AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Səhərin erkən işartısı dağların ətəyi ilə səssizcə süzülür. Hava hələ tam aydınlanmasa da, döyüş növbətçiliyi aparılan mövqelərdə həyat öz axarında davam edir. Yaşayış məntəqələrindən uzaqlaşdıqca sükut yaranır. Bir anlıq düşünürəm ki, iqlim dəyişikliyi, relyef çətinliyi, günün vaxtından asılı olmayaraq, Vətən müdafiəçisi əsgərlərimiz müqəddəs vəzifəsini layiqincə, ləyaqətlə yerinə yetirir. Hər anı məsuliyyət və əhəmiyyət kəsb edən bu vəzifənin icrası ən ümdə tapşırıq olaraq, vətənpərvər Azərbaycan əsgərinin güclü çiyinləri üzərindədir. Döyüş növbətçiliyində Vətənin ərazi və ya torpaq olduğu deyil, nəfəs olduğu dərindən başa düşülür. Çünki Vətən müdafiəçisi olmaq ən ali vəzifədir.
"N" hərbi hissəsində Vətən müdafiəçisi oğullarımızın ziyarətinə gəlmişik. Gizir Elçin Yaşar oğlu Tağıyev bizi qarşılayır və söhbətə başlayırıq. "2013-cü ildən xidmətdəyəm. Xidmətim müddətində hər zaman atalarımızdan bizə miras qalan torpaqlarımızı, milli kimliyimizi, məğlubedilməzliyimizi qorumağın vacibliyini əsgərlərimizə izah etmişəm. Bu gün Azərbaycan əsgəri sülh keşikçisi, müqəddəs vəzifə sahibi olaraq, Vətənin müdafiəsindədir. Döyüşçü sələflərinin açdığı cığırda məğrurcasına irəliləyən, üzərinə düşən ümdə vəzifəni layiqincə icra edən əsgərlərimiz döyüş növbətçiliyinin məsuliyyətini və önəmini dərk edərək, vaxtından, hava şəraitindən asılı olmayaraq xidmətini yüksək səviyyədə təşkil edir. Əsgərlərimiz yerinə yetirdiyi müqəddəs vəzifəni dərindən anlayır və xidmətini də qarşıya qoyulan tələblər çərçivəsində təşkil edir. Çünki onlar bilirlər ki, Vətəni qorumaq təkcə torpağı qorumaq deyil, xalqı qorumaq, onun firavanlığını təmin etməkdir".
Söhbət əsnasında müsahibimin 2016-cı ilin Aprel döyüşlərinin, Tovuz döyüşlərinin və İkinci Qarabağ müharibəsinin iştirakçısı olduğunu öyrənirəm. "Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyi istiqamətində döyüşlərdə iştirak etmişəm. Tovuz döyüşlərində Vətənin müdafiəsində durmuşam. Haqq savaşımız olan 44 günlük Vətən müharibəsi zamanı Füzuli, Qubadlı və Cəbrayıl istiqamətində düşmənə qarşı vuruşmuşam. İştirak etdiyim döyüşlərdə qazandığım təcrübələrimi əsgərlərimizlə bölüşürəm. Şükürlər olsun, bu gün ərazi bütövlüyümüz tam, müstəqilliyimiz sarsılmazdır. Bölməmizin mövqeləri dövrün tələblərinə uyğun rabitə, müşahidə və digər zəruri hərbi vasitələrlə təmin edilib. Bununla yanaşı, bölmənin şəxsi heyətinin gündəlik və xidməti fəaliyyətinin icrası üçün də yaradılan şərait yüksək səviyyədədir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Loğman Əliyevlə də həmsöhbət olur, şəxsi heyətin gündəlik fəaliyyəti və şəraiti ilə bağlı məlumat alırıq. "Bölməmizdə xidmət edən əsgərlər üçün yaradılan sosial-məişət şəraiti arzuolunandır. Həm xidməti, həm də gündəlik fəaliyyətin lazımi səviyyədə təşkil edilməsi üçün yataq, asudə vaxtının səmərəli keçirilməsi üçün istirahət otağı, yemək və hamam otağı mövcuddur. İsidici və soyuducu sistem və avadanlıqlar mövsümə uyğun olaraq, şəxsi heyətin istənilən hava şəraitinə uyğun xidmət aparması üçün nəzərdə tutulub. Qidalanma norması, gigiyena qaydası, şəxsi heyətin gündəlik rifahını yüksək səviyyədə saxlamaqla, onların xidmətinə olan sevgisini də artırır", - müsahibimlə söhbətimizi başa çatdırırıq.
Gizir Elçin Tağıyevlə birlikdə bölmənin şəxsi heyətinin təlimatlandırılması prosesindən sonra növbətçiliyin təhvil-təslimində iştirak etmək üçün hərəkətə davam edirik. Bölmənin hərbi qulluqçusu əsgər Vaqif Səlimovla mövqedə tanış və həmsöhbət oluruq. "Burada hər an Ana Vətəni düşünürəm. Doğmalarımdan uzaq olsam da, Vətən müdafiəçisi olmağım mənə bu yoxluğu hiss etdirmir. Bu vəzifə, vəzifələrin ümdəsi və vətəndaşlıq borcudur. Qoynunda dünyaya göz açdığımız Vətənimizi ürəkdən, qəlbdən sevirik. Ona canımızla, qanımızla bağlıyıq. Müqəddəs missiyanın icraçısı olaraq, üzərimizə düşən məsuliyyəti dərindən hiss edir, xidmətimizi layiqincə təşkil edirik”.
Əslən Ağdaş rayonundan olan əsgər Nihad Abdullayev müharibənin bitməsinə baxmayaraq, Vətən qarşısında borcun bitmədiyini söyləyir: "Vətəni həmişə qoruyacaq, onun bütövlüyü, xalqımızın firavanlığı, ordumuzun varlığı üçün əlimizdən gələni edəcəyik. Çünki Vətənə, xalqa xidmət hər birimizin şərəf borcudur. Azərbaycan Ordusu sıralarında keçirdiyim hər an mənim üçün dəyərlidir. Qalib ordunun mundiri ilə Vətən müdafiəçisi olmaq böyük şərəfdir. Azərbaycan əsgəri mərd və qorxmaz olduğunu dəfələrlə sübut edib. Bizim üzərimizə düşən əsas vəzifə isə bu qürur doğuran reallığı daima öz əməlimizlə təsdiq etməkdir".
Əsgər Kərim Qarabəyov Vətən məfhumunun Azərbaycan əsgəri üçün müqəddəs bir varlıq olduğunu bildirir və bizimlə söhbətə başlayır: "Bu varlıq bizim üçün ona görə müqəddəsdir ki, ata-babalarımız bu Vətən torpaqlarında yaşayıb, yaradıb, onu bütöv və toxunulmaz şəkildə özündən sonrakı nəsillərə ötürüb. Böyüklərimizdən bizə miras qalan əmanəti qorumaq isə bizlər üçün müqəddəs amaldır. Bütün ruhumuz ilə Vətənə bağlıyıq. Vətən sevgisi bütün ruhumuzu bürüyüb".
Döyüş növbətçiliyində əsgər Ramil Quliyevin də fikirlərini öyrənirik. "Hər birimiz yaxşı bilirik ki, xalqımızın ordumuza, onun əsgərinə inamı və etimadı yüksəkdir. Fəxr edirik ki, qalib ordunun əsgəri, yenilməz xalqın mənsubuyuq. Burada təcrübəli komandirlərimizin sayəsində istər fiziki, istərsə də mənəvi hazırlığımızı yüksəldir, hərbi vərdişlərimizi təkmilləşdiririk. Bu hazırlığımızın yüksəlməsində isə keçirilən məşqlərin, dərslərin, təlimlərin böyük rolu vardır", - deyən əsgər Quliyev fikrini tamamlayır.
Əsgər Vüqar Məmmədov söhbət əsnasında qeyd edir ki, Vətənin keşiyində dayanmaq ən böyük qürurdur. "Doğma Vətənimiz Azərbaycan daim vətənpərvər övladların məskəni olub. Vətən uğrunda canından keçən mərd oğullarımızın da sayı-hesabı çoxdur. Şəhidlərimiz yazdıqları qəhrəmanlıq salnamələri ilə adlarını əbədi olaraq şanlı tariximizə həkk ediblər. Bu gün şəhidlərimizin qisası alınıb. Vətənimizin hər diyarında şanlı bayrağımız dalğalanır".
Sonuncu müsahibim əsgər Şamxal Cəfərov əslən Ağdam rayonundan olsa da, ömrü ailəsi ilə birlikdə doğma diyarından uzaq, qaçqın düşmüş şəkildə keçib. "Bir zamanlar səngərdə qurulan arzular indi işğaldan azad olunmuş tarixi ərazilərimizdə reallaşır. Bu gün qaçqın düşdüyüm torpaqlarda həyat yenidən canlanır. Xəritədə baxdığım kəndimizi indi canlı görmək mənə qismət olub. Dağıdılmış, viran qoyulmuş evlərdə artıq ümid doğur. Bu torpaq üçün candan keçənlər və döyüşənlər Vətənimizi yaşadırlar. Sevinirəm ki, bu gün rəşadətli ordumuzun mundirini üzərimdə daşıyıram. Qalib xalqın əsgəri olaraq, Vətən müdafiəçisiyəm. Sözlə ifadə edilməsi mümkün olmayan hissləri bu gün yaşayıram. Qələbələrimizin, uğurlarımızın davamlı olması diləyi ilə, yaşasın Azərbaycan!" - əsgər deyir.
İgid Vətən müdafiəçilərimizin keşiyində durduğu Vətən ünvanından ayrılırıq. Əsgərlərimizlə söhbətdən sonra bir daha əmin oluram ki, Vətən keşikçilərinin ayıq-sayıqlığı sabaha olan ən böyük təminatdır. Məhz onların Vətən sevgisi, bu yolda qətiyyəti bizim inamımızın, etimadımızın təsdiqidir. Bu sevgi var olduqca inamımız, etimadımız və firavanlığımız heç zaman sarsılmayacaq.
Fuad CƏFƏROV
"Azərbaycan Ordusu"