Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 May 2026 13:35

Polkovnik Bəhram bəy Nəbibəyov

Azərbaycan hərb tarixinin görkəmli simalarından olan Bəhram bəy Qasım bəy oğlu Nəbibəyov 6 dekabr 1884-cü ildə Nuxada (indiki Şəki şəhəri) zadəgan ailəsində anadan olub. İlk təhsilini Kutaisi Realnı Məktəbində aldıqdan sonra Sankt-Peterburqdakı Konstantin Artilleriya Məktəbinə qəbul olub. 1904-cü il sentyabrın 2-də buranı 1-ci dərəcəli diplomla başa vurub. Elə həmin il Qafqazdakı 20-ci artilleriya briqadasında "podporuçik" rütbəsində hərbi xidmətə başlayıb. Bəhram bəy 1909-cu ilin sentyabrında "poruçik", 1912-ci ilin avqustunda isə "ştabs-kapitan" rütbəsinə layiq görülüb.
Bəhram bəy Nəbibəyov Birinci Dünya müharibəsində iştirak edib. Döyüşlərdə və xidmətdə fərqləndiyinə görə 2-ci dərəcəli "Müqəddəs Anna" və "Müqəddəs Stanislav" ordeni ilə təltif edilib. 1918-ci il noyabrın 27-də Azərbaycan Topçu Briqadasına təyinat alıb, sonra isə 2-ci topçu briqadasının 3-cü batareyanın komandiri vəzifəsində xidmət edib. 1919-cu ilin noyabrında Şüvəlan-Türkan istiqamətində Bakının dənizdən müdafiəsinin təşkili onun rəhbərliyi ilə 3-cü topçu batareyasından və 5-ci Bakı Piyada Alayının bir bölüyündən təşkil edilmiş dəstəyə tapşırılıb. Düşmənin desant çıxarmağa cəhd edəcəyi təqdirdə, dənizdən ehtimal edilən təhlükənin qarşısını almaq məqsədilə Şüvəlan-Türkan-Qala xətti üzrə dəniz sahili boyunca müdafiə mövqeləri qurulub.
1920-ci ilin mart-aprel aylarında Azərbaycan Xalq Cümhuriyyətinin hərbi qüvvələrinin Qarabağda erməni-daşnak işğalçılarına qarşı apardığı əməliyyatlarda fəal iştirak edib. Onun komandiri olduğu batareya 1920-ci il aprelin 8-də Malıbəyli-Şuşakənd ətrafında gedən döyüşlərdə xüsusilə fərqlənib.
1920-ci il martın 24-də "podpolkovnik" rütbəsi alıb, həmin vaxt 2-ci artilleriya briqadasının komandiri olub.
General Həbib bəy Səlimovun hərbi nazir Səməd bəy Mehmandarova göndərdiyi teleqramda B.Nəbibəyovun bu xidmətləri xüsusi qeyd olunub. 
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra (1920) o, bir müddət sovet ordusu sıralarında xidmət edib, Şəkinin Hərbi Komissarı olub. Bu vəzifədə olarkən onun “polkovnik” rütbəsində olduğu bildirilir. 
1930-cu ilin aprelində Şəki-Zaqatala bölgəsində Sovet hakimiyyətinə qarşı xalq üsyanı baş qaldırıb. Üsyanının rəhbərlərindən biri də polkovnik Bəhram bəy Nəbibəyov olub. O, üsyanın hərbi qanadına başçılıq edib, sovet qoşunlarına qarşı bir neçə uğurlu döyüş aparıb. Üsyanı yatırmaq üçün bölgəyə Qırmızı Ordunun çoxsaylı hərbi qüvvələri göndərilib.
1930-cu ilin iyulunda Şəki-Zaqatala bölgəsində - Bideyiz kəndi yaxınlığında, Buxdur dağında Qırmızı Ordunun bölmələri ilə baş verən qeyri-bərabər döyüşlərdə Bəhram bəy həlak olub.
Atası - çar ordusunun ştabs-kapitanı Qasım bəy Hüseyn bəy oğlu Nəbibəyov Orta Asiyada general Kuropatkinin qərargahında uzun müddət şərq dilləri üzrə hərbi tərcüməçi işləyib, eyni zamanda, Şəkidə ipək istehsalı ilə məşğul olan müəssisələrdən birinə sahib olub. O, 1925-ci ildə 95 yaşında vəfat edib. Bəhram bəyin anası Əsmər xanım olub.
Qardaşları - kapitan Zahid bəy, kapitan Vahid bəy və polkovnik Hüseyn bəy çar Rusiyası ordusunda nüfuzlu hərbçilər olublar. Zahid bəylə Vahid bəy inqilaba qədər dünyalarını dəyişiblər, Hüseyn bəy isə 1930-cu ildə - bolşeviklər tərəfindən Şəki üsyanı yatırıldıqdan sonra həbs edilib və sonrakı taleyi haqda heç bir məlumat yoxdur.
Həyat yoldaşı Aişə Sultanova olub. Naciyə və Aslan (bəzi mənbələrə görə Əsmər adlı ikinci qızı da olub) adlı övladları olub.
"Azərbaycan Ordusu"