Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 May 2026 10:00

“Üçrəngli Bayrağımızı və Qalib Azərbaycan əsgəri adını daim uca tutacağıq”

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına müvafiq olaraq, mayın 10-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. 
Müdafiə Nazirliyi xəbər verir ki, Hərbi orkestrlərin müşayiətilə döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. 
Təntənəli surətdə Hərbi Andı qəbul edən gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər. 
Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri çıxış edərək andiçmə mərasiminin 10 may tarixinə - xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyinə təsadüf etməsini xüsusi vurğulayaraq, Ulu Öndərin şərəfli ömür yolu və çoxşaxəli fəaliyyətindən, xalqımız və dövlətçiliyimiz üçün gördüyü əvəzsiz xidmətlərdən danışıb, gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib, onlara Vətənə, dövlətə və Ali Baş Komandana, Hərbi Anda sadiq olmalarını, nümunəvi xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş hazırlıqlarını daim yüksəltmələrini, komandir-rəis heyətinin əmr və göstərişlərini dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə hər an hazır olmalarını tövsiyə ediblər.
Andiçmə mərasimləri hərbi qulluqçuların təntənəli marşlarla tribunanın önündən keçidləri ilə başa çatıb.
Hərbi qulluqçular üçün bayram süfrələri təşkil edilib və vətənpərvərlik ruhunda mədəni-kütləvi tədbirlər keçirilib.

* * *


Əməkdaşlarımız Vətənə sədaqət andı içən gənc əsgərlərimizlə görüşüb, onların təəssüratlarını qələmə alıblar.

* * *


Əsgər Xaqani Həsənov: 
- Bu gün həm qürurlu, həm sevincli, həm də kövrək hisslər içindəyəm. Hərbi Andı qəbul etdim. Bu mənim üçün həyatımın unudulmaz anlarından biridir. Çünki artıq Qalib Ordunun bir fərdi oldum. Andı qəbul edib bu formanı daşımaq Vətən qarşısında cavabdehlik, məsuliyyət, ailəm qarşısında qürur deməkdir. Şəhidlərimizin ruhu, müharibə iştirakçılarının sınayıcı baxışları qarşısında əsl kişi duruşu deməkdir. Onların bizə əmanət etdikləri Vətən sevgisini qəlbimdə daşıyaraq torpaqlarımızın keşiyində şərəflə dayanacağıma söz verirəm. 
Əsgər Kənan Məmmədov: 
- Hərbi Andın ürəyimi bu qədər titrədəcəyini, qürurumu bu qədər oxşayacağını özüm də təxmin etməzdim. Bu şərəfli an məni Vətənin keşiyində yorulmadan dayanmağa ruhlandırdı. Qalib ölkənin əsgəri olmağımla fəxr edirəm!
Əsgər Məmməd Tağıyev
- Bu gün əsgər formasını geyinib Hərbi Andı içdikdən sonra özümü başqa insan kimi hiss edirəm. Daşıdığım geyimin məsuliyyətini dərk etməyə başlayıram. Xidmətdə olmuş dostlarımın xatirələrini dinlədikcə bu günü xəyalımda canlandırırdım. İndi  burada and içən əsgər yoldaşlarımla birgə çətin, lakin şərəfli yolu birgə addımlayacaq, gələcəkdə görüşsək, öz hekayəmizi bölüşəcəyik. Xidmətimi şərəf və ləyaqətlə yerinə yetirməyə var qüvvəmlə çalışacağam.
Vətənin hər qarışı doğmadır, müqəddəsdir. Bu torpaqlar şəhid qardaşlarımızdan bizə əmanətdir. Ona görə də onu göz bəbəyim kimi qoruyacağıma söz verirəm.
Əsgər Cəfər Mehmanov: 
- Bu gün həyatımın ən qürurlu günlərindən biridir. Üçrəngli müqəddəs bayrağımızın qarşısında and içərkən Vətənə xidmət etməyin məsuliyyətini dərindən hiss etdim. Ailəmin sevinc dolu baxışları mənə əlavə güc verdi. Əsgər yoldaşlarımla eyni sırada dayanmaq aramızda qardaşlıq hissini daha da möhkəmləndirdi. Bu gündən sonra Vətənə layiq xidmət etməyi özümə ən müqəddəs borc hesab edirəm.
Əsgər Sadiq İsmayılov: 
- Bu günə qədər həyəcanlı anlarım çox olub. Ancaq bugünkü andiçmə mərasimi çox fərqli, bir o qədər də qürurlandırıcıdır. Artıq anlayırsan ki, bu, təkcə sənin məsuliyyətin deyil. Müqəddəs torpaq uğrunda şəhidlik zirvəsinə ucalıb qəhrəmanlıq tarixi yazan igidlərin Vətəni sənə əmanətdir. Uşaqlıqdan bizə aşılanan Ana Vətənə olan  övladlıq borcunu şərəflə, mərdliklə yerinə yetirməyə çalışacağıq. Valideynlərimin və komandirlərimin mənə  olan etimadını hərbi xidmətimdə doğrultmağa çalışacağam. 
Əsgər Əhməd Abdullayev: 
- Bu gün biz gənc əsgərlər Hərbi Andı qəbul edərək Azərbaycan Ordusunun sıralarına daxil olduq. Vətənimiz Azərbaycanın müdafiəsində, ərazi bütövlüyümüzün qorunmasında əzmlə dayanacağımıza and içdik. Hərbi xidmətdə olmaq hər bir Azərbaycan gəncinin həyatının, ömrünün qürurlu və şərəfli səhifəsi sayılır. Müqəddəs Vətən andını qəbul edən bütün gənc əsgərləri ürəkdən təbrik edir, onlara hərbi xidmətlərində uğurlar arzulayıram.
Əsgər Nihad Yusifli: 
- Bu gün çox qürurluyam ki, Hərbi And içib rəşadətli ordumuzun sıralarına daxil olmuşam. Şəhidlərimizin bizə əmanəti olan Vətən torpaqlarını qorumaq və onun keşiyində şərəflə dayanmaq hər birimizin müqəddəs borcudur. Qəhrəman şəhidlərimizin şanlı döyüş yolu bizə örnəkdir. Onların yarımçıq qalmış arzularını biz gənclər işimizlə, Vətənə xidmətimizlə davam etdirməliyik. Əsgər yoldaşlarımı andiçmə günü münasibətilə ürəkdən təbrik edir, hər birinə xidmətlərində nailiyyətlər diləyirəm.
Əsgər Əlizamin Səlifov: 
- Hərbi Andın mətnini oxuyanda sanki çiyinlərimdə məsuliyyətin ağırlığını hiss etdim. Burada olmaq mənim üçün sadəcə xidmət deyil, həm də qürurverici anlardan biridir. Bu anı illər sonra belə unutmayacağımı bilirəm. And içərkən ailəmin, xalqımın və dövlətimin etimadını düşündüm. Bu etimada layiq olmaq üçün daim üzərimizdə çalışacağıq.
Əsgər Əkbər Nərimanov: 
- Əsgərlik insanın içində fərqli bir iradə yaradır. Bu gün biz təkcə and içmədik, həm də bir amal ətrafında birləşdik. Biz Vətənin əsgərləri Hərbi Andımıza sadiq qalaraq buradakı xidmət yolumuzu inamla davam etdirəcəyik. Söz verirəm ki, Vətənə layiqli, nümunəvi övlad olub, xidmətimlə hər kəsi sevindirəcəyəm. Bu formanı şərəflə daşıyacağam.
Əsgər Səbuhi Məmmədov: 
- Azərbaycan əsgəri olaraq, Vətənimə və xalqıma sədaqətlə xidmət edəcəyimə and içirəm. Dövlətimizin müstəqilliyini və torpaqlarımızın bütövlüyünü qorumaq üçün hər zaman hazır olacağam. Hərbi nizam-intizama ciddi əməl edib, komandirlər tərəfindən verilən əmrləri yerinə yetirməyə çalışacağam. Əsgər yoldaşlarımla birlikdə Vətənimizin keşiyində ayıq-sayıq duracağam. Üçrəngli Bayrağımızı və Qalib Azərbaycan əsgəri adını daim uca tutacağıma söz verirəm. Vətənə xidmət etmək mənim üçün ən böyük qürur və müqəddəs borcdur.

"Azərbaycan Ordusu"