Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 May 2026 19:50

Balaca ürəklərdən Vətən müdafiəçilərinə

Vətən sevgisi insanın qəlbində hələ uşaqlıq illərindən formalaşmağa başlayır. Bu sevginin təməli isə, ilk növbədə, ailədə, daha sonra məktəb və digər təhsil ocaqlarında qoyulur. Məktəb yalnız bilik verilən məkan deyil, eyni zamanda, Vətəninə bağlı, milli ruhda böyüyən şəxsiyyətlərin yetişdiyi müqəddəs bir ocaqdır. Uşaqların saf və təmiz duyğularında doğma yurda bağlılıq daha səmimi, daha təsirli şəkildə özünü göstərir. Balaca məktəblilərin Vətən müdafiəçilərinə ünvanladıqları məktublar da bunun ən duyğulu nümunələrindən biridir. Onların hər bir cümləsində şəhidlərimizə sonsuz ehtiram, Azərbaycan əsgərinə böyük sevgi, qalib ordumuza dərin inam və qürur hissi açıq şəkildə hiss olunur.
Paytaxtdakı 153 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdləri də məhz belə kövrək və ülvi hisslərlə şəhidlərimizin əziz xatirəsinə, həmçinin Azərbaycan Ordusunun cəsur əsgərlərinə məktublar ünvanlayıblar. Balaca məktəblilərin qələmə aldıqları fikirlərdə Vətən sevgisi, igid oğullarımıza sonsuz ehtiram, torpaqlarımızın azadlığı uğrunda göstərilən şücaətə duyulan qürur və işıqlı gələcəyə böyük ümid hiss olunur. Hər sətirdə uşaqların təmiz qəlbi, saf niyyəti və vətənpərvər ruhu öz əksini tapır.
Məktublarda uşaqların kövrək duyğuları ilə yanaşı, onların yaşlarından daha böyük düşüncəyə sahib olduqları da aydın görünür. Balaca ürəklərdə böyüyən Vətən sevgisi hər cümlədə özünü göstərir. Onların yazdıqları fikirlərdən hiss olunur ki, bugünkü məktəblilər Azərbaycanın qəhrəmanlıq tarixini, şəhidlərimizin, hərbi qulluqçularımızın göstərdiyi fədakarlığın dəyərini dərk edirlər.
Nuray Əhmədova məktubunda şəhidlərimizin qəhrəmanlığından böyük qürur hissi ilə bəhs edib. O, qələmə aldığı sətirlərdə Vətən uğrunda canından keçən igidlərimizin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıb: "Qəhrəman şəhidlərimizin igidliyi və Vətənə olan sonsuz sevgisi heç vaxt unudulmayacaq. Onlar torpaqlarımızın azadlığı uğrunda canını fəda edərək xalqımızın qüruru oldular. Əziz şəhidlərimiz, ruhunuz şad olsun, sizin hər birinizə minnətdarıq. Yazdığınız tarix tariximizdə əbədi yaşayacaq!".
Balaca məktəblinin bu sözlərində Azərbaycan övladına xas olan böyük ehtiram və minnətdarlıq duyulur. Çünki bu gün azad, müstəqil və qalib ölkənin vətəndaşları olaraq rahat yaşamağımızın arxasında məhz şəhidlərimizin qəhrəmanlığı, hərbçilərimizin fədakarlığı dayanır. Onların qanı və canı bahasına əldə olunan Zəfər xalqımızın ən böyük qürur mənbəyinə çevrilib.
Mədinə Gülverdiyeva isə məktubunda tarixi Qələbədən bəhs edərək azərbaycanlı olduğu üçün qürur duyduğunu qeyd edib. Onun səmimi və duyğulu fikirləri hər bir azərbaycanlının qəlbində yaşayan fəxr hissinin ifadəsinə çevrilib: "Nəhayət, arzumuza çatdıq, doğma torpaqlarımızı düşməndən azad etdik. Mənim əsgər qardaşım, sənin şücaətin, mərdliyin, şəhidlərimizin qəhrəmanlığı və canı bahasına biz bu gün qalib xalqıq. Mən, azərbaycanlı olduğuma görə fəxr edirəm".
Bu cür düşüncələr bir daha göstərir ki, böyüməkdə olan nəslin ruhunda artıq qalib Azərbaycanın nəfəsi yaşayır. Onlar yaxşı anlayırlar ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi böyük qəhrəmanlıqlar hesabına bərpa olunub. Bu tarixi Zəfərin dəyəri isə onların saf düşüncələrində xüsusi yer tutur.
Züleyxa Hüseynzadə məktubunda hərbi xidmətin çətinliyindən bəhs edərək, Azərbaycan əsgərinə dərin minnətdarlığını bildirir. O qeyd edir ki, məhz qəhrəman əsgərlərimizin cəsarəti və qətiyyəti sayəsində müqəddəs üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanır. Balaca məktəblinin bu fikirləri göstərir ki, uşaqlar ordumuzun gördüyü böyük işlərin məsuliyyətini və əhəmiyyətini ürəkdən hiss edirlər.
Aylin Rüstəmova isə şəhidlərimizin xalqımız üçün əbədi qürur mənbəyi olduğunu vurğulayır. O, məktubunda Vətən uğrunda canını fəda edən qəhrəmanların daim hörmətlə anılacağını qeyd edib: "Şəhidlərimiz Vətən sevgisinin və fədakarlığın ən uca nümunəsidir. Onlar doğma torpaqlarımızın müdafiəsi uğrunda həyatlarını fəda edərək xalqımızın qəlbində əbədi yer qazandılar. Buna görə də onların müqəddəs xatirəsi hər zaman böyük ehtiram və minnətdarlıq hissi ilə anılacaq".
Bu fikirlərdə uşaqların milli-mənəvi dəyərlərimizə bağlılığı aydın şəkildə görünür. Şəhidlərimizin əziz xatirəsinin daim uca tutulması, onların keçdiyi qəhrəmanlıq yolunun gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın müqəddəs borcudur. Aylin kimi məktəblilərimizin düşüncələri də göstərir ki, təhsil ocaqlarında vətənpərvərlik ruhu şagirdlərə düzgün və dolğun şəkildə aşılanır.
Sofiya Seyidzadə məktubunda Vətənin keşiyində ayıq-sayıq dayanan Azərbaycan əsgərini ölkəmizin sarsılmaz qalxanı adlandırır. O bildirir ki, ordumuzun igid hərbi qulluqçuları ata-babalarımızdan bizə miras qalan torpaqlarımızın keşiyində mərdliklə dayanır, Vətəni gözbəbəyi kimi qoruyurlar. Bu sözlərdə uşaqların əsgərlərimizə olan sonsuz güvəni və sevgisi aydın hiss olunur.
Banu Oruclu da məktubunda Azərbaycan əsgərinin göstərdiyi igidliyə görə onlara minnətdarlığını ifadə edib. O yazır: "Əziz əsgər, sən bizim qürur mənbəyimizsən. Cəsarətinlə gecə-gündüz, isti-soyuq demədən bizi qoruyursan, Ana Vətənimizin müdafiəsində dayanırsan. Cəsarətinə və Vətənə olan sonsuz sevginə görə sənə minnətdarıq!".
Balaca məktəblinin səmimi və kövrək sözlərində əsgərlərimizə duyulan böyük sevgi və ehtiram öz əksini tapır. Həqiqətən də, döyüş meydanında şücaətlər göstərərək tarix yazan Azərbaycan əsgəri hər zaman xalqımızın güvənc yeri, qürur mənbəyi olub.
Məktub yazan şagirdlər arasında Dinara Əliyeva, Məcid Məmmədov, Asiya Məmmədova, Hüseyn İmanov, Dəniz Sultanlı, Nigar Abdulla, Ramal Fətullayev, Nilufər Qurbanova, Kərim Zeynalov və Banu Mahmudova da yer alırlar. Onların hər biri yazdıqları sətirlərdə Azərbaycan Ordusuna olan sevgilərini, şəhidlərimizin əziz xatirəsinə bəslədikləri hörməti və Vətənə bağlılıqlarını ifadə ediblər. Məktublarda həm Zəfər sevinci, həm cəsur əsgərlərimizə sonsuz minnətdarlıq, həm də gələcəkdə Vətənə layiqli övlad olmaq arzusu xüsusi yer tutur. Bu saf arzular isə gələcəyimizin etibarlı əllərdə olduğunu göstərir.
Belə təşəbbüslər məktəblilər arasında vətənpərvərlik hissinin daha da möhkəmlənməsinə, gənc nəslin milli ruhda yetişməsinə mühüm töhfə verir. Vətənə sevgi ilə böyüyən uşaqlar gələcəyin layiqli vətəndaşları, dövlətinə və xalqına bağlı övladları kimi formalaşırlar. Çünki bu sevgi məhz belə saf duyğularla başlayır.
Bu məktublar bir daha sübut edir ki, Azərbaycan xalqı öz ordusu və onun igid övladları ilə qürur duyur. Əsgərlərimiz isə xalqımızın, o cümlədən uşaqların bu sevgisini və etimadını hiss etdikcə Vətənin keşiyində daha böyük inam, daha möhkəm iradə ilə dayanırlar.
Məktəblərdə şagirdlərə vətənpərvərlik hissinin aşılanması, onların milli ruhda formalaşdırılması təhsil prosesinin ən vacib istiqamətlərindən biridir. Müəllimlər tərəfindən uşaqlara Vətən sevgisinin, dövlətə bağlılığın, şəhidlərimizə hörmət və əsgərlərimizə ehtiram hissinin aşılanması gələcək nəslin sağlam milli düşüncə ilə yetişməsində mühüm rol oynayır. Bu gün məktəblərdə keçirilən tədbirlər, vətənpərvərlik mövzusunda aparılan söhbətlər, şəhidlərimizin xatirəsinə göstərilən ehtiram uşaqların düşüncəsində doğma yurda bağlılığı daha da gücləndirir. Çünki Vətən sevgisi yalnız sözlə deyil, həm də düzgün tərbiyə, milli dəyərlərə bağlılıq və mənəvi örnəklərlə formalaşır.
Balaca ürəklərdən gələn səmimi məktublar əsgərlərimiz üçün ən qiymətli mənəvi dəstəyə çevrilir. Çünki, Vətən müdafiəçilərimiz yaxşı bilirlər ki, geridə güclü bir xalq, işıqlı gələcəyimiz olan uşaqlar və sonsuz sevgi dayanır. Bu sevgi isə Azərbaycan əsgərinə hər zaman güc verir, onu müqəddəs borcu ödəmə kimi şərəfli vəzifədə daha qətiyyətli edir.

 

Hüsniyyə NƏSİROVA

 

"Azərbaycan Ordusu"