AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Sədərək döyüşlərinin ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikasında silsilə tədbirlər təşkil olunub.
Sədərək rayon İcra Hakimiyyəti və Naxçıvan "Şəhid Ailələri" İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan mərasimlər Şərur rayon Şəhidlər xiyabanından start götürüb.
Ziyarətçilər igid Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzərək ruhlarına dualar oxuyublar.
Anım proqramı daha sonra Sədərək rayon Şəhidlər xiyabanında davam etdirilib.
Mərasimlərdə Ali Məclisin deputatları, Sədərək və digər rayonların icra hakimiyyətlərinin rəhbərləri, aparat əməkdaşları, idarə və müəssisə rəsmiləri iştirak ediblər. Həmçinin şəhid ailələri, müharibə veteranları, məktəblilər, ictimaiyyətin nümayəndələri, eləcə də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları və Daxili İşlər Nazirliyinin polis əməkdaşları tədbirə qatılıblar. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirlərdə Sədərək döyüşlərində iştirak etmiş igidlərin keçdiyi şərəfli döyüş yoluna nəzər salınıb. Natiqlər qeyd ediblər ki, cəsur oğullarımızın Naxçıvanın müdafiəsində göstərdikləri mərdlik, qətiyyət və fədakarlıq xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifələrindəndir.
Çıxışlar zamanı xüsusi vurğulanıb ki, həmin taleyüklü dövrdə Naxçıvana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, qətiyyətli addımları və xalqla çiyin-çiyinə nümayiş etdirdiyi sarsılmaz iradə muxtar respublikaya qarşı planlaşdırılan genişmiqyaslı hərbi təcavüzün qarşısını alıb. Əhalinin vahid mövqedən çıxış etməsi və milli həmrəylik nümayiş etdirməsi Naxçıvanın daha böyük faciələrlə üzləşməməsində mühüm rol oynayıb.
Bildirilib ki, Sədərək döyüşlərində qəhrəmancasına həlak olan igidlərimizin mübarizəsi bu gün gənc nəsil üçün böyük vətənpərvərlik örnəyi olmaqla yanaşı, Vətən müharibəsində Zəfər qazanan Azərbaycan əsgərinin mənəvi güc və ruh mənbəyinə çevrilib.
Anım tədbirləri, eyni zamanda, muxtar respublikanın Culfa, Kəngərli və digər bölgələrində də təşkil olunub. Həmin rayonlarda da şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları ziyarət olunub və xatirə şəkilləri çəkdirilib.
Bəxtiyar ƏLİYEV
Naxçıvan "Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi