Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 May 2026 19:50

Sələflərinin yolunu şərəflə davam etdirirlər

Azərbaycan Ordusunun artilleriya bölmələri yalnız müasir döyüş texnikası ilə deyil, həm də zəngin və bir o qədər də şərəfli tarixə söykənən bir məktəbin davamçılarıdır. Bu məktəb əsrlərin sınağından üzüağ çıxmış, döyüş meydanlarında öz gücünü dəfələrlə sübut etmiş və bu gün də inkişaf edərək yeni zirvələrə doğru irəliləyir. Tarix boyu artilleriya ordunun "uzaqdan danışan dili", dağıdıcı gücü olub.
Tarixin səhifələrini vərəqlədikcə ölkəmizin artilleriya məktəbinin formalaşmasında müstəsna xidmətləri olan böyük sərkərdələrin adları qürurla xatırlanır. Bu sırada tam artilleriya generalı Əlağa Şıxlinskinin adını vurğulamaq yerinə düşər. O, yalnız bir hərbçi deyil, artilleriya elminin banilərindən biridir. Döyüş taktikasına gətirdiyi yeniliklər, atəşin idarə olunması ilə bağlı irəli sürdüyü prinsiplər onun "Artilleriyanın Allahı" kimi tanınmasında xüsusi rol oynayıb.
Tam artilleriya generalı Əlağa Şıxlinski ilə yanaşı, hərb tariximizin digər böyük siması Səməd bəy Mehmandarov da artilleriya sahəsində mühüm rol oynamışdır. Onun rəhbərliyi altında artilleriya bölmələri yüksək təşkilatlanma və dəqiqlik nümayiş etdirmiş, milli hərbi ənənələrin formalaşmasına ciddi töhfələr vermişdir.
Birinci Qarabağ müharibəsi zamanı Milli Qəhrəman İsgəndər Aznaurov könüllü olaraq cəbhəyə yollanıb. Artilleriya sahəsindəki təcrübəsi onu cəbhə bölgəsində seçilən bir döyüşçüyə çevirib. O, Gədəbəyin müdafiəsində müstəsna xidmətlər göstərib. Onun dəqiq nişangahlı topları düşmən mövqelərini darmadağın edirdi, hər döyüşü bir qəhrəmanlıq dastanına çevrilirdi. Elə bu səbəbdən də döyüş yoldaşları ona ehtiramla "Topçu İsgəndər" deyirdilər.
Zaman dəyişdikcə artilleriya qurğuları daha da müasirləşərək yeni texnologiyalarla zənginləşib. Müasir dövrdə artilleriya artıq təkcə toplardan ibarət deyil, yüksək dəqiqlikli, uzaqmənzilli və koordinasiyalı zərbə sistemlərinin bütöv bir kompleksidir. Bu kontekstdə operativ-taktiki raket kompleksi kimi silahlar artilleriyanın gücünü daha da artırır, onun strateji əhəmiyyətini yüksəldir.
Azərbaycan Ordusunun artilleriya bölmələrinin gücü İkinci Qarabağ müharibəsi zamanı bir daha bütün dünyaya nümayiş etdirildi. Döyüşlərin ilk anlarından etibarən artilleriyaçılarımız düşmənin mühəndis-istehkam xətlərini darmadağın edərək irəliləyən qüvvələr üçün yol açdılar. Dəqiq atəş zərbələri nəticəsində düşmənin canlı qüvvəsi, texnikası və strateji əhəmiyyətli legitim hərbi obyektləri məhv edildi. 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, artilleriya da döyüşün taleyini həll edən əsas qüvvələrdən biridir.
Biz də məhz bu şərəfli ənənənin davamçıları olan artilleriya bölmələrinin gündəlik fəaliyyətini yaxından izləmək üçün onların məşq yerində olduq. İlk baxışdan burada mövcud olan nizam-intizam, dəqiqlik və məsuliyyət hissi diqqəti cəlb edirdi. Hər bir hərbi qulluqçu öz vəzifəsini bilir, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməyə çalışırdı.
Vətən müdafiəçiləri məşğələlərdə öyrəndikləri nəzəri biliklərini praktiki təkmilləşdirirdilər. Artilleriya qurğularının "döyüşə" və "səfərə" vəziyyətinə gətirilməsi, koordinatların hesablanması, atəşin idarə olunması kimi proseslər real şəraitə uyğun şəkildə məşq etdirilirdi. İgid əsgərlərimizin tapşırıqları dərhal və dəqiq yerinə yetirməsi bizdə xoş əhvali-ruhiyyə yaradırdı. Dərs prosesini izlədikcə fəaliyyətlərin komanda şəklində düzgün icrası bölmədə mövcud olan nizam-intizamdan xəbər verirdi. 
Yaranan fasilədən istifadə edib heyət nəfərləri ilə həmsöhbət olmaq imkanı qazandıq. İlk həmsöhbətim Vətən müharibəsi iştirakçısı olan top komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babək Əhmədov oldu. Hərbi qulluqçumuz bildirdi ki, keçirilən məşğələlərin əsas məqsədi heyətlərin praktiki vərdişlərinin daha da təkmilləşdirilməsidir. "Çalışırıq ki, məşğələlərdə artilleriya qurğularının taktiki-texniki xüsusiyyətlərini, döyüşlərdə effektiv tətbiqi qaydalarını əsgərlərə daha dərindən aşılayaq. Gördüyünüz kimi, şəxsi heyət məşğələlərdə həvəslə iştirak edir, onlara öyrədilən bilikləri daha yaxşı mənimsəməyə çalışırlar. Əsgərlərimizin məşğələlərə olan həvəsini gördükcə biz daha da ruhlanır, onların bacarıqlı Vətən müdafiəçiləri kimi formalaşması üçün əlimizdən gələni əsirgəmirik".
Əsgərlər Mövsüm Talıbov, Rahim Nurəliyev, Elçin Əhmədov, Allahverdi Quliyev və digərləri keçirilən məşğələlərin önəmindən danışaraq qeyd etdilər ki, komandirlərimiz bizə hər şeyi izah edir, səhvlərimizi düzəltməyimiz üçün köməklik göstərirlər. Onların qayğıkeş, eyni zamanda, tələbkar münasibəti bizə daha inamlı olmağa kömək edir.
Vətən qoruyucularımızın fikirlərindən aydın olur ki, artilleriya bölmələrində yüksək səviyyədə keçirilən məşğələlər hərbi qulluqçuların peşəkarlığının daha da artırılmasına yönəldilib. Burada hər bir detal diqqətlə öyrədilir, hər bir səhv üzərində işlənilir və nəticədə yüksək hazırlıqlı hərbi qulluqçular formalaşdırılır.
Məşğələ yerində müşahidə etdiyimiz ən vacib məqamlardan biri də kollektiv ruh idi. Əsgərlər bir-birinə dəstək olur, bir komanda, vahid orqan kimi fəaliyyət göstərirdilər. Bu isə artilleriya kimi koordinasiya tələb edən sahədə olduqca vacibdir.
Bütün bunlar onu deməyə əsas verir ki, artilleriya bölmələri bu gün yalnız müasir texnika baxımdan deyil, həm də mənəvi-psixoloji  hazırlıq baxımından yüksək səviyyədədir.

 

Elçin İMANOV

 

"Azərbaycan Ordusu"