Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 May 2026 23:47

“Vətənə xidmət - həyat amalım”

Vətənpərvərlik insanın mənəvi dünyasının ən uca zirvəsidir. Bu hiss hər kəsdə olsa da, hərbçilərin həyatında xüsusi yer tutur. Onlar üçün vətənpərvərlik və Vətənin qorunması həm də məsuliyyət daşıdıqları müqəddəs vəzifədir. Gizir Ceyhun Abbasovun xidmət yolu vətənpərvərlik adlı bu ali duyğunun canlı təcəssümüdür.
Gizir Ceyhun Vidadi oğlu Abbasov 1993-cü il mayın 15-də Gəncə şəhərində anadan olub. Uşaqlıq illəri Vətənimizin ağır günlərinə təsadüf edib. Həmin dövrdə ərazilərimizin işğalı, düşmənin soydaşlarımıza qarşı həyata keçirdiyi xüsusi qəddarlıq, yaşanan çətinliklər, televiziyada gördükləri və eşitdikləri onda Vətənə qarşı xüsusi bir bağlılıq formalaşdırıb. Hələ gənc yaşlarından hərb sənətinə maraq göstərərək, Vətənə xidmət etməyi həyat amalı seçib.
Gizir qeyd etdi ki, Vətən mənim üçün sadəcə torpaq deyil, canımdan əziz müqəddəslikdir. "Onu qorumaq mənim üçün şərəfdir. Vətənimi canımdan çox sevirəm və bu sevgi mənim ən böyük gücümdür".
Vətən qarşısındakı müqəddəs borcunu başa vurduqdan sonra 2014-cü ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb və ilk illərdən etibarən intizamı, çalışqanlığı ilə seçilib. 
Xidmətinin ilk dövründə qazandığı uğurdan qürurla söz açan gizir deyir ki, 2015-ci ildə keçirilən "Ən yaxşı top komandiri" adına layiq görülməsi onun öz sevimli peşəsinə daha da məsuliyyətlə yanaşmasına təkan verib. 2016-cı ilin Aprel hadisələri isə onun həyatında xüsusi mərhələ olub. Döyüşlərdə nümayiş etdirdiyi cəsarət və qətiyyət Vətənə olan sevgisinin əməli sübutuna çevrilib. Xidmətinə görə yüksək qiymətləndirilərək, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Fəxri fərmanla təltif olunub.
- Aprel döyüşləri həyatımın ən unudulmaz anları oldu. Həmin günlərdə biz yalnız döyüş tapşırığını yerinə yetirmirdik, eyni zamanda, Vətənimizin hər qarışı üçün vuruşurduq. Düşmən qarşısından bir addım belə geri çəkilməmək əzmimiz bizi daha da gücləndirirdi. Vətənə sevgimiz hər atdığımız addımda bizə güc verirdi. Bu döyüşlər mənim yaddaşımda əbədi qalacaq, - gizir Abbasov dedi.
Ceyhun Abbasov 2017-ci ildə "Gizir hazırlığı kursu"nu bitirib. Xidmətdə peşəkarlığını daim artıran Ceyhun sonrakı illərdə də müxtəlif hərbi sahələrdə özünü doğruldub, tank əleyhinə idarə olunan raket kompleksinin komandiri kimi məsul vəzifəni layiqincə yerinə yetirib.
Hərb tarixi salnaməmizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi onun da həyatında silinməz izlər buraxıb. Gizir Ceyhun Abbasov döyüş tapşırıqlarını layiqincə yerinə yetirərək, işğal altındakı torpaqlarımızın azadlığı uğrunda aparılan əməliyyatlarda fəallıq göstərib. Döyüş yolu Füzulinin Qaraxanbəyli kəndi istiqamətindən başlayaraq Şuşaya qədər uzanan gizir dedi:
- Vətən müharibəsində iştirakım həyatımın ən qürurlu dönəmidir. Biz hər an Ali Baş Komandanın əmrinə sadiq qalaraq irəli gedirdik. Hər bir əsgərin gözündə Vətənə olan sevgi və qələbə əzmi açıq-aydın görünürdü. Ölüm və həyat bir addımlıq məsafədə idi, amma qorxu yox idi, yalnız inam vardı. Şəhidlərimizin qanı bahasına qazanılan bu qələbə bizim üçün əbədi bir anddır. 
2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatında da o, öz peşəkarlığını bir daha nümayiş etdirərək, qarşıya qoyulan tapşırıqların icrasında mühüm rol oynayıb. 
Hazırda döyüş maşını komandiri kimi xidmətini davam etdirən gizir Ceyhun Abbasov öz bilik və bacarıqları ilə seçilən hərbçilərdəndir. Vətənə övladlıq borcunu ləyaqətlə yerinə yetirməyi qarşısına məqsəd qoyaraq bütün tapşırıqların öhdəsindən bacarıqla gəlir. 
Vətən sevgisini xidməti ilə sübut edən gizir Ceyhun Abbasov üçün bu yolun mahiyyəti sadədir: "Vətənə xidmət - həyat amalım".

Günay TAĞIYEVA
"Azərbaycan Ordusu"