AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Əhmədiyyə Cəbrayılovun həyat və qəhrəmanlıq yoluna nəzər saldıqda onun təkcə bir insan taleyi deyil, bütöv bir mübarizə tarixinin daşıyıcısı olduğu aydın görünür. Onun göstərdiyi şücaət illər keçməsinə baxmayaraq, bu gün də öz aktuallığını qoruyur və yeni nəsillər üçün örnək olaraq qalır. Belə şəxsiyyətlərin xatirəsinin yaşadılması, onların xidmətlərinin geniş auditoriyaya çatdırılması tarixi yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Məhz bu məqsədlə qəhrəmanın həyat və döyüş yolunu əks etdirən nəşrlər və tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın Fransa Respublikasındakı səfirliyinin maliyyə dəstəyi və Hərbi Attaşeliyimizin təşkilatçılığı ilə İkinci Dünya müharibəsi zamanı Fransa azadlıq hərəkatına töhfə vermiş qəhrəman həmyerlimiz Əhmədiyyə Cəbrayılovun döyüş yoluna həsr olunmuş kitab Azərbaycan dilinə tərcümə olunaraq oxuculara təqdim olundu. Bu baxımdan Bakı Kitab Mərkəzində Aleksandr Vatənin "Əhmədiyyə Cəbrayılovun Fransa müqavimət hərəkatında döyüş yolu" adlı kitabının Azərbaycan dilində nəşrinin təqdimat mərasimi iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Bakı Kitab Mərkəzinin rəhbəri Günel Rzayeva tədbiri açıq elan edərək bildirdi ki, bu gün biz maraqlı və tarixi əhəmiyyətə malik bir kitabın təqdimatı üçün bir araya toplaşmışıq. "Təqdim olunan kitab İkinci Dünya müharibəsi dövründə Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Şarl de Qolun yaxın dostu və silahdaşı Əhmədiyyə Cəbrayılovun döyüş yolundan bəhs edir. Düşünürəm ki, bu nəşr Fransa-Azərbaycan əlaqələrinin inkişafına daha da mühüm töhfə verəcək. Belə şəxsiyyətlərin xatirəsini yaşatmaq, onların keçdiyi həyat yolunu öyrənmək və gələcək nəsillərə çatdırmaq olduqca vacibdir. Çünki gələcək tarix üzərində qurulur və tarixi isə məhz belə insanlar yazırlar. İnanıram ki, bu kitab Bakı Kitab Mərkəzinin oxucuları tərəfindən də maraqla qarşılanacaq və bizim üçün dəyərli nəşrlərdən birinə çevriləcək".
Sonra Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Nigar Hüseynova İkinci Dünya müharibəsində azərbaycanlıların Avropanın müxtəlif ölkələrində - Fransada, Polşada, İtaliyada, Niderlandda yerli xalqlarla çiyin-çiyinə vuruşduğunu xüsusi qeyd etdi. "Qərbi Avropa ölkələrinin işğaldan azad olunması uğrunda döyüşən Əhmədiyyə Cəbrayılov, Mehdi Hüseynzadə, Məmməd Məmmədov kimi həmvətənlərimizin şücaətləri bu gün də fədakarlıq rəmzi, hünər və cəsarət nümunəsi kimi yaşayır. Bu, həmçinin Azərbaycan xalqının sülhə, azadlığa və ümumbəşəri dəyərlərə bağlılığının yüksək göstəricisidir. Fransa Müqavimət Hərəkatında iştirak edən azərbaycanlı partizanlar azadlıq, insanlıq və ədalət uğrunda mübarizənin simvoluna çevriliblər. Onların qəhrəmanlığı təkcə Azərbaycanın deyil, həm də Fransanın tarixində dərin iz qoyub və xalqımız bu igidləri ilə haqlı olaraq fəxr edir. Məhz buna görə də azərbaycanlı döyüşçülərin xatirəsinin daim yaşadılması, onların mübarizə yolunun araşdırılması və gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır. Azərbaycanın Fransadakı səfirliyinin və Hərbi Attaşelik aparatının birgə fəaliyyəti çərçivəsində tarixi yaddaşın qorunmasına xüsusi önəm verilir. Bu fəaliyyət xüsusilə Fransa ictimaiyyətinin İkinci Dünya müharibəsi zamanı ölkənin faşizmdən azad olunması uğrunda döyüşmüş azərbaycanlılar barədə məlumatlandırılmasını əhatə edir. Bu istiqamətdə müxtəlif formatlarda tədbirlər - film təqdimatları, konfranslar, elmi görüşlər təşkil olunur. Məsələn, iki il əvvəl Parisdəki Mədəniyyət Mərkəzində rejissor Tahir Tahiroviçin müəllifi olduğu, Mədəniyyət Nazirliyinin "Salnamə" kinostudiyasında istehsal edilən "O, Xarqo idi" adlı sənədli filmin Fransada ilk təqdimatı keçirilib. Tədbirdə tarixi yaddaşın qorunması, təbliği və gələcək layihələrin hazırlanması ilə bağlı mühüm təkliflər irəli sürülüb".
Kitab təqdimatı Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun çıxışı ilə davam etdi: "Bu gun burada sizinlə olmaq mənim üçün böyük sevinc və şərəfdir. Əhmədiyyə Cəbrayılov Fransada nasist işğalına qarşı döyüşən yeganə azərbaycanlı deyildi. Amma onun cəsarəti, yaşadığı çətin hadisələr və partizan dəstəsinə verdiyi böyük dəstək onu bu gün də unudulmayan bir qəhrəmana çevirib. Aleksandr Vatənin kitabının Azərbaycan dilinə tərcüməsinə dəstək verdiyi üçün Parisdəki Azərbaycan səfirliyinə təşəkkür edirəm. Bu kitab sayəsində daha çox insan Əhmədiyyə Cəbrayılovun həyatını və Fransanın azadlığı uğrunda mubarizəsini tanıya biləcək. Cəbrayılovun xatirəsi ailəsi tərəfindən böyük sevgi və fədakarlıqla qorunur. Mən bu qış Şəkidə onun ailəsi ilə görüşüb, ailə muzeyi ilə tanış oldum. Orada cənab Vatənin fransız dilində olan kitabını gördüm. İnanıram ki, Azərbaycan dilindəki nəşr də tezliklə ziyarətçilərə təqdim olunan ailə kolleksiyasının bir hissəsi olacaq. Əminəm ki, onun bu araşdırması Fransa ilə Azərbaycan arasında mühüm bir tarixi yaddaşın yaşamasına kömək edəcək".
Təqdimatda çıxış edən kitabın müəllifi, fransız tarixçi Aleksandr Vatən vurğuladı ki, Əhmədiyyə Cəbrayılovla bağlı işimi Fransa səfirliyinin keçmiş Mədəniyyət məsələləri üzrə müşavirinin xahişi ilə başlatmışdım. "O, müntəzəm olaraq tədqiqatçıların Əhmədiyyə barədə sorğuları ilə qarşılaşırdı, onlar haqqında müntəzəm olaraq sorğular alırdı, lakin etibarlı məlumat çatışmazlığı səbəbindən cavab verə bilmirdi. Hərbi tarixə olan marağımı bildiyindən, bu əsgər haqqında araşdırma aparmaq istəyib-istəməyəcəyimi öyrənmək üçün mənə müraciət etdi. Mən də dərin tədqiqat apardım. Nəşr Əhmədiyyə Cəbrayılovun hərbi fəaliyyətindən bəhs edir və tarixi yaddaşın qorunmasına xidmət göstərir. Oxucular bu kitab vasitəsilə cəsarətli döyüşçünün həyat yolu ilə daha yaxından tanış olacaqlar. Əsər yalnız bir insanın qəhrəmanlıq tarixçəsi deyil, eyni zamanda, Azərbaycan və Fransa arasındakı dostluq əlaqələrinin də əksidir. Əhmədiyyə Cəbrayılov nümunəsi digər qəhrəman döyüşçülərə də hörmət hissi aşılayacaq".
Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun humanitar elmləri şobəsinin professoru, tarix elmləri doktoru, 1-ci dərəcəli kapitan Nurulla Əliyev bildirdi ki, yaddaş xalqın nəfəsidir. "Qəhrəmanlar heç vaxt unudulmur, onlar daim xatırlanır və gələcək nəsillərin yaddaşında yaşayırlar. Bu gün keçirilən tədbir də bunun bariz nümunəsidir. Azərbaycanın müasir tarixi böyük sınaqlardan, çətin və keşməkeşli yollardan keçib. Bu yol isə qəhrəmanlıq salnamələri ilə zəngindir. Qəhrəmanlarımızın həyatına nəzər saldıqda görürük ki, onların keçdiyi döyüş yolları ağır sınaqlarla, əzab və çətinliklərlə dolu olub, lakin sonda həmişə haqq və ədalət qalib gəlib. Həmvətənimiz Əhmədiyyə Cəbrayılovun həyat yolu yalnız bir insanın taleyi deyil, həm də mərdliyin, Vətən sevgisinin və fədakarlığın nümunəsidir. Bu gün Əhmədiyyə Cəbrayılovun şəxsiyyətində mühüm bir körpünün formalaşdığını görürük - Azərbaycan ilə Fransa arasında dostluq və qarşılıqlı hörmət körpüsünün. Bu bağlar bizi daha da yaxınlaşdırır və möhkəmləndirir. Azərbaycan-Fransa dostluğunun tarixində mühüm səhifələr mövcuddur. Əhmədiyyə Cəbrayılovun simasında biz təkcə bir qəhrəmanı deyil, eyni zamanda, müqavimət hərəkatında iştirak etmiş və böyük şücaət göstərmiş azərbaycanlıların xidmətlərini də görürük. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Müdafiə Universiteti tərəfindən bu dəyərlərin yaşadılmasına töhfə verən hər kəsə təşəkkürümüzü bildiririk. Bu, dostluğun, həmrəyliyin və tarixi yaddaşa hörmətin növbəti təzahürüdür".
Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov çıxışında Əhmədiyyə Cəbrayılovun göstərdiyi xidmətlərin Azərbaycan-Fransa dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynamasından bəhs etdi. "Qəhrəman döyüşçülərin xatirəsinin yaşadılması tarixi yaddaşın qorunması baxımından vacibdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sülh siyasəti bu dəyərlərin qorunmasına xidmət edir".
Təqdimatda çıxış edən Mayis Əmrahov, İlham Hacıyev, Vazeh Əsgərov və başqaları Əhmədiyyə Cəbrayılovun şanlı döyüş yolundan geniş danışdılar. Onun igidliyinin, mərdliyinin, qoçaqlığının, qorxmazlığının vətənsevərliyinin gənc nəslə örnək olduğunu vurğuladılar.
Qəhrəmanın oğlu Cavanşir Cəbrayılov atası haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşdü, göstərilən xüsusi diqqət və qayğıya görə dövlətimizin başçısına, Müdafiə Nazirliyinə, Azərbaycanın Fransadakı səfirliyinə və Hərbi Attaşeliyə, kitabın müəllifinə, səfirlik nümayəndələrinə və tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.
Sonra Fransa səfirliyinin əməkdaşları tərəfindən hazırlanmış videoçarx nümayiş olundu.
Sonda müəllif tədbir iştirakçılarına şəxsi imzalı kitabını hədiyyə etdi.
Qeyd edək ki, kitabın fransız dilindən Azərbaycan dilinə tərcüməçisi Kolmar Apellyasiya Məhkəməsi yanında andlı tərcüməçi, məhkəmə eksperti Elnarə Ramazanovadır.
Günay TAĞIYEVA
"Azərbaycan Ordusu"