AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
20 may 2018-ci ildə erməni silahlı birləşmələri növbəti dəfə təxribata əl atdı. Amma bu dəfə Qarabağ bölgəsində deyil, Naxçıvanda Şərur rayonunun Azərbaycanla Ermənistanın şərti sərhəd ərazisində.
Şərur rayonu və muxtar respublika üçün strateji əhəmiyyət kəsb edən Günnüt kəndi hələ 1992-ci ildə Ermənistanın hərbi qüvvələri tərəfindən işğal olunmuşdu. Kəndin yaşayış binaları, bir çox obyektləri dağıdıldı, qədim yaşayış yerləri erməni vandalları tərəfindən xarabalığa çevrildi. Məktəb, tibb məntəqəsi, kitabxana, eləcə də qəbiristanlıq və məscid viran edildi. Əhali rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Şərur rayonundakı Mahmudkəndə köçməyə məcbur oldu.
Dağlıq Qarabağ bölgəsindən kənarda olan Günnüt kəndinin işğalı Ermənistan Respublikasının Azərbaycana qarşı təcavüz siyasətinin əyani nümayişi idi.
Dağlıq Qarabağla bərabər, bütünlükdə Naxçıvanı da işğal etmək niyyətini erməni millətçi dairələri heç zaman gizlətmirdilər. Əslində, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin icrasına ötən əsrin sonlarından başlanmışdı. 1990-cı il yanvarın 19-da Naxçıvana məxsus olan Kərki kəndinin işğalı da bu siyasətin tərkib hissəsi idi.
Erməni hərbi birləşmələrinin nəzarəti altında qalmış Günnüt kəndi və onun ətrafındakı strateji yüksəkliklərin azad edilməsi Əlahiddə Ümumqoşun Ordu tərəfindən uğurla həyata keçirildi. Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun qüvvələri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 18 dekabr 2013-cü il tarixli fərmanı əsasında Muxtar Respublika ərazisində mövcud olan hərbi birliyin bazasında yaradılmışdı.
Ali Baş Komandanın əmrinə əsasən, əks-həmlə əməliyyatının keçirilməsinə qərar verildi. Çünki artıq vədə yetişmişdi.
2018-ci il mayın 20-dən 27-dək Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti uğurlu əməliyyat keçirərək Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya və Qaraqaya dağlarını azad etdi. Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Günnüt əməliyyatı hərbi komandanlıq tərəfindən peşəkarlıqla hazırlanmış plan idi. Əməliyyatın hazırlıq prosesi tam məxfi şəraitdə icra olunmuşdu. Bölmələrimizin şəxsi heyəti çətin döyüş tapşırığını canını və qanını əsirgəmədən uğurla yerinə yetirdi.
Mayın 27-nə qədər davam edən əməliyyatda hərbi qüvvələrin qarşısına qoyulmuş tapşırıq qüsursuz şəkildə yerinə yetirildi. Nəticədə Günnüt kəndi ilə birlikdə 11 min hektar ərazi azad edildi. Kəndin ətrafındakı Xunut, Mehridağ, Qızılqaya yüksəklikləri Ümumqoşun Ordu bölmələrinin nəzarəti altına keçdi. Azad olunmuş ərazilərin 8 min hektarı əkinçilik üçün yararlı olan torpaqlar idi. Qızılqaya yüksəkliyinin ələ keçirilməsi isə Ermənistan ərazisindən keçən Yexeqnadzor-Gorus-Laçın-Xankəndi yoluna nəzarəti asanlaşdırdı.
Günnüt kəndinin erməni işğalından azad edilməsi bölgədə strateji üstünlüyün qazanılmasından əlavə, Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi və təsərrüfat həyatı üçün də böyük əhəmiyyət kəsb etdi. Bu kəndin və onun ətrafında olan ərazilərin erməni nəzarətindən çıxarılması ilə Şərur və Sədərək rayonlarını bütünlüklə, Kəngərli rayonunu isə qismən su ilə təmin edən Arpaçay su dəryaçasının da təhlükəsizliyi təmin edildi. Ermənilər bu su dəryaçasını da partlatmaqla Naxçıvan əhalisinin və torpaqlarının su ilə təmin edilməsini çətinləşdirmək istəyirdilər. Kəndin azad edilməsi ilə Naxçıvanın elektrik enerjisini təmin edən su elektrik stansiyalarının təhlükəsizliyi də təmin olundu.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2018-ci il iyun ayının 26-da Naxçıvana növbəti səfəri zamanı Günnüt döyüşünün nəticələrini belə qiymətləndirdi: "Bu bayram ərəfəsində-keçən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində,1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağ azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərmişdir".
26 ildən sonra düşmənin ayağını bu torpaqlardan kəsmək şərəfinə nail olan görünməz qəhrəmanlarımız həmin əməliyyatı belə xatırlayırlar:
- Düşmən oyandı və qarşısında bizi gördü. Çoxlu əsgər gətirdilər postlarına, çox sayda qüvvələr gəldi və eyni istiqamətlərdən deyil, başqa istiqamətlərdən də atəş açmağa başladılar. Səngərimiz belə yox idi. Buna baxmayaraq biz geri çəkilmədik.
- Günnüt əməliyyatı zamanı əldə edilən uğur Ermənistan ordusunun şəxsi heyətinin hətta erməni əhalisinin vahiməyə düşməsinə səbəb oldu. Hərbçilərimizin peşəkarlığı öz sözünü dedi. Bir daha Azərbaycan Ordusu güc və bacarığını düşmənə nümayiş etdirdi. Onun qarşısında keçən əsrin sonlarındakı pərakəndə yox, hazırlıqlı ordu dayanmışdı. Bir həftə davam edən əməliyyat həm də sonrakı uğurlara da cığır açdı-44 gün ərzində çəkilən Zəfər yolunun cığırını.
Doğrudan da, Əlahiddə Ümumqoşun Ordu qüvvələrinin əldə etdiyi nəticələr sevindirici idi.
2018-ci ilin mayında baş vermiş bu tarixi hadisə bir tərəfdən Azərbaycan Ordusunun güc və qüdrətinin təsdiqi idisə, digər tərəfdən də dövlət rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində yürütdüyü qətiyyətli siyasətin nümayişi idi.
Əməliyyatın uğurla başa çatması ordumuzun özünə inamını, döyüş əzmini daha da artırdı. Aprel döyüşlərindən sonra yüksələn döyüş əzmi Günnüt əməliyyatı ilə öz kulminasiyasına çatdı və 44 günlük müharibədə tarixi Qələbə üçün zəmin yaratdı.
Bir sözlə, Günnüt əməliyyatı inkişafda olan Azərbaycan Ordusunun gücünün və qüdrətinin yeni bir ifadəsi oldu. Bu əməliyyatın gedişi, idarə edilməsi, komandir heyətinin səriştəsi və məharəti göstərdi ki, Azərbaycan Ordusu daha böyük zəfərlərin əldə edilməsinə qadirdir.
Sevda AŞIROVA
"Azərbaycan Ordusu"