qala, həmçinin Azərbaycanın ən böyük və mühüm qalalarından biri olaraq, bu ərazilərdə baş verən bir çox müharibə və döyüşlərə şahidlik edib.
El arasında "Əsgəran qalası" adı ilə tanınan bu sədd XVIII əsrdə (bəzi mənbələr XII-XIII əsrlərə aid olduğunu bildirir) Qarabağ xanlığının şərq sərhədində tikilib. Dərbənd səddi Şirvanın şimal qapısı idisə, Əsgəran səddi Qarabağ xanlığının şərq qapısı hesab olunub.
Qarqarçayın hər iki sahilində tikilən Əsgəran qalası düşmənin Şuşaya düzənlikdən baş verə biləcək hücumlarının qarşısını almaq üçün nəzərdə tutulub. Qalanın çayın sahilində yerləşən hissəsinin uzunluğu 250 metrə çatan ikiqat divardan ibarətdir. Çay daşı ilə hörülən qala divarının eni 2, hündürlüyü isə bəzi yerlərdə 9 metrə çatır. Əsgəran qalası çox əlverişli mövqeyə malik olub. Qarqarçayın sahilləri çox hündür və sıldırımlı olduğundan düşmən bu qalanı ələ keçirmədən Şuşaya doğru irəliləyə bilməzdi. XIX əsrdə yaşamış görkəmli Azərbaycan tarixçisi, dövlət xadimi və Qarabağ xanlığının baş vəziri olmuş Mirzə Camal Qarabaği qala haqqında belə yazıb: "Müharibə zamanı bu qalalarda azacıq piyada qoşun olsa, düşmən oradan keçib Şuşa qalasına gedə bilməzdi".
Əsgəran qalasının tikilmə tarixi və onu tikdirənin adı müxtəlif mənbələrdə müxtəlif cür yazılıb. Tarixçilərin bir çoxu qalanın tikilməsini Pənahəli xanın, bəziləri Mehrəli xanın, digərləri isə İbrahim xanın adı ilə bağlayırlar.
Qalanın adı Əsgəran adlı yerlə bağlı olub Azərbaycan dilindəki əski (köhnə, qədim) və Aran toponimindən ibarət olub - köhnə Aran, qədim Aran mənalarını daşıyır.
Əsgəran qalası Şuşanın təxminən 24, Xocalının 5 kilometrliyində və Ağdam şəhərinin 12 km cənubunda Qarqarçayın sağ və sol sahillərində, dağ döşündə tikilib. Burada dağlar eni təqribən 500 metrə çatan çay vadisinə və qalanın divarları ilə əhatələnən böyük olmayan dərəyə qədər uzanır.
Qalanın sağ sahil (şərq tərəfi) istehkamı bürclərlə möhkəmləndirilib, ikiqat daş divarlarından ibarətdir. Bütün bürclər ikimərtəbəli olub, biri digəri ilə ikimərtəbəli qala dəhlizləri ilə birləşdirilib. Relyefə uyğun olaraq dəhliz bir bürcün birinci mərtəbəsini digər bürcün ikinci mərtəbəsi ilə birləşdirir. Dağ keçidindən müdafiə olunan kənar şərq bürc xüsusi formalı otaqların yaratdığı kompleksdən ibarətdir. Qalanın sol sahil hissəsi (qərb tərəfi) isə bir müdafiə həlqəsində birləşən düzbucaqlı trapesiya şəkilli istehkamlardan ibarətdir. Burada relyef nəzərə alınmaqla inşa olunan qala divarları altı bürclə möhkəmləndirilib. Qarqarçaydan başlayaraq dağa doğru uzanan qala divarları qala həyətini əmələ gətirib.
Yuxarı qala həyətinin hər küncündə bir bürc yerləşməklə demək olar ki, kvadrat formalı qapalı istehkamdır. Bu həyətlə aşağı həyəti ayıran köndələn divarda daxili, üstü tağlı darvazalar var. Aşağı həyət şərq tərəfdən açılır, belə ki, hər iki divar yalnız çaya çatır. İstehkamın sol sahildəki altı bürcün hər biri mərkəzində kiçik aşınma olan tağtavanla iki mərtəbəyə ayrılıb. Üçüncü mərtəbə yalnız mazğallara qədər mühafizə olunub. Yuxarıdakı kvadrat biçimli istehkam, ehtimal ki, müdafiə sistemində xüsusi əhəmiyyət kəsb edib və elə inşa olunub ki, hətta qalanın aşağı hissəsi düşmənin əlinə keçsə belə, burada mübarizəni davam etdirmək mümkün olsun. Qalanın divarları üz hissəsi yaxşı işlənmiş çay daşlarından tikilib. Horizontal sıralı döşəmə daşlar tikintini daha da möhkəmləndirib.
Ermənistanın torpaqlarımızı işğalı nəticəsində bir çox abidələr kimi Əsgəran qalası da düşmənin nəzarətinə keçmişdi. Qala erməni işğalında olmaqla yanaşı, həm də erməniləşdirilməyə məruz qalıb. Belə ki, Şaqen Makiçoviç Mkrtçyanın (əsasən Qarabağ ərazisində tarixi-memarlıq abidələrini, o cümlədən Əsgəran qalasını və Şuşadakı tikililəri erməniləşdirməyə, erməni abidələri kimi təqdim etməyə çalışan erməni ideoloji təbliğatçısı) "Историко - архитектурные памятники Нагорного Карабаха" (Dağlıq Qarabağın tarixi - memarlıq abidələri) adlı kitabında bölgədəki digər abidələrlə yanaşı Əsgəran qalası da mənimsənilərək tarixi tamamilə təhrif olunub. Kitabda qalanın adı Mayraberd-Əsgəran kimi göstərilib. Qalanın adının necə yarandığını açıqlayan müəllif onun orta əsr erməni kəndi olan Mayraberd kəndi yaxınlığında salındığından kəndin adı ilə Mayraberd, qoşunların dayanacaq yeri olduğu üçün isə Əsgəran adlandırıldığını bildirib. Qalanın adına gəldikdə, məlumdur ki, Azərbaycanın bu bölgəsində nə orta əsrlərdə, nə də sonra bu adda yer adına, nə də toponimikasında bu cür mənşəli sözə rast gəlinməyib.
2023-cü il sentyabrın 19-20-də rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatından sonra Əsgəran qalası düşməndən azad edildi. Bu gün Əsgəran qalası həm Azərbaycan tarixini öyrənmək istəyənlər üçün bir mədəni irs abidəsi, həm də turizm baxımından əhəmiyyətli bir kompleks olaraq azaddır. Qala xalqımızın tarixi və mədəni zənginliyini nümayiş etdirən mühüm bir abidə olaraq, dövlətimiz tərəfindən qorunur və ziyarətçilərə açıqdır. Əsgəran qalası yalnız bir hərbi-istehkam qalası deyil, həm də Azərbaycanın tarixi və mədəni irsinin bir hissəsidir. Qala divarlarının və digər tarixi tikililərin günümüzə qədər qorunub saxlanılması, həmçinin, gələcək nəsillərə bu tarixi irsin çatdırılması üçün çox vacibdir.
"Azərbaycan Ordusu"