Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 May 2026 16:26

Müstəqillikdən Zəfərə aparan yol

Azadlıq uğrunda qazanılan hər zəfərin arxasında böyük mübarizə və sarsılmaz iradə dayanır. 1918-ci il mayın 28-i isə Azərbaycan xalqının əsrlər boyu yaşatdığı istiqlal amalının gerçəyə çevrildiyi tarixi gündür. O gün bir xalqın öz müqəddəratını əlinə alması, dünyaya müstəqil bir dövlət kimi qatılması haqqında rəsmi elan verildi. Bu elan - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması yalnız siyasi bir hadisə deyildi, eyni zamanda, çoxəsrlik müstəmləkəçilik zülmünə qarşı qazanılmış mənəvi Zəfər idi.
Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqinin tarixində ilk demokratik respublika olmaqla, yalnız bölgə üçün deyil, bütün müsəlman dünyası üçün bir işıq mənbəyinə çevrildi. Qadınlara seçki hüququ tanıyan, müstəqil ordu yaradan bu dövlət, qısa ömrünə baxmayaraq Azərbaycan tarixində dərin izlər buraxdı. 
1918-ci ilin əvvəlləri Qafqaz üçün son dərəcə gərgin bir dövr idi. Çar Rusiyası İmperiyası dağılmış, Birinci Dünya müharibəsi Şərqi Anadolu və Cənubi Qafqazı müharibə meydanına çevirmişdi. Bu xaos içərisində Azərbaycan, Gürcüstan və Ermənistan birlikdə Zaqafqaziya Seymi adlı birgə parlament qurmuşdu. Lakin üç millətin maraqları bir-birinə zidd olduğundan bu birlik uzun sürmədi.
XIX əsrin sonlarından etibarən Azərbaycan ziyalıları xalqın milli oyanışı üçün yorulmadan çalışdı. Onlar milli-azadlıq ideyalarını yayır, xalqa müstəqillik ruhunu aşılayırdılar. Bu mübarizənin nəticəsində 1918-ci il mayın 28-də tarixi bir hadisə baş verdi: Azərbaycan Xalq  Cümhuriyyəti Milli Şurası “İstiqlal Bəyannaməsi”ni imzaladı. Bu sənəd yalnız Azərbaycanın deyil, bütün müsəlman Şərqinin tarixinə qızıl hərflərlə həkk olundu.
O vaxta qədər Şərq xalqları arasında demokratik idarəçilik prinsipi demək olar ki, mövcud deyildi. Azərbaycan Xalq Cümhuriyyəti isə bu tarixi boşluğu doldurdu. Seçkili parlament, müstəqil hökumət, Dövlət Bayrağı, Azərbaycan vətəndaşlığı - bütün bunlar qısa müddətdə formalaşdırıldı. Müsəlman dünyasında ilk dəfə qadınlara kişilərlə bərabər seçki hüququ verildi. Bu addım o dövr üçün çox cəsarətli bir demokratik irəliləyiş idi. Ulu Öndər Heydər Əliyev bu tarixi hadisəylə bağlı öz fikrini bildirmişdi: "Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli-azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır".
Tarixi ardıcıllığa nəzər yetirsək görəcəyik ki, mayın 26-da Gürcüstan müstəqilliyini elan etdi. Bu addım Zaqafqaziya birliyinin rəsmən sona çatdığını göstərirdi. Azərbaycan nümayəndələri isə iki gün sonra mayın 28-də Tiflisdə toplanaraq tarixi bir qərar qəbul etdilər və Azərbaycan Xalq Cümhuriyyəti yaradılmış elan edildi. Müsavat Partiyasının liderlərindən olan Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə formalaşan hökumət, ogünkü çətin şərtlərə baxmayaraq, dövlət quruculuğuna böyük inamla başladı.
Diqqətə çarpan o idi ki, cümhuriyyətin banilərinin çoxu Qərb universitetlərində təhsil almış, müasir dövlətçilik anlayışını dərindən mənimsəmiş ziyalılar idilər. Onlar həm milli ideallara sadiq idilər, həm də praktik idarəçilik zərurətlərini anlayırdılar. Bu birlik cümhuriyyəti qısa müddət ərzində fəal bir dövlətə çevirmək üçün möhkəm zəmin yaratdı.
Cümhuriyyət hökuməti əvvəlcə Gəncə şəhərini özünə mərkəz seçmişdi, çünki Bakı o zaman Bakı Kommunası adlanan bolşevik idarəçiliyinin nəzarətindəydi. Bakı Kommunası Azərbaycan xalqının milli maraqlarını tanımır, şəhəri, əslində, bolşevik Rusiyasının maraqları çərçivəsində idarə edirdi. Buna görə Bakının azad edilməsi cümhuriyyətin hərbi hədəflərindən birinə çevrildi.
1918-ci ilin sentyabrında Azərbaycan Ordusu Osmanlı hərbi qüvvələrinin dəstəyi ilə Bakı istiqamətində böyük bir hücum əməliyyatı həyata keçirdi. Ağır döyüşlər nəticəsində sentyabrın 15-də Bakı azad edildi. Bu tarix Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən biri kimi qeydə alındı. Şəhərin azad edilməsi yalnız ərazinin geri qaytarılması deyildi, eyni zamanda, cümhuriyyətin öz torpaqları üzərindəki hakimiyyətini bərqərar etməsi demək idi.
Bakının azad edilməsinin ardınca cümhuriyyət hökuməti paytaxtını Gəncədən Bakıya köçürdü. Neftinin bolluğu və zənginliyi ilə tanınan bu şəhər artıq yeni dövlətin rəsmi mərkəzinə çevrildi. Neft gəlirləri olmadan ordunun saxlanması, dövlət aparatının işlədilməsi mümkün deyildi. Bu mənada Bakının azad edilməsi cümhuriyyətin iqtisadi müstəqilliyi baxımından da həlledici əhəmiyyət daşıyırdı.
1920-ci il aprelin 27-28-də Azərbaycana bolşevik orduları daxil oldu. Cümhuriyyətin üçrəngli bayrağı parlamentdən endirildi. Görünüşdə müstəqillik sona çatmışdı. Lakin xalqın qəlbindəki azadlıq arzusu, milli kimlik hissi söndürülə bilmədi.
Sovet dövründə Azərbaycan xalqı öz milli varlığını, dilini, mədəniyyətini qorumaq üçün mübarizə apardı. Bu mübarizənin ən parlaq simalarından biri Heydər Əliyev idi. O, Azərbaycana rəhbərlik etdiyi illərdə milli mənlik şüurunu dirçəltmək, ölkəni sosial-iqtisadi cəhətdən inkişaf etdirmək üçün böyük işlər gördü.
1990-cı il noyabrın 17-si, yəni, Sovet İttifaqı hələ mövcud olduğu o çətin günlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayraq yenidən rəsmi Dövlət Bayrağı olaraq qaldırıldı. Bu, tarixi bir cəsarət nümunəsi idi. Totalitar bir sistemin içindən müstəqilliyə gedən yolun bünövrəsi qoyulurdu.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Bu sənəddə açıq şəkildə 1918-ci il “İstiqlal Bəyannaməsi”nə istinad edildi və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu qeyd edildi. Bu, tarixi varisliyin rəsmi olaraq tanınması demək idi.
Lakin müstəqilliyin elan edilməsi hər şeyi həll etmirdi. Ölkə dərin iqtisadi böhranın içindəydi. Ermənistan Azərbaycan torpaqlarına işğalçı hücumlar edirdi, Dağlıq Qarabağ və ətraf ərazilərimiz düşmən nəzarəti altına keçirdi. Daxili qarışıqlıqlar isə vəziyyəti daha da ağırlaşdırırdı. Bu çətin günlərdə xalq yenə Heydər Əliyevə üz tutdu.
"Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi", - deyən Ulu Öndər 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdaraq ölkəni parçalanmaq təhlükəsindən xilas etdi. O, güclü dövlətçilik iradəsi, dərin siyasi zəka və xalqa sonsuz sevgisi ilə Azərbaycana yeni bir istiqamət verdi. Onun həyata keçirdiyi milli birliyə çağırış, ordu quruculuğu, iqtisadi islahatlar dövlətimizin möhkəmlənməsinə xidmət etdi.
Ulu Öndərin yürütdüyü siyasət sayəsində Azərbaycan beynəlxalq arenada layiqli yerini tutmağa başladı. "Əsrin müqaviləsi" kimi tanınan neft sazişi imzalandı, neft gəlirləri ölkənin inkişafına yönəldildi. 
Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi münasibətilə 1998-ci ildə xüsusi sərəncamlar imzaladı. Dövlət Komissiyası yaradıldı, tədbirlər planı hazırlandı. Bu addım, cümhuriyyətin tarixdəki roluna verilən dövlət səviyyəsindəki ehtiramın ifadəsiydi.
Dahi Rəhbər dedi ki: "Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir".
Ümummilli Liderin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev Azərbaycanı yeni yüksəkliklərə qaldırdı. Onun rəhbərliyi ilə ölkədə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu sürətləndi, siyasi, iqtisadi və sosial islahatlar ardıcıl şəkildə həyata keçirildi.
2007-ci ildə Bakıda İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə “İstiqlal Bəyannaməsi” abidəsi ucaldıldı. Dövlət başçısı bu açılış mərasiminə şəxsən qatıldı. Bu addım tariximizə olan dərin ehtiramın daşa həkk olunmuş ifadəsiydi.
“Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti  cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan  Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi  olacaq!” - cənab Prezident İlham Əliyev vurğulamışdı. 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edildi. Cümhuriyyətin 100 illik yubileyi dövlət səviyyəsində geniş qeyd olundu. Eyni zamanda, 1918-ci ilin dekabrında parlamentdə qaldırılıb, 1920-ci ilin aprelində oradan götürülmüş Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 2018-ci il mayın 24-də öz Vətəninə qaytarıldı. Bu bayraq bu gün Dövlət Bayrağı Muzeyinin əsas eksponatlarından biri kimi qorunur.
2021-ci ildə "Müstəqillik günü haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Bu qanunla 28 May “Müstəqillik Günü”, oktyabrın 18-i isə “Müstəqilliyin Bərpası Günü” kimi rəsmi şəkildə təsbit edildi. 
2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin yeni parlaq səhifəsini açdı. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi rəhbərliyi ilə Azərbaycan Ordusu onilliklər boyu işğal altında qalmış torpaqlarımızı azad etdi. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Xankəndi bir-birinin ardınca düşmənin pəncəsindən azad edilən bu şəhərlərin hər biri xalqımızın sevinci idi, ən əsası Zəfəri idi.
Zəfər Günü - noyabrın 8-i bu böyük qələbənin tarixi anını ölümsüzləşdirdi. Azərbaycan Bayrağı işğaldan azad olunmuş bütün torpaqlarda ucaldıldı. Bu, sadəcə hərbi qələbə deyildi, bu, 1918-ci ildən bu yana gələn milli iradənin, dönməz dövlətçilik əzminin ən parlaq təcəssümü idi.
Sonrakı illərdə Qarabağın tam işğaldan azad edilməsi prosesi tamamlandı. 2023-cü ilin 28 mayında Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşdü. O görüş tarixin bir simvolu idi; müstəqillik günündə, azad olunmuş torpaqda, öz evinə qayıdan insanlarla birgə.
"Bu gün Müstəqillik Günüdür. Əziz laçınlılar, ilk növbədə sizi və bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Bu gün ikiqat bayramdır. Çünki bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar və bu münasibətlə həm sizi, həm də bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir".
Müasir Azərbaycan Ordusu güclü, peşəkar və yüksək mənəvi ruhlu bir ordudur. Onun gücü yalnız silahda deyil, həm də tarixi missiyanı dərk etməkdə, dövlətinə, xalqına sonsuz sədaqətdədir. Azərbaycan bayrağını qaldıran hər bir əsgər eyni zamanda, 1918-ci il nəslinin əmanətini daşıyır.
2025-ci il 28 may tarixində Laçındakı çıxışında Prezident İlham Əliyev tarixi bir gerçəkliyi xatırlatdı: müstəqilliyin əldə edilməsi ilə iş bitmir, onu qorumaq daha böyük məsuliyyət tələb edir. 107 il əvvəl yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Lakin əkdiyi toxum tarixin dərinliklərindən keçərək bu günümüzə qədər gəlib çatdı.
"107 il bundan əvvəl müsəlman aləmində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Bu, böyük tarixi hadisə idi. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki il sonra - 1920-ci ilin aprel ayında müstəqilliyimiz əlimizdən alınmışdır. Ondan bir neçə ay sonra - 1920-ci ilin noyabr ayında sovet Rusiyası tərəfindən Qərbi Zəngəzur bölgəsi Azərbaycandan ayrılıb Ermənistana birləşdirilmişdir. Bu, böyük ədalətsizlik idi və Azərbaycan xalqı buna oxşar ədalətsizliklərlə tarix boyu üz-üzə qalmışdır. Ancaq xalqımızın iradəsi və qardaş xalqların dəstəyi bizə güc verirdi, bizi ruhlandırırdı və iradəmizi gücləndirirdi".
28 May - yalnız bir tarix deyil. Bu tarixi gün xalqımızın yüz illik yolunun xülasəsidir. “İstiqlal Bəyannaməsi”ndəki hər söz, cümhuriyyətin hər fəaliyyəti, Ulu Öndər Heydər Əliyevin hər qətiyyətli addımı, Prezident İlham Əliyevin hər zəfəri bu günün parlaq tarix səhifələrinə həkk olunub.
Azərbaycan Ordusu da bu böyük tarixi prosesin ayrılmaz hissəsidir. 1918-ci ildə Cümhuriyyətin qurucuları milli ordu qurarkən gələcək nəsillərə bir əmanət verdilər: bu torpaqları qoruyun, bu bayrağı daşıyın, bu müstəqilliyi saxlayın. Azərbaycan Ordusu bu əmanətə layiqincə sahib çıxdı. Bu gün 28 May - Müstəqillik Günündə xalqımız birlikdə sevinir, şəhidlərimizi hörmətlə yad edir, gələcəyimizə ümidlə baxır. Çünki Azərbaycanın müstəqilliyi əbədidir!

Hüsniyyə NƏSİROVA

"Azərbaycan Ordusu"