Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 May 2026 23:48

Silah və texnikanın varlığı və sazlığı yüksək döyüş hazırlığının mütləq şərtidir

Azərbaycan Ordusunun döyüşaparma və özünümüdafiə qabiliyyətinin yüksək səviyyədə saxlanılmasında şəxsi heyətin ona təhkim olunmuş silah və hərbi texnikaya vaxtında və düzgün texniki qulluq göstərməsi mühüm fəaliyyətlər planından biri olaraq, böyük əhəmiyyətə malikdir. Belə ki, mövsümi dəyişikliklər ilə əlaqədar olaraq, həyata keçirilən profilaktik tədbirlər isə adıçəkilən prosesin ayrılmaz hissəsidir. Müzəffər ordumuzun tərkibindəki qoşun növləri, onların tərkibindəki hərbi hissələrdə silah və texnikanın mövsümə (yaz-yay və payız-qış) uyğun istismar dövrünə keçirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilir. Belə olan halda da 2026-cı il üçün təsdiq olunmuş hazırlıq planına əsasən, Azərbaycan Ordusunda silah, döyüş, eləcə də xüsusi texnikalar yaz-yay mövsümündə istismar rejiminə keçirilməsi ilə əlaqədar kompleks tədbirlərin həyata keçirilməsi başa çatıb. Həyata keçirilən tədbirlər çərçivəsində ordu sıralarına yeni qoşulan hərbi qulluqçulara texnikanın mövsümə uyğun istismarı və texniki qulluq qaydaları öyrədilib, təhlükəsizlik tədbirləri üzrə tələblər çatdırılıb, eləcə də hərbi hissələr mərkəzləşdirilmiş qaydada zəruri ehtiyat hissələri və avadanlıqlarla tam təmin edilib. Hərbi hissələrin parklarında yaradılan texniki xidmət məntəqələrində silah və texnikaların fasiləsiz, dayanıqlı istismarını təmin etmək məqsədilə elektrik sistemlərinin vəziyyəti yoxlanılıb və iqlimə uyğun yanacaq-sürtkü materialları dəyişdirilib.
Yaz-yay mövsümünə keçidin başlanması ilə hava və iqlim şəraitində baş verən dəyişikliklər hərbi texnikanın istismar qaydalarına da öz təsirini göstərir. Qış aylarında istifadə olunan yağlayıcı materiallar, soyuducu mayelər və digər texniki vasitələr isti hava şəraitində öz funksionallığını tam təmin etmədiyindən onların dəyişdirilməsi vacib hesab olunur. Bu səbəbdən də hərbi hissələrdə silah və texnikanın mövsümi baxışı xüsusi plan əsasında təşkil edilir. Bu çərçivədə texnikalara mövsümi qulluq göstərilir, onların texniki vəziyyəti yoxlanılır və qarşıda duran tapşırıqların icrasına tam hazır vəziyyətə gətirilir.
Hərbi texnikaların yaz-yay istismar dövrünə keçirilməsi zamanı mühərrik sistemləri, transmissiyalar, elektrik avadanlıqları və soyutma sistemləri diqqətlə yoxlanılır. Eyni zamanda, maşınların texniki sazlığı test edilir, aşkar edilən nasazlıqlar yerində aradan qaldırılır. Təmir-bərpa bölmələrinin mütəxəssisləri tərəfindən həyata keçirilən texniki xidmət tədbirləri texnikanın uzunömürlü və etibarlı fəaliyyətinə xidmət edir.
Silahların texniki baxışı da prosesin əsas istiqamətlərindən biridir. Atıcı silahların mexanizmləri təmizlənir, qoruyucu yağlarla işlənir və funksional vəziyyəti yoxlanılır. Xüsusilə döyüş növbətçiliyində istifadə olunan silahların tam saz vəziyyətdə saxlanılması daim diqqət mərkəzindədir. Çünki hər bir silahın etibarlı fəaliyyəti şəxsi heyətin təhlükəsizliyi və döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi baxımından mühüm rol oynayır.
Məlumdur ki, hərbi hissələrdə günün nizam qaydasına uyğun olaraq həftənin müəyyən günlərində təmizlik, abadlıq işlərinin tərkib hissəsi kimi, park-təsərrüfat günləri keçirilir. Texnikanın istifadəyə hazır olması döyüş hazırlığına təsir edən əsas məsələlərdən biri olduğu üçün verilən tapşırığın yerinə yetirilməsində vaxt və nəticə etibarilə də bu amil vacib hesab olunur. Bunun üçün də təhkim olunmuş silah, texnika və hərbi vasitənin istifadəyə maneəsiz hazır olmasını təmin etmək üçün ona zəruri texniki qulluq da göstərmək mütləqdir.
Mövsümi qulluq tədbirlərinə yalnız texniki xidmət deyil, həm də şəxsi heyətin maarifləndirilməsi daxildir. Təlimatlar əsasında keçirilən məşğələlərdə hərbi qulluqçulara mövsümün tələblərinə uyğun texnikanın düzgün istismar və qulluq qaydaları izah olunur. Onlara müvafiq detalların zəruri temperatur şəraitində işləmə xüsusiyyətləri, texniki təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilir.
Bundan əlavə, texnikaların saxlanıldığı park və anbarlarda da müvafiq hazırlıq işləri görülür. Saxlama şəraitinin normativ tələblərə uyğunlaşdırılması, havalandırma sistemlərinin yoxlanılması və yanğın təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi diqqətdə saxlanılır. Məqsəd hərbi əmlakın qorunmasını təmin etməklə yanaşı, onun istənilən anda istifadəyə hazır vəziyyətdə saxlanılmasıdır.
Mütəxəssislər bildirirlər ki, mövsümi qulluq tədbirləri texnikanın sıradan çıxma riskini minimuma endirir və qəfil nasazlıqların qarşısını alır. Bu isə öz növbəsində həm maddi resurslara qənaət edilməsinə, həm də döyüş hazırlığının fasiləsiz təmin olunmasına şərait yaradır. Xüsusilə müasir döyüş şəraitində texnikanın operativ və etibarlı fəaliyyəti ordunun əsas üstünlüklərindən biri hesab olunur.
Hərbi hissələrdə aparılan mövsümi texniki xidmət işləri yuxarı komandanlıq tərəfindən ciddi nəzarətdə saxlanılır. Müxtəlif yoxlama qrupları texnikaların vəziyyətini qiymətləndirir, texniki qulluq prosesinin keyfiyyətinə nəzarət edir. Qarşıya qoyulan əsas məqsəd bütün silah və texnikanın yay mövsümündə yüksək etibarlılıqla fəaliyyət göstərməsini təmin etməkdir.
Qeyd edilməlidir ki, orduda hərbi-texniki təminat və təchizat vasitələri daim dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilir. Yeni texnologiyaların tətbiqi, müasir vasitələrin istifadəsi və mütəxəssis hazırlığının tələblərə uyğun artırılması nəticəsində texniki xidmət tədbirləri daha effektiv şəkildə həyata keçirilir. Bu isə ordumuzun döyüş qabiliyyətinin gücləndirilməsinə mühüm töhfə verir.
Silah və texnikanın qorunub daim istifadəyə yararlı vəziyyətdə saxlanılması, ona vaxtında texniki qulluq göstərilməsi ordunun döyüşaparma və özünümüdafiə qabiliyyətinə təsir göstərən əsas aspektlərdəndir. Hərbi qulluqçularımız onlara təhkim olunmuş silah və texnikaya qulluğun göstərilməsi üçün ordumuzda fəaliyyətlər planına uyğun olaraq kompleks tədbirlər görülür ki, bu iş özlüyündə yuxarı komandanlığın nəzarəti altında olan fəaliyyətlərdəndir. Adıçəkilən işlərin görülməsində əsas məqsəd ordumuzun qarşısında duran vəzifə və tapşırıqların icrasında fəaliyyətin tam, dəqiq, operativ və fasiləsiz təşkil olunmasını təmin etməkdir.
Mövsümə uyğun olaraq silah və texnikanın istismar dövrünə keçirilməsi ilə bağlı baş tutan kompleks tədbirlər bir daha sübut edir ki, orduda döyüş hazırlığının yüksək səviyyədə qorunub saxlanılması istiqamətində bütün zəruri addımlar atılır. Texnikanın, silahın varlığına və sazlığına göstərilən diqqət və qayğı şəxsi heyətin bilik, bacarığı və məsuliyyət hissi ilə birləşərək ordunun hərbi potensialını və dayanıqlılığını daha da artırır.

Fuad CƏFƏROV
"Azərbaycan Ordusu"