Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 May 2026 19:50

Azərbaycanın və Türkiyənin istiqlaliyyəti uğrunda vuruşan polkovnik - Aslan bəy Hacızadə (Berkan)

Aslan bəy Nüsrət oğlu Hacızadə 1897-ci ildə Qarabağ əyalətinin Cavanşir qəzasının mərkəzi olan indiki Tərtər şəhərində anadan olub.
1917-ci ildə orta təhsilini bitirdikdən sonra könüllü olaraq hərbi xidmətə yollanıb. Gəncədə yerləşən 5-ci Yelizavetpol Alayında hərbi ximətə başlayıb. Nizam-intizamı, çevikliyi, hərbi bacarığı ilə seçilən gənc Aslan komandirlərin diqqətini özünə çəkib. Komandirləri bu xüsusiyyətlərini nəzərə alaraq, hərbi təhsil almaq üçün onu 1918-ci ildə Gəncə şəhərində açılan hərbi məktəbə göndəriblər. Təhsilini topçuluq ixtisası üzrə aldıqdan sonra, zabit kimi Azərbaycan Xalq Cümhuriyyəti Ordusunda xidmətini davam etdirib və qısa müddətdə peşəkar artilleriyaçı kimi tanınıb.
Fevral inqilabından sonra Zaqafqaziya Komissarlığının tələbi ilə Cənubi Qafqazı tərk edən Rusiya hərbi hissələri silahlarını təhvil verməli idilər. Lakin bir çox hallarda rus qoşun hissələri silahları təhvil vermək istəmirdilər. 1918-ci il yanvarın 9-da Gürcüstandan Azərbaycana keçən rus ordusuna aid hərbi eşelonların silahları təhvil verməməsi Şamxor (indiki Şəmkir) hadisəsinə səbəb oldu. Döyüşdə konüllü dəstələrlə birgə Aslan bəy Hacızadənin xidmət keçdiyi 5-ci Yelizavetpol Alayı da iştirak edib. Tərk-silah edilən rus ordusundan 20 ədəd top, 70 ədəd pulemyot, 15000 ədəd tüfəng ələ keçirilərək Müsəlman Korpusuna təhvil verilib.
Qafqaz İslam Ordusu Bakı şəhərini işğaldan azad etdikdən sonra 1918-ci il sentyabrın 23-dən Qarabağdakı azğınlaşmış işğalçı erməni-bolşevik silahlı dəstələrini təmizləmək üçün Qarabağ hərəkatı başlayıb. Qafqaz İslam Ordusunun Qarabağ hərəkatı qüvvələrinə Cemil Cahid bəy Toydemir komandanlıq edib. Qarabağ hərəkatına qatılan qüvvələrə 9-cu və 106-cı türk alayları, milli könüllü birliklər və 1-ci Azərbaycan diviziyası daxil idi. Aslan bəy bu döyüşlərə baş leytenant Cahangir bəy Novruzovun komandiri olduğu topçu batareyasının tərkibində qatılıb. Qafqaz İslam Ordusu oktyabrın 4-də Ağdamdan başlayaraq Şuşa istiqamətində hücuma keçib. Əsgəran ətrafındakı güclü döyüşlərdən sonra oktyabrın 6-da Əsgəranla Şuşa arasında olan Əyri kənd yaxınlığında da şiddətli döyüşlər baş verib. 1918-ci il oktyabrın 8-də isə Qafqaz İslam Ordusu Şuşa şəhərinə daxil olub.
Aslan bəy Hacızadə əvvəlcə Gəncə üsyanında, daha sonra isə 1920-ci ilin iyununda Nuru Paşanın komandanlığı ilə Qarabağ üsyanında iştirak edib. 
1920-ci il iyunun 10-da Qırmızı Ordu qüvvələri üsyançılara qarşı bütün cəbhə boyu hücuma keçiblər. Üsyançılar sayca üstün olan və döyüşdə zirehli avtomobillərdən, hərbi təyyarələrdən istifadə edən Qırmızı Orduya qarşı mübarizə apara bilməyərək geri çəkilməyə məcbur olublar.
Sovet işğalına qarşı baş qaldırmış üsyanlar məğlub olduqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun sağ qalan hərbçilərinin bir qismi polkovnik Nuh bəy Sofiyevin komandanlığı ilə Qaryagin və Cəbrayıl istiqamətində geri çəkilərək Araz çayını keçməklə, bir qismi Zəngəzuru keçərək Naxçıvana, digər qismi isə Xudafərin istiqamətindən İrana keçib, oradan isə Türkiyəyə gediblər. Türkiyəyə gedən azərbaycanlı hərbçilərin arasında Aslan bəy Hacızadə də olub.
Aslan bəy 1920-ci ilin payızından başlayaraq 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun erməni daşnaklarından təmizlənməsi ilə sona çatan "Doğu" hərəkatında iştirak edib. Sarıqamışın, Qarsın, İğdırın, Kağızmanın, Gümrünün geri alınması uğrunda döyüşlərə qatılıb. Qarsın Bənli Əhməd kəndi yaxınlığında Berna meydan müharibəsində toplardan dəqiq atəş açması ilə xüsusilə fərqlənib. Qurtuluş Savaşından sonra orduda qalaraq hərbi xidmətini davam etdirib. 1922-ci il avqustun 26-30-da baş verən Dumlupınar döyüşündə, 1925-ci ildə Şeyx Səid üsyanının, 1926-cı ildə 1-ci Ağrı, 1927-ci ildə 2-ci Ağrı qiyamlarının yatırılmasında iştirak edib.
1928-ci ildə Topçu məktəbindən məzun olduqdan sonra "baş leytenant" (üst teymən) rütbəsi ilə təltif edilərək, Sivas şəhərində yerləşən Topçu Alayında batareya komandiri vəzifəsinə təyin edilib. 
Türkiyəyə mühacirət etdikdən sonra bir müddət "Aslan Qarabağlı" kimi tanınıb. 1934-cü il iyunun 21-də Türkiyədə qəbul edilmiş "Soyad qanunu"ndan sonra özünə "Berkan" soyadını götürüb.
1933-cü ildə "kapitan", 1940-cı ildə "mayor", 1946-cı ildə "polkovnik-leytenant" rütbəsi ilə təltif olunan Aslan Berkan 1950-ci ildə nümunəvi xidmətləri nəzərə alınaraq Türkiyə Silahlı Qüvvələrinin komandanlığı tərəfindən "polkovnik" rütbəsinə layiq görülüb. Hərbi xidmətinin son illərini Azərbaycanda hərbi xidmətə başladığı ilk günlərdən yoldaşlıq etdiyi, bir çox müharibələrdə çiyin-çiyinə savaşdığı general-mayor Cahangir Bərkərin komandanlığı altında İzmir şəhərində davam etdirib. 1955-ci ildə yaş həddi ilə əlaqədar olaraq təqaüdə çıxdıqdan sonra da İzmir şəhərində yaşayıb.
Aslan Berkan Sivasda xidmət etdiyi vaxt İstiqlal savaşının qəhrəmanlarından olan yüzbaşı Tofiq bəyin bacısı Hümeyra xanımla ailə həyatı qurub. Bu nikahdan Türkan adlı qızı, Mete adlı oğlu dünyaya gəlib. Qızı Türkan xanım Şadi Sayarla ailə həyatı qurub. Oğlu Mete isə 19 yaşı olarkən özünü dənizə ataraq intihar edib. Oğlunun itkisi Aslan bəyə olduqca pis təsir edib, bu dərddən xəstəliyə düçar olub, oğlunun ölümündən 1 il sonra - 7 may 1957-ci ildə infarkt (ürək tutması) səbəbindən dünyasını dəyişib. Təntənəli hərbi mərasimlə İzmirdə Karşıyakada Soyuqquyu məzarlığında oğlunun məzarı yanında dəfn edilib.

 

"Azərbaycan Ordusu"