AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycanın dilbər guşələrindən, tarixi ərazilərindən biri olan Laçın antik dövrlərdə və erkən orta əsrlərdə Albaniya və Atropatena dövlətlərinin tərkib hissəsi olmaqla, ölkəmizin ən qədim insan məskənlərindəndir.
Əvvəllər Abdallar adlanan, 1924-cü ildən şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzidir. Şəhərin adı görkəmli Azərbaycan yazıçısı Tağı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adına uyğun olaraq Laçın adlandırılıb. Laçın sözü "məğrurluq" mənasını bildirir.
Laçın rayonu Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişənin başladığı ilk illərdən strateji əhəmiyyəti ilə digər rayon və şəhərlərimizdən fərqlənib. Erməni silahlı birləşmələri Laçını işğal edərək Qarabağla Ermənistan ərazisindən bağlılıq yaratmaq niyyətində idi. Hər zaman Laçın və buradan keçən dəhliz uğrunda gərgin döyüşlər gedib, nəhayət, Ermənistan bu şəhəri işğal edib. Bundan sonra gedən proseslər artıq bizə məlumdur.
1992-ci ilin əvvəllərində Azərbaycanda ağır siyasi böhran yaşanırdı. Laçın dəhlizinin açılması Ermənistan ordusunun müharibə illərindəki ən böyük nailiyyətlərindən birinə çevrilir, çünki bu dəhlizdən gələn dəstəklər nəticəsində Dağlıq Qarabağda məskunlaşan ermənilərin hərbi imkanları dəfələrlə artmışdı.
Ermənistan silahlı qüvvələrinin hücumu sürətli şəkildə həyata keçirilirdi. Onlar 18 may 1992-ci ildə Laçına daxil oldu və şəhər müqavimətsiz işğal edildi. Ermənilər Laçını işğal etdikdən sonra onu talan və məhv etdi, Laçın dəhlizi ərazisində yerləşən yaşayış məntəqələrini yandırdılar. Laçın şəhərinin təqribən 7,800 nəfərdən ibarət Azərbaycan və kürd əsilli sakini qaçqın düşdü. Ermənilər yerli əhalidən də əsirlər götürmüşdülər. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəymiş, 58736 nəfər laçınlı öz doğma torpağından didərgin düşərək məcburi köçkün kimi respublikanın 58 şəhər və rayonunda məskunlaşmışdır.
27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi 10 noyabrda Üçtərəfli Bəyanatın imzalanması ilə başa çatdı. Bəyanatın şərtinə əsasən, 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarıldı. Buna baxmayaraq, Laçın dəhlizi və şəhəri Rusiya sülhməramlılarının nəzarətinə verildi.
Birinci və İkinci Qarabağ müharibələrində bütün istiqamətlərdə döyüşən Laçının igid oğullarından 285 nəfər şəhid olmuş, 66 nəfər girov götürülmüş, 120 nəfər əlil olmuş, yüzlərlə uşaq yetim qalmışdır. Müharibədə xüsusi şücaət göstərmiş laçınlılardan beş nəfəri “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Laçın rayonu, Azərbaycanın strateji əhəmiyyətli bölgələrindən biri kimi, həm konflikt, həm də postkonflikt dövründə mühüm geosiyasi hadisələrin mərkəzində olmuşdur.
Azad olunduqdan sonra rayonda genişmiqyaslı infrastruktur layihələri, yol çəkilişləri və bərpa-quruculuq işləri sürətlə başlanmışdır. 2022-ci il avqustun 26-da isə ordumuz Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürdü. Nəhayət, sentyabrın 21-də Laçın şəhərində Müzəffər Ali Baş Komandan tərəfindən Azərbaycanın Dövlət Bayrağı ucaldıldı. Çox keçmədən daha bir mühüm addım atıldı. Üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da proseslər öz məntiqi sonluğuna çatdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində Laçının işğaldan azad olunmasının əhəmiyyətini vurğulayaraq deyib: "Laçın rayonunun bizə qaytarılması, əlbəttə ki, tarixi məsələdir. Biz müharibə zamanı təqribən 5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında azad etdik, müharibə yolu ilə azad etdik. Eyni zamanda, təxminən bir o qədər - 5 min kvadratkilometrə yaxın ərazini sülh yolu ilə qaytardıq. Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı... Amma çox dəqiq, məqsədyönlü, ardıcıl siyasət apararaq bir nöqtəyə vururduq, bir məqsədimiz var idi - torpaqlarımızı düşməndən təmizləmək. Buna nail olduq, həm döyüş meydanında, həm danışıqlar masasında və razılaşma yolu ilə".
Bu gün Laçın rayonuna həyat yenidən qayıdır, bərpa-quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Prezident İlham Əliyevin rayona ilk səfəri zamanı Güləbird Su Elektrik Stansiyası işə salındı.
Hazırda uzunluğu 72,8 km olan Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi davam edir. 2020-ci il iyunun 26-da təməli qoyulan Laçın Beynəlxalq Hava Limanının 2025-ci il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak etdilər. Laçına növbəti səfəri zamanı Prezident İlham Əliyev şəhərə qayıdan insanlarla görüşüb, onlara evlərin açarlarını təqdim edib.
Çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi davam edir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektlərinin yaradılması istiqamətində də işlər görülür.
Laçında turizm infrastrukturunun inkişafı istiqamətində növbəti layihə icra olunur, kanat yolu ilin sonunadək istifadəyə veriləcək.
Göründüyü kimi, azad olunmuş ərazilərimizdə Böyük Qayıdış proqramı uğurla reallaşır, doğma yurda qayıdanların sevinci yerə-göyə sığmır. Bu tükənməz sevincdən minlərlə laçınlıya da pay düşür.
Pərvanə İMAMƏLİYEVA
"Azərbaycan Ordusu"